“Fuad Poladovu göstərib dedi, mən bu adamı sevirəm”- MÜSAHİBƏ

<b>“Fuad Poladovu göstərib dedi, mən bu adamı sevirəm”</b>- <span style="color:red;">MÜSAHİBƏ
27 sentyabr 2017
# 15:36

Müsahibim teatr rejissoru, bu yaxınlarda Rus Dram Teatrında premyerası baş tutmuş “Kral ölür” (Ejen İoneskonun əsəri-S.S.) tamaşasına quruluş verən Ərşad Ələkbərovdur.

- “Müsyö İbrahim və Quran çiçəyi” əsərinin “Azdrama”da uğurlu quruluşundan sonra çoxunda sual yarandı: rejissor Ərşad Ələkbərov kimdir?

- Böyük bacım İncəsənət Universitetində oxuyurdu. Əsgərlikdən gələndən sonra dedi ki, bəlkə sən də instituta daxil olasan. Və məni universitetin “Teatr rejissorluğu” kafedrasının müdiri Firdovsi Naibovla tanış elədi. Altı ay onunla hazırlaşdım və rejissorluq kursuna daxil oldum. Sentyabrda gələndə bildik ki, bizə rejissorluqdan Naibov yox, başqa müəllim dərs deyəcək. Çünki o daha böyük kursları götürmüşdü. Biz məyus olduq. Sonra elə oldu ki, mən rejissura ilə yox, aktyor sənətiylə ilə məşğul oldum. Eldar Quliyevdən tutmuş Cənnət Səlimovayadək çox adamın kursuna gedirdim. Ümumiyyətlə, mənə elə gəlir ki, oxuduğum illəri nəzərdə tuturam, bizim İncəsənət Universitetində rejissor sistemi yoxdur. Hansısa mənada az və ya çox dərəcədə aktyorluq sənəti var. Biz orda tamaşalar qururduq. Amma Sankt-Peterburqa gedəndən sonra gördüm ki, bizim altı ayda qurduğumuz tamaşaları orda hər gün qurub göstərirlər və bizdən daha yaxşı edirlər, səviyyə tamam başqadı.

- Buna görə də Sankt-Peterburqda təhsil almaq qərarına gəldiniz?

- Yox, təsadüfən oldu. Bizə dedilər ki, rusdilli tələbələri Rusiyaya oxumaq üçün göndərirlər. Biz yeddi, ya səkkiz nəfər idik. Seçimlərdən keçdim. Firdovsi Naibova aktyorluğu seçdiyimi dedim, amma məsləhət gördü ki, rejissorluqda qalım, çünki aktyorluğu onsuz da öyrədəcəklərini dedi. Doğrudan da, rejissorluğu seçsəm də dördüncü kursa kimi tamaşalarda oynadıq və paralel olaraq rejissura ilə məşğul oldum.

- Aktyor kimi tamaşalarda özünüzü sınadınızmı?

- Bakıda oxuyanda Rus Dram Teatrında praktikaya gedirdim. İki dəfə səhnəyə çıxdım. Kütləvi səhnədə oynayırdım. Bir tamaşa vardı, indi adını xatırlamıram. Məşhur aktrisalarından biri baş rolu oynayırdı. Orda bir yer var, rəqs edir. Onun üst geyimindəki yaylığı dartıb çıxarmalıydım, mənsə həyəcandan onu tamamilə soyundurdum, heç nəsiz qaldı. Tamaşadan sonra yaxınlaşıb ilk çıxışıma görə təbrik elədi və həmin hissədə “belə eləməməlisən” dedi. İkinci dəfə həyəcandan yenə eyni şeyi təkrarladım. Tamaşadan sonra yaxınlaşdı, əsəbiləşdi ki, heç nə bacarmırsan. Ondan sonra çıxmadım tamaşalara.

- Bayaqkı söhbətə qayıdaq. Perterburqa getdiniz və...

- Ümumiyyətlə, həyatda bəxtim çox gətirdi. Peterburqa bilet almaq üçün pulum yoxuydu. Dövlət pulu sonradan hesaba köçürməliydi, onda Eldar Quliyev “Girov” filmini çəkirdi. Dedi ki, gəl, kütləvi səhnədə oynayarsan, orda bir kənd oğlanını oynayırdım. Onda texniki problem yarandı, bir ay qalası olduq. Bir tərəfdən pulsuzluq, bir tərəfdən də artıq həvəsim yoxuydu Peterburqa getməyə. Bir gün anam zəng vurdu ki, nazirlikdən zəng eləyiblər, sənədlərin hazırdı. Dedim ki, pul yoxdu, dedi, gəl həll edərik. Roluma görə pul verdilər. O pula da bilet aldım.

Və tələbə yoldaşımla Perterbuqra gələndə qəribə hadisə baş verdi. Dedilər ki, baqajın çekini göstərin. Dedim Bakıda pulunu ödəmişik, amma bizə çek verməyiblər. Dedilər ki, çek yoxdursa, buraxılmayacaqsınıəz. Son qəpiyimizi də ödəyib çıxdıq. Səhər saat dörddür. Avtobusun gəlməsinə 2 saat qalmışdı. Bir taksi yaxınlaşdı, sürücü azərbaycanlı idi. Dedi ki, hara gedirsiniz. Hadisəni danışdıq. Hara getdiyimizi soruşdu, mən heç Teatr Akademiyasının harda olduğunu da bilmirəm. O, bizi pulsuz çatdırdı, üzrxahlıq elədi ki, imkanım olsaydı sizi evə aparardım. Onda öz xalqıma görə xoş hisslər keçirdim. Anladım ki, həyatda elə anlar var ki, insanı yönəldir. Və hiss etdim ki, doğrudan da oxumaq istəyirəm. Bu ana kimi isə etinasız yanaşırdım, düşünürdüm ki, alınmasa qayıdaram. İlk anladığım o oldu ki, Rusiya o ölkədir ki, burda hər şey sadə olmayacaq, digər tərəfdən isə burda sənə yardım edəcək adamlar var.

- Akademiyada sizi necə qarşıladılar?

- Qəbula gələndə bizə etüd verdilər: it, zəncir, tənhalıq sözlərini birləşdirib etüd qurmalıydıq. Bir həftə də vaxt verildi. Hazırladığım etüd tamamilə sərsəmləməydi. Amma deyim ki, bu, şərti idi. Sadəcə nəyə görəsə qəbul etmək lazımydı bizi. Onu da anladım ki, biz ümumiyyətlə onlara lazım deyilik. Kursda 60 tələbə vardı və biz 24 yer uğrunda mübarizə aparmalıydıq. Bir ilim vardı sübut edim ki, oxumaq istəyirəm. Bütün var qüvvəmi sərf elədim və birinci kursun sonunda iki adam beş aldı, mən və Denis adlı oğlan, indi o, çox yaxşı tamaşalar qurur. Beşinci kursadək hər il kimlərsə atılırdı, nəticədə 24 nəfər qaldıq. Diplom işimi Çexovun “Ayı” və “Təklif” əsərlərinin birləşdirib, onların əsasında qurdum. Bir aktyor iki rol oynayırdı. Elə qurmuşduq ki, qəhrəman bilmirdi, hansı obrazda daha çox özüdür.

- Yəni ordakı təhsil sizin üçün əhəmiyyətli təcrübə oldu.

- Səmimi deyəcəm. Bitirəndən sonra anladım ki, heç nə bilmirəm. Bilmirdim, necə işləyim. Və mən bitirəndən sonra yenidən öyrəndim. Aktyorluqdan dərs deməyə başladım. Çünki aktyorluqdan bildiyim şeylər vardı. Bizim kursa istənilən peşədən, hər cür yaş kateqoriyasından adamlar gəlir. Ora elə adamlar gəlir ki, problemi yoxdur. Onların yeganə problemi daxildən bir az necəsə dəyişməkdi. Kursu aparanda özümü onunla kəşf elədim ki, mənim əslində nə aktyorluq, nə rejissorluq xoşuma gəlir. Əslində insanları xoşbəxt eləmək istəyirəm az da olsa. Aktyor o adamdır ki, xoşbəxt olmaq istəyir. Elə pyesləri seçirəm ki, çalışıram özüm də xoşbəxt olum və tamaşaçını pyes vasitəsilə nəsə psixoterapiya edim. Yəni tamaşaya baxanda, onda da nəsə daxili dəyişiklik baş versin. Rejissor olmasaydım psixoterapevt olardım, ya da psixoloq. Mən insanın təbiətində özünün bilmədiyi bir şeyi tapa bilirəm. Belə bacarığımın olduğuna inanıram. Əslində amansız adamam. Adamın zəif tərəfini müəyyənləşdirirəm. Onu elə vəziyyətə çatdırıram ki, uzun müddət müqavimət göstərsin, kobud cavab versin, sonra zəifliyi haqda danışmağa utanmasın və elə bir şərait yaradıram ki, o yerləşdiyi vəziyyətdən daha yüksəkdə olsun.

- Metodlarınız haqda kitab yazmaq istəyirsiniz?

- Yox. Düşünmürəm.

- Orda tamaşalar qurursunuzmu?

- Peterburqda tamaşa qoymaq çətindir. Çünki orda çox güclü rejissorlar var. Bu mənada orda lazım deyiləm. Xarici ölkələrdə əcnəbiləri qəbul etmək çətindir. Bunun üçün sənin hansısa səviyyən olmalıdır. İşlədiyim yerdə məni əlbəttə ki, dəyərləndirirlər. İndi bir neçə günə Perterburqa qayıdıram, ilk dəfədir individual olaraq kurs yığırlar mənim üçün.

- Tamaşa qoymaq üçün təklif sizdən gəlir?

- Təklif gəlmir. Sən teatra gedirsən, deyirsən adım Ərşaddır. Və belə bir ideyam var...

- Neçə tamaşa qurmusunuz?

- Nekrasovun “Payız sıxıntısı”nı, Çexovun hekayələrini, Şukşinin “Bazar günü xiffəti” əsərlərini. Puşkinin “Kiçik faciə”si uğursuz alındı. Bunadək Musiqi Teatrında Aleksandr Vertinski haqda tamaşa qoydum. O hamı kimi oxumurdu, dilində qüsur vardı, “r” hərfini deyə bilmirdi. Amma məhz bunun üzərində özünə karyera eləmişdi, məxsusi şəxsiyyətiydi. Tamaşanı onun uşaqlığı üzərində qurdum, mənim də mürəkkəb uşaqlığım olub, onu anlamamışam, necə keçdiyini bilməmişəm, məncə o, ümumiyyətlə olmayıb. “Müsyö İbrahim və Quran çiçəkləri”ni qurmağımın səbəblərindən biri orda uşaqlıq motivinin olmasıydı. Ola bilsin on ildən sonra bu temaya qayıtmaycağam, onu tükədəcəm. Amma hələ ki, bu mövzuya marağım tükənməyib. Vertinskinin də çətin uşaqlığı olub. Mahnılarını əsas götürdüm və mahnılara onu həyatını yerləşdirdim. Bir il işlədik. Janrların və istiqamətlərin sintezi xoşuma gəlir. Rus Dram Teatrında da bu təcrübəni istifadə elədim.

- O biri tamaşalarınız necə qarşılandı?

- Bilirsiniz... Düzü, bilmirəm, təəssüflənim, ya sevinim, böyük sənətin nə olduğunu bilirəm. Ona toxuna bilmişəm. Ona çatmaq üçün ömrüm yetməz. Nəyə qadir olduğumu bilirəm, səviyyəmi bilirəm. Təvazökarlıq eləmirəm, mən bacara bildiyimi edirəm. Bundan azını və ya çoxunu etməyəcəm.

- Burda işlədiyiniz teatr mühitini, aktyorları Peterburqla müqayisə etmək imkanınız da oldu yəqin.

- Doğrusunu deyim ki, heç vaxt bu haqda düşünməmişəm. Müqayisə etmək kimi bacarığım yoxdur. Təklif olunan materialla işləyirəm. Yəni başqa variant yoxdur, ona görə müqayisə etmək də yersizdir. Çünki müqayisə olunanda seçimim olacaq. Mənə təklif olunanda xoşuma gələni tapmağa çalışıram. İşlədiyim adam həmin an məhz mənə lazım olan adamdır, daha doğrusu həyatımın bir parçasıdır. Və mən bu adamın köməyilə özümün hansısa eqoist arzumu reallaşdırıram. Doğrudan da incəsənət böyük eqoizmdir. Sən zövq alırsan, amma bu o demək deyil ki, mən zövq alıramsa sən sadəcə odun kimi qalırsan. Birinci vəzifəm odur ki, elə edim qarşımdakına yaxşı olsun.

- Bir qisim adam bu fikirdəydi ki, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası daha çox roman kimi oxunur, yəni bu əsər pyesləşdirilməyib.

- Əvvəla “Azdrama”yla əməkdaşlığa necə başlamağımdan danışmaq istəyirəm. Məni Fuad Poladovla tanış elədilər. Birdən anladım ki, bu adam güclü avtoritetə sahibdir, amma sənin qarşında sadə adam oturub. Mənə dedi ki, Ərşad, səni tanımıram, amma işləmək istəyirəm. Elə bir yaşdayam ki, çox şey oynamışam, çox şey görmüşəm. İndi sadəcə yaradıcılıqla məşğul olmaq istəyirəm. O, məni bu mühitə gətirdi, İsrafil İsrafilovla tanış elədi. İsrafil müəllim Fuad Poladovu göstərərək dedi ki, mən bu adamı sevirəm, ona hörmət edirəm. Bu adam işləmək istəyir. Elə et ki, ona işləmək komfortlu olsun. Bu əsəri verdi ki, oxuyum. Dedim ki, bunu pyes kimi yox, ədəbi əsər kimi çevirsinlər. Mənə ədəbi əsas lazımdır. Müəllim işləyəndə anladım ki, ədəbi tekstlə danışanda tamaşaçı daha çox inanır.

- Necə düşünürsünüz, bizdə aktyorlarla bağlı problem nədədir?

- Ümumən aktyorların problemi ondadır ki, peşəkarlıq arxa plandadır, birinci planı “mən aktyoram” deyir. Azərbaycanda aktyor var, amma özü-özünə rejissorluq edən aktyorlar azdır. Fuad Poladov, Fəxrəddin Manafov aktyor, üstəlik rejissordular. Belə aktyorları qiymətləndirirəm. Çünki onlarla eyni dildə danışırsan. Yəni iş prosesində o da nəsə təklif edirsə, onun rejissor kimi baxışı yerinə düşməyəndə sübut edirsən ki, mənim təklifim daha uyğundur, onun da müqayisə imkanı olur.

- Aktyorları necə seçirsiniz?

- Tamaşaya aktyor seçmək üçün gələndə onun necə oynamağının mənim üçün əhəmiyyəti yoxdur. Vacib olan onda problem görməyimdi. Təxmin edirəm ki, onun problemi nədir və bundan çıxış edərək, o adama maraqlı olacaq hekayə qururam. Rus Dram Teatrında da istənilən halda mən pyesi “Kral ölür” kimi qoymamışam. O pyes Manafovun artist, sənətkar kimi necə ölməyi haqdadır.

- Tamaşaya aktyorların şəxsi keyfiyyətlərindən keçərək yanaşırsınız.

- Ancaq o cür. Bu uğura getmək üçün kiçik bir yoldur.

- Çoxu o fikirdədir ki, Fuad Poladovun ənənəvi oyun manerasını qırmısınız. Onunla iş prosesiniz maraqlıdır.

- Mənə elə gəlir ki, Fuad Poladovu daha çox bir ampluanın aktyoru ediblər. Onu ancaq qəhrəman kimi görüblər. Mən buna pis yanaşıram. Məncə, o artist olmaqdan yorulmuşdu. Həmin tamaşada ona sadəcə oynamağa izn vermədim və onun da məni qəbul etməyi peşəkarlığından doğur. Fuad Poladov məni ilhamlandırırdı. Səhnəsi olmasa da baxırdı, deyirdim, oturmağa məcbur deyilsiniz. Deyirdi ki, mən zövq alıram, ehtiyacım olanda məsləhətlərini verirdi. Çox müdrik adamdır. Ümumiyyətlə, “Müsyo İbrahim və Quran çiçəkləri” mənim temamdır. Bununla belə çox istədiyimi bu tamaşada edə bilmədim.

- Nə mane oldu?

- Vaxt. İki ay az müddətdir.

- “Kral ölür” tamaşasında iş prosesiniz maraqlıdır.

- Bu tamaşanı quranda da aktyorlara onların ruhi vəziyyətindən yanaşdım. Fəxrəddin Manafovla Mehriban Zəki arasında dərin ruhi bağlılıq var. Bu cür əməkdaşlığı idillik partnyorluq adlandırardım. Belə partnyorluq nadir hallarda olur. Onlar bir-birini duyurlar. Amma ümumən tamaşa hazırlayanda sevmirəm aktyorlar peşə həmrəyliyinə birləşsinlər. Bu, saxta bir şeydir. Belə olanda bunu dağıdırdım. Onlar ideya ətrafında birləşməlidirlər. Elə vəziyyətə gətirirəm ki aktyoru, hər biri öz sözü, mətni, mizanı üçün çarpışmağa başlayır.

- İş prosesində aktyorlarla toqquşmanız olurdu?

- “Müsyö İbrahim və Quran çiçəkləri”ndə bir balaca Murad İsmayılovla çətin oldu. O, istedadlıdır, amma yonulmamış aktyordur, çünki çox gəncdir, təcrübəsi azdır. Rolunu oynamaq üçün qəhrəmanı kimi emosional mürəkkəblikdən keçməliydi. Çalışdım ki, onu emosional baxımdan o mürəkkəblikdən keçirim.

- İbadətlə məşğul olursuz. Sənətinizlə ibadət arasında konflikt yaşayırsınız?

- Din və sənət uyuşmur. Mənim bu suala indiyə kimi cavabım yoxdur. Amma seçim qarşısında qalsam dini seçirəm.

# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #