Tanınmış memar: “Tarixi binaların “yaddaş”ını silmək olmaz”

Tanınmış memar: “Tarixi binaların “yaddaş”ını silmək olmaz”
4 may 2015
# 14:57

Kulis Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının dosent əvəzi, Azərbaycan Memarlar İttifaqının üzvü, interyer tərtibatı üzrə mütəxəssis - memar Nərgiz Ağayeva ilə müsahibəni təqdim edir.

- Nərgiz xanım, memarlığı necə anlamaq gərəkdir? Sivilizasiyanın bir xatirəsi kimi, ya şəxsi yaradıcılıq fəaliyyəti kimi?

- Əbəs deyil ki, memarlıq - bəşəri sənətlər sırasında ikinci yerdə qərarlaşıb. Birinci yer tibb elmlərinə, ikinci yer isə memarlığa məxsusdur. Fərqli cəhətləri olmaqla yanaşı, onları bir oxşar cəhət; hər ikisinin səhvinin bağışlanılmazlığı da birləşdirir. Memarlığın digər yaradıcı sənətlərdən fərqi ondadır ki, memarlıq - hamıya məxsusdur! Hər kəs ondan bəhrələnə bilər. Mənfi cəhəti isə odur ki, memarlığın “mətbəxi”ni gizlətmək mümkün deyil. İstənilən yaradıcı ideyanın reallaşdırılması müəyyən zaman, iradə və dözüm tələb edir. Daha sonra, memarlığı – açıq səma altında “muzey”ə də bənzədirlər! Ümumiyyətlə, yaradıcılıq sahələrində belə bir deyim var ki, yarımçıq işi göstərmək olmaz. İnsan bəndəsi Tanrıdan örnək almalıdır, yəni; gərək olsaydı, insanın yaranış prosesinin 9 ayı ilahi tərəfindən göstərilərdi. Yalnız ən gözəl, estetik, mükəmməl çağı təqdim olunur. Bu danılmaz bir həqiqətdir! Memarlığın əsas özəlliklərindən biri də cəmiyyətdə baş verən dəyişikliklərə ilkin olaraq reaksiya verməsidir. Yəni, cəmiyyətin sosial-iqtisadi, maddi-mənəvi, əxlaq durumu, ideologiyası və s. cəhətlər memarlıq tikililərində öz əksini tapır. Müvafiq danışıq dilini bilmədən belə, cəmiyyət haqda ilkin təəssürat almaq üçün memarlığa nəzər salmaq kifayətdir.

- Müxtəlif dövrlərə aid memarlıq nümunələrinin dövrü və mühiti xarakterizə etdiyini söylədiniz. Bəs üslublar - keçmiş və müasir üslublar fəlsəfi baxımdan nələri ifadə edir?

- Əvvəla, cəmiyyəti üslub dəyişkənliyinə vadar edən əsas səbəblərdən biri – insani tələbatlardır. Üslub – insan fəaliyyətinin bütün ideoloji və bədii tərəflərini əhatə edir. Memarlığın erkən bünövrəsi hələ qədim zamanlardan, antik dövrdə qoyulub. Əsrlərdir ki, bəşəriyyət Qədim Misir, Qədim Yunan və Qədim Roma memarlığı ənənələrindən hələ də bəhrələnir. Əvvəlcə, istərdim “klassiklik” ifadəsinə açıqlama gətirim. Klassiklik - heç nə artırıb azaltmadan bədii əsərin mahiyyətini qorumaq deməkdir. “Klassik” səviyyəyə yüksəlmiş üslublar içərisində qotika, barokko, rokoko, roman üslubu, klassisizm, ampir, konstruktivizm, modern kimi üslubları misal göstərmək olar. Hər yeni yaranan üslub məhz, öz dövrü üçün aktuallıq kəsb edir. Müasir dövrdə klassik üslubları olduğu kimi ifa etmək qeyri-mümkündür. Yalnız “üslublaşma” vasitəsilə, yəni, mövcud üsluba xas bir “parodiya” yaratmaqla. Daha sonra, üslub istiqamətlərini seçmək, istinad etmək də mümkündür (məs. neobarokko neoqotika və s.). Ümumiyyətlə, üslubları 2 yerə bölmək olar: tarixi və etnik üslublar. Dünya tarixində mövcud olan klassik ənənəni 1890-cı ildə yaranmış “modern” üslubu “dağıtdı”. Modern memarlığa, ələlxüsus da interyerə sərbəst planlaşma həllini gətirdi, mövcud simmetrik kompozisiyalara son qoyuldu. Hər yeni üslub – yeni düşüncə tərzi deməkdir, desəm yanılmaram. Modernin yaranmasına təkanverici səbəblərdən biri də əl əməyinin maşın istehsalı ilə əvəz olunması, artıq proletariat sinfinin meydana gəlməsi, kütləvi istehsalın artması, yeni materialların tətbiqi və s. idi.

- Müasir memarlıq nümunələri ənənəvi memarlıqdan kəskin fərqlənir. Məsələn, Bakıdakı “Heydər Əliyev adına Mərkəzi” nümunə götürək. Belə formalar yalnız vizuallıq baxımından qiymətləndirilməlidir, yoxsa hansısa bir funksionallığı var?

- Yerində verilmiş bir sualdır. İstənilən forma; ya estetik, ya da funksional tələblərə cavab verməlidir. Bilirsiniz, Qədim Roma memarı və nəzəriyyəçisi Vitruviy tərəfindən hələ antik dövrdə memarlığın düsturu müəyyənləşdirilmişdir: Memarlıq = fayda + konstruksiya + estetika. Fayda - elə funksionallıq, konstruksiya - özəllik, möhkəmlik, estetika isə onun gözəlliyi və vizual görkəmi deməkdir. Amma bizim yaşadığımız dövrün özəlliyi ondadır ki, müasir yaşam və düşüncə tərzi bu düsturu tədricən məhvə gətirmişdir. Adətən, memarlıqda forma funksiyanı diktə etmişdir. Amma ən son, müasir üslublara nəzər salsaq (dekonstruktivizm və blobitektura), görərik ki, ənənəvi layihələndirmə prinsipləri “ultramüasir” kompüter texnologiyaları hesabına, istənilən əyintiyə uğramış formanın reallaşdırılmasını təmin edir. Məsələn, adı çəkilən “Heydər Əliyev adına Mərkəzi” zəmanəmizin son üslublarından olan dekonstruktivizm üslubunda həyata keçirilmişdir və məşhur ərəb mənşəli qadın memar Zaha Hadidin müəllif layihəsidir. Daha sonra, “Xalça Muzeyi” və “Muğam Mərkəzi”ni də misal gətirmək olar.

Bu nə deməkdir? Artıq Yer kürəsi öz oxu ətrafında, simmetrik qəbul olunmur. Assimmetrik, əyrixətli formalar təbiət formalarını xatırladır və insanı bir növ “xaotik” formaların əsiri edir. Yəni, əvvəldə dediyim kimi, cəmiyyətdə baş verən proseslər memarlıqda ilk əksini tapır. Belə formaların əhatəsində insan özünü bir növ “geoloq” və ya “topoqraf” kimi hiss edir. Ümumiyyətlə, yaradıcı insan bir növ Tanrıdan öyrənə-öyrənə elə Onun işini davam etdirir! Müasir tikililərə nəzər salsaq, artıq mərtəbəliliyin bilinmədiyinin, yeni materialların tətbiqinin, ən əsası formaların funksiyanı diktə etdiyinin şahidi olarıq. Əlbəttə ki, bütün bunların yalnız müasir kompüter texnologiyaları sayəsində mümkün olduğunu qeyd etməliyik.

- Bəs müasir memarlıqda istifadə olunan materiallar insan həyatı üçün ekoloji cəhətdən nə qədər keyfiyyətlidir? Axı müasir memarlıqda daşdan çox şüşə, metal konstruksiyalardan istifadə olunur...

- Haqlısınız, artıq memarın ənənəvi materialı olan “daş”ı nadir hallarda yeni tikililərdə görə bilərik. Sınmayan şüşə (7-8 dəfə möhkəmliyi artırılmış “tpippleks” şüşə), dəmir – beton, metal və polad konstruksiyalar, alukobond (alüminium bəndlər) panel təbəqələr, keramoqranit plitələr və s. yeni-yeni ultramüasir materialların ekoloji cəhətdən keyfiyyətli olmasını yalnız zaman kəsiyindən qiymətləndirmək mümkündür. Qeyd edim ki, yeni materialların tətbiqi, artıq dünyada baş verən qlobal və qarşısıalınmaz bir tendensiyalardandır. Əlbəttə ki, hər yeni material özü ilə müəyyən xarakterik cəhətlər gətirməkdədir.

- Bəs zəlzələyə davamlılıq baxımından?

- Əlbəttə, yeni texnologiyalar, yeni materialların keyfiyyət kateqoriyaları artıq bu möhkəmliyi vəd edir. Lakin, təbiətin ekstremal “şıltaqlığı” qarşısında hələ heç kəs sığortalanmayıb!

- Şəhərimizin bədii görkəmi, obrazı haqda bir peşəkar kimi nə deyə bilərsiniz?

- Memarlıqda “ansambl” deyilən bir anlam var. Bütün tikililərin vahid bir obraz çərçivəsində qavranmasına cəhd. Əlbəttə ki. doğma Bakımızın da siması dəyişikliyə uğramamış qala bilməzdi. Memarlığın cəmiyyətdəki proseslərə ilk reaksiyasını əsas götürsək, şəhərin obrazının nə qədər saxladığını görərik. Birdən-birə yeni-yeni materialların gəlişi, aktiv rəng həllinin mühitə müdaxiləsi qədərincə bu obrazı dağıtdı. Şəhərin ansamblında dominant, simmetrik kompozisiyalar, aksentlər, təhkimçi məkanlar olmalıdır. Lakin, son illərin bərpa proseslərinə nəzər salsaq, bu problemin aradan qaldırılmasına olan cəhdləri də görərik. Məsələn, “ağ-lay” daşı bizim ənənəvi tikinti materialımızdır. Diqqət yetirsəniz, yenə də binaların “ağ-lay”la üzlənməsinin, bərpasının və yeni “falş-fasad”ların tətbiqini görərsiniz. Əlbəttə ki, bütün bunlar Bakımızı ənənəvi simaya qaytarmaq naminə edilən işlərdir.

- Tutalım bir sahibkar şəhərin mərkəzində iri bir ticarət mərkəzi tikdirir. Şəhərin görkəminə məsul qurumlar ona necə nəzarət edir?

- Şəhərin səlahiyyətli Arxitektura və memarlıq komitəsi buna nəzarət etməlidir. Şəhərin “ansambl”ı pozulmamaq naminə tikililərə icazə verilməlidir. Keçmiş sovetlər zamanında da belə idi. Hər istəklə tikililərə quruluş verilsə şəhər nə vəziyyətə düşər? Əminəm ki, zamanla bu problem də aradan götürüləcək.

- Binaların üzünün qaşınması prosesi illərdir ki gedir. Bu, binaların keyfiyyətinə, tarixi simasına təsir etmirmi?

- Fasadların təmizlənməsi, “falş-fasad”ların tətbiqi həmin obrazın bərpasına kömək edir, hardasa. Amma tarixi binaların “yaddaş”ını silmək olmaz, təmizliklə demək olar ki, bunun heç bir əlaqəsi yoxdur. Tarixin hər "tozu”na, “daş”ına hörmət olmalıdır. Əlbəttə ki, bu daşın keyfiyyətinə təsir edir, onun yükdaşıma qabiliyyəti və möhkəmliyi də azaldır.

- Baxdığım bir neçə filmdə iri tikililərin interyeri insanın daxilindəki boşluqla paralelləşdirilir. Müasir tikililərdəki iri interyerləri nə ilə izah edirsiz?

- İnteryer dizaynı - memarlığın ən çətin bölümlərindəndir. İnteryeri “tərtib olunmuş boşluq” kimi də ifadə etmək olar. Əsrlər boyu interyer - insan şəxsiyyətinin davamı kimi qəbul olunub. İnsan yalnız öz şəxsi məkanında, mühitində tam sərbəstlik əldə edir. İngilis nəzəriyyəçisi Terens Konrakın fikrincə: “Məkan - XX əsrin ən böyük təmtərağıdır”. İnsan yaranışından ta bu günə qədər özünə “mikromühit” yaratmaq problemilə üz-üzədir. Memarların fikrincə, məkanın keyfiyyəti heç də onun parametrlərindən; yəni böyüklüyündən və kiçikliyindən asılı deyil. İnsan kiçik bir məkanda da öz “ab-hava”sını yarada bilər. Mən müşahidə etmişəm ki, insanlar zənginləşdikcə, qabaritli villa və məkanlar tikdirirlər, amma rahatlıq üçün “kiçicik” bir guşə də bəs edir. Böyük məkan insanın, hardasa, “tənhalığını” da vurğulayır. Yəni, insanın xoşbəxtliyi məkanın qabaritlərindən asılı deyil. Sadəcə olaraq, insan zənginləşdikcə cəmiyyətə özü haqda, cəmiyyətdəki mövqeyi haqda məlumat vermək arzusunda olur. İnteryer məkanı daima əşya və predmetlərin əhatəsində olub. Məhz, buna görə insanları iki qrupa bölmək olar; insan var, predmet alır ki, özünə dəyər versin, insan var predmet alır ki, predmeti dəyərləndirsin!

Bilavasitə, hər şeyi maddiyatla da bağlamaq olmaz, əsl peşəkar-mütəxəssis istənilən şərtlər çərçivəsində bəlli istəkləri doğrultmalı, az vəsait hesabına da lazımi məkanı yaratmalıdır.

- Qonşu Türkiyədə də, bəlkə bizdə də interyer dizaynla bağlı verilişlər var. Peşəkar dizaynerlər müraciət edən adamın evinə düzən verir və bu proses lentə alınır. Ümumiyyətlə, sizcə bir insanın evinə kiminsə gəlib dizayn verməsi nə qədər düzgündür?

- Əvvəla deyim ki, memarla dizaynerin fərqi var. Bu cərrahla tibb bacısı arasındakı fərq kimidir. Memar-dizayner ifadəsi daha düzgün səslənər. Amma istənilən sahədə olduğu kimi, bu sahədə də peşəkar və diletantlar vardır. Hər kəs öz individual, şəxsi məkanını yarada bilər, yalnız peşəkar səviyyə üçün peşəkar memar-dizaynerə müraciət vacibdir.

- Bu işlər bizdə nə vəziyyətdədir?

- Artıq firmalar da, fərdi işləyənlər də çoxluq təşkil edir. Diletant səviyyə də mövcuddur. Bizim sahədə tək təcrübə hər şeyi həll etmir, nəzəriyyə ilə təcrübənin vəhdəti daha gözəl nəticələr verir. Çünki, interyeri tək predmet və əşyalar formalaşdırmır, interyeri ən əvvəl hakim düşüncə tərzi və həyat tərzi formalaşdırır.

- Siz də bu sahədə fəaliyyət göstərirsiniz?

- Əlbəttə. 20 ildən artıqdır peşəkar səviyyədə bu sahədə çalışıram. Yalnız nəzəriyyə təcrübə ilə birləşəndə peşəkar iş ortaya çıxır.

- İnteryer dizaynında qızıl qaydalar varmı?

- Ən vacibi interyer individual bir “hekayə” bəxş etməlidir, sahibinin şəxsiyyətinin davamı olmalıdır.

- Bizim interyer dizaynda milli bir atribut, mütləq olmalı olan hansısa bir ənənəvi bir dizayn və ya aksessuar varmı? Köhnə evlərdə ləmələr, ora düzülən kasalar vardı, ya sandıq...

- Ənənəvi elementlər arasında, mən “xalça”larımıza daha önəm verirəm. Xalça elə bir interyer elementidir ki, istənilən interyer üslubuna uyğunlaşa bilir. Xalça həm də bizim milli ənənələrimizin “kodlaşdırılmış” bir sistemidir. Ornament və naxış sistemi... Mən, interyer üzrə memar-dizayner kimi layihələrimdə xalçalara, sumaxlara, qobelenlərə, tekstil çeşidlərinə üstünlük verirəm. Müasir dizayn getdikcə ənənəni “dağıda-dağıda” gedir. Amma, müəyyən bir yaş həddi var ki, genetik yaddaş oyanır. İnsan o yaddaşa qayıtmaq istəyir. Yəni insan individuallığını qorumaq istəyirsə, ənənədən tam imtina edə bilməz.

- Bir peşəkar kimi nə müşahidələriniz var: insanlar daha çox nədən imtina edə bilmir, nədən əl çəkə bilmirlər?

- Bilirsiniz, evlə mənzilin fərqi var; evin üstünlükləri daha çoxdur. Şəxsi məkan, həyətyanı sahə, mərtəbəlilik və otaqların təyinatının müəyyənliyi. Ev sahibi məkanı ilə bağlı istəkləri özü diktə edir. Amma mənzil məhdud bir perimetrdir. Məhdud perimetr üçün funksional, transformasiya oluna bilən mebel dəstləri olmalıdır, bunlar da satışda var. İnteryeri çox yükləmək olmaz. Bizim xalq bir az dəbdəbəyə, təmtəraqlı predmetlərə meylli olduğundan, funksionallığa o qədər də önəm vermir.

Xaricdə mebel alanda onun materialının və teksturasının ekoloji cəhətdən təmiz və keyfiyyətli olmasına fikir verirlər. Bizdə isə, ucuzluq və görünüşünə üstünlük verilir. Rahatlıq, ekoloji keyfiyyət bizim üçün əsas meyar deyil, təəssüf ki.

- Yerli istehsal mebellər haqqında peşəkar kimi nə düşünürsünüz?

- Bütün dünyada cəmiyyətdə təbəqələşmə var. Azərbaycanda da cəmiyyətin istənilən təbəqəsi üçün mebel çeşidləri və dəstləri tapmaq mümkündür. Cəmiyyətin alıcılıq qabiliyyətinə uyğun istehsal qurulur, çeşidlər düzənlənir.

- Bahalı otellərdə, evlərdə belə bir üslub var: hər predmetdə bir köhnəlik effekti verilir, paslı divar və ya retro əşyalar... Sanki varlılar dəbdəbədən yorulub, ekzotika kimi kasıbların həyatına, malına həvəs göstərirlər?

- Bu üslub “qranj”adlanır - vintaj elementlərin üstün olduğu bir üslub. Amma vintajla antikvar elementləri səhv salmaq olmaz. Vintaj heç də zənginliklə bağlı deyil. İnsan daima yenilik axtarır. Amma müəyyən yaş həddində ənənə insan üçün vacib olur. Xatirə, keçmişi əzizləmək, keçmiş zaman kəsiyinə aid məqamları vurğulamaq. Vintaj elementlərdə bu keyfiyyət var və bunu hər kəs edə bilər. Antikvariata daha çox zəngin adamlar meylli olur...

# 1972 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #