Azərbaycanda sənədli kinonun vəziyyəti ilə bağlı polemikada sənətşünaslıq doktoru Elçin Əlibəyli, rejissor Mübariz Nağıyev, jurnalist Səbuhi Məmmədli iştirak edib.
Sevda Sultanova: Bizdə kino deyəndə ağla ilk növbədə bədii film gəlir. Sizcə, bu, nə ilə bağlıdır və ümumiyyətlə, sənədli filmə münasibət nə qədər ciddidir?
Elçin Əlibəyli: Ümumiyyətlə, sənədli sözünün özünə münasibət dəyişilməlidir. Sənədli filmlər təsnifləşdirilməlidir. Tutaq ki, biz etnoqrafik filmi tədris, öyrədici filmdən ayıra bilməliyik. Azərbaycan sənədli kinosunda bu təsnifləşdirmə hələ getməyib və onun öz tamaşaçısı formalaşmayıb. Bizim sənədli kino ilə bağlı böyük tariximiz var. Amma burda da təsnifləşdirmə düzgün aparılmadığından, auditoriya düzgün seçilmədiyindən kinonun bu növü sevilmədi. Əsas problem budur. Yəni təbiəti çəkən rejissorla tarixi çəkən rejissor eyni cür düşünə bilməz. O, təbiətin gözəlliyini görür, başqa rejissor üçün isə tarix maraqlıdır. Onun tamaşaçısı da elədir. Məsələn, mənim dostlarım var ki, saatlarla heyvanlar haqda filmlərə baxırlar. Mən isə o cür filmlərə baxmıram, çünki zövqümdə deyil. Amma tarixi sənədli filmlər mənə maraqlıdır. Yəni birinci problem budur ki, təsnifat yoxdur.
Mübariz Nağıyev: Elçinlə razıyam. Bayaq dediniz ki, kino deyəndə birinci bədii film yada düşür. Çünki Azərbaycan kinosunda bədii film sənədli kinodan daha parlaq olub. Sovet dövründə Azərbaycan kinosu vüsət tapdı. Amma çox təəssüf ki, gürcü, özbək, qazax kinosu kimi Azərbaycan kinosu yaranmadı. Həsən Seyidbəyli, Arif Babayev gözəl çəkirdi, amma ümumilikdə Azərbaycan kinosu olmadı.
S.S: Niyə?
M.N: Yəqin ki, onun fərdi və ümumi səbəbləri çoxdur. Bu barədə danışsaq gərək mövzunu dəyişək.
Gəlin, sənədli filmdən danışaq. Bəzən də olur ki, televiziya filmi ilə sənədli film səhv salınır. Diplomlu rejissorlar telefilm çəkib adını sənədli qoyur. Çox güman ki, təhsil sisteminin özündə boşluq var. Bəlkə təsnifat da əsas elementlərdən biri kimi orda öyrədilməlidir. Mən film çəkirəmsə, onun hansı auditoriya üçün çəkdiyimi, onun nə istədiyini, nə gözlədiyini bilməliyəm.
Səbuhi Məmmədli: Mən bu sahədə təzəyəm. Sənədli filmlə bağlı dördüncü ssenaridir ki, yazıram. Sənədli filmlərin tarixini dərin bilmirəm. Amma bugünkü vəziyyətdən çıxış edərək, onu deyim ki, sənədli film mədəniyyəti bizdə olmayıb. Bugünkü sənədli filmlər tamaşaçını inandıra bilmir. Filmlər obıvatel səviyyəsində çəkilir. Məsələn, son filmi işləyəndə buna oxşar mövzularda ekranlaşdırılan filmlərə baxdım. Və məndə elə təəssürat yarandı ki, rejissorların özləri nə çəkdiklərindən xəbərsizdirlər. Bunun da səbəbi odur ki, hər bir sənədli filmin arxasında araşdırma dayanmalıdır. Araşdırma olmadığına görə obıvatelcəsinə kalka ssenarilər yazılır. Etiraf edim ki, mən sonuncu işimi, yəni İtaliyada vuruşmuş azərbaycanlı partizanlarla bağlı sənədli filmin ssenarisini yazanda azı 10 rus filminə baxdım. Məsələn, “Ştrafbat”a. 30 dəqiqəlik filmin ssenarisini iki ay yarıma yazdım, araşdırdım. Ən xırda detala kimi... Mövzunu araşdırmamaq, yaxşı öyrənməmək naşı işin ortaya qoyulmasına gətirib çıxarır.
S.S: Sənədli kinomuzun əsas problemlərindən biri janr məhdudiyyətinin olmasıdır, məsələn daha çox portret filmlər çəkilir...
E.Ə: Sənədli filmdə janr tələb eləmək olmaz. Bayaq təsnifləşdirməkdən danışdım. Sovet vaxtı elmi kütləvi filmlər çəkilirdi. Bu, sırf öyrədici filmdir, onun auditoriyası gənclər də, yaşlılar da ola bilər. Birinci ondan başlayaq ki, bizdə sənədli filmin dramaturgiyası ilə məşğul olan mütəxəssis yoxdur. Bəlkə də bunu bilən var, amma öyrədən yoxdur. Mən özüm də televiziyada sənədli filmlərə ssenari yazmışam, 40-60 sənədli televiziya filminin prodüseri olmuşam. Sənədli filmin yaranma prosesinin nə qədər qeyri-peşəkarcasına getdiyinin şahidiyəm. Çünki bunun peşəkarlaşmaq üçün yeri yoxdur bizdə. Gedib öyrənə biləcəyin insan da yoxdur. Ancaq gedib nəyəsə baxıb öyrənməlisən. Bu da əslində qeyri-peşəkarlıqdır. Sənədli filmin əsas funksiyalarından biri budur ki, vaxtaşırı tarixi, informativ xarakterli məlumatları çatdırsın. Yəni bir növ teledərslik rolunu oynasın. Yeri gəlmişkən, sənədli film anlayışı xronikadan başlayır. Bu gün bizim Azərbaycanın xronikalarından xəbərimiz var? Və ya internetdə tutaq ki, 2001-2002-ci illərdə nələrin baş verməsi haqda videoxronika varmı? Yoxdur. Bu gün o arxivlərin çoxu Dövlət Televiziyasında var, amma qapısı bağlıdır. Eləcədə də Arxiv İdarəsi. İnternetdə bununla bağlı xüsusi kanal yaradılmalıdır ki, hər kəs xronikadan istifadə eləyə bilsin. Biz hər hansı sənədli materialı götürəndə bilirsiz, nə qədər əziyyət çəkirik. Rusiyada bu problem deyil, pulunu ödəyirsən və istifadə edirsən. Yaxud Azərbaycan tarixinin son dovrü – Xocalı faciəsi, torpaqların işğalı ilə bağlı televiziya kanallarında ancaq eyni kadrlar gedir. Məgər başqa şeylər çəkilməyib. Çəkilib. Amma bilinmir hardadır.
S.M: Bir məqamı da deyim. Bax, elə bu filmi işləyəndə, mən – sıravi azərbaycanlı, sıravi jurnalist kimi burdan Milana gedirəm. Arxivləri heç bir problemsiz, rahat şəkildə araşdırıram. Sovet partizanlarına aid xronikaya, fotoya kimi baxmağa şərait yaradırlar. Burda isə informasiya almaq çətinliyi sənədli filmin yarımçıqlığına səbəb olur. Adi bir sorğuya cavab almaq çətindir,
E.Ə: Başqa bir fakt da deyim, Azərbaycanla bağlı nə qədər xronika, sənədli material Moskva arxivlərindədir, amma biz onun fərqində deyilik. Heç surətini də çıxarmamışıq.
M.N: Mən filmlərimdə arxivlə işləmişəm. Yadınızdadırsa, ayda bir dəfə “Sovet Azərbaycanı” jurnalı çıxırdı. 20 dəqiqəlik idi. Orda bütün sahələrə yer ayrılırdı. Həmin xronikadan dövlət arxiv idarəsində bir nüsxə saxlanılır. Onu da hansı vəziyyətdə saxlayırlar. Maral Rəhmanzadə haqda filmdə xronikadan istifadə eləmişəm. Kinostudiyada üzünü köçürdük. Mircəfər Bağırovun emosional çıxışını, Stalinlə bağlı görüntülərin üzünü köçürənə kimi lent ovulub töküldü. O nüsxə daha yoxdur.
S.S: Müasir sənədli filmdə araşdırma, müasir həyatımızın təhqiqatı, müşahidə yoxdur. Bayaq dediyim kimi daha çox portret filmlərə meyl var. Elə Mübariz müəllimin bir neçə sənədli film də portret janrındadır. Bu janrda işləmək daha asan üsuldurmu yoxsa başqa səbəblər var?
M.N: Hansı filmlərimi nəzərdə tutursuz?
S.S: Rəssamlar haqda filmlərinizi deyirəm.
M.N: Yox, mən sizə açığını deyim. Sizin baxdığınız, xalq rəssamları haqda 4 film dövlət sifarişi ilə çəkilib. Bu cür sifariş olunub, bu cür də verməlisən. Orda mənim seçimim yoxdur. Amma sənədli filmdə mən o adamı tanımalıyam, sevməliyəm və axırda bilməliyəm ki, bu adam kimdir. Yəni dramaturgiyası qurulmalıdır. Sənədli filmin bədii filmdən fərqi onadır ki, o, daha dinamik ola bilər, təbii ki, dramaturgiya qanunlarına tabe olaraq. Sənədli filmin çəkilişi zamanı olur ki, sən materialın yarısını çəkmisən və kadrlarda elə bir şey ortaya çıxar ki, sonradan sən tamamilə başqa istiqamətdə çəkərsən. Araşdırmaya isə indiyədək nə mətbuatda, nə sənədli filmdə rast gəlmişəm.
S.M: Bu da onunla bağlıdır ki, jurnalistin informasiya almaqla bağlı problemlər var. Yəni informasiya almaq çətinliyi var. İkinci bir tərəfdən, ölkədə nəinki araşdırmaçı-jurnalist, ümumiyyətlə jurnalist qıtlığı var.
M.N: Mən özümü sənədli film rejissoru saymıram. Bu, fədakarlıq tələb edir, sənədli film araşdırmaçıları həyatlarını qurban verirlər. Bu kino növünün bizdə uğursuzluğunun əsas səbəbi cahillikdir, oxumurlar, öyrənmirlər. Hardansa tapıb oxuya, baxıb öyrənə bilərsən. O gün metroda bir uşaq gördüm. Kitab oxuyurdu. Yaxınlaşanda gördüm ki, Puşkini türkcə oxuyur. Ola bilsin rusca bilmir. Hər halda buna sevindim. Bu sənətin içində olan adamın rusca bilməsi vacindir. Dünyada çox əsərin ruscaya tərcüməsi var. Amma elə əsərlər var ki, ingiliscədə yoxdur.
S.M: Bir məsələ də var. Bədii filmdə sətiraltı olaraq hər şeyi vermək olar.
M.N: Sənədli filmdə də vermək olar.
S.M: Burda bir az fərqlidir. Azərbaycanda bu, çətindir, çünki müəyyən kalkalar var ki, ondan kənara çıxılmır. Sponsor və s. amili var. Amma ciddi film çəkmək istəyirsənsə, fədakar olmalısan. Təmənnasız olmalısan.
S.S: Digər problem də budur ki, bir insanı, yaxud hansısa mövzunu araşdırırsansa, onun keyfiyyətli alınması, uzunmüddətli müşahidə etmək üçün texniki, məsələn, kamera problemin olmamalıdır. Xüsusən müşahidə filmləri.
M.N: Müşahidə sənədli filmin bir qoludur. Elə filmlər var ki, əvvəldən qurulur. Aktyor da istifadə edə bilərsən. Texnika filan problemi əlbəttə ki, olur. Amma tamaşaçı o qədər acıb ki, kimsə telefonda nəsə çəksin, amma içərisində maraqlı bir şey olsa baxılacaq. Onun keyfiyyəti vacib deyil.
E.Ə: Televiziya vizual informasiyadır. Jurnalist işləmək istəyənlərə araşdırmaq üçün mövzu verirəm. Əslində sənədli kinonun kökündə bir az reportaj dayanır. Gənc jurnalistlərə deyirəm ki, Nəsimi bazarından ya da Şanxaydan reportaj eləmək üçün fotolar çəkin. Mənə maraqlıdır ki, əsas məsələni tuta bilirlərmi. Və həqiqətən elə jurnalistlər var ki, onların materialında araşdırmaya meyl hiss olunur. Yəni şəkillər danışır. Çəkdikləri fotoları arda-arda düzəndə bütün mənzərə aydın olur. Adam da var ki, hər şey çəkir, amma heç nə yoxdur. Dramaturgiyanı qurmaq üçün məsələnin mahiyyətini bilməlisən. “Lider”də vaxtilə “066 layihəsi” vardı. Maraqlı araşdırmalar edirdilər. “Qırmızı xətt” adlı televiziya filmində silsilə araşdırmalar elədik. Tarixi də, QİÇS-i də, dini təriqətləri də müzakirə elədik. Hətta bizə hücumlar da oldu. Amma indi bu, yoxdur. Bu suala cavab axtaraq. 2000-ci illərdə telekanallarda sənədli filmə meyllər çox idi. Redaksiyalar vardı ayrıca. Məsələn, Mehriban Ələkbərzadənin “Space” kanalında xanlıqlarla bağlı silsilə filmləri oldu. Nazim Abbasın Az TV-də maraqlı filmləri vardı. Sonra məlum odu ki, sənədli film lazım deyil və bağlandı. O dövrün maraqlı işlərindən biri Mirsadıq Ağazadənin “Bayatı Şiraz” filmi idi. Mətbuatda da haqqında yazıldı. Müzakirə olundu. Indi belə filmlər yoxdur. Bu sahənin inkişafı üçün televiziyalar düşünməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcəsində təbliğatla bağlı xüsusi maddə var. Hara xərclənir bu pul? Bilbordlarda “Təbiəti qoruyaq” yazılıb, ağac şəkli çəkilib və su damcılayır. Bu, təbliğat deyil. Təbliğat o olardı ki, Azərbaycanın florası və faunası haqda maraqlı qısa film çəksinlər. Mən təkcə Ekologiya Nazirliyini yox, bütün nazirlikləri deyirəm. Burda birbaşa dövlət müdaxilə etməlidir. Hansı şəkildə? Dövlət qurumları televiziyalarla birbaşa işləməlidir. Təhsil Nazirliyinin işi axı, təkcə orta məktəblə, ali məktəblə bitmir. Təhsil geniş anlayışdır. Rusiyanın Aviasiya Nazirliyi öz büdcəsindən pul ayırıb Çkalov haqda film çəkdi. Yəni Rusiyanın böyük aviasiya tarixi var. Moskva meriyası şəhərin memarlığı, tarixi ilə bağlı sənədli filmlər maliyyələşdirib. Bakı meriyası hansı filmi maliyyələşdirib?
S.S: Amma Bakının memarlığından, tarixindən filmlər çox çəkilib. Amma bu, tamaşaçıya maraqlıdırmı? Söhbət təsvir həllindən gedir.
E.Ə: Araşdırılan obyekti qəhrəmana çevirməyi, vizual həllini tapmaq lazımdır. Əgər mən sadəcə danışsam maraqlı olmaz.
M.N: Manaf Süleymanovun “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” əsərindən maraqlı silsilə film çəkmək olar.
Aliyə: Elçin müəllim, siz bayaq dediniz ki, əvvəllər telekanallarda sənədli filmlər gedirdi. Amma sonra sənədli filmlərin çəkilməsi dayandı. Auditoriyanın marağı, tələbi olmadı yoxsa başqa səbəblər vardı?
E.Ə: Auditoriyanın tələbi o vaxt da az idi. Reytinq baxımından. Azərbaycan teleməkanını səviyyəsizləşdirən həmin reytinq şirkətləridir. Onların diktəsi ilə televiziyaların yaradıcılıq siyasəti qurulur. Alternativ reytinq qoymaq lazımdır. Bilirsiniz, hansı anlamda? Nüfuzlu verilişin ictimai əhəmiyyəti onun aylıq, illik qiymətləndirilməsi ilə bağlı olmalıdır. Yəni mükafat verilsin, məsələn, Televiziya Akademiyası tərəfindən. Yaxud Teleradio Şurası ayda bir dəfə elan etsin ki, Az TV-də filan verilişin ictimai-tarixi əhəmiyyəti böyükdür, bu halda başqa kanal da efirində belə verilişin olmasını istəyər. Görür ki, bu heç kəsə lazım deyil. Çalıb çağırmaq daha çox pul gətirdiyi üçün kanallar da bu istiqamətə üstünlük verir.
S.M: Niyə ki? Sizə bir söz deyim. Və bunu təkrarlamağı xoşlayıram. İstənilən mövzunu oxucuya və ya tamaşaçıya təqdim etmək məsələsi var. Məsələn, biz aprel ayında Əfqanıstanda olanda, bu ölkədəki Qarabağla bağlı reportajlar elədik. APA TV-də kiçik film adlandıra biləcəyimiz süjetlər hazırladıq. Allah qoysa həmin süjetlər arasında film də eləyəcəyik. Həmin süjetlər və lent.az-da gedən yazıları on mindən çox adam izləmiş və oxumuşdu. Deməli, auditoriya üçün maraqlıdır. Və tamaşaçını, oxucunu tərpətmək olar.
E.Ə: Maraqlı oldu-olmadı sənədli film çəkmək onun borcludur.
S.S: Mübariz müəllim, siz müstəqil şəkildə sənədli film çəkmisiz? Bayaq dediz ki, mobil telefonla da çəkmək olar, yetər ki, maraqlı olsun.
M.N: Mən özümü sənədli film rejissoru saymıram. Buna baxmayaraq, maraqlı bir faktla rastlaşmışam. İstəyirəm onu çəkim. Hələ ki, eləməmişəm müstəqil şəkildə.
E.Ə: Biz indi böyük, bahalı layihənin üzərində işləyirik. Orta əsrlər Ağsu şəhəri haqda film çəkirik, “Roma” sənədli filmlər silsiləsi səviyyəsində film düşünürük. Məncə, pis alınmayacaq. İlkin ssenarisini iki ay işləmişik. Hardasa bir aya yaxın çəkilişlər olacaq. Aktyorla da oynayacaq, qrafika elementləri də olacaq. O şəhəri yenidən canlandıracağıq və hadisəyə çevirməyə çalışacağıq. Bu, sifariş deyil. O şəhəri gördüm, haqqında oxudum, araşdırdım. Biz bilmirik, Orta Əsrlərdə necə yaşamışıq.
S.S: Bu cür filmləri xaricə satmaq mümkündürmü? Ümumiyyətlə, filmi xaricə satılmaq üçün hansı şərtlər tələb olunur?
E.Ə: Burda birinci tələb olunan filmin standartlara cavab verməyidir: məzmun, keyfiyyət, yanaşma baxımından. Xarici şirkətə desən ki, 65 dəqiqəlik sənədli film çəkmisən, qəbul eləməzlər. Normal format tələb edəcəklər. Xronometraj vacibdir. Xaricə satılması üçün birinci o standartları öyrənməliyik. Ondan sonra həmin standartlara uyğun filmlər çəkilsə, təbii ki, maraq yaranacaq. Hətta sifarişlər verə bilərlər.
M.N: Əsas məsələlərdən biri prodüser amilidir. Bu da bizdə yoxdur. Dövlət hər hansı film üçün sifariş verir. Mən çəkirəm, bir nəfər də ortada onun pulunu alıb, adını qoyur prodüser. Prodüserlər Kanna, Venesiyaya gedirlər, festival bitən kimi gəlir. Sən festival bitəndən sonra gözləməlisən. Çünki festival bitəndən sonra bazar başlayır. Xaricdə necə film istəyirlər, onlara nə maraqlıdır, yəni film üçün potensial müştəri tapırsan.
S.M: Bir daha deyirəm, ümumiyyətlə, Azərbaycanda sənədli film çəkmək üçün mövzu qıtlığı yoxdur. Bir-iki tələbəm var da, gəlirlər bura, təmənnasız-filan reportaj hazırlamaqla bağlı təlim keçirəm. Elə onlara da deyirəm. Yolda gedirsən, yolda ayığının altındakı plitə qopub düşürsə, bu artıq mövzudur, araşdır, yaz. İndi işlədiyim film “Nuru və Gina”nı misal çəkim. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə çəkilir. Azərbaycanlı partizan Nuru Əliyevlə italiyalı partizan qız Gina Neqrinin, necə deyərlər, məhəbbət dastanıdır. Dramatik, fantastik bir eşq hekayətidir. Və mən inanıram ki, bu film uğur qazanacaq, hətta kassa filmi də olacaq.
E.Ə: Xaricdə bunun həlli yolu var. Elə ölkələr var ki, Azərbaycan kimi orda da daxili bazar məhduddur. Bu zaman orda özəl şirkətlərin üzərinə öhdəlik, ictimai məsuliyyət qoyulur. Gəlirindən sənədli filmə bu qədər xərcləməlisən. Siz misalçün, İtaliya haqda film çəkirsiz. Azərbaycanda italyan şirkətləri var, onlara layihəni göndərən kimi dərhal reaksiya verməlidirlər. Bu məsələdə iştirak etməlidir. 14 il əvvəl Qaradağ sement zavodu bir operanı maliyyələşdirirdi, indi bu, yoxdur.
S.M: Burada bir məqamı da deyim mütləq. Mən bir neçə qaynar bölgələrdə olmuşam. Suriyada, Əfqanıstanda, Pakistanda, İraqda olmuşam. Hamısı da APA-nın öz daxili resursları hesabına. Amma belə deyək də, indi, 2 layihəm var. Qaynar bölgələrlə bağlı. İnsan həyatını sığortalayan iki sığorta şirkəti ilə danışdım. Onların dəstəyi və bu dəstək müqabilində reklamlarının olacağı ilə bağlı. Dedim, tutaq ki, Liviyaya, Tripoliyə gedirəm və 6-7 reportaj gətirirəm. Hər reportajda linkiniz gedir, reklamınız olacaq. Ancaq bir söz bilirlər: maraqlı təklifdir, amma…Və bu ammanın arxasınca qaçmağa həvəs yoxdur, düzü. Yenə Allah özümüzə versin (gülür).
M.N: Mental problemlər də var, deyirlər filan şeyi çox açıb ağartmayın şikəst film alınır.
E.Ə: Humanitar siyasətlə bağlı doktrina yoxdur. Bu doktrina dövlət büdcəsindən mədəniyyətə ayrılan pulların məqsədyönlü xərclənməsinə imkan verəcək. Dövlət büdcəsi hesabına çəkilən bədii filmlərin əksəriyyətinin səviyyəsi heç nəyə cavab verilmir. Dünyada elə bir standart yoxdur. Bir dəfə uğursuzluğa düçar olan rejissora ikinci dəfə yenə film verilir. Dövlət büdcəsinə yalnız tarixi filmlər çəkilməlidir.
S.S: Biz onları çəkməyə hazırıqmı?
E.Ə: Hazır deyiliksə peşəkarları gətirmək lazımdır ki, gənc rejissorlarımız onların yanında yetişsin.
S.S: Kimi nəzərdə tutursuz peşəkar deyəndə?
E.Ə: Xaricdən gələn peşəkar rejissorların hesabına.Biz portretdən uzağa gedə bilməmişik. Rusiyada şairdən serial çəkirlər. Orda onların fikrə dalmasını, şeir deməsini görmürük, onun həyatını görürük. Mənfi və müsbət tərəfləri ilə birgə.
S.S: Əksər televiziya və sənədli filmlərdə mətnlərdə adların yerini dəyişsən heç nə dəyişmir, qəhrəmanları mübaliğəli, ideal təqdim edirlər.
E.Ə: Yeri gəlmişkən, bir şey deyim. Sovet dövründə icmal çıxırdı. Orda əsas filmlər təhlil olunurdu. Həmin icmalda bizim şedevr saydığımız “Nəsimi” filmini tənqid ediblər ki, biz orda şairi görmürük. Ancaq portret görürük. Portretdən çıxa bilmirik. Axundov filminə baxdınız?
M.N: Mən baxmadım. Cavid haqda filmdən sonra Ramiz müəllimə zarafatla dedim ki, nə vaxtdan verilişi lentə çəkməyə başlayıblar.
E.Ə: Ssenaridə də problem vardı. Bütün film boyu düşündüm ki, bu, öləcək ya yox. Axı niyə onu ölüm yatağında çəkiblər. Axundov kimi enerjili, çox iş görmüş insan niyə yataqda olmaldır. 1984-cü ildə çəkilən “Amadey” filmi ilə 2012-ci ildə çəkilimiş “Sübhün səfiri”ni müqayisə edin. Nə qədər fərq var. “Amadey”də rejissor Motsarta insan kimi baxdı. Yəni o, belə də ola bilər.
Aliyə: Deyə bilərikmi, rejissorlar reallığa toxunmaq istəmir. Əksərən sifarişçi də, elə sifarişi icra edən yaradıcı adam da hər şeyi əla, başağrısı gətirməyəcək vəziyyətdə təqdim etmək istəyir. Həqiqəti deməyə, lap elə tarixi təqdim etməyə qorxur, ona görə da onu ideal təqdim edir?
E.Ə: Mən elə hesab eləmirəm.
S.M: Söhbət yaradıcı mühitin azadlığından gedir. Sifarişçi neqativ şeyləri görmək istəmir.
M.N: Bunun yolu var. Sifarişçinin dediyini yerinə yetirin, amma özünüz üçün ikinci rejissor versiyasını da çəkin. Olanı çəkin, həmin o narazılıq doğuran şeyləri.
- Son olaraq, sənədli filmin keyfiyyətli olması üçün nə etmək lazımdır?
E.Ə: Biz kinonun inkişafından danışırıqsa, gəncləri xaricə öyrənməyə, oxumağa göndərməliyik. Onlar peşəkarlığı öyrənməmiş çəkilən film effekt verməz.
M.N: Bir də mövzuya maraqlı rakursdan baxmaq lazımdır.
S.M: Elçin deyir, gəncləri xaricə göndərmək lazımdır. Yox, bu çıxış yolu deyil, məncə. Qayıdıb gələn gənc də sonucda ciddi bir şey çəkməyəcək, klip çəkəcək.
Sevda Sultanova, Aliyə