Bu silahlı təşkilata Vaqif Səmədoğlu və Aşıq Əhliman da üzvdür - REPORTAJ

Bu silahlı təşkilata Vaqif Səmədoğlu və Aşıq Əhliman da üzvdür - REPORTAJ
19 dekabr 2014
# 16:44

Kulis.Az Ovçular və Həvəskar Balıqçılar İttifaqından reportajı təqdim edir.

Mətbuat prospektində yerləşən binanın girişində dayananda zənn elədim, zaman maşını ilə 20-25 il əvvələ getmiş, sovetlərə qayıtmışam. Bu cür binaların əsasən ölkənin ucqarında qaldığını bilirdim. Şəhərin mərkəzində “sovetlərdənqalma” bir bina görməyimə xeyli təəccübləndim. Burda hər şey sovet dövrünün memarlığını, dizaynını xatırladır. Mərtəbənin divarları yarıya qədər bambukla işlənib, nə lambrin örtüklərə rast gəlirsən, nə də müasirlik adına zövqsüz bərbəzəyə.

Bir tərəfdə maral buynuzları asılmış, divarları əhəngli təmirsiz uzun dəhliz də öz yarıqaranlığı ilə bayaqkı pitoresk mənzərənin davamıdır. Hələ saxsı və tənəkə qablarda pəncərəyə düzülmüş çiçəkləri demirəm. Bircə müxtəlif yerlərə qoyulmuş müşahidə kameraları sanki xəbərdarlıq edir: “Ey, oyan, 2014-cü ildəsən!”

Bir sözlə bura bütövlükdə sovet dövrünün inzibati binalarını xatırladır.

Elə birliyinin sədrinin söhbətində də o illərin nisgili hiss olunur: “Ovçular və Həvəskar Balıqçılar Birliyi 1960-ci ildə keçmiş Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov tərəfindən yaradılıb. Aslan Vəzirov 1988-ci ilə qədər birliyə rəhbərlik edib. 1972-74-cü illərdə tikilən bu bina birliyin əldə etdiyi gəlirlər, üzvlük haqları hesabına tikilib”.

Sədr Füzuli Əşrəfov danışdıqca qulağıma “Təbiəti sevənlər” verilişinin məşhur aparıcısı Qara müəllimin boğuq, yumşaq səsi gəlir. Ruslarda da vardı belə bir veriliş. Məsələn, birini deyim, qarlı Sibir meşəsi... Qalın kürk geyinmiş, əlində vedrə axurlara yem tökən adamlar... Hardansa bir dəstə maral peyda olur, axurlara sarı ağır-ağır yeriyir.

Əvvəllər ölkənin bir çox yerlərində birliyin təsərrüfatları, ovçuluq sahələri var imiş. Bundan başqa, birlikdə çöl süpürgəsi, qamış tədarük edilir, zəli yığılır, satılırdı. Birliyin balansında, demək olar ki, heç bir təsərrüfat sahəsi qalmayıb: “2004-cü ilə qədər biz on ildən bir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayıb ov təsərrüfatı sahələrini icarəyə götürürdük. 2004-cü ildə nazirlik bağlanmış müqaviləni birtərəfli ləğv edərək bütün təsərrüfat sahələrini birliyin əlindən aldı”.

Bu vaxta qədər birliyə dövlətdən və ya başqa qurumlardan heç bir dotasiya, yardım ayrılmayıb. Hazırda birlik yalnız üzvlük haqlarının və bir neçə yerdə olan ovçuluq mağazalarının icarə haqlarının hesabına mövcuddur. Birliyin təxminən 25-30 min üzvü var. Füzuli müəllim əvvəllər birliyə üzvlüyün məcburi olduğunu bildirir: “Hazırda üzvlük könüllüdür. Biz üzvlərimizin hüquqlarının təmin olunmasına kömək edirik. Silah-sursat əldə etməkdə müəyyən güzəştlər tətbiq olunur. Silah əldə etmək üçün hər bir vətəndaş Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməlidir. Sovet dövründə silah əldə etmək istəyən hər bir şəxs birliyin üzvü olmalı idi. Hazırda belə bir qayda yoxdur”.

Birlikdə üzvlərə silahla davranış təlimləri keçilir. Bundan başqa ov qaydaları öyrədilir, hansı quş və heyvanları ovlamaq olar, hansılar “Qırmızı kitab”a salınıb, bu barədə məlumat verilir:

“Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə 8 ildir ki, quş ovu qadağandır. Guya quş qripi ilə əlaqədardır. Yaxşı, bəs bu necə olur, qonşu dövlətlərdə quş ovu qadağan deyil, bizdə qadağandır. Ov quşlarının çoxu köçəri quşlardır. Quş qripi varsa, deməli qonşu dövlətlərdə də yayılıb, bəs onda necə olur ki, Rusiyada, başqa qonşu dövlətlərdə quş ovu açıq olur, bizdə bağlı? Dəfələrlə Ekologiya və Təbii Sərvət Nazirliyinə müraciət etmişik. Onlar da hər dəfə standart cavab verirlər: Respublikada quş qripi olması ehtimal olunduğuna görə quş ovuna qadağa qoyulub. Nazirlər Kabineti tərəfindən məsələyə gələcəkdə baxılacaq və sizə bu haqda məlumat veriləcək.

Bu məsələylə bağlı nəticə çıxarılmalıdır. Çünki ov nəticəsində həm təbiət tənzimlənir, həm də ov həvəskarları dincəlir. Bundan başqa ov lisenziyasından gələn gəlir dövlət büdcəsinə daxil olur. Bütün bunların quş qripi ilə bağlanması nə qədər düzgündür?”

Birlik sədri çaqqal, canavar kimi yırtıcı heyvanların sayının artmasını, onların heyvan sürülərinə, kəndlərə hücumlarını ovun qadağan olunması ilə bağlayır: “Qabaqlar dövlət birliyə müraciət edirdi. Bunun əsasında ovçu briqadaları təşkil olunur, canavar hücumu olan ərazilərə göndərilirdi. Ən yaxşı ovçulara dövlət mükafat verirdi. İndi hansı ovçu birinə 50 qəpik verdiyi patronu aparıb çaqqala, canavara xərcləyər?

Hazırda ölkə ərazisində yalnız dovşan, təkə və qaban ovuna icazə var. Bunları ovlamaq üçün nə vaxt nazirliyə lisenziya barədə müraciət edirsən, onda da “lisenziya qurtarıb” kimi müxtəlif bəhanələr gətirirlər”.

Dovşan, təkə, qaban ovları isə çox çətin olduğu və xüsusi hazırlıq tələb etdiyi, kollektiv şəkildə həyata keçdiyi üçün ovçuların çox azı buna maraq göstərir. Onların əsas marağı quş ovudur. Birliyin Dəvəçi limanında vaxtilə ov təsərrüfatları var imiş. Hava şəraiti sərt keçən zamanlarda köçəri quşlara yem də verilirmiş: “Nazirlik bizimlə müqaviləni dayandırandan sonra Dəvəçi limanında guya ov qadağandır. Amma biz bilirik ki, orada müxtəlif yollarla ovçuluq edənlər var. Qanunla ovçuluq qadağandır, amma ovçular əyri yollarla, hansısa üsullarla ora keçib quş ovlayırlar”.

Vaqif Səmədoğlu, Teymur Mustafayev, Aşıq Əhliman, Zaur Rzayev və başqa bir çox tanınmış simalar da birliyin üzvüdür.

Birliyin sədr müavini Tahir Rəsulovun peşəsi taksidermist (taksidermiya - heyvan dərisindən müqəvva düzəldilməsi üsuludur - M.A.) olsa da, artıq neçə ildir, bu peşəylə məşğul olmur:

“Əvvəllər birliyin muzeyi var idi. O vaxt Təbiəti Mühafizə İdarəsindən lisenziya alıb lazımı heyvanı gedib ovlayırdım. Sonra o heyvanın dərisindən xüsusi texnika ilə müqəvva hazırlayırdım. İndi nə bizə, nə də Azərbaycanda o peşəyə ehtiyac var. Müqəvvalar xüsusi şəraitdə saxlanılmalı, vaxtı-vaxtında dərmanları vurulmalıdır. İmkansızlıqdan muzeyə baxa bilmədik, eksponatlar məhv oldu”.

Tahir müəllim ancaq muzey üçün müqəvva düzəldirmiş. Heç vaxt şəxsi sifarişləri yerinə yetirməyib. Dəhlizdə maral buynuzlarından olan bəzəkləri də sədr müavini düzəldib: “Maral buynuzlarını 30 il bundan qabaq düzəltmişəm. Bunlar nədir ki, buynuzları gətirirdilər, taxtanın üstünə yapışdırırdım, vəssalam! Mən ayı, canavar, keçi və başqa heyvan və quşların da müqəvvalarını düzəltmişəm”.

Birliyin həyətindəki tüfəng emalatxanasına baş çəkirəm. Müxtəlif cür tüfənglərin düzüldüyü emalatxanadakı adam deyir ki, usta yerində yoxdur deyə çəkməyə icazə verə bilməz. Adı Germandı. Cavanlıqdan ovçuluqla məşğul olur: “Bura ölkədə yeganə tüfəng təmir olunan emalatxanadır. Özüm isə xarratam. Arada bura gəlib qundağı xarab olmuş tüfəngləri təmir edirəm”.

İndi bir ov bıçağını qabağına qoyub sökür. German dayı da ovun qadağan olunmasından şikayət edir: “Qabaqlar qaban ovuna gedirdik. Qaban çox təhlükəli heyvandır, bicdir. Gərək gəzib pusasan. Qaban ovuna tək getmək qorxuludur. Qabanı ürəyindən, gözündən nişan almalısan. Yaşlı qabanların alnına güllə girmir. Buna görə də yaralı qaban ovçuya hücum çəkə bilər”.

German dayı peşəkar ovçu kimi “o əski günlər”dən əsər qalmadığını deyir: “Əvvəllər qabanların yemlənmə sahələri vardı, süni şəkildə yemlənirdilər. İndikilər qamışdan başqa nə yeyir ki... Ona görə də ətləri dadlı olmur”.

Hətta Rusiyada sığır ovuna belə getdiyini deyən German dayının canavar ovlamaqdan xoşu gəlmir: “Canavar, ilan kimi heyvanları görəndə birtəhər oluram. Sovet dövründə bir canavar ovlayana çobanlar iki-üç qoç verirdi. Eh, day belə şeylər yoxdu, getdi o günlər...”

German dayıya bəzən falçılar, baxıcılar tərəfindən canavar pəncəsi və ya başqa əzaları sifariş verilsə də heç vaxt boyun olmayıb: “Belə şeyləri xoşlamıram. Bunlar qara magiyadır, şeytan əməlidir. Amma tələbat varsa deməli təklif də var. Əgər falçılar canavarın dişindən, yağından, pəncəsindən istifadə edirlərsə deməli bunları ovlayanlar da var. Belə şeyləri brokonyerlər edir. Brokonyerin ürəyi olmur. Biz isə ovçuyuq. Hər bir ovçu bilir ki, ov mövsümü avqustda başlayıb martda heyvanlar balalamağa başlayanda bitir. Brokonyer üçün isə mövsüm anlamı yoxdur. Nə zaman istəsə, harda istəsə silahı götürüb ov edir”.

Hiss edirəm ki, müsahiblərimin heç biri ürəklə danışmır. Sadəcə bir səbəbə görə: ölkədə ov qadağanmış! Bəs onda həvəslə işləyən bu ovçu mağazaları, bazarlarda gördüyümüz ov quşları nədir? Bunlar hardan ortaya çıxır? Eh, deyib əlimi sallayıram və redaksiyanın yolunu tuturam.

Qulağıma hardansa Qara müəllimin səsi gəlir: “Düzələr, bala, düzələr...”

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #