Kulis.az "Oxucu" layihəsindən 2014-cü il ərzində yüzdən artıq kitab oxumuş Emin Səfərovla söhbəti təqdim edir.
- Özünüzü təqdim edin. Nə işlə məşğulsunuz?
- Səfərov Emin. Bakıda doğulmuşam, hal-hazırda da Bakıda yaşayıram... Orta təhsilimi 198 saylı orta məktəbdə almışam. Daha sonra isə Bakı Sənaye Pedaqoji texnikumunun informatika fakültəsini bitirmişəm, AzerEnerji ASC-nin Hərbiləşdirilmiş Mühafizə dəstəsində mühafizəçi işləyirəm.
- Bir il ərzində 100-dən artıq kitab oxumusuz? Belə yüksək göstəriciyə necə nail olmusunuz?
- Doğrusu, ilin əvvəlində, hətta ilin ikinci rübündə də çox kitab oxuyacağam deyə bir iddiam olmayıb. Kitaba olan sevgimi uşaq yaşlarından anam aşılayıb mənə, daim kiçik nağıllar, hekayələr alaraq mütaliəyə həvəsləndirib məni. Yeniyetməlik dövrümə çatdıqda isə bir neçə il qiraətdən uzaq düşdüm. Bu ilin əvvəlində dostumun təkidi ilə Facebook sosial şəbəkəsində ən böyük kitab qruplarından biri olan kitabsevərlər qrupuna üzv oldum. Ordakı kitabsevərlərin oxuduğu kitablar haqqında yazdıqları yazıları, bölüşdükləri fikirləri görərkən yenidən mütaliəyə həvəsim oyandı. Beləliklə, uzun illərdir yarıda qoyduğum mütaliəyə daha ciddi sarıldım. Fikrimi daha dəqiq ifadə etsəm, deyə bilərəm ki, bu yolda o qrup və ordakı insanlar mənə çox böyük stimul verdilər...
- Gün ərzində mütaliəyə neçə saat sərf edirsiniz? Və neçə səhifə oxuya bilirsiniz?
- İş rejimim elədir ki, bir gün işdə oluram üç gün isə evdə, həmçinin işdə olarkən gecələri mütaliə üçün imkan çox olur, demək olar, bu saatların hamısını oxumaqla keçirirəm. Evdə olarkən isə gündəlik 3-4 saatımı buna həsr edirəm. Əgər qaba bir hesablama aparsam işdə olduğum günlər 30-350, bəzən 400, evdə olduğum müddətlər isə 80-90, bəzi zamanlarda 100 səhifə oxuya bilirəm.
Təbii ki, rəqəmlər təxminidir və buna hər bir kitaba aid etmək doğru olmazdı. Çünki dünya ədəbiyyatından məsələn, “Səfillər”, “Cinayət və Cəza”, həmçinin, “Anna Karenina”nın adını çəkə bilərəm ki, bunlardan gündə 300 səhifə oxumaq mümkün deyil, onları aramla oxuyaraq günlər sərf etmişəm. Amma, elə kitablar var ki, məsələn istər fantastik janrda, istər romantik janrda olsun, həmçinin avtobioqrafik əsərləri oxumaq çox rahatdır və günə asanlıqla 300 səhifə oxunur.
- Siyahınızda min səhifədən artıq romanlar var.
- Əgər sırf bu əsərlər haqqında fikrimi bildirəsi olsam deyə bilərəm ki, bu tip əsərləri oxumaq üçün insan özündə ehtiyac hiss etməlidir. Bir növ mənəvi aclıq duymalıdır. Məsələn, ilin ilk dövründə 30-dan çox detektiv və fantastik janrda kitablar oxudum, artıq özümdə ciddi ədəbiyyata ehtiyac hiss edirdim.
Dostların, ətrafımda olan kitabsevərlərin məsləhəti ilə bəzi ciddi yazarlara giriş etdim.
Amma, bir zəruri qeydi də mütləq etməliyəm ki, bu cür əsərlərə başlamaq üçün sistemli şəkildə hərəkət etmək lazımdır. Öncə səhifə sayı daha az olan, məsələn, E.M.Remarkın "Qərb cəbhəsində yenilik yoxdur" və yaxud Ernest Heminqueyin "Ya var, ya yox" əsərləri kimi kitablarla başlamaq bu kitablara bir növ hazır olmaq lazımdır. Bu mərhələlərdən sonra artıq oxucu üçün səhifə sayının önəmi qalmır.
Kitablar mənim həyatımı, xarakterimi tamamilə yaxşılığa doğru dəyişib. Təbii dəyişiklik deyəndə heç də maddi cəhətdən dəyişikliyi nəzərdə tutmuram. Hər bir kitab oxumaq istəyən insana da deməyi özümə borc bilirəm ki, kitab oxuyaraq maddi qazanc düşünmələri yanlış olar.
- Bir çox insan kitab oxumağa vaxtı olmadığından şikayətlənir. Siz bu haqda necə düşünürsünüz?
- İlk başda qeyd etdiyim kimi, Bakıda, özü də Bakının kəndində, maddiyyata üstünlük verən, qadın haqları kimi bir məfhumu tanımayan mühitdə böyümüşəm. Təbii ki, mühit artıq yetişkənlik dövrümə çatdığımda mənə öz təsirini göstərmişdi, amma, məni mühitim deyil, kitablar tərbiyə etdi. Hər yazardan özümə bir müsbət keyfiyyət götürməyə çalışdım. Çingiz Abdullayevin əsərlərindən qadınlarla nəzakətli davranmağı, Remarkdan dostluğu, insanlığı, müharibənin pis, insan həyatlarını darmadağın edən bir şey olduğunu, Ali Çimendən "Tarihi değiştirenler" seriyasından üstünə basdığım torpaq haqqında, onun üzərində olub bitənlər barəsində həqiqətləri və daha neçə-neçə yazarlardan nələri öyrəndim.
Məncə, insan istərsə gündə 20 səhifə də olsa oxuya bilər və bunları üst-üstə toplasaq, il ərzində kifayət qədər kitab edir.
Məsələn nəqliyyatda gedərkən, işdən evə gəldikdən sonra cəmi 1 saat televiziyaya baxmaq əvəzinə kitab oxumaq bizləri cəmiyyətdən fərqləndirər.
Ən sevdiyim sözü son olaraq qeyd etmək istəyirəm ki, kitab bir xəstəlikdir və cəmiyyətimiz bu xəstəliyə mütləq tutulmalıdır...