Firudin Qurbansoy: “Axundov Bakıxanovdan ruslara şikayət etmişdi"

Firudin Qurbansoy: “Axundov Bakıxanovdan ruslara şikayət etmişdi"
12 yanvar 2015
# 13:49

Kulis.az Şərif Ağayarın yazıçı-filoloq, münəccim Firudin Qurbansoyla söhbətini təqdim edir.

- Qoyun ilindən başlayaq söhbətə... Yəni, 2015-dən.

- Qoyun, bilirsiniz ki, türk tayfalarının əsas var-dövləti sayılıb. Qoyunun heç nəyi atılmır. Hətta bağırsağından da istifadə edir, sim düzəldirlər. Əti yeyilib, südü içilib, yunundan xalça-palaz, pal-paltar toxunub. Pal-paltar insanları soyuqdan qoruyubsa, xalça-palaz onu mədəniyyətə, yaradıcılığa gətirib. Qoyun atla bərabər bizim üçün çox doğma heyvandır. Buna görə illərdən birinə qoyunun adını vermişik.

- Bəzən ümumi şəkildə buynuzlu heyvan deyirlər... 2015-i keçi, oğlaq ili hesab edənlər də var.

- Keçi söhbəti Çindən gəlir. Bizdə qoyundur. Babalarımız keçi deməyib, qoyun deyib. Həm də bizdə keçiyə münasibət ciddi deyil.

- Bizi nə gözləyir?

- Qoyun illəri məhsuldar olur. Bu il də inşallah belə olacaq. Amma hələ ki, at ilinin təsirindən çıxa bilməmişik. Qoyun ili martın 20-də, Bakı vaxtı ilə gecə saat 3-ə 25 dəqiqə, 54 saniyə qalmış daxil olacaq.

- Bu hansı təqvimdir?

- Günəş təqvimindən danışırıq.

- Burda il 2015-dir?

- 2015-dir, amma bu astronomik ildir. Dünya astronomları yeni ili yanvarın 1-dən deyil, günəşin qoç bürcünə girməsindən hesablayırlar. Günəş qoç bürcünə girəndə bütün münəccimlər biri-birini təzə il münasibəti ilə təbrik edir. Bu da təxminən bizim Novruz bayramına düşür. Bildiyiniz kimi, bu ayinlər İslamdan çox qədimdir və Zərdüşt əleyhissəlamla bağlıdır...

- Zərdüştü peyğəmbər sayırsınız?

- Bəli. Zərdüşt peyğəmbərdir və bunu sübut eləmək üçün istənilən polemikaya hazıram. Zərdüşt əleyhissəlam həm də böyük ulduz bilicisi olub.

- O zaman “Avesta” da səmavi kitabdır...

- Təəssüf ki, “Avesta”nın çox kiçik bir hissəsi gəlib çatıb bizə. Təsəvvür elə, 2 milyon beytdən, əlimizdə heç 2 mini yoxdur. 20 min dana dərisinə qızıl suyla yazılmışdı. Makedoniyalı İsgəndər hamısını yandırdı. Qalsaydı hər halda bizim ziyanımıza heç nə olmazdı. İslam dininin də əleyhinə deyil. Çünki təkallahlı dindir.

- Bəs Hörmüz, Əhrimən?

- Bunlar xeyir və şər qüvvələrdi. Necə ki, islamda İblis var. Halal-haram söhbətlərində də çox oxşardır islamla. O ki qaldı yaxın qohumlarla evlənmək məsələsinə, Zərdüştlükdə belə şey yoxdu. Bunu, İran hökmdarı Küruş Misirdən götürüb ənənəyə çevirmişdi və yalnız dar bir çevrədə şaha yaxın adamlar anaları, bacıları ilə evlənirdilər.

- 2015-in rəqəm simvolikası nə deyir? Bu 8 rəqəmidir də...

- Miladi təqvimi ilə belədir. Başqa təqvimlərdə başqa rəqəmlər olduğu üçün 8-i qəbul etmək çətindir. Onu deyə bilərəm ki, ilin əvvəli bir az narahatlıq yaşansa da, martdan, xüsusilə iyundan sonra hər şey yaxşı olacaq. Ancaq bunu rəqəmlər yox, səyyarələr deyir.

- Sizcə niyə nücum kimi ciddi bir elmi, falçılıqla dəyişik salırlar?

- Çünki məlumatları yoxdu. Bu sahədə doğru-dürüst təhsil verilmir. İnternetdən də faydalı istifadə etmirlər. Girib “iqra” oynayırlar. O boyda xəzinədən belə yararlanırlar. İnternetdə “iqra” oynamaq qızıl kərpiclə divara mıx vurmağa bənzəyir.

- Sizin də bir sayt var: qoroskop.az.

- Mənim deyil, Səbuhi Rəhimlinindir. Sağ olsun, hərdən mənim yazılarımı da yayımlayır.

- Arada Səbuhi müəllimlə sözünüz çəp gəlmir ki?

- Yox. Niyə ki? Dostuq. Səbuhi ağıllı oğlandır, işini biləndir.

- İxtisasca filoloqsuz...

- Bəli. Filologiya üzrə fəlsəfə doktoruyam. Füzulinin yaradıcılığını araşdırmışam. Elə məni münəccimliyə də Füzulinin şeirləri gətirdi. Quranı da ona görə oxudum ki, Füzulini başa düşüm. Sonra elmi iş götürdüm. Yeri gəlmişkən, mənim oxuduğum Quran təfsiri kitabı Hüseyn Cavidin şəxsi arxivindən idi. Allah rəhmət eləsin, Turan xanım (H.Cavidin qızı – red.) verdi o kitabı mənə. Görəndə ki, elmi iş üçün kitab tapmaqda əziyyət çəkirəm – o vaxt yox idi ədəbiyyat – kömək elədi. Halbuki kiməsə nəinki vermək, heç göstərmirdi o kitabı. Çünki, içində Cavid əfəndinin karandaşla yazdığı qeydlər vardı.

- Mirzə Fətəli Axundov “Aldanmış kəvakib” əsərində münəccimlik sənətinə çox ciddi istehza edib...

- Axundov ruslara satıldı də... Açıq danışsaq, rusların gizli polisinə xidmət etdi, Şeyx Şamilin məktublarını tərcümə etdi, Bakıxanova çox böyük zərbə vurdu – ona general rütbəsinin verilməməsində öz donosları ilə birbaşa rol oynadı. Axundov islam aləminə nifrət edirdi.

- Bəlkə bir az haqlı idi? İslam aləmidi də... Gözümüzün qabağındadı...

- Qəti haqlı deyildi. Heç nə ona haqq vermirdi ki, Allahı söysün, peyğəmbər haqqında təhqiramiz cümlələr işlətsin, xalqa “uzunqulaq” desin. O adama mənim hörmətim yoxdur. Bir ədəbiyyatçı kimi də sevməmişəm onu. 19-cu əsr ədəbiyyatından imtahan vermişəm, amma nifrət eləyə-eləyə... Düzdü, komediyaları yüksək səviyyədədir. Bu sahədə müstəsna istedadı var. Amma islama, islam mədəniyyətinə, bizim canımıza-cövhərimizə elə nifrətlə yanaşması, xalqımızı elə təhqir eləməsi və özünü türk yox, fars adlandırması bağışlanmazdır.

- İslamda öncəgörmələr qadağandır müəyyən qədər...

- Peyğəmbər də, imamlar da öncə deyimlər söyləyiblər və hamısı dəqiqliklə düz çıxıb. Bu öz yerində. Bir məsələ də var ki, biz öncə deyimlərə inanmırıqsa, gərək hava haqqında proqnozlara da qulaq asmayaq. Yaxud, özümüzü niyə həkimə göstəririk, onsuz da hamımız öləcəyik də.

- Sizcə proqnoz da faldır?

- Yox, əlbəttə. Tamam ayrı-ayrı anlayışlardı. Biri mistika ilə bağlıdır, o biri real məntiqlə.

- “Ulduz falı” ifadəsi nə dərəcədə doğrudur?

- Bu ifadə doğru deyil. Bizə Türkiyənin sarı mətbuatından gəlib.

- Siz ulduz falı yazmamısınız?

- Mən astroloji proqnozlar yazmışam və “Münəccim öncəgörmələri” adı ilə təqdim etmişəm, amma ulduz falı kimi çap ediblər. Bir neçə dəfə etiraz etsəm də nəticəsi olmayıb. Günah məndə deyil.

- Qonorar almısız buna görə?

- Hə.

- Sir deyilsə, nə qədər?

- Təxminən 100 dollar həcmində.

- Mən bilən, qəzetlərin çoxunda ulduz falını yalandan yazırdlar...

- Düzdür.

- Məsələ budur ki, sadəlövh adamlar o qədər inanırdılar ki, axırda fal düz çıxırdı.

- Bu artıq özünütəlqin məsələsidir.

- Bayaq təhsillə bağlı fikir söylədiniz... Sizcə münəccimlik orta məktəbdə necə tədris oluna bilər ki? Çox mücərrəd deyilmi?

- Demirəm orta məktəblərdə keçilsin. Ən yaxşı məktəblərdə də astronomiya fənnini çox pis keçirlər. Ona görə ki, dərslik çox pisdi. Amma dünyada məşhur olan astrologiya kitabları var ki, ondan hamı istifadə edir. Deyirsiz, Amerika, Fransa, İngiltərə, hətta Rusiya kimi ölkələrin başçılarının başı xarabdı? Onların hamısının yanında münəccimlər var. Onlar münəccimin icazəsi olmadan iş görmürlər.

- Sizcə, məsələn, Barak Obama bütün işlərini münəccimlərlə məsləhətləşir?

- Bəli.

- Sizə ulduz falı göstərsələr, onun yalan olub-olmadığını bilərsiz?

- Əlbəttə, bilərəm. Axı həmin vaxtda ulduzların vəziyyətini bilirəm. Səhvi o saat görəcəm.

- Sizə elə gəlmir ki, adamlar yerdən əlini üzüb ümidsizliyə düçar olanda ulduzlara üz tutur.

- Bilirsiz, elə adamlar var ki, onların həyatında iki vur iki dörd eləmir. Ona görə bunun səbəblərini araşdırmağa başlayır. Hərə öz imanına uyğun... Eləsi var imanı zəifdi, cadugərlərin və falçıların yanına qaçır.

- Sizə münəccim kimi müraciət eləyənlər olub?

- Olub, ancaq kimin üçünsə şəxsi qoroskop yazmamışam. Bir neçə yaxın adam istisnadır...

- Ulduzları görməyəndə darıxmırsız?

- Yox. Ulduzlar görünməyəndə də göyü görə bilirik. Hətta 50 il sonra necə olacaq, bilirik. Bu, elmi hesablamalardır.

- Siz həm də filoloq-yazıçısız, elmi dərəcəniz, monoqrafiya və elmi məqalələriniz, dram və nəsr əsərləriniz var. Amma sizi daha çox münəccim kimi tanıyırlar. Bəlkə münəccim kimi daha yaxşısız, ona görə?

- Yox, bəlkə ən zəifi elə münəccimliyimdi. Sadəcə, Azərbaycanda münəccimlik elmi yoxdu deyə, hamı belə tanıdı məni. Bu elmi biz gətirdik. Bizim insanlarda qeybə, fala qəribə bir maraq var. Amma məlumatları lazımı səviyyədə deyil. Əlbəttə çox istərdim ki, alim kimi də ürəyim istəyən fəaliyyət göstərim. Sadəcə bunun üçün lazımı imkan, şərait yoxdur.

- Ədəbi yaradıcılıq nə yerdədir?

- Normal gedir. Çanaqqala savaşına həsr olunan “Halıdakı tüfenk” hekayəm Türkiyədə mükafat aldı. Türkcə yazmışam. Amma bədii əsərlərim rusca çıxıb.

- Tərcümə?

- Yox, rusca yazmışam. Səhnəyə qoyulan pyeslərim Azərbaycancadır.

- Bir dəfə maraqlı bir fikir dediniz: bayatılar əruzdadır...

- Baxın:

Alp Ertunqa öldümü

Issız dünya kaldımı

Öflek öcün aldımı

İmdi yürek yırtılır...

Müftəilün failün... Budu də... Dərsə gedən bir uşaq... Ay pipiyi qan xoruz. Yəni, bizim dilimizə uyğun gələn çox doğma bir ritmdir.

- Mən aşiq ulu dağlar...

- Bəli.

- Bəlkə heca tənzimləyir? Əruzda uzunan-qısalan saitlər var...

- Uzanmaq vacib deyil. Nə vaxt uzanmaq tələb olunur? O vaxt ki, ritmi tənzimləməyə sözün gücü çatmır.

- Son olaraq nə demək istərdiniz?

- Uşaqlarınızın təhsil almasına ciddi şəkildə diqqət edin. Qalanı düzələcək...

# 3849 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #