Ağasəlim Çıldağın çayxanasındakı şair

Ağasəlim Çıldağın çayxanasındakı şair
28 noyabr 2012
# 08:15

Qəzəl və meyxana. Bakı kəndlərinin poeziyaya münasibəti bu çərçivənin hüdudlarını aşmağa heç vaxt həvəsli olmayıb. Bəlkə də bu qırılmaz tellər Bakı kəndlərinin spesifik estetikasından doğan təbii bir haldır. Onlar qəzəl heç, meyxananı da ciddi ədəbiyyat nümunəsi sayırlar. Elə bu məhdud dairədə vurnuxduqları üçün də istedadları boşuna xərclənib gedib, parlamayıb. Bir çox istedadlar beləcə sönüb gedib...

Mənim tanıdığım Hacıbaba da belə istedadlardan idi. O, yaxşı şair ola bilərdi, ola bilmədi... Orta məktəb bitirmişdi, başqa təhsili yox idi. Amma istedadlı insan idi, yaxşı təbi vardı, qəfildən elə dərin, hikmətli sözlər deyirdi ki, məəttəl qalırdın. Onun haqqında sizə geniş danışacağam.

Mən onu tez-tez Buzovna toylarında görürdüm, həmişə üst-başı kirli, üzü tüklü olardı. Cavanlığında meyxana deyərmiş. Amma mən onun hardasa meyxana deməsini görməmişəm. Bir dəfə mərhum şair Balasadığın hazırladığı “Meyxanalar” kitabında onun bir neçə meyxanasına rast gəlmişəm. Hətta zarafatla ona demişdim ki, Baba, sən də düşdün tarixə. Xımır-xımır gülmüşdü, demişdi ki, onlar nədi eee, mənim yaxşı şeirlərim var, kömək elə, onları çap etdirim də... Hər dəfə deyirdim kömək edərəm, o da hər dəfə məni görəndə utana-utana eyni xahişi edirdi.

Bakıxanov qəsəbəsində sevdiyim bir qız yaşayırdı. Tez-tez oralara yolum düşürdü və boş vaxtlarda Ağasəlim Çıldağın məşhur çayxanasında oturub çay içir, meyxanaçıları müşahidə edirdim. Hacıbaba günün çox vaxtını həmin çayxanada keçirirdi. Məşhur meyxana deyənlərin demək olar ki, hamısı onu tanıyırdı, çay onun üçün pulsuz idi. Meyxanaçılar həmişə onun cibinə pul basırdılar. O da özünü yaxınlıqdakı “zakusoçnı”ya verib “tinini düzəldirdi”.

Səhərlər həmişə onu “elektriçka”da görürdüm. Həmişə yaxınlaşıb salamlaşırdı və deyirdi: “Papirosundan birini ver, zəhərlənək”. Özüm də onunla tambura çıxıb siqaret yandırırdım. Belə günlərin birində yenə “elektriçka”da rastlaşdıq. Tambur söhbətində qəfildən qayıtdı ki, sən canın, bir şeir oxu, sən ürəyimə yaman yatırsan, yaxşı oğlana oxşuyursan. Dedim ay Baba, sən mən yazdıqlarımı bəyənməzsən. Əl çəkmədi. Axırda ona hecada yazdığım şeirlərdən birini oxudum. Gördüm ki, kişinin gözləri yaşardı, boynumu qucaqlayıb hıçqırdı.

“Alə, sən əməlli-başlı şair imişsən ki...”

Bir dəfə də gözləmədiyim sual verdi. Dedi ki, şair, məni Yazıçılar İttifaqına qəbul edərlər? Gülüb dedim neynirsən ora üzv olmağı, bundan sonra nəyinə lazımdı? Dedi baxma da, köməyi-zadı olur. Dedim ay Baba, orda heç kimə yiyə durmurlar. Yaşın 60-ı keçib, bundan sonra sənin ora üzv olmağına heç gərək yoxdu. Arada sıxıla-sıxıla deyirdi şair, bir papiros pulu ver də. O vaxtkı pulla iki-üç “məmməd” basırdım cibinə, yanlarını basa-basa uzaqlaşırdı.

Onun Qorbaçov haqqında bir meyxanası vardı, kənd uşaqlarının dilinin əzbəriydi.

Başında əqrəbdimi o qapqara?

Sən hara, Malta hara, Reyqan hara?

Primakov axırda verdi şalvara,

Sənsə qazandın ad-sanı, Qorbaçov,

Sevindirdin İrəvanı, Qorbaçov.

Şəhərə köçəndən kəndə çox az gedirəm. Darıxdığım insanlardan biri də Hacıbabadı. İndi ondan heç bir xəbərim yoxdu. Son vaxtlar xəstəydi, tez-tez ayaqlarından şikayət edirdi... O, yaxşı şair ola bilərdi, içindəki istedadı məhv etməsəydi... Hərdən düşünürdüm ki, bu adam şeiri, poeziyanı bu qədər dərindən anlayır, yaxşı təbi var, axı niyə özünü beləcə məhv edir? Bir dəfə ondan soruşdum ən çox sevdiyin şair kimdi? Dedi ki, Seyid Əzim Şirvani, bir də Vahid. Dedim ki, bəs Füzuli? Cavab verdi ki, Füzulini anlamaq üçün çox oxumaq lazımdı, mənim ona savadım çatmır. Gördüm düppədüz deyir. Arada təəssüflənirdi ki, vaxtında çox oxumadım, həyat fənaya getdi. Deyirdim, Baba, papağı günə yandırmısan!.. Deyirdi, hərdən beynimə elə maraqlı fikirlər gəlir, onları yaza bilmirəm, qalıram qırıla-qırıla...

O, öz fikirlərinin içində boğula-boğula qalırdı, istedad vardı, amma o istedadı qurutmuşdu Baba... Cavanlığında toylarda meyxana deyə-deyə bir vaxt ayılıb görüb ki, o istedad içki xumarlığında, siqaret dumanında qeyb olub, yerində dərin bir ağrı qalıb. Arada söz demək istəyəndə o ağrı göynəyir, vəssalam. Məhv olmuş istedadın faciəsi budur...

Hacıbabanın sonrakı taleyindən xəbərsizəm. Kəndə gedən dəmiryol relsləri söküləndən Hacıbaba da o relslər kimi yoxluğa çəkildi. Mən o sökülən relslərlə birgə çox dostu itirdim.

Hacıbaba yaxşı şair ola bilərdi, ola bilmədi...

Hərdən o kir-pasın içində tökülüb itən, siqaret çəkməkdən bığları saralmış köhnə kişi üçün darıxıram. Onun yoxluğu qəlpə yarası kimi yaddaşımda sızlayır... Baba, görəsən səni bir daha görmək mənə qismət olacaq?!..

# 4375 dəfə oxunub

Oxşar xəbərlər

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

14:30 25 dekabr 2025
Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

12:55 25 dekabr 2025
"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı  - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

10:00 18 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər