Qızı qətlə yetirildi, oğlu isə... - ANIM

Qızı qətlə yetirildi, oğlu isə... - <span style="color:red;">ANIM
13 noyabr 2015
# 08:30

1950-ci il dekabrın 26-da nə bilim hansı ulduz altında, hansı bürcdə doğulmuşdu qəhrəmanım, bu qədər ağır taleyi oldu, onu bilirəm ki, həmin ulduzla bürcün eyniliyi altında dünyaya gəlməyi heç kimsəyə arzu etmirəm.

Aktrisa Nuriyyə Əhmədovadan danışacam. Sağlığında yazacaqdım bu yazını, dəfələrlə görüşüb bu barədə söhbət eləmişdik, fikrimdə 65 illik yubileyini tutmuşdum. Düşünürdüm, yubileyinə elə bir yazı hazırlayaram ki, Nuriyyə xanımın dərddən yanan ürəyinə bir balaca su çiləyər, bir az təbəssüm qonar pardaqlanmış dodaqlarına. Qismət beləymiş, yubileyindən cəmi bir ay əvvəl, vəfatının 40 günlüyünə yazmalı olacaqmışam.

Atası hərbiçi, anası evdar qadın idi. Bakıda yaşayırdılar ailəlikcə. Uşaqlıqdan Azərbaycan filmlərinin vurğunuydu, o vaxtın bütün Bakı əhli kimi tez-tez axşamlar ailəlikcə teatrlara gedərdilər. O qədər sənətə aludə olmuşdu ki, özünü başqa sahədə təsəvvür edə bilmirdi, amma bu barədə valideynlərinə açıb deməyə cəsarəti də çatmırdı. Bilirdi “olmaz”la rastlaşacaq, o sözü eşitməmək üçün demirdi fikrini. Öz özlüyündə çıxış yolu düşünüb tapmağa çalışırdı.

Atasının gözəl səsi olub, musiqini sevərmiş. Görünür, səs də genetik oluğundan Nuriyyənin də səsi vardı. Sənətə də səsi ilə gəlib, hərçənd, son illər heç deməzdin ki, bu qadının nə vaxtsa gözəl səsi olub.( Həyatının ağırlığından birinci sıradan çıxan səs telləri olmuşdu.) Hərdən həyət-bacada oxuyanda bağ qonşuları Tofiq Bakıxanov eşidirmiş. Bir gün ustad ona təklif edib ki, gəl səni Musiqili Komediya teatrına işə götürək, orda səsi olan azərbaycanlı qızlara ehtiyac var.

Çıxış yolu öz-özünə gəlib çıxmışdı deyəsən, atası xətrini çox istədiyi Tofiq Bakıxanovun, sözündən çıxmazdı.

Bu minvalla Musiqili Komediya Teatrında işə başlayır.

Bütün gənc oğlanlar başına fırlanardı

Teatrda yeganə gənc qız imiş Nuriyyə, qalan hamısı yaşlı qadınlardı, hətta baletin özündə də. O sahələrdə işləyən elə bir gənc oğlan yox idi ki, Nuriyyənin başına fırlanmasın. Bütün gənc qız obrazlarını oynayan, bir qədər də oğlan kimi davranan bu qız hamını özünə cəlb eləmişdi, amma onu cəlb eləyən olmadığı üçün qız göylərdən enmirdi.

Bir dəfə tamaşalardan birinə baxmağa gələn ustad sənətkar Müxlis Cənizadə səhnə arxasına keçib Nuriyyənin təhsili ilə maraqlandı, qızın təhsil almadığını eşidəndə çox məyus oldu, tapşırdı ki, sən əsil aktrisasan, təkcə qalır təhsil almağın, gəl qəbul edək instituta, oxu. O vaxtlar səhnədə azərbaycanlı qızlar az olduğundan müəllimlər çalışırdılar ki, öz qızlarımız təhsil alıb səhnəyə gəlsinlər. Musiqili Komediya teatrına o vaxtlar rəhbərlik edən Şəmsi Bədəlbəyli isə Nuriyyəni buraxmaq istəmirdi, ehtiyat edirdi ki, təhsil alandan sonra kinoya, yaxud başqa teatrlara gedər.

Bakı kəndindən tamaşalarına gəlib çatdırmaq, gecə tamaşadan çıxandan sonra evə getmək çətin olduğundan Nuriyyə şəhərin mərkəzində ermənilərin, yəhudilərin evində kirayələrdə qalırmış. Bir yerdə işlədikləri, çox gözəl səsi olan Xanlar adlı oğlan gecələr evə gedəndə ehtiyatla, kölgə kimi arxasınca gedib onu evə yola salırmış. Bunu Nuriyyə hiss edirdi, amma təəccüblənirdi ki, axı, normal münasibətlərimiz var bununla, niyə yaxınlaşmır demir ki, səni yola salım. Bunu nişanlanandan sonra Xanlardan soruşur. Xanlar cavab verir ki, Bakı kiçik şəhərdir, səni kiminsə oğlanla gedib-gəldiyini görməsini istəmirdim, birdən qismət olmazdıq bir-birimizə, niyə adına söz gəlsin.

Həmin il İncəsənət İnstitutunda Adil İsgəndərovun rəhbərliyi ilə kinoaktyorluq fakültəsi açılır, Nuriyyə sənədlərini verir və qəbul olunur o fakültəyə. Deməli, Şəmsi Bədəlbəylinin qorxduğu başına gəlir. Amma oxuduğu illərdə Nuriyyə bir müddət hələ işləyir Musiqili komediyada, üstəlik orda ömür-gün yoldaşı da seçir . Deyirdi elə bilirdim ömürlük ərə getməyəcəm, amma Xanların intellekti məni cəlb elədi özünə: “O qədər mədəniyyətlə davranırdı ki, adam heyran qalırdı. Bəlkə Allahın qisməti imiş. Düzdür sonra deyirlər ki, məni gördün hayıl-mayıl oldun, sən seçdin, mən yox. Fikrini də mənə çox çətinliklə açdı. Üç il görüşdük, sonra valideynlərimizlə tanış olduq. Anasının özünün bunun üçün namizədi varmış, Xanlar birtəhər razı saldı anasını. Bir il də nişanlı qaldıq.”

Evdə onun incəsənətə qəbul olunduğunu bilən olmayıb, nişanlanandan sonra biliblər, onda da atası deyib ki, daha özləri bilərlər.

Adil İsgəndərov onun ailə qurmasını istəməyib

Adil İsgəndərov bəzi tələbələri o vaxt iki illik rejissorluq kurslarına Moskvaya göndərdi. Əbdül Mahmudov diplom işi kimi “Qəribə ov” filmini çəkdi, Nuriyyəni ilk rola o, dəvət elədi. Kinoya çox gec gəldi Nuriyyə, daha çox televiziya verilişlərində iştirak edirdi. O vaxt əyləncəli verilişlər vardı, səhnəciklər çox hazırlanardı. İnstitutu qurtarandan sonra kinoya gedib. Bir müddət də o vaxtkı Tədris Teatrında işləyib, Adil İsgəndərov aparmışdı onu ora, amma filmlərə çəkilməyə icazə vermirdi, oxu, sonra-deyirdi. Hələ Nuriyyənin ailə qurduğunu eşidəndə Adil İsgəndərov kimisə - əziz bir insanı itirmiş kimi olub. Deyib, Azərbaycan aktrisası tapırıq, yetişdiririk, gedir ərə, atır sənəti, bu da elə olacaq.

Sonralar Nuriyyə Əhmədova hər sənət uğurunu ustadına deyər və onun gözlərindəki sevincdən ilham alarmış. Deyirdi hayıf ki, xalq artisti olmağımı görmədi.

1975-ci ildə evləniblər Nuriyyə ilə Xanlar, hər ikisi səhnə ulduzu, gələcəyi olan sənət adamı Əvvəl Bakı adəti ilə qız toyu, sonra da oğlan toyu oldu. 1976-da ilk övladları - qızları dünyaya gəldi.

Bu arada Xanlar İbadov Filarmoniyada işləyirdi artıq.

Filarmoniya daha çox gəzərgi idi, Xanlar çox qastrollara gedirdi. Nuriyyə isə evdə qızına baxırdı. Üç yaşına qədər uşağa görə işə getməyə bilərdin o vaxtlar. İlk vaxtlar belə hər şey yaxşı idi, o vaxtdan ki, Xanların səhhətində problemlər yarandı, hər şey pisliyə doğru irəliləməyə başladı elə bil...

Xanlar da iki dəfə qarın nahiyəsindən əməliyyat olundu. Vokalist üçün bu şikəstlikdi, oturdu evdə, olmazdı oxumaq. Nuriyyə həm oxumalı, həm uşağa baxmalı, həm də işləməli idi. Kinolara da çəkilirdi. Şahmar Ələkbərovun “Sahilsiz gecə” filminə çəkildi. Sonra ayrı-ayrı illərdə “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, Evlənmək istəyirəm”, Kişi sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” “Fransız”, "Həm ziyarət, həm ticarət", “Hər şey yaxşılığz doğru” və sair.

Xanların analığının evində yaşayırdılar. Bu evin üstündə bir-neçə nəfərin adı vardı. İş məhkəməyə qədər gedib çıxmışdı. Nuriyyə ilə Xanların fikrincə bu ev onların haqqı idi, çünki Xanların atasından qalıb, həm də artıq iki uşaqlı ailə (oğulları da olmuşdu)evdən çıxıb küçələrə düşə bilməzdi. Ev üctündə dava çox uzun çəkdi, qızları ərə getdi, övladı dünyaya gəldi, o qara gün gəlib çıxıncaya qədər.

Qızı qucağında qan içində canını tapşırdı

“Qızımız ailə qurmuşdu, uşağı olmuşdu, 40-ı çıxınca bizimlə qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı qızımı qətlə yetirdi, öz gözlərimin önündə, öz qucağımda qız getdi əldən. Xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli böyük idi. Hardan bu oğlan çıxdı qarşısına. Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm özünü öldürəcək. Götürdü qaçdı balamızı. Əlac kəsildi toyunu elədik. Qız hamilə olanda. Uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş bunu vaxtlı vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib qızımızı bədbəxt elədi. Qızı öz balasına qısqanırdı. Qız getdi, balası qaldı ümidimizə. Oğlanı da həbs etdilər, müstəntiq dedi ki, xəstədir, amma ortalıqda qalsa yenə xətalar edə bilər, elə həbs olunsa yaxşıdır. Həmin vaxt filmə çəkilirdim Vaqif Mustafayevin “Yerlə göy arasında” filmində öz faciəmi oynadım. Sağ olsun Vaqif dedi ki, çəkilisin başı sənətinə qarışsın yoxsa yaşaya bilməz.”

Bu faciədən sonra arada çox sözlər gəzdi, dedilər qız əxlaqsız olub, Bakı kiçik şəhərdi, bunlar hamısı valideynlərinə çatırdı. Nuriyyə xanım sözün əsil mənasında havalanmışdı.

“Qızın qanı üstümdə qalmışdı, necə özümə gələ bilərdim. Uşağın ruhu ilə danışırdım. Yuxu deyildi açıqca görürdüm. Bayılıb yıxılırdım qız mənə kömək edib qaldırıb divana uzandırırdı. Rəhman vardı psixoloq deyirdi ki, dəyməyin qoyun qışqırsın, öz-özünə danışsın, mənfi enerjisi çıxsın bədənindən. Qışqırmaq istəyirdim, səsim batdığından qışqıra bilmirdim. Təcili yardım həyətimizdən əskik olmurdu. Bir gün necə oldusa birdən yadıma düşdü ki, bəs, uşaq hanı? Tez qalxdım getdim arxasınca ata tərəfdən alıb gətirdik, sənədlərini düzəltdik. Onun üçün yaşamaq məni yaşatdı. İndi də onun üçün çalışırıq, qızın qoxusunu alırıq. O anda kinoya çəkilməsəydim bəlkə heç uşaq da məni yaşada bilməzdi.”

Oğul itkisi sonuncu sarsıdıcı zərbə oldu

İllər keçdi, oğlunu evləndirib meylini qızının övladına salmış aktrisa az da olsa dərdini unutmuşdu, oğlunun da övladı gəlmişdi dünyaya.

Amma maddi problemlər ən böyük sevgilərə belə son qoyur.

Xanlarla Nuriyyəni dərd birləşdirir, maddi sıxıntılar ayırırdı. Qızının faciəsindən sonra davalı evdən çıxdılar, deyirdi qızımın başını bu davalı ev yedi elə bil. Köhnə “Sovetski”də bir daxmada kirayə qalırdılar, qışda qazla qızdırdıqlarından otaqda adamın başı çatlayırdı ağrıdan, yeriyirdin döşəmə ayağının altında oynayırdı.

Belə uzun çəkə bilməzdi, evdən həkim, dərman əksik olmurdu. Əlacları olmadı, bir-birindən ayrılmağa qərar verdilər ki, bəlkə ayrı-ayrılıqda tale üzlərinə güldü-düşündülər. Xanlar İbadov öz uzaq qohumlarının həyətində bir otağa sığındı, Nuriyyə xanım isə nəvəsi ilə gah bacısıgildə, gah da rəfiqələrinin evində qalırdı. Oğlu ailəsi ilə kirayədə qaldığından onların da yerini dar eləmək istəmirdi. Son vaxtlar oğlu da ağrılardan şikayətli idi, Nuriyyə xanım bu qədər yükün altında inləyirdi sanki, tez-tez xəstəxanalara düşürdü.

Bir gün rəfiqəsi gildən çəkilişə gələndə avtobusda yıxıldı. O qədər gözəl ürəyi vardı ki, adam daşıdığının fərqinə varmadan maşını vəhşicəsinə idarə edən sürücünü güdaza verməmək üçün dedi ki, günah özümdə oldu, dayanacağa çatmamış qalxdım yerimdən, onun da qəfil əyləci basması yıxılmağıma səbəb oldu. Yaşı 60-ı keçmiş sənətkar qadın onsuz da həyatda yıxılıb durub yenidən yıxılmalara öyrəncəli olmuşdu, amma bu yıxılmadan sonra qadın ayağa qalxmağa nə qədər çalışdısa, olmadı, daha qüvvətli bir zərbə onu həmişəlik yıxdı, o, xəstəxanada ikən oğlunun dünyasını dəyişməsi.

Anaya daha zərbə lazımdır ki, bir daha ayağa qalxa bilməsin...

İllər keçsə də iki övladının dağı, ərinin yataq xəstəsi olması, nəvələrinin başsız qalması, böyük bir ailənin belə pərən-pərən olması onu için-için yeyib əritdi. Aktrisa son nəfəsinə qədər evsizlikdən əziyyət çəkdiyini, nəvəsi üçün bir ev qoyub getmək arzusunu az qala hayqırdı, eşidən olmadı. Bəlkə, bir mənzili olsaydı, ailədən qalan iki-üç adamı başına yığıb birlikdə hüzur tapardı.

2015-ci il oktyabrın 10-da daha dözə bilməyən ürəyi partladı qadının. Getdi bu dünyadan, özü ilə çəkilməsi mümkün olmayan dərdlərini də apardı.

1950-ci il dekabrın 26-da nə bilim hansı ulduz altında, hansı bürcdə doğulmuşdu qəhrəmanım, bu qədər ağır taleyi oldu, onu bilirəm ki, həmin ulduzla bürcün eyniliyi altında dünyaya gəlməyi heç kimsəyə arzu etmirəm.

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #