"Mozalan"ın vızıltısının sirri açıldı - Səs rejissoru ilə MÜSAHİBƏ

<b>"Mozalan"ın vızıltısının sirri açıldı - Səs rejissoru ilə <span style="color:red;">MÜSAHİBƏ </b>
27 dekabr 2017
# 09:00

2017-ci il Əməkdar mədəniyyət işçisi, səs rejissoru Əsəd Əsədovun 70 illik yubileyi ilə əlamətdardır. Kulis.az həyatını kinoya həsr edən sənət xadimi ilə müsahibəni təqdim edir.

- Əsəd müəllim, səs operatoru və səs rejissorunun fərqi nədir? Hansı işləri görürlər?

- Səs rejissoru indi deyirlər. Bizə həmişə səs operatoru deyiblər. Faktiki eyni işi görürük. Adını necə yazırlar-yazsınlar, biliyindən, təcrübəndən yararlanıb rejissora təkliflərini verirsən, texniki məsələləri həll edirsən.

- Tez-tez belə bir ifadə işlədirlər: səs təsviri tamamlayır. Siz necə düşünürsünüz? Səs təsviri tamamlamalıdır, yoxsa səs təsvir qədər bərabərhüquqludur filmdə?

- Filmdə əsas şey təsvirdir. Müəyyən məqamlarda siz dediyiniz ola bilər. Baxır hansı epizoda. Film var ki, ekranda heç nə yoxdur. Ümumi plandır və musiqi gedəndə o tamam başqa məna kəsb etməyə başlayır. Əsas qayda odur ki, musiqi təsviri üstələməməlidir. Bir vəhdət olmalıdır. Səs, musiqi yazılışında, montajda film yenidən yaranır sanki.

- Xeyli kinorejissorla işləmisiniz: Rasim Ocaqov, Vaqif Mustafayev, Oqtay Mirqasımov və başqaları. Azərbaycan rejissoru üçün səs nə qədər əhəmiyyətlidir?

- Rasim Ocaqovla tək “Mozalan”da işləmişəm. Onun öz komandası var idi, mənimlə işləmək istəmirdi. Deyirdi, sən tənbəlsən. Mən də tənbəl olmadığımı sübut etmək üçün çalışırdım, çünki onunla işləmək istəyirdim. Çox rejissorla işləmişəm, demək olar, indiki rejissorların hamısı ilə; Eldar Quliyev, Oqtay Mirqasımov, Hüseyn Mehdiyev, Ənvər Əbluç... Sadalamaq istəmirəm, birdən kimisə unudaram.

- Hər rejissorun üslubunu, nə istədiyini bilirsiniz. Bir rejissorun hansı səslərdən istifadə edəcəyini də. Məsələn, Əmir Kusturitsa filmləri qaz səsləri ilə assosiasiya olunur. Bizdə hansı rejissor sizdə standart bir səslə assosiasiya olunur? Məsələn Vaqif Mustafayev, ya Oqtay Mirqasımov.

- Yox, səslə assosiasiya yoxdur məndə.

- Bəs kimlə işləməkdən zövq alırsınız?

- Oqtay Mirqasımov. O, həm musiqini bilir, həm də gözəl zövqü var. Ceyhun Mirzəyev. Ceyhunla üç film işləmişik, “Bəyin oğurlanması”, “İşarəni dənizdən gözləyin”, bir də, “Fəryad”. “Fəryad” filmində səslənmə qismət olmadı, Ceyhun dünyasını dəyişdi. Bir də Vaqif Mustafayev. Onunla “Yaramaz” filmini işləmişik.

- Və bu filmə görə, Dövlət mükafatı da almısınız…

- Hə. Film mükafata təqdim olundu və Dövlət Mükafatına layiq görüldü. Quruluşçu rejissor Vaqif Mustafayevə, quruluşçu operator Aleksandr İlxovskiyə, aktyorlar Mamuka Kikaleyşviliyə və Yaşar Nuriyə, quruluşçu rəssam Nazim Hacıyevə, ikinci rejissor Nizami Musayevə və səs operatoru kimi mənə.

- Mən biləni, aldığınız mükafatı Qarabağ fonduna köçürmüsünüz, düz bilirəm?

- Elə bir zaman idi ki... İstəyirdin sən də bir zərrə də olsa nəsə edəsən. Vaqif Musatafayev, Yaşar Nuri və mən rəsmi məktub yazdıq ki, xahiş edirik bizə düşən mükafatı Qarabağ fonduna keçirsinlər.

- O filmdə baş qəhrəmanı Həsən Əbluçun səsləndirməsini siz təkid etmisiniz?

- Bilirsinizmi, mən dublyajda çox işləmişdim. Bütün aktyorların səsini bilirdim. Dublyaj böyük məktəbdir. 50-yə yaxın dublyajım olub. İndikilər məndən inciməsin, o zaman dublyaja çox fikir verirdilər. Çəkilən sovet filmləri Azərbaycan dilində getməli idi və dublyaja ciddi yanaşırdılar.

Biz bir filmi bir aya dublyaj edirdik. İndi eşitdiyimə görə bir günə edirlər.

- Əsəd müəllim, səsləndirmədə yaş məsələsi varmı?

- Əlbəttə. Amma mənə elə gəlir ki, məsələn, Rasim Balayev istənilən yaşda insanı səsləndirə bilər. “İşdə məhəbbət macərası” filmi var idi. Baş qəhrəmanı-Myaqkovu Rasim Balayev səsləndirmişdi. Əminə Yusifqızı Alisa Freyndlixi, Şahmar Ələkbərov Basilaşvilini, Amaliya Pənahova katibəni səsləndirmişdi. O dərəcədə yaxşı idi ki, elə bil o film azərbaycanca çəkilmişdi. Yainki Kral Liri Səməndər Rzayev səsləndirmişdi. Necə gözəl idi…

- Bir mütəxəssis kimi son çəkilən filmlərdə hansı ümümi problemi görürsünüz?

- Səsi tək-tək yazırlar. Dialoqdur, amma baxırsan ki, ayrı-ayrı yazıblar. Peşəkar bunu hiss edir. Bir aktyor bu gün “salam” deyir, o biri aktyor isə sabah gəlib “əleykəssalam” deyirsə, bu dialoq olmadı ki. Aktyor dialoqda tərəf müqabilinin çiynini hiss etsin gərək. Onda intonasiya da düz olacaq, canlılıq da olacaq. Amma baxıram ki, çox filmdə səs ayrı yazılıb. Yəqin, gələcəkdə buna da bir çarə tapacaqlar. Bəlkə mən geridə qalmışam, nə bilim. Bir məşhur telefilm var idi, “Baharın on yeddi anı”. Tixonovu “həyat yoldaşı” ilə görüşdürürlər orada. O kadrlarda Tixonov yoxdur onsuz da. Amma Tixonov gəlib kameranın yanında dayanırmış ki, aktrisa onu görsün, o kontakt yaransın. Səsdə də elədir. Aktyor tərəf müqabilini hiss etməlidir.

- Siz belə tələb qoyurdunuz?

- Yox. Sadəcə deyirəm, belə olarsa daha yaxşı olar.

- Əsəd müəllim, filmdə kənar səslər olur və çox zaman şablon səslərdən istifadə edirlər. Nə vaxtsa yazılıb, siz də hər dəfə istifadə edirsiniz. Bu monotonluq gətirmir ki?

- Mən çalışıram ki, olmasın. Amma məsələn, “Yeddi oğul istərəm”də bayquş səsi var. Çox gözəl səsdir. Ondan yaxşısını yaza bilməzsən. Fonotekadadır, heç mən istifadə etməmişəm.

Ya ki, “qur-qur” səslər deyirik, nə bilim, küçə səsi, restoran səsi. Bunları yaza da bilərsən, fonotekadan götürə də bilərsən. Sinxron səslər var, onları ayrıca yazmaq gərək olur. Məsələn qılınc səsi, ya qapı cırıltısı. Bu təsvirlə üst-üstə düşməlidir.

- “Mozalan”da vızıltı səsi var. Onu necə almısınız?

- “Mozalan”ın şapkasını deyirsiz yəqin. O səsləri, vızıltını Ceyhun Mirzəyev səsləndirmişdi...

Çox istedadlı adam idi. Nə desən edərdi o. “Ögey ana” filmi Azərbaycan kinosunu tamaşaçıya sevdirənlərdən biri olub.

…Dost olmuşuq onunla. Tez-tez yadıma düşür. İşə elə ciddi münasibəti var idi ki... Bir dəfə baxdım ki, saat 2-dir, hələ bu gəlməyib. Gecikən deyildi qətiyyən. Beş dəqiqə gec gəldi. Dedi Fateh Fətullayev rəhmətə gedib, orada idim, - Fateh Fətullayev “Ögey ana”da İsmayılın atasını oynayan aktyordur - dedim ki, ay Ceyhun, yaşlı adamdır da, nə fikir edirsən, ölüb, Allah rəhmət eləsin. İndi əlbəttə, onu deməzdim, özüm indi həmin yaşdayam. Onda Ceyhun dedi ki, o mənim ekran atamdır axı. Özümü atamı itirmiş kimi hiss edirəm...

- Ceyhun Mirzəyevi itirdiyiniz gün yadınızdadır?

- Hə... “Fəryad” filminin çəkilişləri də, montajı da bitmişdi. Səsi yazırdıq. Ürəyindən getdi Ceyhun. Yadımdadır, Vaqif Mustafayevlə görüşdük. Bir-birimizə baxıb ağladıq. Bilirdik kimi itirmişik…

Filmi bitirməyə kökləndik sonra. Onun qəhrəmanını Eldəniz Rəsulov səsləndirdi. Heç deyəsən Ceyhun özü-özünü səsləndirməyib filmdə. Bircə “Qaçaq Nəbi”də balaca bir epizodda özü-özünü səsləndirib.

- Əsəd müəllim, aktyorlar səsləndirməyə qısqanclıqla yanaşmırlar ki?

- Yadıma gəlmir. Belə şeylərə müdrik yanaşmaq lazımdır. Baxın, Eldəniz yazıb Ceyhunun səsini, sizsə hiss etməmisiniz.

- Hər bir aktyora səsləndirmək üçün dublyor tapa bilərsiniz?

- Bilərəm. Sadəcə indiki cavanları tanımıram. Amma yaşlıları hə.

- Məsələn, Fuad Poladov xəstələnib. Səsində problem yaranıb. Birdən məlum olsa ki, səsləndirilməmiş filmi var, sizcə kim onu səsləndirə bilər?

- Məncə indiyədək hamısını özü səsləndirib. İndən belə çəkilsə...

Bu vaxt rejissor Zamin Məmmədov müdaxilə edir:

- Ekslüzivi Elxan Cəfərova verib. Deyir, məni Elxan Cəfərov səsləndirə bilər.

- Mən bilmirdim bunu. Elxanın yaxşı səsi var. “Mən mahnı qoşuram” filmində uşaq idi, özü özünü səsləndirirdi. Elxan faktiki olaraq kinoda böyüyüb. Təsadüfi adam deyil. Rəhmətlik atası dublyaj rejissoru idi.

- Universitetdə dərs deyirsiniz…

- Səs rejissorlarına dərs deyirdim, bu il qəbul olmadı.

- Qəbul olanda kursunuzda nə qədər tələbə olur?

- 8-9 nəfər.

- Dərsi yeni texnika ilə keçirdiniz?

- Əlbəttə. Praktiki keçirdik. Bəstəkar dəvət edirdim. Bəstəkar səs rejissoru ilə necə işləməlidir, bunu öyrətmək üçün. Sonra bizdə musiqi tərtibatçısı var - İsmayıl Dadaşov. Onu dəvət edirdik.

- Əsəd müəllim, əminliklə indi səs rejissoru kadrımız var deyə bilərsinizmi?

- Əlbəttə var. Pərviz Ramizoğlu çox ümidverici gənc idi. O, kinoda olsa yaxşı olar. Mənim tələbəm olmasa da Teymur Abdullayev. Mehman var, o çox yaxşı işləyir, səs sexinin də rəisidir.

İndi səs rejissorunun işi asandır. Çünki kompüter var. Bizim vaxtımızda hamısı lentə yazılırdı. Elə hesab edin ki, əl işi idi. İndi hər şey rəqəmsaldır. Bu işi öyrənmək istəyən əvvəl-əvvəl əziyyət çəkər, sonra çox asandır.

- Bəs bu yenilənmə, səsin rəqəmsal işlənməsi hansısa məsələdə əvvəlkindən geri qalmır ki? Ola bilsin o dərinliyi ötürə bilməsin, ya o təəssüratı verə bilməsin?

- İnanmıram. İndiki gənclər mənim xoşuma gəlir, düşüncələri də, tez qavramaları da. Təki kino olsun.

- Əsəd müəllim, bu qədər işləmisiniz. Neçə nəsil dəyişib. Hansı dövr daha yaradıcı əhval ruhiyyə var idi? Müstəqillik illəri? Sovet zamanı? Son vaxtlar?

- Yaradıcı ab-hava onda olar ki, film çəkilsin. Sovet vaxtı pulu Moskva ayırırdı. Yalnız müstəqillik əldə edəndən sonra uzun müddət maliyyə yox idi, filmlər çəkilmirdi. Sponsorlar vasitəsilə filmlər olurdu düzdü. Xeyli adamda ruh düşkünlüyü oldu.

- Axı statistikaya baxanda sonrakı illərə nisbətdə 90-larda sponsorla çox filmlər çəkildi...

- Yox. Mənə elə gəlmir. Bu faktdır ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yenidən kinoya, “Azərbaycanfilm”ə diqqət oldu.

- Kino cameəsində intriqalar, qruplaşmalar olur. Münasibətləri qorumaq, həm də insani keyfiyyətlərini itirməmək. Nəyin bahasına başa gəlir?

- İnsan özü olmalıdır. Səmimi olmalıdır. Müdrik olmaq, daha uzağı düşünmək lazımdır.... Nə bilim, heç bilmirəm necə… Buna əvvəlcədən hazırlaşmaq mümkün deyil ki. Necəsənsə elə ol.

- Ailənizdən kino sahəsində işləyənlər var?

- Yox. Qızım Film Fondda işləyir. Mən özüm təsadüfən düşmüşəm kinoya. Leninqradda Kino Mühəndisləri İnstitutu var idi. Adı xoşuma gəldi, ora getdim. Bir sahəyə bağlanıb qaldım. Kinoya gəldiyim üçün heyflənmirəm. Burada ən görkəmli insanlarla ünsiyyətdə oldum. Emin Sabitoğlu, Polad Bülbüloğlu, Xəyyam Mirzəzadə. Rejissorları da bilirsiniz. Rasim Balayevlə yaxın dostam. Kinoda olmasam bu adamları haradan tanıyacaqdım? Bu adamlarla ünsiyyətdə olmaq hər adama qismət olmur.

- Əsəd müəllim, kinonun böhran keçirdiyi vaxtlarda heç başqa işlə məşğul oldunuzmu?

- Yox. Bir ara baş mühəndis oldum, amma yenə də kinostudiyada. Film-zad yox idi onda. Heç vaxt kinodan başqa bir sahəyə getməmişəm, yəni biznesim-zadım olmayıb.

- İndi səhhətinizlə əlaqədar evdəsiniz. Kinodan ötrü darıxırsınız?

- Yox. İndi nəvələrimlə olmaqdan zövq alıram. Yaşlanmaq, işdən getmək, çox təbiidir. Nə vaxtsa getməliyik ki, gənclər gəlsin. Biz gənc olanda qeybət edirdik ki, bu yaşlılar nə vaxt çıxıb gedəcək? İstəmirəm, mənim haqqımda belə desinlər. Mən bacardığımı etmişəm.

# 2919 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #