Elbəy Qasımzadə: “Nərimanovun heykəlinə toxunmaq olmaz” - MÜSAHİBƏ

Elbəy Qasımzadə: “Nərimanovun heykəlinə toxunmaq olmaz” - <span style="color:red;">MÜSAHİBƏ
13 mart 2017
# 13:13

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbəy Qasımzadənin APA-ya müsahibəsi

- Elbəy müəllim, Memarlar İttifaqının Azərbaycan memarlığının inkişafındakı yerini necə qiymətləndirirsiniz?

- Memarlar İttifaqı Azərbaycanın ən uzun tarixi olan ictimai təşkilatlarından biridir. Keçən ilin dekabrında ittifaqımızın 80 illiyi təntənəli şəkildə qeyd olundu. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamları ilə 18 nəfər Azərbaycanın ən fəal memarları təltif olundular. Bu, əlbəttə, Azərbaycan memarlarının ölkəmizin bugünkü inkişafında tutduğu yerin yüksək qiymətləndirilməsidir. Başqa tərəfdən, bu bizim memarlara avansdır ki, gələcək fəaliyyətlərində Azərbaycan memarlıq sənətini yüksək səviyyədə saxlasınlar. Azərbaycanda memarlıq sənəti ən qədim sənət növlərindən biridir. İnsan özünü tanıdığı vaxtdan sığınacaq axtarıb. Bu da memarlıqdır. Memarlığın insanların həyatında çox böyük mənəvi təsiri var. Çünki memarlıq mühiti insanı tərbiyə edir. Eyni zamanda yaşayış yerinin rahat olması insanın səhhətinə müsbət təsir göstərir. Memarlıq həkimlik kimi bir şeydir. Memarın səhv etməyə ixtiyarı yoxdur. Azərbaycan memarlığı əsrlər boyu dünya səviyyəsində tanınıb. Bizim sənətkarlarımızın əsərləri Suriyada, İraqda, İranda, Orta Asiya ölkələrində, hətta Hindistanda var.

- Azərbaycan memarları iddia edirlər ki, Tac Mahalı Azərbaycan memarları tikib. Bu nə dərəcədə real faktdır?

- Əgər siz Tac Mahalın memarlığına baxsanız və onu Hindistanın başqa abidələri ilə müqayisə etsəniz, görərsiniz, onlara oxşamır. Yəni Hindistan memarlığı deyil. Bu, müsəlman memarlığıdır. Tac Mahalın elementlərini bizim Xan Sarayı ilə müqayisə etsəniz, məlum olacaq, tağların konturu, abrisi nə dərəcədə oxşardır. Bu, Təbriz məktəbidir. Düzdür, bunu deyəndə bizim hindistanlı həmkarlarımızın xoşuna gəlmir, amma onları alçaltmaq fikrində deyilik. Onlar öz fikirlərində qalsınlar, biz öz fikrimizdə.

Tac Mahalı ustad Əli inşa edib. O, vaxtilə Təbrizdə çox məşhur memar olub. Cahan şah onu dəvət edib və rəhmətə getmiş həyat yoldaşı üçün həmin türbəni tikdirib. Əlbəttə, bunun sübut olunmağı böyük tədqiqat mövzusudur. Təəccüblənirəm ki, bizim alimlər indiyə qədər bununla məşğul olmayıblar. Amma hesab edirəm, bu barədə heç böyük mübahisəyə də girmək lazım deyil. Çünki Tac Mahal əsər olaraq durur, gəlib gedənlərə gözəl hissiyyat bəxş edir. Fərq etməz, onu hindistanlı usta tikib, ya azərbaycanlı.

- Yəni bu mənada ki, onsuz da həqiqət bizim tərəfimizdədir?

- Tac Mahalı görən adam başa düşür ki, bu müsəlman memarlığı abidəsidir. Yəni birbaşa Hindistana aid deyil. Dünya memarlığında da bu barədə böyük fikir fərqləri var. Avropa memarlıq nəzəriyyəsi ilə məşğul olanlar etiraf edirlər, Tac Mahal başqa Hindistan memarlıq abidəsinə oxşamır. Amma heç bir arqument olmasa da, hindlilər deyir, bu bizim memarlığımızdır. Onların sözündə də bir həqiqət var. Mən də hesab edirəm ki, abidə hansı torpaqda yaranıbsa, o torpağa məxsusdur. Biz Bakının mərkəz hissəsinə aşağı şəhər deyirik. Aşağı şəhərdə çoxlu təkrarolunmaz gözəl binalar var. O binaların memarları müxtəlif millətlərin nümayəndələri olublar. Məsələn, polyaklar, ruslar, italyanlar, almanlar. Amma mən hesab edirəm, bu Azərbaycan memarlığıdır. Çünki Azərbaycanda, bizim mühitdə yaranıb. Çox sağ olsunlar ki, o binaları yaradan insanlar da Bakının xüsusiyyətlərini nəzərə alıblar. Heç yadımdan çıxmaz, 1992-ci ildə Bakıya Fransanın ilk səfiri gəmişdi. O vaxt Bakının baş memarı vəzifəsində çalışırdım. Zəng vurdular ki, səfir sizinlə görüşmək istəyir.

Dedi, sizinlə görüşməyimin bir səbəbi var: gecə aeroportdan gəlib şəhərə daxil olanda Bakı mənə Parisi xatırlatdı. Əlbəttə, həyəcanlandım. Bakı mənim üçün müqəddəsdir, amma bilirik, Paris dünyanın ən gözəl şəhərlərindən biridir, ona görə də ağlıma gəlməzdi ki, Bakını Parislə müqayisə edim.

- Memarlar İttifaqının binasını polşalı memar tikib...

- Bəli. Allah rəhmət eləsin, bu bina Bakı milyonçusu, dəyirman işləri ilə xüsusi məşğul olan Ağabala Quliyevin mülkü olub. Şəhərin mərkəzindəki məşhur dəyirman da onun olub. Mən ittifaqın idarə heyətinə həmkarlarım tərəfindən sədr seçiləndə dedim, Ağabala Quliyevin fotosunu tapmaq lazımdır. Çünki bura onun evidir, onun ruhu burdadır. Qoy inciməsin ki, bura mənim evimdir, mənim evimdə otururlar.

- Yəni halallıq olsun...

- Hə, qoy halallıq olsun. Şəklini tapdıq. Həmin şəkil milyonçunun Brüsseldəki ofisində çəkilib. Ağabala Quliyevin heç bir təhsili olmayıb. Orta molla məktəbini qurtarıb. Və təsəvvür edin, Brüsseldən bütün Rusiyaya dəyirman işinə aid ləvazimatların hamısını bu adam çatdırıb. Onun bacarığına görə Zeynalabdin Tağıyev “Şollar” su kəmərinin idarəçiliyini Ağabala Quliyeva tapşırıb. Bakıda bu cür saxlanılan ikinci belə bina yoxdur.

- Amma bərpaya ehtiyacı var...

- Əlbəttə. Hətta böyük ehtiyacı var. 120 ildir tikilib, bircə dəfə 60-cı ildə təmir olunub. Vaxtilə, bu binada 11 ailə yaşayıb. Mən o insanlara hər zaman rəhmət oxuyuram. Görün, nə səviyyədə mədəni insanlar olublar ki, heç nəyə toxunmayıblar.

- Mənə elə gəldi, milyonçu mülkü olsa da, içəridə darısqallıq var...

- Bilirsiniz, o vaxt torpaq ucuz deyildi və qızıl pulla alınırdı. İndi iki hektar yer alırlar ki, 18 mərtəbəli bina tikəcəyəm. Baxanda o bina üçün iki hektar lazım deyil, 0,8 hektarda yaxşı yerləşir. Amma o dövrlə müqayisədə indi Bakıda torpaq havayıdır. Bakıda bazar qiymətində torpaq bahadır. Tikintiyə torpaq veriləndə, dövlət rüsumu var, sahibkar onu ödəyir, alır. Düzdür, başqasına satanda bazar qiymətinə satır. Mənim ana babam Ağa Abdulla Dadaşov Bakının varlı adamlarında biri olub. Şəhərdə 6-7 mülkü var idi. Sonuncu mülkü Bünyad Sərdarov küçəsində olub. Babam mənə danışırdı ki, bu torpağı Şəhər Dumasından 60 qızıl onluğa almışam. O vaxt qızılla alınan torpaqdan maksimum istifadə edirdilər ki, boş yer qalmasın.

- Babanızın mülkləri indi qohumlarınıza məxsusdur?

- Yox, babam rəhmətə gedəndən sonra yaşadığı mülkü veriblər başqa qonşulara. Müstəqillik dövründə deyirdilər, köhnə mülklər sahiblərinə qaytarılacaq. Mən o vaxt Bakı İcra Hakimiyyətində işləyirdim. Anam rəhmətlik dedi, sən orda işləyirsən, çalış, babanın mülklərinin geri qaytar. Dedim, babam mülklərini əldən verməzdi. İndiki verib, orda camaat yaşayır, mən camaata deyim, çıxın bayıra? Olmaz!

- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Opera və Balet Teatrının bərpası üçün bütün xərclər daxil olmaqla 100 milyon manata yaxın smeta hesablanıb. Bu, həddən artıq böyük məbləğ deyilmi?

- Bilirsiniz, səhv olan orada aparılacaq işlərin adlandırılmasıdır. Orda təmir yox, bərpa işləri aparılacaq. Bərpa işləri kvadratmetrlə aparılır. Məsələn, Memarlar İttifaqının bərpası haqqında söhbət gedəndə məni vahimə basır. Memarlar bunu öz pulu ilə edə bilməyəcəklər. Buna dövlətin dəstəyi lazımdır. İndiki vəziyyətdə bu binanın bərpa olunmasını səsləndirə bilmirəm. Başa düşürəm ki, bu düzgün deyil. Çünki dövlətin qarşısında daha vacib sosial problemlər dayanır. Biz gözləyə bilərik. Bu binanın həqiqi mənada restavrasiyası 12-15 milyon manata başa gələcək. Kiçik binadır. Bunu Opera və Balet Teatrı ilə müqayisə etmək olmaz. O bina heç olmasa buradan 6 dəfə böyükdür. Opera və Balet Teatrı təkcə divar, tavan, döşəmə deyil.

Oradakı avadanlıq müasir tələblərə cavab vermir. Hamısı yenilənməlidir. Zalın quruluşu istənilən səviyyədə akustika effekti vermir. Demək istəyirəm, sizin səsləndirdiyiniz məbləğ o qədər də böyük deyil. Biz Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxananın yenidənqurma layihəsini hazırladıq. Layihəyə əsasən binaya toxunulmayacaqdı, amma içərinin bütün avadanlığı, kitab saxlanan yerlər və s. dəyişəcəkdi. Məsələn, dünyanın heç bir kitabxanasında olmayan müasir texnika quraşdırılacaqdı. Həmin avadanlıqlar Yaponiya, Avstriyada, Belçikadan gəlməli idi. Səhv etmirsəmsə, onun smetası gəlib çıxdı 40 milyon manata. Belə bir qərara gəldilər ki, hələlik saxlanılsın.

- Son günlərin ən çox müzakirə edilən mövzusu: Mikayıl Müşfiqin abidəsinin dağıdılmasından necə xəbər tutdunuz?

- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov mənə zəng vurdu ki, Müşfiqin abidəsi sökülüb, mətbuatdan da müraciət edirlər, necə edək? Dedim, yığışaq ora. Belə də oldu. Əslində, sizə deyim, həmin ərazidə aparılan işlər çox yaxşı işlərdir. Yadınızdadırsa, prospektlə gələndə abidə sağda qalırdı, sərt döngə var idi. İndi oranı düzəldəcəklər, normal dönmək mümkün olacaq. Bu yaxşı işi görə-görə, götürüb o boyda ziyanlı hərəkət ediblər. Heykəlin yerini dəyişmək olmazdı. Çünki elə yerlər var, oranı hamı tanıyır. Məsələn, “Gəl Müşfiqin heykəlinin yanında görüşək”, deyirsən. Şəhərdə əbədi qalmalı olan yerlər var. Əvvəllər, Füzuli küçəsində kiçik bazar var idi. Biz yaxınlıqda yaşayırdıq. Anam bir-iki manat verirdi, deyirdi, bazardan qatıq al, gətir. Onu söküb, aparıb yerinə “Şərq bazarı”nı tikdilər, işləmədi. Məsələn, Karl Marksın heykəli 20 ildir yoxdur, bu günə qədər camaat o yeri elə Karl Marks kimi tanıyır.

- Siz soruşdunuz ki, büstü niyə xəbərsiz götürüblər?

- İnşaatçılara sual verdim ki, siz ali təhsilli mühəndissiniz, eləmi? Deyirlər, bəli. Soruşuram, yaşlı adamsınız, bu birinci işiniz deyil. Yenə deyir, bəli. Bəs necə oldu bu səhvə yol verdiniz? Cavab verir ki, səriştəsizlikdir. Necə yəni səriştəsizlikdir? Siz ora yaxınlaşanda orda Müşfiqin adını oxumadınız? Bilmirsiniz, bu insanın nə qədər faciəvi taleyi olub?

Dedim, bu səriştəsizlik yox, mədəniyyətsizlikdir. İbrahim müəllimə (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev – C. Zeynallı) sual verirəm ki, siz hər gün buradan keçirsiniz. Bu abidə mikrorayonda yerləşmir ki, xəbərsiz olasınız. Şəhərin mərkəzindədir. Burdan keçəndə, hasarı görəndə, dayanıb soruşmadınız, ya bir adam göndərmədiniz ki, görün onlar orda nə qələt edirlər? Deyir, fikir verməmişik. Mən 12 il Bakının baş memarı olmuşam. Mənim icazəm olmadan, heç kim divara mıx da vura bilməzdi. Bir adam gəlib burda iki daşı üst-üstə qoysun, 18 nəfər gələcək ki, nə edirsən, kimsən, haralısan, kağızın var? Mən də bu millətin oğluyam, bunu demək ağırdır, amma deməliyəm: mədəniyyət səviyyəmiz çox aşağıdır. Şübhə etmirəm ki, cənab prezidentin sərt reaksiyasından sonra mütləq kimisə cəzalandıracaq.

- “Azəravtoyol” bir nəfəri işdən çıxarıb, iki nəfərə isə töhmət verilib...

- Kimə? “Prorab”a? Onlar canlarını qurtarmaq üçün etdilər. “Prorab” kimdir? Kim göstəriş veribsə, o cəzalanmalıdır.

- “Azəravtoyol”un sədri Saleh Məmmədovla danışmısınız?

- Yox, müavini ilə danışmışam. Səriştəsizlikdir deyən elə müavin idi. Dedim, xətrinizə dəyməsin, bu, mədəniyyətsizlikdir.

- Elbəy müəllim, Avropa şəhərləri ilə Bakını müqayisə edəndə bizim şəhər birrəngli görünür. Şəhəri maraqlı edən həm də rəngli binalarıdır. Mütəxəssis kimi bu məsələ haqqında nə düşünürsünüz?

- Bu məsələdə sizinlə razı deyiləm. Çünki Avropanın qədim şəhərlərinin əksəriyyəti birrəngli şəhərlərdir. Bu təbii materialdan asılıdır. Məsələn, Parisdə, Romada, Praqada binalar bizim əhəng daşına oxşar daşdan tikilib. Onlar da boz rəngdədir. Sadəcə, sonradan suvanır, rənglənir və bu gün gördüyümüz mənzərə yaranır. Bizdə də bir vaxtlar suvaqlı binalar olub. Məsələn, “beşmərtəbə” suvaqlı idi və rənglənirdi. Yaxud Filarmoniya və onunla üzbəüz qırmızı bina indi də rənglənir.

- O iki bina görün şəhərə nə qədər rəng qatır. Amma bu cür binalar bir əlin barmaqlarının sayı qədər azdır...

- Altı-yeddi il qabaq şəhərdə bu cür binaların əksəriyyətini üzlük daşı ilə örtdülər. Hüseyn Cavid prospektində Mikayıl Hüseynovun çox gözəl qoşa binaları var. Onların alt mərtəbəsi üzlük daşı ilə üzlənib, yuxarısı isə suvaqla rənglənib. Sizə deyim, bu məsələ təkcə memarlardan asılı deyil.

İdarəetmə orqanlarından asılıdır. Bizim ərazi rəhbərləri əlvan boyalardan qorxurlar. Bu da mədəniyyət səviyyəsindən asılı olan şeydir. Bakıda əlbəttə, rəngli binalar olmalıdır. Sadəcə, binalar üzlük daşı ilə örtülüb və onlara suvaq vurub rəngləmək düzgün deyil.

- Heydər Əliyev prospektində son illərdə bir neçə inzibati bina tikilib. Ən çox diqqət çəkən SOCAR-ın binasıdır. Memar gözündən o bina necə görünür?

- Həmin bina tam müasir memarlıq üslubundadır. Ümumiyyətlə, düşünürəm ki, memarlıq yarandığı dövrə məxsus olmalıdır. Düzdür, bizim indiki zamanımızda da qədim üslublu binalar tikilir. Təəssüflər olsun, çox vaxt həmin üslubların əsas prinsipləri pozulur. Bu, bir qədər retro memarlıq formasıdır. Məncə, belə olmamalıdır. Müasir dövrdə tikilən binalar müasir olmalıdır. Ona görə mən hesab edirəm ki, SOCAR-ın binası kifayət qədər cəlbedicidir. Onun yanındakı “Azərsu”nun binasının müəlliflərindən biri də mənəm. Ümumiyyətlə, Heydər Əliyev prospektinin bugünkü inkişafı məni sevindirir. Yadımdadır, vaxtilə oradan keçəndə daş hasarlar görürdük. Hasarların da arxasında istehsalat sexləri yerləşirdi. Əlbəttə, şəhərə daxil olan insanların təsəvvürü ondan başlamamalı idi. Bakının ilkin baş planına əsaslanaraq həmin zonanın köçürülməsi nəzərdə tutulurdu, amma heç kim cürət edə bilmirdi. Çox sağ olsun cənab prezident ki, bu addımı atdı.

- Yəqin xatırlayırsınız, ötən il Slavyan Universitetində rektor dəyişikliyi oldu. Universitetin yeni rəhbəri Nurlana Əliyeva fasaddakı 50 illik mozaikaları sökdürüb daş şəbəkə vurdurdu. Əsası da belə oldu ki, mozaikanı bu qədər şişirtməyin mənası yoxdur, o sənət əsəri kimi böyük əhəmiyyət kəsb etmir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

- Mən razı deyiləm. Qalmaqalda mənə də müraciət etmişdilər. Memarlar İttifaqının katibi İlqar Bəylərovu onlara təhkim etmişdim ki, məsləhətlər versin. Məsləhət olmuşdu, həmin fresko və mozaikalar qalsın. Tarixdən bizə miras qalan binalara bir qədər diqqətlə yanaşmaq lazımdır. Mən hətta fikirləşirdim ki, Şəhriyar adına Mədəniyyət Mərkəzinin üstündəki köhnə yazılar qalmalı idi. İndi orda müstəqil Azərbaycanın gerbi var. Yanvarda Moskvaya getmişdim. Gördüm, onlar çalışırlar sovet dövründən qalan binaları necə var, o cür saxlasınlar. Bu o demək deyil ki, müstəqil atributları yoxdur. Onlar da hər yerdə müasir Rusiyanın gerbini qoya bilərdilər.

Amma yəqin ki, onları düşündürən gələcək nəsillərin dövr haqqında təsəvvürünü saxlamaqdır. Çünki memarlıq ölkənin, xalqın tarixdir. Məncə, bunları mümkün dərəcədə saxlamaq lazımdır.

- Səhv etmirəmsə, Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binada kiril əlifbası ilə olan yazı saxlanılır. Bundan başqa şəhərin mərkəzində inqilabçıların yaşadığı binalardakı barelyeflər də sökülməyib...

- Toxunmaq olmaz. Bir çox inqilabçıların məzarları Fəxri xiyabandadır. SSRİ dövründə partiya xadimləri, Mərkəzi Komitənin katibləri Fəxri xiyabanda dəfn olunurdular. Nə edək, hamısını məzarını götürək? Bu, ölkənin tarixidir. Azərbaycan böyük tarix yaşayan ölkədir. Onsuz da düşmənlərimiz deyir, bunlar millət, insan olmayıblar. Biz də tariximi dağıdaq və deyək ki, tariximiz olmayıb?

- Nəriman Nərimanovun heykəli haqqında nə düşünürsünüz?

- Heykəllərin götürülmə prosesi 90-cı illərin əvvəlində başladı. Müstəqillik uğrunda hərəkat başlayanda bir çox heykəllər götürüldü. Məsələn, Şaumyanın, Fioletovun. O vaxt Bakı İcra Hakimiyyətinin Toponimika Komissiyası vardı. Sədri Bəxtiyar Vahabzadə, müavini mən idim. Şaumyanın, Leninin heykəli haqqında danışanda, heç kim etiraz etmirdi. Edə də bilməzdi. Onlar getməli idilər. Müstəqil Azərbaycanın Hökumət Evinin qarşısında Leninin, Dağüstü parkda Kirovun heykəli ola bilməzdi. Günlərin birində söhbət gəldi çatdı Əzizbəyovun və Nərimanovun heykəlinin üstünə. Açığı, Əzizbəyovun heykəlinin qalmasını mən müdafiə etdim. Dedim, Əzizbəyov azərbaycanlı ilk ali təhsilli neftçi-mühəndisdir. Və bilmək olmaz ki, Əzizbəyov “26-lar”ın içində olmasaydı, azərbaycanlı qurbanların sayı nə qədər olacaqdı. Çünki o, bir çox şeylərin qarşısını alırdı. Tarixə qısa müddətdə qiymət vermək olmaz.

Nərimanovun müdafiəsinə Sabir Rüstəmxanlı qalxdı. Bu hadisə olub Xalq Cəbhəsinin dövründə. Elçibəy də prezident idi. Sabir Rüstəmxanlı sual verdi ki, Nərimanov sizə nə edib? Komissiyanın üzvlərinin bir çoxu cəbhəçi idi. Qayıdıb dedilər, Zəngəzuru verib. Sabir də cavab verdi ki, onda Elçibəyi asmaq lazımdır, onun da vaxtında torpaqlar gedib. Elçibəy də prezidentdir, oturub orda. Mən o vaxt dedim sən kişi adamsan, qoymadın. Sonra Əzizbəyovun heykəlini götürdülər. Bilirsiniz, Nərimanovun heykəlinə toxunmaq olmaz. Nərimanov Azərbaycan ziyalıların bir çoxunun tərbiyəsində, formalaşmasında rol oynayıb.

- Mədəniyyət və Turizm Nazirliyi Bəxtiyar Vahabzadənin, Nəsrəddin Tusinin və Rostropoviçin büst və heykəllərinin qoyulması üçün müsabiqə elan edib. Məsələn, Bəxtiyar Vahabzadənin heykəlinin yerini harada görürsünüz?

- Çətin sualdır. Mən Bəxtiyar müəllimi tanıyanda lap uşaq idim. 60-cı illərdə Mərdəkanda istirahət evində tanış olduq. Hətta kitabını imzalı mənə bağışladı: “Xalqımın dəyərli oğlu Elbəyə Bəxtiyardan”. Bəxtiyar Vahabzadə böyük şairdir. Xatırlayıram, mənim Bəxtiyar müəllimlə böyük bir mübahisəm olmuşdu. Deməli, Bakının baş memarı idim, Şəhidlər Xiyabanındakı məscidin layihəsini gətirdilər. Gördüm, Osmanlı memarlığıdır. Dedim, icazə verməyəcəyəm. Prezident Aparatından zəng vurdular, dedim, mümkün deyil. Əgər Türkiyə həmin məscidi Azərbaycana hədiyyə edirsə, bizim memarlığımızın öz forması var, məscidlərimizə baxsınlar, həmin qaydada tiksinlər. İcazəsiz başladılar tikməyə. Bəxtiyar müəllimin nüfuzunu bilirdilər, ona görə də aparıb oturtmuşdular orda. İnspektor göndərdim ki, qanunsuzdur, get tikintini dayandır. Bəxtiyar müəllim zəng vurdu. Dedim, Bəxtiyar müəllim, şəhərin ən yüksək təpəsində Osmanlı məscidinin tikilməsinə icazə verməyəcəyəm. Mübahisə etdik, küsdü məndən. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdan kimi tikintini dayandırdım. Hələ birinci mərtəbəni tam hörməmişdilər. Üstündən xeyli keçdi, bir gün Rafael Allahverdiyev soruşdu ki, Heydər Əliyev yarımçıq tikinti ilə maraqlanır. O nədir? Əhvalatı danışdım. Heydər Əliyev deyib işi dayandırmaqda düz edib.

- Bəxtiyar Vahabzadənin heykəlinin yeri ilə bağlı sualıma cavab vermədiniz...

- Hə, deyim sizə. Əlbəttə, Bəxtiyar Vahabzadənin xatirə abidəsinin yeri möhtəşəm olmalıdır. Demirəm ki, meydanda olmalıdır. Yox! Ümumiyyətlə, meydanlarda heykəl qoymaqdan uzaqlaşmaq lazımdır. Məsələn, cənab prezidentin iştirakı ilə Niyazinin heykəlinin açılışını etdik.

Ömər Eldarovla bir yerdə heykəlin müəlliflərindən biri də mənəm. Heykəlin yeri mənim çox xoşuma gəlir. Oranın xüsusi mühiti, ab-havası var. Məsələn, Nərimanovun heykəli kimi. Baxın, nə boyda heykəldir 45 metr hündürlüyü var. Füzulinin heykəli isə balaca görünür. Çünki əvvəllər orada meydan olmayıb. Binalar var idi, söküləndən sonra ətraf tamam açıldı. Nizaminin heykəlinin yeri çox gözəldir. Çünki əvvəldən park kimi nəzərdə tutulmuşdu. Bəxtiyar Vahabzadənin abidəsi “Malakan” bağında ola bilər: skamyada oturub, təsbehi də əlində. Gözəl olar.

- Xətainin heykəlinin yeri ilə bağlı narahatlıqlar var. Yol genişlənəndən sonra heykəlin yeri barədə nə düşünürsünüz?

- Xətainin heykəlinin qoyulması yadımdadır. Heykəltəraşı rəhmətlik İbrahim Zeynalovdur. O heykəli göstərəndə doğrusu, mənim xoşuma gəlmədi. Onu Şaumyanın heykəlinin yerində qoymaq istəyirdilər. Yəni indiki yeri ilə üzbəüz. O vaxt dedim, belə olsa, arxası aeroportdan gələn yola olacaq. Düzgün deyil. Əgər burda qoyulacaqsa, üzü gəliş yoluna tərəf olmalıdır. Məncə, o heykəl orda yerləşib, mühit onu qəbul edib. Hər bir yenilik memarlıq mühitində tətbiq olunanda müddət lazımdır. Məsələn, Mərkəzi Bankı tikəndə mən o yerin qəti əleyhinə idim. İcazə də verməmişdim. Nə yerinə icazə vermişdim, nə layihəsinə. Amma Heydər Əliyevə demişdilər, icazə ilə tikilib. Heydər Əliyev açılışda məni tənqid elədi. Düz də elədi. Qalxdıq yuxarı, soruşdum ki, icazə olar, bir söz deyim? Mən bu binanın icazəsini verməmişəm. Bankın yerini Tbilisi prospektində, təpənin üstündə görürdüm. Ümumiyyətlə, fikrim var idi ki, həmin ərazidə banklar, ofislər tikilsin və şəhərciyə çevrilsin. Çox gözəl görünərdi. Heydər Əliyev dönüb rəhmətlik Rafael Allahverdiyə baxdı. Səhəri günü Vaqif Axundov (Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik – C. Zeynallı) gəldi ki, sənədlər haradadır? Dedim, sənədlər “Baksovet”in arxivində. Məndə heç nə yoxdur. Nə pasport vermişəm, nə layihəsini təsdiq etmişəm. Gedib yoxladılar ki, doğrudan da belədir. Bunu niyə danışdım? Mərkəzi Bankın binası əvvəllər məni qıcıqlandırırdı. Amma vaxt keçib, indi heç fikir vermirəm. Mühit udur, uyğunlaşdırır. Xətainin heykəli artıq uyğunlaşıb. Onu dəyişməyin nə mənası var?

# 1755 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #