Zori Balayanın portretini çəkən azərbaycanlı rəssamla SÖHBƏT

<b>Zori Balayanın portretini çəkən azərbaycanlı rəssamla <span style="color:red;">SÖHBƏT </b>
9 mart 2017
# 09:00

Kulis.az rəssam Ramal Kazımovla müsahibəni təqdim edir.

- Ramal bəy, yaxın vaxtlarda sərginiz təşkil olunacaq.

- Açığı dəqiq vaxtı mən də bu gün öyrənmişəm. 21 Aprel günü keçiriləcək. Bu, Bakı şəhərində keçiriləcək ikinci sərgimdir. Birincisi 2012-ci ildə olmuşdu, artıq beş il keçib. Bu beş il müddətində xeyli işlər yaranıb, yaradıcılığımda yeni dönəm ortaya çıxıb. Mən də bunu ictimaiyyət ilə bölüşmək istədim.

- Hesabat deyək o zaman.

- Əlbəttə. Rəssam da özünə və ictimaiyyətə hesabat vermək istəyir. Bəziləri işlərini paylaşmaq istəmir, mən bunu düzgün hesab etmirəm. Cəmiyyətin intellekt səviyyəsinin qalxması, həm də əsərlərin müzakirə edilməsi üçün düşündüm ki, sərgim olsun.

- Ümumiyyətlə, sərgilərə olan diqqət sizi qane edir?

- Sərgiyə gələnlərdən mənim razı olmağım önəmli deyil, onlar özləri sərgidən razı qalıb-qalmadıqlarını müzakirə eləməlidirlər. Necə ki, vaxtilə Parisdə sərgilərin müzakirəsi aylarla sürürdü, istəyərdim indi də elə olsun. Niyə çox uzağa gedək, sovet dövründə belə bu müzakirələr var idi, təəssüf ki, indi yoxdur. Mənə qalsa bilirəm ki, bizim cəmiyyətin intellekt səviyyəsi yüksək deyil. Əgər Qafqazda ən az kitab oxuyan xalq biziksə, daha nədən danışaq? Mən bir dəfə görməmişəm müəllimlər, ya həkimlər sərgiyə gəlsin. Laqeyddirlər. Bəlkə də bu rifah halı ilə əlaqədardır. Rifah halı aşağı olanda sənət yada düşmür. Meşədə aylarla ac qalan adam çörək tapanda əlini yumağa qaçmır, çörəyə cumur.

- Rəssam həyatı yaşamaq çətindir?

- Əlbəttə. Hər adamın işi deyil. İdmançı, müğənni olmaq asandır, amma hər adam rəssam olmağa cəsarət etməz. Bəlkə yadınızdadır, qabaq bir uşaq evdə deyəndə rəssam olmaq istəyirəm, az qala valideynləri üzünə tüpürürdülər. Elə bilirdilər, rəssamların hamısı yoxsuldur. Halbuki Salvador Dali, Pablo Pikasso milyonçu olub.

- Modilyani isə aclıq içində idi.

- Aclıq içində olmaya da bilərdi. Çünki Pikassonun ən çox narahat olduğu rəssam Modilyani idi. Sadəcə Modilyaninin seçdiyi yol bu idi. O, heç bir varlı insanın qabağında əyilib-büzülmürdü.

- Rəssamların hansı məhrumiyyətləri var?

- Azərbaycanı nəzərdə tutursunuz?

- Bəli.

- Bunu bir sözlə ifadə eləmək çətindir.

- Bir neçə sözlə ifadə edin.

- Bizim cəmiyyətin intellekt səviyyəsi aşağıdır. Hansısa bir taksidə, avtobusda heç səviyyəli musiqi dinləmisinizmi? Yox. Niyə yoxdur? Bunun üçün də varlı olmaq lazımdır? Axı sənin qarşında hansı əngəl var ki, səviyyəli musiqi yerinə mənəviyyat çirkləndirən musiqiyə qulaq asırsan?

- Bəzən, həyat tərzi də zövqü formalaşdırır.

- İntellekti artırmaq həmişə pula bağlı deyil. Sadəcə biz tənbəlik. Düşünün ki, öz qulaq zövqünü formalaşdıra bilməyən kütlədə rəssam məhrumiyyət yaşamalıdır, ya yox? Düzdür, mənim tanıdığım, səviyyəli, intellektli adamlar da var, təəssüf ki, çox azdırlar.

- Sizə gənc rəssam demək olarmı?

- Olar.

- Bir gənc rəssam kimi sənətinizin layiqli qiymətini almısınızmı?

- Əlbəttə, almışam. Bizim ölkədə ağıllı insanlar da var. Başa düşürlər ki, mən və mənim kimi adamlar gedib başqa işlə də məşğul ola bilərdi. Animasiya işləri ilə məşğul olmaq olar, ən azı başqa ölkəyə getmək olar, amma bu ölkədə qalıb andeqraund rəssamlıqla məşğul olursansa, səni qiymətləndirməlidirlər. Nə yaxşı ki, ağıllı insanlar bunu görür, sənətə qiymət verirlər. Bu da stimul yaradır. Mənim bir dostum var, vəzifəli adamdır, həmişə qayğısını hiss edirəm.

- İmkanı var, yəqin ona sizin əsərləri almaq çətin deyil.

- Məsələ imkanda deyil. Onun intellekti, əsərlərimə verdiyi dərin analizlər məni heyrətləndirir.

- Rəssamlığa həmişə imkanlı adamlar qiymət verir.

- Bizim bir rəssam müsahibəsində demişdi ki, rəssamlıq kasıb adamlar üçün deyil. Mən bu cür düşünmürəm. Rəssamlıq kasıb insanlar üçün də ola bilər. Mən yalandan deyə bilmərəm. Bəlkə elə kasıb insan çıxar qabağıma, rəssamlıq haqqında elə danışar, heyran qalaram. Amma ümumi mənada götürəndə yenə də rifah məsələsinə qayıdırıq. Kasıb insan incəsənət yerinə qarnını müzakirə edəcək.

- Deyirsiniz, incəsənət tox adamların işidir?

- Qəribədir ki, bizdə o qədər tox adamlar var ki, görsəniz şoka düşərsiniz. Altlarında lüks maşınlar, villaları, şəhərin mərkəzində evləri və ancaq kabab yeməyi düşünürlər. Siz onlardan soruşun, həyatları boyu heç olmasa bir dənə əsər alıblarmı? Təsəvvür edin, zəngindi, öz portretini evdən asır. Zövqsüzlüyə baxın siz! Yaxşı ki, YARAT gələndən sonra bəzi məsələlər oturuşmağa başladı.

- YARAT-da rəssamlar üçün necə şərait yaradılıb?

- YARAT rəssamlara dünya standartlarında olduğu kimi yanaşır.

- Adətən sərgilərin məqsədi nə olur, əsər satmaq?

- Əsas bu deyil.

- Çünki sərgi salonunun icarə haqqı var, rəssamın zəhməti var.

- Mən əsəri çəkməyə başlayanda onu satmaq barədə düşünmürəm. Bunu düşünsəm əsəri çəkə bilmərəm. Amma kommersiya tərəfini də düşünməyə məcburam. Bizim insanlar ənənəvi mövzuları sevirlər. Buna görə də indi əksər rəssamlar xalça rəsmləri çəkir. Mən də xalça şəkilləri çəkməyə məcburam. Və ya emalatxanamda gördüyünüz gül rəsmləri. Bunlara tələbat olduğu üçün bəzən çəkirik. Bununla yanaşı mən öz zövqümü oxşayan əsərlər də çəkirəm. Rəssamın da ailəsi, dolanışığı olmalıdır. Buna görə də arada kütlənin istəyinə cavab verən əsərlər çəkməyə məcburuq. Yenə də deyirəm, mən şəxsən Azərbaycanda YARAT-dan başqa, istər Rəssamlar İttifaqı olsun, istər dövlət qurumları olsun, hər hansı bir maddi dəstək görməmişəm. Tək mən yox, bunu xeyli rəssam deyə bilər.

- YARAT deyəsən sizin üçün xaricdə studiya da açmışdı?

- Yox, məni bir neçə aylığa rezdensiyaya göndərmişdilər.

- Bunlar hamısı YARAT-ın hesabına olub?

- Bəli. Belçikada magistraturaya qəbul olmuşam. Sentyabrda oxumağa gedəcəm. Burda da YARAT-ın rolu danılmazdır, çünki onlarla əməkdaşlıq etdiyim bu beş il müddətində portfilomun dolmasında onların rolu olub.

- Rəssamları YARAT özü seçirdi?

- Bəli. Aida Mahmudova Azərbaycanda olanda özü bir-bir emalatxanaları gəzib rəssamların işləri ilə tanış olur, sonra dəvət edirdi. YARAT çalışdı ki, Azərbaycanda art bazarı formalaşdırsın. Təəssüf ki, Azərbaycanda art bazarı tam formalaşdırmaq mümkün deyil.

- Varlı, imkanlı adamlarımız əsər almaq istəmir.

- Əvvəl alırdılar, çoxu da YARAT-a görə. Amma sırf sənətimi anlayaraq alanlar azdır. İndi həmən bazar yoxdur. Özü də tək bizdə yox, bəzi Avropa ölkələrində də belədir. Satış istədiyin səviyyədə deyil. Bu dəqiqə rəssamlar üçün cənnət olan ölkələr var. Bunlar Amerikadı, İngiltərədi...

- Fransadı...

- Yox, Fransa deyil. Fransızlar çox konservativdirlər. Mən orda bir-iki dəfə işlərimi təqdim edib görmüşəm. Onlar deyirlər ki, bizim Luvr var, bizim Muz de Orse var... Bu dəqiqə sənətə qiymət verən ölkələrdən biri də Almaniyadır.

- Bəs İtaliya?

- Şarlatan rəssamların çoxu İtaliyadadır. Adi Venesiya biennalesini götürək, italyanlar onu da bazara çeviriblər. Amma Almaniyada beş ildən bir Dokumente adlı art festival var, ora hələ Azərbaycandan heç kəs gedə bilməyib. Heç Qafqazdan da gedə bilməyiblər, region ölkələrindən bircə Rusiya və Türkiyədən bir-iki rəssam gedib. Çox güclü festivaldır.

- Sizin əsərlərinizin orta qiyməti neçədir?

- Bir gənc rəssam kimi Azərbaycanda mənim satdığım ən bahalı əsər beş min manat olub. Mən sırf sənət işlərimi deyirəm, kommersiya işlərimi demirəm. Sırf sənət işlərim gec-gec, il ərzində bəlkə iki-üç dənə satılır.

- Niyə elə az?

- Yenə deyirəm, mənim əsərlərim evdən asmaq üçün deyil.

- Çox radikal yanaşırsınız. Ev üçün satılan əsərlər də var.

- Mən çox üzr istəyirəm, biri var sənət, biri də var şəkil. Hər şəkil hələ sənət əsəri deyil. Mən həyatın xoş tərəflərini təsvir etmirəm, mənim əsərlərimdə ağrı var, tragediya var. Mən ekspressiv rəssamam. Bizim adamlar şəlalənin qabağında otlayan ceyran şəkilləri alırlar. İntellektli insan belə şəkil alarmı? Mən bir insanla yarım dəqiqə söhbət edən kimi onun incəsənət savadını bilirəm. Əgər qarşımdakı rəssamlıqdan heç nə anlamırsa mənə necə göstəriş verə bilər?

- Gəlin, rəsmlərinizdəki insan fiqurlarından da danışaq. Onlara deformasiya olunmuş insan fiqurları desəm olarmı?

- Yaxşı olar elə desəniz. Mən adətən Azərbaycanda jurnalistlərdən belə münasibət gözləmirəm, çünki çoxu incəsənəti bilmir. Çox adam mənim insan fiqurlarımı göstərərkən “eybəcər” sözündən istifadə edir.

- Hər halda deformasiya olunmuş fiqurlardır.

- Realizm üstünə deformasiya olunmuş fiqurlardır. Mənim fiqurlarım bizim alışdığımız proporsiyalardan kənardır.

- İcazə verirsiniz sizin insan fiqurlarınıza monstr deyim? Bunu aşağılamaq kimi qəbul etməyin.

- Qətiyyən. Nə istəyirsiniz deyə bilərsiniz.

- Mənə maraqlıdır, bu obrazların yaranma səbəbi nədir?

- Azərbaycanda rəsm əsərini müzakirə edəcək jurnalist yoxdur. Niyə görə yoxdur? Çünki bizdə art menecerlik fakültələri mövcud deyil, ona görə də bizim jurnalistlər incəsənəti bilmirlər.

- Olsun, mən adi jurnalistəm. Sualım xətrinizə dəydi?

- Yox. Yəni, demək istəyirəm ki, siz incəsənət araşdıran insan deyilsiniz axı.

- Mən adi tamaşaçıyam. Mənim rəsm haqqında qənaətim özümə qalsın, amma həqiqətən sizin bir çox əsərlərinizdə deformasiya olunmuş insan fiqurları var.

- Əsərlərimə baxan kimi hiss edə bilərsinizmi mən hansı rəssamlardan təsirlənmişəm? Kimdən daha çox ilhamlanıram?

- Bir sıra əsərlərinizdə birinci Edvard Munkun “Çığırtı”sının aurası və dəhşət qarşısındakı təlaşı duyulur. İkinci Frensis Bekonun eynən deformasiya olunmuş, şiddət, zorakılıq təlqin edən əsərlərinin təsiri var. Üçüncü isə cüzi qədər də Lüsyen Freydin fiqurlarının qabalığı var. Sizin tablolarınız xüsusən Bekonun tabloları kimi neqativ təəssürat yardır, xoş ovqat bağışlamır. İndi bir məsələ də var ki, bütün əsərlər xoş ovqat bağışlaya bilməz. İncəsənət əsəri qıcıq da oyada bilər.

- Bəli, bəli çox doğru dediniz. Bu da incəsənətdir.

- İndi mənə deyin görüm, sizin bu deformasiyaya uğramış obrazlarınız uşaqlıq travmalarınızın nəticəsidir, kommersiya marağından doğur, yoxsa səbəbi özünüz də bilmirsiniz?

- Bu sualı mən də özümə verirəm. Doğrusu niyə belə fiqurlar çəkməyimin səbəbini bilmirəm. Sənətimi sevən bir dostum əsərlərim haqqında belə demişdi: “Sən insanların daxilini göstərmək üçün onları sıxırsan.” Necə ki, nar sıxılanda onun şirəsindən geriyə qalan əzilmiş qabığı olur, sənin də insanlarından geriyə qalan bu dəhşət doğuran tablolardır. Çox yaxşı tapıntıdır.

- Belə çıxır siz insanları öz tablolarınızdakı fiqurlar kimi görürsünüz?

- Bu rəsmlərdə etiraz var. Mən, ümumiyyətlə haqsızlıq görəndə susa bilmirəm. Mənim tablolarımda da haqsızlığa etiraz, qışqırıq var. Sadəcə, Azərbaycanda mənim əsərlərimi anlayacaq kütlə formalaşmayıb. Mən də o kütlənin formalaşacağını gözləyə bilmərəm. Mən sıradan insanlar üçün çəkmirəm, tablolarımı alan insan onsuz da alacaq. O vaxt Mircavadı da qəbul etmirdilər. Yaxşı ki, Çingiz Aytmatov Mircavadın əsərlərini görüb bəyəndi, ondan sonra tanındı.

- Siz hansı məşhurun əsərlərinizi bəyənməyini istəyirsiniz?

- Joze Saramaqo olar bilərdi, heyf həyatda yoxdur. Eləcə də Ernest Hemenquey.

- Mütaliə ilə aranız necədir?

- İmkan düşdükcə oxuyuram. Son oxuduğum əsər “Əlvida, silah”dır. Hemenquey müharibə dəhşətlərini mükəmməl verib.

- Sizin də müharibəyə həsr olunmuş işləriniz var. Xocalı soyqırımına aid silsilə tablolar çəkmisiniz.

- Hərbi xidmətdən gələndən sonra bir müddət içimdə bu ağrıları daşıdım. Axırda qərara aldım ki, bu ağrıları, müharibə dəhşətlərini kətanda əks etdirim. Xocalıya həsr olunmuş bu tabloları balaca bir emalatxanada, şəraitsizlikdə işləmişdim. Sanki nəyin bahasına olursa-olsun bu dəhşətləri göstərmək istəyirdim.

- “Zori Balayan” tablosunu da o dönəmdə işlədiniz?

- Bəli. Bu tablo da sırf hirsdən, qəzəbdən doğulub. Onun bir çıxışını oxumuşdum. Deyirdi ki, Xocalıda körpələri öldürdükcə ruhum təzələnirdi və sonra da kilsəyə gedib dua elədim. Mən də bunları o tabloda göstərmək istədim. Görürsünüz, qanın içindən boylanan Zori Balayan xoşbəxtcəsinə gülümsəyir, qucağında da körpə cəsədi.

- Xocalı soyqırımına aid olan tablolarınızı almaq istəyənlər olub?

- Müxtəlif qurumlardan təkliflər gəlib, amma sonradan almayıblar. Mən də onları emalatxanamda saxlayıram. Bu tablolar məndən sonra da bu millətə, bu xalqa qalacaq. İnanın bu gün bir alman, ya fransız gəlib Xocalıya həsr olunmuş tablolarımı almaq istəsə tərəddüd edərəm, satmaram, fikirləşərəm ki, gələcəkdə xalqım məni qınayar. Çünki bu tablolar mənim ölkəmin mənəvi sərvətidir.

- Xocalıya həsr olunmuş tablolarınız da sərgidə nümayiş olunacaq?

- Bəli. İlk dəfə olaraq orda sərgilənəcək.

- Sizə sərgidə uğurlar arzulayıram.

- Təşəkkür edirəm.

# 2633 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #