Vudi Allen: “Kitabı həzz almaq üçün yox, işimə lazım olanda oxuyuram”

Vudi Allen: “Kitabı həzz almaq üçün yox, işimə lazım olanda oxuyuram”
4 avqust 2016
# 14:10

“Mənə tez tez deyirlər ki, sabun köpüyünün içində yaşayıram, onlar yəqin haqlıdırlar” deyə Vudi Allen şəxsi kinozalının kreslosuna söykənərək deyir. Vərdiş adamıdır, bu yarıqaranlıq mini kinoteatrda 35 ildir ki, filmlərə baxır.

“Səhər dururam, uşaqları məktəbə aparıram, işlərimlə məşğul oluram, nahar edirəm, klarnetdə çalıram, dostlarla görüşürəm və ya basketbol yarışına baxmağa gedirəm. Belə bir burjua həyatı. Amma məhz bu həyat mənə məhsuldar işləmək imkanı verib”.

Allen ildə azı bir film təqdim edir. Klassik Nyu York komediyalarından tutmuş (“Manhetten”, “Hanna və bacıları”) berqmanvari dramlara qədər (“İnteryerlər”) və 80-lərin ingilis həyatından bəhs edən kaperlər –idman proqnozu- (“Point matçı”). Ümumilikdə filmləri 600 milyon dollar qazanc gətirib. Rejissor hətta 90-ların yaxşı olmayan vaxtlarında da ritmdən düşməyib. Yaxşı olmayan vaxtlar deyəndə Miya Ferrou ilə qalmaqalı nəzərdə tutulur. İstintaqdan sonra polis Allenin 7 yaşlı qızı Suni Dilana təcavüz etməsi ittihamını haqsız hesab etdi, amma bu məsələ indi də gündəmə gəlir.

İndi Allenin 80 yaşı var və deyəsən artıq o, klarnetdə “Pabe Maykl” çaldığı üçün “Enni Holl”a görə “Oskar” almağa gəlməyən əvvəlki komik eynəkli adam deyil.

Kulis rejissor Vudi Allenin bu günlərdə “Holliwood Reporter” dərgisinə verdiyi müsahibəni təqdim edir.

- 80 yaşınız oldu. Ölüm sizin filmlərinizin əsas mövzularından olub. Bu məsələ indi də sizi qorxudur?

- Əlbəttə. Beş yaşımdan bəri həmişə. Bilirsiz, bundan yaxa qurtarmaq üçün ancaq başını qata bilərsən. Məsələn Stiv Karrel ilə Cessi Ayzenberqin səhnəsini daha yaxşı çəkərəm deyə mərc edə bilərsən, ya da gündəlik işlərinlə başını qatarsan. Əgər bütün günü ölüm haqqında düşünsən, hesab elə ki, “uduzmusan.”

- Necə düşünürsünüz, illər keçdikcə siz dəyişmisiz?

- Düşünürəm ki, yaradıcılıq baxımından təkmilləşmişəm. Çəkməyə çabalayanda mən yalnız istəyirdim ki, gülməli olsun. Zamanla məqsədim dəyişdi, daha dərin bir şeylər etmək istədim. Bu həm yaxşı, həm də pisdir. Vəziyyətə baxır.

- Siz “Yüksək cəmiyyət həyatı” filminin bir hissəsini təzədən çəkməli oldunuz. Niyə?

- Kaliforniyada Bryus Uillislə bir neçə səhnə çəkdim, Bryus isə Brodveydə oynamağa hazırlaşırdı. İki layihəni eyni vaxtda apara bilmirdi, onu Stiv Karellə əvəz etməli olduq.

- Epoxanın ruhunu tutmaq üçün çəkilişdən əvvəl nə isə oxuyursuz?

-Bu “yüksək cəmiyyət”in dedi-qoduları çap olunan köhnə Hollivud köşələrini oxudum, onları Nyu-Yorkda çap ediblər.

- Ümumiyyətlə çox oxuyursuz?

- Mən heç vaxt kitab qurdu olmamışam. 18 yaşımadək ancaq komikslərə baxırdım. Ümumiyyətlə kitabı həzz üçün yox, iş gərəyi oxuyuram. Daha çox beysbol və ya basketbola baxmağı, film izləməyi, ya da musiqi dinləməyi üstün tuturam.

-Sarı mətbuatın haqqınızda yazdıqlarını oxuyursunuz?

- Heç vaxt. Hətta öz müsahibələrimi və filmlərimə yazılan resenziyaları da oxumuram. Özümə taxılıb qalmaq istəmirəm. Hərçənd gəncliyimdə oxuyurdum. Amma indi mənim üçün birinci planda işdir, ona görə məni tərifləyənlərə və ya söyənlərə fikir vermirəm. Peşə sevinc gətirməlidir. Görün bu nə əladı - səhər oyanmaq, ssenari yazmaq və Koul Porterin musiqisi altında gözəl geyinmiş cazibədar kişi və qadınları lentə çəkmək. Hər şey bitəndən sonra sən yenə də qabağa gedirsən. Mən filmlərimə təkrar baxmıram və onlar haqda yazılanları da oxumuram.

- 90-ların əvvəlində Sun-inin ittihamları ilə bağlı söz-söhbətlər sizə mane olmurdu?

- Yox. Mən əvvəlki kimi fasiləsiz işləyirdim. Filmlərimi həmişəki rejimimdə çəkirdim. Beləyəm mən. intizamlı, məqsədyönlü, punktual.

- Deməli, qalmaqaldan narahat olmadınız?

- Yox. Bir damcı da.

- Bəs Sun i sizi necəsə dəyişdirdi?

- Həyatımda baş verən yaxşı hər şey onun sayəsində olub. Onun Koreyada çox ağır uşaqlığı olub: 6 yaşında ata-anasız, küçədə qalıb, yarıac-yarıtox qalıb, zibil yeşiklərindən yemək tapıb yeyib. Sonra uşaq evinə düşüb. Sonra mən onun həyatını dəyişə bilmişəm. Onun qarşısında saysız imkanlar açılıb və Sun-i onlardan yararlanıb. Özünü inkişaf etdirib, dostlar qazanıb, uşaqları var, universitet və magistratura, mənimlə səyahət edib dünyanı görüb. Tamam başqa adam olub. Onun üçün etdiklərim mənə daha çox sevinc gətirir, nəinki filmlərim.

- Siz onu dəyişməyinizdən danışdız, bəs o sizi dəyişib?

- (Pauza) Mən ümumiyyətlə dəyişməmişəm. 20 il əvvəlki kimiyəm. Mənim eyni iş metodum, eyni vərdişlərim, eyni fobiya və eyni sevinclərim var. İnamıram nəsə ciddi dəyişiklik olsun...

- Əvvəlki kimi filmlərə çox baxırsız?

- İndi maraqlı iş azdır. 30-35 il əvvəl mən hər şənbə bu zalda yaxşı bir filmə baxırdım. Bu keçmişdə qaldı.

- Son filmlərdən hansı sizin xoşunuza gəlib?

- “Qoyunlar” adlı island filmi. Mən demək olar ki, Amerika filmlərinə baxmıram. Əvvəlki kimi deyil. Yeniyetmə olanda həftədə onlarla filmə baxmaq olardı. 60-cı illər dövrü idi, rejissor kinosənayedə açar rolunu oynayırdı, əla filmlər çəkilirdi. Sonrasa bu biznesdə başa düşdülər ki blokbasterlər çəkib daha çox pul qazana bilərlər. Onlarsa məni maraqlandırmır.

- Superqəhrəman haqqında heç bir filmə də baxmamısan?

- Yox.

- “Yüksək cəmiyyət həyatı” sizin Kann proqramıma salınmış 12-ci filminizdir.

- Elədir. Mən uzun illər ora filmlər göndərmişəm, amma özüm getməmişəm. 6 saat uçmaq və başqa saat qurşağına düşmək xoşuma gəlmir. Bu məni dəhşət narahat edir, yarım il özümə gəlmirəm. Onsuz da yay vaxtına keçid mənə bir ay əzab çəkməyə bəs edir. Sonralar getməyə başladım, arvadım da Fransanın cənubunu sevir.

- Əgər mümkün olsa hansı filminizi yox edərdiniz ki, heç kim ona daha baxa bilməsin?

- Bir neçəsindən başqa hamısını. Yəqin 6 ya da 8 film saxlayardım, qalanını götürün. Yəqin “Qahirənin qızılgülü”, “Matç Point”, “Ərlər və arvadlar”, “Parisdə gecəyarısı”, “Zeliq”... sonra hansını, demək çətindir...

- Bəs “Enni Holl”, “Manhetten”?

- Bu elə çoxdan olub ki, onları ağızdan-ağıza yadımda saxlamışam və ona tamaşaçılar kimi bağlı deyiləm. “Manhetten”i bitirəndə ona baxdım və bərk məyus oldum. Artur Krimə dedim ki, bunu prokata buraxmayın, sizin üçün pulsuz daha bir film çəkəcəyəm. O dedi: “Sənin başın xarab olub! Bu film bizim xoşumuza gəlir, biz ona çoxlu pul xərcləmişik. Ona görə borca da girmişik. Milyon xərcləyib filmi taxçaya qoymaq olmaz. Bu axmaqlıqdır”. Filmi buraxdılar və o uğur qazandı.

-“Amazon” layihəsi necə gedir?

- Sabah bitiririk. Montaj olunacaq, yarımsaatlıq seriyaların altısı artıq hazırdır.

-Adı varmı?

- Hələ ki, yox. Bu sonsuz seriyallardan ibarət deyil, bitkin bir əhvalatdır. Bu, mənim, Eleyn Mey və Mayli Sayrusun baş rolda oynadığı və 60-cı illərin Amerikasından bəhs edən komediyadır. Deyəsən yaxşı alınıb. Amma dəqiq bilirəm ki, o sənət filmi olmayacaq...

- Əvvəlki kimi kompüteriniz yoxdur?

- Yox, mən onunla işləməyi bacarmıram. Texnika mənlik deyil. Mobil telefonum var, amma mən ondan yalnız necə zəng etmək olduğunu bilirəm. Katibəm ona mənim bütün cazlarımı yükləyib. Yaxşı şeydir. Əvvəllər klarnetlə məşğul olmaq üçün harasa gedəndə özünlə nə qədər şey daşımalı idin.

- Elektron poçtunuz da yoxdur?

- Heç vaxt heç kimə elektron məktub yazmamışam.

# 1057 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #