“Selfinaz”ı öyənlər və söyənlər – RƏY

“Selfinaz”ı öyənlər və söyənlər – <span style="color:red;">RƏY
10 yanvar 2017
# 09:00

Kulis.az Fərda Xudaverdiyevin “Selfinaz” stəndapı barədə yazarların fikirlərini təqdim edir.

Qan Turalı

Fərdanın “Selfinaz” stəndapına əslində kinoteatrda baxmalıydım. Sadəcə alınmadı. Vəd edilən kimi video Youtube-yə yerləşdirildi. Və bir anda gündəmi təyin etdi. Hamı birmənalı şəkildə Fərdanı tənqid edirdi.

Əslində bu belə olmamalıydı. Fəda bizim istedadlı aktyorlarımızdan biridir. “Tək səbir”dən başlamış bir Fərdaya gülmüşük. Fərdanın çox gözəl yumor hissi var. Filmlərində də onun istedadı üzə çıxır. Bəli, tam şəkildə üzə çıxmayıb, düzdü. Amma Fərda adlı bir istedadlı aktyorumuz var və bunu inkar etmək də olmaz. Elə “Tək səbir”dəki “Avtobus” səhnəcəyini xatırlamaq kifayətdir. Bütün bunlar məlumdur. Lakin o da məlumdur ki, bu ötən illər ərzində Fərda öz istedadını parlaq şəkildə üzə çıxara bilmədi. Şou-biznes qəhrəmanı oldu, veriliş apardı, şənliklərə getdi, öz potensialını gerçəkləşdirə bilmədi. Bizim qısır mühitimiz buna mane oldu. Yalnız son illərdə kinematoqrafiya səhnəsində kövrək addımlar atılır. Bizdə belədi axı... İnsanı məhv edib, sonra da goruna and içirlər.

Fərdanın stəndap videosu Youtubedə 400-minə qədər baxılıb. Ölkəmizin əhalisini nəzərə aldıqda bu möhtəşəm rəqəmdir. Lakin bu qədər adamın cəmi 20 faizi bilet alsaydı... Fərda da ildə bir neçə stəndap etsəydi… Daha çox inkişaf edərdi. Öz işiylə daha çox məşğul olardı. Öz üzərində çalışardı. Daha gedib el şənliklərində istedadını xərcləməzdi. Daha gedib istedadını korşaldan şeylərlə məşğul olmazdı.

Onun istedadını hamımız qəbul edirik. Elə Youtube-dəki baxış sayı da ona olan diqqətin təzahürüdür.

Oxşar məsələ “Pərdə” filmində də olmuşdu. Film nümayişə çıxanda yox, Youtubeyə qoyulanda reaksiya doğurdu. Məncə bütün bunlar Fərdanın yox, fərdin məsələsidir. Hər birimizin mədəni prosesə nə qədər diqqət, nə qədər pul ayırmağımızla bağlı məsələdir. Pulsuz filmə baxıb, pulsuz kitab oxuyub sonra müəllifi tənqid etməyə nə var ki? Hər bir insan öz məsuliyyətini gözəl başa düşməlidir.

Şərif Ağayar

Mən Fərdanı Azərbaycan reallıqları ölçüsündə xeyli ciddi sənət adamı hesab edirəm. Baxmayaraq ki, çoxlu çatışmazlıqları vardı və hələ də var. Niyə ciddi hesab edirəm? Ona görə ki, bizdə seçim imkanı yoxdur. Olanımız budur. Ancaq bu “yox”luq Fərdaya da əsas verməməlidir. O, bizim efir üçün çox işlər gördü. Standapın, demək olar, əsasını qoydu. Başına komanda yığıb balaca sketçlər təqdim etdi və sizə deyim, bunları heç də pis etmədi. Kifayət qədər uğur da qazanda. Sonra təbii olaraq komediya filmlərinə çəkildi, az-çox maraqlı obrazlar yaratdı. Lakin aktyor kimi, komediyaçı kimi özünü püxtələşdirməyə çaldışdısa da, intellektinin inkişafının qeydinə qalmadı. Əksər aktyorlarımız kimi ciddi kitablar oxumadı. Ona görə gəlib-gəlib yaşının ən məhsuldar çağında mütləq çoxluğun narazı qaldığı “Selfinaz”a çıxdı. İntellekt güc deməkdir. İntellektsizlik, nə qədər istedadlı olsan da, gücsüzlükdür. Gücsüzlük isə, şübhəsiz istedadlı adamı kiminsə, yaxud kimlərinsə imitasiyasına aparıb çıxaracaq. Sənət adamı nə etdiyini və niyə etdiyini əvvəlcədən bilməlidir. Bir də Azərbaycanda yaradıcılıq emalatxanalarının olmaması səbəbi var ortada. Bu da danılmaz faktdır. Kimdən məsləhət alsan? Harda təcrübə keçəsən? Kimə inanasan? Sənət eşqiylə yaşayıb-yaradan neçə adam var ölkədə? Suallar çoxdur, cavablar az. Hər halda inamımızı itirməyək...

Mirmehdi Ağaoğlu

Fərda Xudaverdiyev istedadlı aktyordur. Buna söz yox. Onu hələ o vaxtı İqtisad Universitetinin tərkibindəki KVN komandasından tanıyırdım. Sonralar da “Tək səbir” verilişində Fərda özünün orijinal yumoru ilə fərqlənməyi bacarmışdı. Üstəlik onu da deyim ki, “Oğlan evi” filmindəki rolu da uğurlu idi.

Bütün bunlardan sonra Fərdadan daha bir uğurlu layihə gözləyirdik. Lakin hələ “Selfinaz”ın treylerinə baxanda hiss olunurdu ki, yumşaq desək Fərda Cem Yılmazdan nələrisə götürüb. Amma fikirləşdim ki, səbrimizi basaq, görək bu layihənin tam variantı necədir?

“Selfinaz”a baxanda isə bir daha əmin oldum ki, Fərdanın bu layihəsi Cem Yılmazın stəndaplarının kopyasıdır. Səhnə tərtibatından tutmuş, mövzuya qədər, Fərdanın geyiminə, danışıq tərzinə qədər bir çox şey Cem Yılmazdan götürülüb. Deyərdim ki, Fərda fasilə zamanı suyu da eynən Cem kimi içirdi. Açığını deyim, Fərdanın layihəsini bəyənmədim. Heç olmasa səhnə tərtibatını fərqli edərdi, heç olmasa Cem kimi səhnənin başında “smaylik” işarəsi asmazdı. Kimdənsə nəyisə mənimsəmək olar, amma bu qədər yox. Nə Fərdanı, nə Cem Yılmazı tanıyan istənilən adam bu iki layihəyə baxıb deyər ki, bunlar bir-birinin eynidir. Yəqin Fərda özü də bir müddət sonra soyuq başla “Selfinaz”a baxsa eyni oxşarlıqları görə biləcək. “Selfinaz”a baxıb yorulandan sonra təzədən Cemin stəndaplarına baxdım. Bəlkə hər birinə on dəfə baxmışam, amma bununla belə yenə güldürməyi bacarırdı. Amma Fərda... 45 dəqiqəlik tamaşa boyu cəmi iki, ya üç yerdə dodağım qaçdı, ya qaçmadı. Bizə belə Fərda lazım deyil, bizə özü olan, səhnədə öz obrazını yaradan Fərda lazımdır, Cem Yılmazın kopyası yox... Və inanıram ki, Fərda Xudaverdiyev bunu edə bilər!

Ayxan Ayvaz

Fərda “İnterpapa” filmində Fərda idi, bir də “Tək səbir”də. O zaman, elə indi də Fərdanın istedadına şübhəm yoxdur. Sadəcə uzun vaxtdan sonra Fərdanın yalnız dekorasiyası dəyişdi, içini zənginləşdirmədi. Dünya görüşü, mütaliəsi çox aşağılardadır. Bunu “Selfinaz” adlı stəndapında görəndə əvvəlki Fərdanın xiffətini çəkdim. O Fərda daha yaxşı idi, çünki özü idi. Bəlkə təcrübəsiz görünürdü, hələ püxtələşməyə ehtiyacı vardı. Ancaq o Fərda gerçək Fərda idi. Görünür, onun barıtı bu qədərmiş. Rus əsgəri kimi bir addım irəli, iki addım geri gedərək yerindəcə saydı. Son stəndapında isə özündən hündürə tullanmaq cəhdləri əvvəlki istedadlı Fərdanı pis kökə saldı. Görünür, Fərdanın baqajı bu cür stəndapa uyğun deyildi. Fərda guya intellektual, guya böyük sənətçi kimi görünmək istədi səhnədə. Guya biz Cem Yılmazı tanımırıq, guya belə bir şey görməmişik. Ancaq xalaların, gəlinlərin baxıb güləcəyi bir stəndap. Çoxdan gülünüb bitmiş söhbətlər. Mən onunla da razıyam ki, Fərda Cem Yılmaz kimi əjdahadan təsirlənə bilər. Burda qəbahət yoxdur. Ancaq bu dekonstruksiya deyildi. Fərdanın elədiyi əsl oğurluq idi. Yerişi-duruşu, baxışı, danışıq tərzi Cem Yılmazın “ta kendisi”. O illər əvvəl gördüyümüz Fərdanın yerinə bayağı bir Cem Yılmaz gəlmişdi. Sənət oğurluğu qəbul eləmir. Fərda özünü ifadə etmirdi. Cem Yılmaz roluna girmişdi. Özü də çox pis ifadə edirdi rolunu. Vallah, mən Fərdanın yerində olsam bəlkə də daha çox komik görünərdim. Zarafat bir yana, bu stəndap alınmadı. Fərda oğrudur. Bu oğurluq davam edəcəksə o zaman biz daha bir istedadlı aktyorumuzu itirdik. Allah rəhmət eləsin!

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #