Qəbiristanlıq mollası: “Mollaların əksəriyyəti narkotikin dadını unutmayıb”

Qəbiristanlıq mollası: “Mollaların əksəriyyəti narkotikin dadını unutmayıb”
18 yanvar 2013
# 14:38

“İlahi, bu nə sirdir? Görəsən düz, vicdanlı adamlar niyə birləşə bilmir? Ayrı-ayrılıqda məhv olub gedirlər? Onlar nə üçün birləşib şərə qarşı yumruq kimi olmağı bacarmırlar? Halallar, əqidəlilər səs-səmirsiz əriyib yox olurlar…”

Yuxarıdakı sətirlər Molla Kamala məxsusdur. Molla Kamal qəbiristanlıq mollasıdır. “Yasamal Dağüstü -1” qəbiristanlığı özünün dediyi kimi, onun iş yeridir. Deyir ki, hərdən məni narahat edən məsələləri yazıram. “Hardasa çap etdirmək, tanınmaq arzum yoxdur. Sadəcə istəyirəm ki, fəlsəfi fikirlərim itib-batmasın”.

Mollalar arasında ədavət və mübarizə

Bir gün əvvəl yağan qar yavaş-yavaş əriyir...Qəbiristanlıq yolu palçıqlı və narahatdır...

Yolun kənarında, hər yüz metrdən bir mollalar düzülüb. Görkəmimdən ağılları bir şey kəsməsə də, mənə potensial müştəri kimi baxırlar. Mollaların əksəriyyətinin şəxsi avtomobili var. Avtomobildə oturub qızınır, növbə gözləyirlər. İlk həmsöhbət olduğum Məşədi Əsban kişi 75 yaşındadır. Uzun-uzadı islamdan, xristianlıqdan, zərdüştlükdən danışır. Amma şəklini çəkməyə icazə vermir. Ağ saqqal, buxara papaq, eynək Məşədiyə xüsusi xarizmatik görünüş verir. Söhbət etdiyimizi görən “müştərilər”-dünyasını dəyişmiş yaxınları üçün “Yasin” oxutdurmağa gələnləri, qəbiristanlıq mollaları “müştəri” adlandırır-yanımızdan keçdikcə Məşədi narahatçılıq keçirir. Çünki ondan uzaqlaşıb, digər mollalara yaxınlaşırlar. Qəbiristanlıqda mollalar arasında gizli ədavət və ciddi mübarizə gedir. Bunu başa düşmək, anlamaq üçün bir saat müşahidə aparmaq yetərlidir.

Mollaların “ərazi” üstündə mübarizəsi

Məşədi ilə sağollaşıb bir az da irəli gedirəm. Uzaqdan görürəm ki, iki yaşlı molla bərk mübahisə edir. Addımlarımı yavaşıdıb, mübahisənin kəsilməsini gözləyirəm. Mübahisə edənlərdən biri səbirlə həmsöhbətinə nə isə izah edir. Ancaq qarşısındakı uzun qara paltolu molla qanıb-qandırmır. Səsini ucaldıb qarşısındakına əmr verir: “Uzun danışma, mənim “territoriya”mdan uzaqlaş. Yoxsa sənin üçün yaxşı olmayacaq.” Digər molla da onunla söz güləşdirmədən təxminən əlli adım, uzun, qara paltolu molladan uzaqlaşır.

Məğlub tərəfin üzündə o qədər sakit ifadə vardı ki, ona yaxınlaşmaq barədə bir dəqiqə də tərəddüd etmədim. Salamlaşıb özümü təqdim elədim. Tanış olduq. Məlum oldu ki, digər mollanın “territoriya”sına girmiş mollanın adı Kamaldır. Molla Kamal deyir ki, hər gün burda olmur. Sadəcə zəng edib çağıranda bura gəlir. Gələndə də hər dəfə burdakı mollalarla mübahisəsi düşür:

“45 il müəllimlik etmişəm. İndiki Neft Akademiyasının müəllimi olmuşam. Düz 35 ildir ki, namaz qılıb, oruc tutub, “Quran” oxuyuram. Burdakı mollalarla heç vaxt yola getməmişəm. Çünki çoxu bisavad, dindən xəbərsiz avaralardır. Tez-tez mübahisəm düşür bunlarla. Ancaq nə edə bilərəm? Bunlar çoxdur və bir-birinin tərəfini saxlayırlar. Mənim burda dayanmağıma qətiyyən imkan vermirlər”.

Qəbiristanlıq monopoliyası

Molla Kamal deyir ki, burda mollalıq edənlərin çoxu Yasamalın “Dağlı” məhəlləsindən və cənub rayonlarından gələnlərdir: “Əksəriyyəti millyyətcə talışdır. Heç birinin də dini təhsili, dini savadı yoxdur. Qəbiristanlığın yeni ayrılan hissəsində 7-8 nəfər cavan uşaq var. Hamısı talışdır və əsgərlikdən yayınmaq üçün bura yığışıblar. “Quran”ı latın əlifbasında yazılmış kitablardan əzbərləyiblər. Dəfələrlə məni hədələyiblər ki, bura gəlməyim. Ərəb əlifbasından bir hərf bilmədən mollalıq edirlər. Savadlı, dini bilən, “Yasin” surəsini düzgün oxuyan mollaları gözləri götürmür. Mən dəfələrlə demişəm ki, bu qəbiristanlıqda bir dənə də olsun müsəlman molla yoxdur. Yığılanların böyük əksəriyyəti narkotikin dadını hələ də unutmayan, gəncliyini avaraçılıqla keçirən biveclərdir. Nəşriyyat tərəfdəki girişdə bir-iki cavan, saqqallı uşaq var. Onların işi isə, “nəşə” satmaqdır. Axşam düşəndən sonra onların bazarı qızışır. Mən hələ də başa düşə bilmirəm ki, hava qaralandan sonra bu gədələr qəbiristanlıqda nə ilə məşğul olur”.

Elçibəy üçün pulsuz “Yasin”...

Əvvəllər Fəxri Xiyabanda dayanarmış Molla Kamal. “Elçibəyin dəfn olunduğu ərazidə dayanırdım və demək olar ki, hər gün onun qəbri üstündə “Yasin” oxuyurdum. Artıq adət eləmişdim, deyən olsa da, olmasa da səhər gələn kimi hökmən onun qəbri üstündə pulsuz “Yasin” oxuyurdum. Gəlib gedən çox olurdu və dolanışığım da pis deyildi. Heydər Əliyev dünyasını dəyişəndən sonra polislər bizi sıxışdırmağa başladılar. Əvvəlcə Heydər Əliyev dəfn olunan tərəfə getməyi qadağan elədilər, sonra isə ümumiyyətlə Fəxri Xiyabana buraxmadılar. Məcbur olub, zənglə bura gəlməyə başladım. Burda da bisavadlar imkan vermirlər. “Yasin”i yarımçıq oxuyub camaatı yola verirlər. “Yasin” surəsi 83 ayədir, bunlar heç 23 ayə də oxumurlar. Dinləsən görərsən ki, oxuduqları “Yasin” deyil”.

Mütaliəli, gündəmi izləyən molla...

Deyir ki, heç yanda dini təhsil almamışam. Sovet dövründə əlinə düşən dini kitablardan ibadətləri öyrənib, sonra isə ərəb əlifbasını və “Quran” oxumağı mənimsəyib: “Mən Azərbaycanın ən tanınmış universitetlərinin birində 45 il müəllimlik etmişəm. Ali təhsilim, ciddi mütaliəm var. Ədəbiyyatdan, şeirdən, fəlsəfədən xəbərdaram. Şeirlər yazıram. Hər gün dünyada baş verən yenilikləri izləyirəm. Mollalıq etmək mənim son borcumdur. Heç vaxt bura çoxlu pul qazanmaq niyyəti ilə gəlməmişəm. Digər mollalar təkcə “Yasin” oxumur. Qəbir daşını təmizləyir, ölü sahiblərindən artıq pul qoparmaq üçün dəridən qabıqdan çıxırlar. Mən isə aza qane olmağa öyrənmişəm... ”

Şair mollanın narazılığı

Söhbətdən məlum olur ki, Molla Kamal burdakı mollalardan çox narazıdır. Narazılığını da çəkinmədən, hamının üzünə deyir. Ona görə də heç kəs onu öz “territoriya”sına buraxmır. Bəli, qəbiristanlıq çoxdan mollalar arasında bölüşdürülüb. Burda hərənin öz ərazisi, öz qəbirləri və ölü sahibləri var. Mollaların çoxu “Yasin” oxumaqla bərabər qəbirlərin təmizliyi ilə də məşğul olur.

Yazıda qeyd etdiyim kimi, Molla Kamal hərdən şeirlər də yazır. Çox israr etdikdən sonra 2001-ci ildə qələmə aldığı bir şeiri saytımıza təqdim edir. Şeirin yazıldığı dəftər vərəqi o qədər saralıb ki, yazılar güclə oxunur.

***

Aman Allah nə bəladı, nə işdi

Birdən birə dünya yaman dəyişdi,

Haqsızlara meydan oldu bu dünya,

İblis oldu, şeytan oldu bu dünya.

Genişləndi qan içənlər meydanı,

Canlı insan məhv eləyir insanı.

Haqsız artıq haqqa məhəl qoymayır,

Acgözlərin ac gözləri doymayır.

Azğınlaşır haqqa yaman xor baxır.

Gözlü ikən bu həyata kor baxır.

Ulu tanrı belələrin kor eylə,

Kəs kökünü, sil dünyadan yox eylə.

Düz bəndələr bir də əzab çəkməsin,

Yaxşı, yaman...Haqqını ver hər kəsin.

Ya insanı yaxşı günə çıxar sən

Ya dünyanı dəyiş tamam kökündən.

# 4296 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #