Yadplanetlilər məni necə aldatdı YUXULARIM-11

Yadplanetlilər məni necə aldatdı <span style="color:red;">YUXULARIM-11
25 iyul 2014
# 15:04

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər

Atamın meyiti məndən su istədi

Hörümçəyin başımdan tapdığı balaca oğlan

Xəzinənin puluna sevgilimi də götürüb...

Gül məni yedi

Gördüm, doxsanıncı illərin əvvəlləri, Tərcümə Mərkəzində işlədiyim vaxtlardı. Günəşlidə kirayələdiyim birotaqlı mənzildəyəm, yataqda uzanmışam, bilmirəm, yuxudayam, yoxsa oyağam. Gördüm, qəfil otağın ortasında heç vaxt görmədiyim üç dənə canlı peyda oldu. Onlar həddən artıq arıq və uzun, insanabənzər varlıqlar idi. Hətta ortada dayananın başı tavana dirənirdi. Gördüyüm mənzərədən heç bir qorxu hissi yaşamadığıma görə yataqdan dikələrək maraqla soruşdum ki, siz kimsiniz? Ortada dayanan ən uzun tayı dedi, biz yadplanetliyik. O danışanda dodaqlarını, çənəsini tərpətməsə də söylədiyi fikirlər mənə aydınca çatırdı. Gördüm, onlarla danışanda artıq mənim də ağzım tərpənmir, fikrimi beynimə gətirmək kifayət eləyir. Yəni biz susaraq beynimizdən keçən fikirləri tutub telepatik dildə anlaşırdıq.

Təzədən soruşdum ki, hansı planetdən gəlmisiniz? Dedilər, biz sizə məlum olmayan qalaktikadan gəlmişik.

Mən qalxaraq əl tutub görüşmək istədim, gördüm, yadplanetlilərin durduğu yer heçlik kimidi, əlim tüstünü, yaxud işıq şüasını kəsib keçən kimi onların ortasından keçə bilir. Beləcə, onlara dəydiyinə görə sağ əlim bənövşəyi rəngə boyandı. Onlar mənim bu hərəkətimə baxıb şənlənərək nazik, cingiltili səslə xeyli güldülər.

Dedim, bəs necə olur, siz həm gözümə görünürsünüz, həm də yoxsunuz? Dedilər, biz fövqəlgücük, otaqda deyil, sənin beynindəyik. Biz insanların beyninə girib istədiyimiz görkəmdə görünür, onların fikirlərini dəyişdirə bilirik.

Məni maraq bürüdü, deməli, bunlar hegemon dövlət başçılarının beyninə girib bütün dünya siyasətini dəyişə bilərlər. Dedim, bəs nə üçün bizim planetdə müharibələr törədirsiniz? Dedilər, düzdü, biz burda istənilən insanı nəzarətdə saxlayıb fikrini dəyişə bilir, istədiyimiz quruluşu bərqərar edə bilirik, lakin müharibələri insanların özləri fikirləşib qurduğuna görə mane olmuruq. Həm də insanların məhv olması bizi narahat eləmir, bunun bizə bir ziyanı yoxdu. Əslində siz də insan ölümünü sakit qarşılamalısınız. İnsandı, istənilən yaşda ölə bilər, buna qarın yağması, suyun axması, almanın dəyməsi kimi baxmaq lazımdı.

Dedim, bəs, siz də ölürsünüzmü? Dedi, əlbəttə ölürük, ancaq sizin zamanla ölçsək ən azı min il yaşayırıq. Dedim, ölənlərinizi necə dəfn eləyirsiniz? Dedi, bizdə dəfn olmur, çünki, ölənlər, sadəcə, yoxa çıxır. Dedim, bəs, sizi hansı qüvvə öldürür? Dedi, onu dəqiq bilmirik, ancaq əksəriyyətimizi qonşu planetdən sızan bəd şüaların yaratdığı xəstəliklər öldürür. Dedim, siz orda nə ilə qidalanırsınız?

Dedi, sizdə Günəş olduğu kimi, bizə də uzaq bir planetdən rəngli şüalar gəlir, bizi o şüalar qidalandırır. Sizdəki bütün münaqişələr isə qida problemindən başlayır. Dedim, bəs, bizim planetə necə gəlib çıxırsınız? Dedi, bilirəm, sizi ən çox Günəşin yanından necə təhlükəsiz keçdiyimiz maraqlandırır. Biz öz planetimizin dəf etmə sürətilə gəlir, cazibə qüvvəsilə də geri qayıdırıq. Ağlınıza gəlməz dərəcədə sürətliyik. Günəşin və başqa ulduzların zərərverici təsirindən qorunmaq üçün əynimizə qoruyucu şüadan kürə şəkilli “paltar” geyinirik. Bu skafandrlar həm də yüksək sürətlə hərəkət etdiyimiz zaman yaranan sürtünmənin qarşısını alır. Sizdə isə insanlar öz bilgilərini, əsasən, öldürücü silahlar düzəltməyə sərf edir.

Düzdü, bizim də çoxlu problemlərimiz var. Tutaq ki sizdə ayrı-ayrı ölkələr, bizdə isə qonşu planetlər biri-birinə basqın edir. Güclü yad planetlərin hücumundan qorunmaq üçün biz öz planetimizi daim hərəkətdə olan qoruyucu şüalara bürüyüb mühafizə edirik. Bəzən yadplanetlilər güclü silahlarla qoruyucu şüa qatını deşib içəriyə girə bilirlər. Dedim, onlar sizə hansı təhlükə yaradırlar? Dedi, bizə məlum olan budur ki, onlar da biz qidalandığımız planetin şüası ilə qidalanırlar. Qidalandırıcı şüaya qənaət etmək üçün bacardıqca bizim sakinləri əridib sayımızı azaltmağa çalışır, əldə etdiyimiz elmi nailiyyətləri oğurlayırlar. Elmimiz onlar üçün primitiv olsa da, inkişafın hansı mərhələsinə girdiyimizi öyrənməkdən ötrü bütün kəşflərimizi nəzarətdə saxlayırlar. Planetimizdən maddi nümunələr götürür, sakinlərimizi oğurayırlar. Dedim, bəs, bunları nə üçün edirlər?

Dedi, biz onlardan zəif olduğumuza görə onların məskənlərinə girib bu sirri öyrənə bilmirik. Dedim, bəs nəyə görə ünsiyyət üçün məhz məni seçmisiniz?

- Bu, sırf təsadüfdü-deyərək, o, cingiltili səsi ilə yenidən güldü. Yanındakılar da ona qoşuldu.

Gördüm, mənə məlum oldu ki, yadplanetli qonaqlar artıq getməyə hazırlaşırlar. Gördüklərimin yuxu yaxud hallüsinasiya olduğunu yoxlamaq qərarına gəldim. Yadıma sonuncu maaşımı alarkən qalıq yerinə kassadan verilmiş iki ədəd lotereya düşdü. Lotereyalar stolun üstünə qatlayıb qoyduğum cins şalvarın cibində idi. Oyunda ən yüksək uduş QAZ-24 avtomobili idi. Ona görə dedim, doğrudan da fövqəlgücə maliksinizsə, sizdən bir xahiş etmək istəyirəm. Ortadakı uzun məxluq “buyur” deyə dilləndi.

Dedim, elə edə bilərsinizmi, üç gündən sonra oynanılacaq iki lotereyamdan biri maşın udsun?

Dedi, biz səni başa düşürük. Narahat olma, istədiyini edəcəyik. Bunu söylədikdən sonra hər üçü yoxa çıxdı.

Mən ayılıb yerimdən qalxdım. Baxdım ki bir azdan işə getməliyəm.
Həyəcanla lotoreyanın oynanılacağı günü gözləyirdim. Günləri inamqarışıq şübhələr içində keçirdim.

Üç gündən sonra “Nərimanov” metrostansiyasının yanında əlində uduş qəzeti gəzən kişini görən kimi ona yaxınlaşıb lotoreyaları yoxlamağını xahiş etdim. Kişi barmağını qəzetdəki nömrələrin üzərində sürüşdürərək, kağızların hər birini diqqətlə yoxladı. Sonra çekləri özümə qaytararaq ümidsiz şəkildə dedi:

- Heç yaxın düşəni də olmadı...

Mən qəzetsatandan ürəyimdə həmin o üç əcaib məxluğu söyə-söyə aralandım.

Dişimin dibindən çıxanı demək üçün hələ də o uzun yalançıların yenidən peyda olacağı günü gözləyirəm.

# 3051 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #