Elə bilirdim Aşıq Ədalət laldır – Vahid Qazi yazır...

Elə bilirdim Aşıq Ədalət laldır – <span style="color:red;">Vahid Qazi yazır...
12 oktyabr 2017
# 17:35

Kulis.az Vahid Qazinin “İtmiş yaddaşların kodu” essesini təqdim edir.

Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı

1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Onu da tam ayırd edə bilmirdin – gah vardı, gah yox. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu.

Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çaldığı sazın səsiydi gələn. Səsi də bilmirdin hardan gəlirdi. Ya aşıq o səsi Tanrı dərgahından çəkib gətirirdi, ya da öz ürəyinin ritmiydi, bizə saz səsində çatırdı. Bilən bir Tanrısıydı, bir də özü.

O gecəyədək Aşıq Ədaləti lal bilirdim. Televizorda çıxış edəndə bir dəfə də səsini eşitməmişdim. O biri aşıqlar kimi onu dastan danışan görməmişdim.

Bakının o dövr teatr-konsertləri adama niyə indi daha xoş gəlir? Çünki onda hər tamaşa-konsertin öz seyrçisi, dinləyicisi vardı. Salonda təsadüfi adam az-az olardı. Simfonik orkestrin konsertinə yalnız klassik musiqini bilənlər, sevənlər gedirdi. Balet həvəskarını muğam gecələrində görməzdin. Ustad xanəndələr də muğam xiridarlarının qarşısında oxuduğunu bilirdilər.

Ədalətin “qan elədiyi” həmin gecəyə şəhərin sazsevərləri axışıb gəlmişdilər. Aralarında bir təsadüfi adam vardısa, o da aşıq musiqisinə yad bizim Yaşar idi!

Qoyun, başdan danışım.

Əlyazmalar institutuna bitişik jurnalistika fakültəsi “Elm və həyat” jurnalı ilə üzbəüz olduğundan tez-tez dərsdən sonra ora dostların yanına gedirdim. Bir gün yenə getmişdim. Tələbə dostumuz, yazıçı Yaşar Əliyev də ordaydı. Rəşad Məcid dedi ki, bu axşam filarmoniyada aşıq Ədalətin konserti var, gəlin gedək.

Bakıya təzə gələn vaxtlarımıydı, hər şey mənə maraqlı gəlirdi. Əlüstü gedək, dedim. Yaşar şəhər uşağıydı. Aşıq musiqisini bəyənmirdi. Getmək istəmirdi. Dirəndik, könülsüz razılaşdı.

Yaşarın marağı başqa şeylərəydi, nə bilim, kino-filan. “Bilik” kinoteatrında Tarkovski, Fellini sayaq rejissorların “darıxdırıcı” filmlərinə baxmaqdan ötrü ölürdü.

Deyərsiniz muğamat yurdu Qarabağda böyümüsən, bəs səndə aşıq musiqisinə sevgi hardandı? Orası elədi, Qarabağda bizim xəmirimiz muğamla yoğrulub. Amma xəmir öz yerində, əsas ruhdu. Mənim ruhum saz səsiylə pərvəriş tapıb. “Ruhlar şəhəri” kitabının “Heyva qoxulu zirzəmi” bölümündə bunu yazmışam.

Uşaq vaxtı bəzən kənddə nənəmlə qalardım. Nənəmin taxtı “apışka”nın ağzındaydı. Nənəm pəncərəyə “apışka” deyirdi. “Apışka”nın dəmir məhəccərindən sallanan lobya, noxud, əvəlik, kəklikotu sayaq xeyli qışlıq ərzaq torbalarının yanında simli radio da vardı. Radio gecənin sükutuna dan yeri çırtdayanda son qoyurdu. Hər səhər radio danışmağa başlayanda ayılar, sovet himni, səhər idmanından sonra evə süzülən aşıq musiqisi altında təzədən yuxuya gedərdim.

“Ruhlar şəhəri”ndən:

“Nənəm adəti üzrə yerindən məhz radionun səsi gələn vaxt qalxırdı. Radioda var-gəl eləyən aşığın sazından qopan hava altında səhər yır-yığışı edir, mənsə nənəmdən sonra genələn çarpayıda gərnəşirdim. “Sən hələ yat! Mən gedim çaparaq su gətirim, sonra qalxarsan, çay içərik”. Sonralar, böyüdükcə çox sirli söz eşidəcəkdim, həmin gün mənasını “qaça-qaça” kimi başa düşdüyüm “çaparaq” bunların ilki oldu. Nənəmi çiynində səhəng, əlində vedrə, az qala yerlə sürünən tumanla qaçan təsəvvür edə bilmirdim.

“Qiblə” sözünü də Aşıq Hüseyn Saraclı dedi radioda:

Hər tüstü çıxana öy demək olmaz,

Düz qıvlası, gen həyəti olmasa.

Elə bu cür sehrli sözlərə, səslərə qoşulub yenidən yuxuya gedirdim”.

Mənə belə gəlir ki, saz səsi hər türkün genində yaşayır. O, bizim genetik kodumuzdu. Saz səsi bizim genetik kodumuzun açarıdı. Ölmüş hüceyrələri dirildən, itmiş yaddaşları qaytaran kod. Bəlkə də buna görədi ki, Qazaxıstanda dombranın, qırğız yurtasında komuzun səsi mənə yad gəlməmişdi, nə vaxtsa yaşadığım doğma yerə gəlmiş kimiydim, fransızların dediyi “dejavü” kimi bir şey. Hələ türklərin bağlamasını, bağlama-sazın səsini demirəm heç.

Klassik yazılı ədəbiyyatımız ərəb-fars kültürü arealında formalaşıb. Muğam kimi qədim musiqimiz də ərəb-fars kökənlidi. Bizim heç bir yad kültür qatqısı olmayan öz musiqimiz saz havaları, ədəbiyyatımız isə aşıq poeziyası daxil folklorumuzdu. Özündə musiqi, rəqs, söz və səhnə sənəti elementlərini birləşdirən aşıq yaradıcılığı bizim türkçü ruhumuzun qaynağı, daşıyıcısıdı.

***

90-cı illərin əvvəliydi, aşıq Kamandar Borçalıda oğlu Cavanşirə toy edirdi. Dostumuzun toyuna xeyli adam yığışıb getmişdik. Sazın əsrlərin keşməkeşindən salamat çıxma səbəbini səhər sübh açılanacan davam edən aşıq deyişmələrini, çalınan havaları dinlədiyim o gecə anlamışdım – saz bu xalqın danışan dilidi. Onu heç kim kəsə bilməz, o, türk etnosu yer üzündən silinib gedənəcən onunla yaşayacaq.

Aradan bir müddət keçmiş Cavanşir dedi ki, atamla vacib söhbətim var, tək getməyim, gəl mənlə gedək, səhər qayıdarıq. O vaxt Cavanşirin bir az həyat gərginliyi vardı. Xəstəliyi də bir yandan. Amma belə cavan yaşda dünyayla vidalaşacağı ağlımıza gəlməzdi.

Yola düşdük. Kəpənəkçiyə gecə yarısı çatdıq.

Səhəri gün aşıq Kamandar bizi buraxmadı, qonşu kənddə meşəbəyi oğluna sünnət edir, dedi, gəlin sizi də aparım. Mənim həvəsləndiyimi görüb Cavanşir də razılaşdı.

Meşəbəyi meşə dərinliyindəki evinin qabağında yekə bir mağar qurmuşdu. Dörd bir yandan Qarapapaq camaatı toya axışırdı. Təndirdə çörək bişirən kim, ağac budaqlarından sallanan qoyun cəmdəklərini şaqqalayan kim, uzun manqalda kabab bişirən kim, nəhəng toy samovarında su qaynadan, çay dəmləyən kim.

Qapısının ağzından baxanda o başda oxuyan aşığı görmürdün, heylə uzun bir mağar təsəvvür elə. Qonaq idik deyə bizi yuxarı başa çəkmişdilər. Mən bizim tərəkəmə mədəniyyətinə xas məişət adət-ənənələrin incəliyinə ilk kəz burda heyran qalmışdım. Toy özü işləyən mexanizm kimiydi – hər kəs işini bilirdi. Elə xoş, təbii mühit vardı ki, ayırd etməzdin məclis yiyəsi kimdi, qonaq kim.

Süfrədə yalnız adamın yeyə biləcəyi sayda, qədərdə yeyəcək vardı. İndiki Bakı toylarının tam tərsi yəni. İsti təndir çörəyi, motal pendiri, kələm şorabası, kabab, “Borjomi”, bir də meyvə arağı. Vəssalam.

Hər araq qurtaranda xidmətçi oğlan boş şüşəni götürüb gedirdi. Bir dəfə maraq məni götürdü, ərinmədim, arxasınca düşdüm. Gördüm boş butulkanı həyətdə, elə tövləyə yaxın yerdə, tutun dibində yekə bir çəlləyə saldı. “Bul, bul, bul”. Beləcə doldurub süfrəyə qaytardı. Məclisin bütün boş şüşələri bu sayaq dolub qayıdırdı.

Sonra o əli şoraba boçkasından kələm çıxaran da gördüm, şişdən iri buludlara kabab çəkən də, yeyib-içib, nəmərini yazdırıb getmişlərin süfrəsini silən də. O vaxt sanitariya, gigiyena söhbəti heç ağlımın ucundan belə keçmədi. İndi yadıma düşüb deyə yazdığıma baxmayın.

Yurd havası, elat istiqanlılığı adamları qəribə bir bağla bir-birinə bağlayır, doğmalaşdırır. Yurd insanların birgələşib konkret kültür coğrafiyasında yaratdığı etnik məkandı. Bu doğmalıqda birgəlik, birgəlikdə güc var. Duyğuların ən gözəlidi özünü elin, yurdun bu parçası duymağın. Zərrə olsan da Tamın gücünü hiss edirsən özündə.

Və bütün bu elat həyatının məhvərində saz durur. Onun səsinin izahagəlməz sehri durur.

Bilmirəm, demək istədiyimi deyə bilirəmmi!

Axşamüstü hamı əl-ayağa düşəndə bildik ki, toya Ədalət gəlir. Qonaq qismində. Amma kim idi ona qonaq təki baxan. Əl çəkmədilər, çal, dedilər. “Lal aşıq” sazı əlinə aldı. “Ruhani”dən başlayıb, “Orta Sarıtel”dən keçib, “Dilqəmi”də əl, “Qaraçı”da ayaq eylədi. Elə bildim qədim türk ellərinin min illik yolunu bir gecədə keçdim.

Bunlar sonra oldu.

***

Filarmoniyadakı o gecədə Ədalət yaddaşımda dili açılan “lal aşıq” kimi qaldı. İlk dəfəydi onu danışan, şeir deyən görürdüm. Dedikləri bir yana, sazdan elə qəribə səslər çıxarırdı ki.

Yadıma gəlir, uşaq vaxtı təsadüfən atamla Ağdamda Rəmişin məclisinə düşmüşdüm. Onda Rəmiş gitaranı ayrı cür çalırdı. Televizorda gitaranı elə çalmırdılar. Mənə elə gəlmişdi ki, Rəmiş dəlidi.

Həmin gecə Ədalət də eləcə havalı kimiydi. Televizorda sazı elə çalmırdılar. Bu, başqa cür çalmaq idi. Konsertin sonlarına yaxın salon tilsimlənmişdi. Bayaqdan “durun gedək” deyən Yaşar da susub durmuşdu. Rəşadın gözləri isə işıq saçırdı. Sonra o işıq şeirə çevrildi.

Bu payız gecəsi filarmoniya

O sazın sehrinə məəttəl qalıb.

Yanıb od çiləyir bu səssizliyə,

Hər adam yerində bir heykəl qalıb.

O sazın sehrində, möcüzəsində

Sanki əriyir daş, ovulur divar.

Ayrılıb, ayrılıb yer kürəsindən,

Ovsuna düşübdü salondakılar.

***

İndi bunları sazdan, yurddan uzaq İsveçdə oturub düşünürəm. Ömrünü Kərəm kimi yana-yana yaşamış, ölümü tənha, xəstə canıyla qarşılayan dilsiz aşıq gəlir gözümün qabağına.

Payız gecəsi yenə içimdə aləm qarışır.

“Yutub”da Ədalətin çaldığı havaları tapıb bir-bir dinləyirəm. “Çoban bayatı”ıyla yatmış duyğularım, mürgülü yaddaşım, süst düşmüş ruhum oyanır.

Yenidən doğuluram, yurdlaşıram, vətənləşirəm!

Məni təzədən dirildir – indi necə deyim ki, ölüb Ədalət!

Ölməyib axı!

Oktyabr 2017

Stumholmen, İsveç

# 2557 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #