Kulis.az rejissorların ilham pərilərini təqdim edir.
Fassbinder və Hanna Şiqulla
Rayner Verner Fassbinder alman kinosunun önəmli simalarından biri, “Yeni alman kinosu”nun liderlərindəndir. Şiqulla 1967-ci ildə Fassbinderlə tanış olur, onun 20-dən çox əsərində oynayır. 1982-ci ildə Fassbinderin ölümündən sonra aktrisa nadir hallarda filmlərə çəkilir.
Şiqulla onun “Dörd mövsümün ticarətçisi”, “Petra fon Kantın acı göz yaşları”, “Mariya Braunun izdivacı” və s. filmlərində oynayıb. Şiqulla onu qeyri-adi, maraqlı qadın obrazları yaratmağa ruhlandırırdı. Qeyd edək ki, Fassbinder homoseksual olub.
Berqman və Liv Uilman
İsveç rejissoru İnqmar Berqman eşq macəraları ilə məşhur idi. Liv Uilman həm onun sevimli aktrisalarından biri, həm də sevgilisi idi. Onların Linn adlı qızları olsa da, heç vaxt evli olmayıblar. Uilman rejissorun ondan çox filmində çəkilib. Bunlar arasında “Persona”, “Payız sonatası”, “Pıçıltılar və qışqırtılar” adlı incilər var. Onların qızı Linn Uilman yazıçı, ədəbi tənqdiçidir.
Antonioni və Monika Vitti
Monika Vittini aktrisa kimi məhz Antonioni kəşf edib. Vitti rejissorun yaradıcılığının önəmli filmlərində rol alıb: ”Tutulma”, “Gecə”, “Qırmızı səhra”, “Macəra”. “Tutulma” filminin çəkilişi zamanı Alen Delon Monikanı özünə cəlb etməyə çalışsa da, onun cəhdləri məyusluqla nəticələndi. Çünki Monika ancaq Antonioniyə aşiq idi.
Antonioni ilə Monika uzun müddət vətəndaş nikahında yaşayıblar. On il sonra rejissor aktrisaya evlənmək təklifi etsə də, o, imtina eləmişdi.
Kassavetes və Cina Roulends
Cina Roulends müstəqil Amerika kinosunun əsas nümayəndələrindən biri Con Kassavetesin həm həyat yoldaşı, həm də ilham pərisi olub. O, ərinin əksər filmlərində çəkilib. Həmin filmlərin arasında dünya kinosunda önəmli yer tutan “Premyera”, “Təsir altındakı qadın”, “Qloriya”, “Üzlər” kimi əsərlər var. Cütlüyün oğlu Nik Kassavetes də rejissordur.
Şabrol və Stefan Odran
Odran franısız “Yeni dalğa”sının simalarından biri Klod Şabrolun filmləri sayəsində tanınıb. Onlar 16 il nikahda olublar. Oğulları Tom aktyordur.
Şabrol arvadından ayrılmasının səbəbini belə izah edirdi: “Çünki o məni qadından çox, aktrisa kimi maraqlandırmağa başalamışdı”. Odran Şabrolun əksər filmlərində (“Skandal”, “Xəyanətkar qadın”, “Qəssab” və s.) çəkilib.
Fellini və Cülyetta Mazina
Dünya kinosunun bu məşhur cütlüyü radioda tanış olublar. Radioda Mazinanın səsləndiridyi mətnlərin müəllifi Fellini idi.
O, Fellininin dünya kinosunun şedevrlərindən sayılan “Yol”, “Kabiriyanın gecələri” filmlərində baş rolu oynayıb. Cütlük ömürlərinin sonunadək birgə yaşayıb.
Odzu və Setsuko Hara
Yapon kinosunun simvollarından sayılan Hara Yasudziro Odzunun altı filmində çəkilib. Ümumiyyətlə, Odzu eyni aktyorla işləməyə üstünlük verirdi. Hara rejissorun şah əsərlərindən biri “Tokio əhvalatı”, həmçinin “Tokio alatoranlığı”, “Gecikmiş payız” filmlərində oynayıb.
Odzunun ölümündən sonra aktrisa guşənişin həyat keçirərək, müsahibə verməkdən imtina eidb.
Odzu heç vaxt evlənməyib.
Rosselini və İnqrid Berqman
Neorealizmin əsasını qoyan Roberto Rosselininin isveçli aktrisa İnqrid Berqmanla əməkdaşlığı 1949-cu ildə başlayıb. Berqman rejissorun “Roma açıq şəhərdir” filmindən vəcdə gəldiyi, onun filmlərində çəkilmək arzusunda olduğu barədə məktub yazmışdı. Razılıq cavabı alandan sonra aktrisa Hollivudu tərk edir. Bu əməkdaşlıqla eyni zamanda onların eşq macərası başlayır. Cütlüyün üç uşağı doğulur. Onlardan biri İzabella tanınmış model və aktirsadır. Cütlük 1950-ci illərin sonunda ayrılır.
Berqman Rosselininin “Avropa 51”, “İtaliyaya səyahət”, “Qorxu” və başqa filmlərində çəkilib.
Lui Mal və Janna Moro
Fransız aktrisası Janna Moro Lui Malın həm sevgilisi olub, həm də onun yaradıcılığının vacib filmlərində oynayıb. O, rejissorun dörd filmində çəkilib.
Özəlliklə də “Sevgililər” qalmaqallı film kimi tarixə düşüb.
Venesiya festivalının xüsusi mükafatını alan “Sevgililər” yasaq sevgi motivinə, seksual kontekstinə, dövrünə görə açıq-saçıq sayılırdı. Ona görə film bir çox ölkələrdə senzuraya məruz qaldı, bəzi ölkələrdə isə qadağan olundu.
Qodar və Karina
Anna Karina Qodarın təkcə muzası deyildi. O, eyni zamanda 1960-70-ci illər fransız kinosunun əsas simvollarından biriydi. 1959-cu ildə Qodar onu bir sabun reklamında görür. Karina rejissorun diqqətini çəkir. O, Qodarın çox filmində - “Kiçik əsgər”, “Qadın qadındır”, “Öz həyatınla yaşa”, “Dəlisov Pyero” və digər ekran əsərlərində baş rolları oynayıb. Cütlük 1961-ci ildə evlənir. Altı il sonra isə boşanırlar.
Almodovar və qadınları
Almodovar yəqin ki, ən çox muzası olan rejissordur. Karmen Maura, Rossi de Palma, Viktoriya Abril, Mariya Parades, Penelopa Kruz, Sesiliya Rot... Homoseksual olsa da, rejissorun əsas ilham mənbəyi qadınlardır. Hətta rejissor Penelopa Kruzun baş rol oynadığı “Parçalanmış ağuş” filmində ikinci planda oynayan aktrisa Karmen Maçidən necə ilhamlanmışdısa, filmin çəkimlərini saxlayıb onun üçün ssenari yazır. Və ssenari əsasında Maçinin baş rolu oynadığı qısametrajlı film çəkir.