Xalq şairlərinin şeir müharibəsi: Rəsul Rza və Səməd Vurğun

Xalq şairlərinin şeir müharibəsi: Rəsul Rza və Səməd Vurğun
18 fevral 2013
# 08:30

Kulis.az “Rəqiblər” layihəsində bir-biri ilə ciddi konfliktdə olan sənət adamlarından bəhs edir.

“Səmədlə mənim aramda mübahisələr, küsüb barışdığımız vaxtlar olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz”. Bu sözləri Rəsul Rza Səməd Vurğunla münasibətləri haqqında danışarkən söyləyib.

Səməd Vurğunla Rəsul Rzanın münasibətlərinin gərgin olması barədə müxtəlif söz-söhbətlər bu günədək gəlib çıxıb. Doğrudur, bu davanın daha çox estetik planda olduğunu deyirlər-Səməd Vurğun heca şeirinin, Rəsul Rzanın sərbəst şeirinin görkəmli nümayəndələri sayılırdılar- ancaq gərginliyin sərhədlərinin bununla yekunlaşmadığını söyləyənlər var. Hətta Rəsul Rzanın Səməd Vurğunun dəfnində iştirak etmədiyini deyirlər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Rəsul Rzanın oğlu, Xalq Yazıçısı Anar “Mübarizə bu gün də var” kitabında Rəsul Rza ilə Səməd Vurğunun münasibətləri haqqında yazıb: “Rəsul Rzayla Səməd Vurğunun münasibətlərindən danışanda bəzən iki bir-birinə zidd və məncə ikisi də səhv olan fikir yürüdürlər. Bəziləri-əlbəttə, xeyirxah məqsədlə,-bu iki şairi çox mehriban dost, onların əlaqələrini igidlik planında təqdim etmək istəyirlər. Bəziləri isə onları bir-biriylə barışmaz, qatı düşmən sayırlar. Dediyim kimi, hər iki fikir kökündən yanlışdır; bu iki şairin arasında müəyyən illərdə çox isti münasibətlər olsa da onların dostluğu, tutalım Səməd Vurğunun Mehdi Hüseynlə, ya Rəsul Rzanın Sabit Rəhmanla dostluğu qədər yaxın olmamışdır. Amma heç vaxt bir-birinə barışmaz düşmən də kəsilməmişlər. Səməd Vurğunun “Lenin” poeması haqqında dediyi və əvvəllərdə gətirdiyim sözlərindən başqa bir neçə məqalə, çıxış və məruzələrində də Rəsul Rzanın adı rəğbətlə çəkilir, şeirlər müsbət qiymətləndirilir. Rəsul Rzanın Səməd Vurğunun yaradıcılığını və şəxsiyyətini yüksək dəyərləndirən üç məqaləsi var və bir sıra başqa yazılarında da böyük şair haqqında fikirlər söyləyib. Rəsul Rza Səməd Vurğunun altmış illiyində yubiley komissiyasının sədri kimi Moskvada məruzələr etmiş, təntənələrin layiqli səviyyədə keçirilməsi üçün çox işlər görülmüşdür. Səməd Vurğunla bağlı yazdığı yazılarında çoxlu xoş xatirələr var”.

Anar iki maraqlı əhvalatı da qələmə alır və əlavə edir: “...mən heç də onların münasibətlərinin həmişə dostcasına, mehriban olduğunu söyləmək istəmərəm, çünki bu da yalan olardı. Bir-birinə iclaslarda ağır sözlər dedikləri məqamlar da olub. Atam özü də bu barədə səmimi şəkildə yazır:

“Səməd Vurğunla harada, haçan tanış olduğumu deyə bilmərəm. Qalaq-qalaq günlərin arxasından bu ilk tanışlıq günlərini arayıb tapmaq çətindir. Səməd Vurğunu bir şair insan kimi uzun illərin axarında, əgər belə demək olarsa pillə-pillə, səhifə-səhifə tanıdım. Mübahisəmiz, birgə mübarizəmiz, fikir, zövq uyarsızlığımız, dostluğumuz, soyuqluğmuz da oldu”.

1951-ci ildə bibim Turə rəhmətə gedəndə Səməd Vurğunun atama necə həssaslıqla, nəvazişlə ürək-dirək veridiyini xatırlayıram. Atamın bir söhbəti də yadıma gəlir: “Bir dəfə Səməd mənə: sən kişisən-dedi-sənin yanında filankəs mənim barəmdə hərzə danışanda ağzından vurmusan”.

Atam deyirdi ki, doğrudan belə bir məsələ olmuşdu və bunu Səmədə söhbətdə iştirak edən üçüncü bir adam çatdırıbmış. Amma Səməd Vurğun həmin o filankəsin ünvanına ana söyüşü söymək atam qoymayıb və Səməd: Sən indi də kişi kimi hərəkət edirsən-deyib”.

Anar Rəsul Rzanın Səməd Vurğundan bərk incidiyini də yazır: “Səməd Vurğun o vaxtlar “Литературная газета”da çap etdirdiyi məqalədə atam haqqında etinasız bir cümlə işlətmişdi. Atam bundan bərk incimişdi və Səməd Vurğunun məqaləsinə cavab yazıb həmin qəzetə göndərmişdi. Yadımdadır, bu məqalədə Rəsul Rza hissə qapılaraq Səməd Vurğuna ədalətsiz iradlar da tutmuşdu. Yaxşı ki, məqalə dərc olunmadı və bir müddət sonra “soyuyub” mənim də iştirak etdiyim iclasda həmin məqalədən imtina etdiyini söylədi”.

Tənqidçi, ədəbiyyatşünas Abbas Zamanov da “Kişi şair” adlı xatirəsində bu mövzuya toxunub: “Bir dəfə Buzovnada Rəsulgilin bağında nə münasibətilə isə kiçik bir qonaqlıq vardı. Gərək ki, kiminsə ad günü idi. Yadıma gəlir ki, Ənvər, mərhum akademik Mirəli Qaşqay, İsmayıl Əfəndiyev, rəssam Tağı Tağıyev Rəsulun qonağı idilər. Mən də ordaydım. Söhbət müasir ədəbiyyatdan, yazıçıların qarşılıqlı münasibətlərindən gedirdi. Mirəli Qaşqay Rəsula dedi:

- Ay Rəsul, mən ha eşidirəm ki, Səməd ilə Rəsul yola getmirlər. Bəlkə bunu sən deyəsən. Axı sizin nəyiniz ortaqlı düşüb?

Rəsul cavab verdi:

- Ortaqlı malımız yoxdur. Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar”.

Kulis.az mövzu ilə bağlı Səməd Vurğunun oğlu Xalq Şairi Vaqif Səmədoğlunun da mövqeyini öyrənməyə çalışıb. Vaqif Səmədoğlu bu barədə danışmaq istəməyib: “Niyə imkan vermirsiniz rəhmətliklər rahat yatsınlar. Mən bu barədə danışmayacağam”.

Şair Vaqif Nəsib Kulis.az-a verdiyi müsahibədə Səməd Vurğunla Rəsul Rzanın münasibətləri haqqında bəzi maraqlı fikirlər səsləndirmişdi: “Rəsul Rza məni işə götürəndə dedi ki, Səməd Vurğuna necə baxırsan? Səməd Vurğunu tənqid etsəm məni işə götürməyəcəkdi. Sonradan bunu özü dedi. Dedim ki, Səməd Vurğun Azərbaycan ana şeirinin əlifba kitabıdır. Üstəlik dedim Rəsul müəllim, Qazaxdan Tiflis qatarı ilə gəlirdik Bakıya. Gürcülərin bizim o palçıq damlara ağız büzdüyünü çox görmüşəm. Həmişə Səməd Vurğunun misraları ilə təsəlli tapırdım:

Bu boz səhralarda ərlər, ərənlər,

Bir vətən eşqi ilə min yuva qurdu.

Torpaqlı damlarda ömür sürənlər,

Xosrov ordusunun döşündən vurdu.

Dedi ki, sən işə girdin, elə bildim mənə görə Səməd Vurğunu tənqid edəcəksən”.

Vaqif Nəsib onu da deyib ki, onların yaxın dost olması ilə bağlı Vaqif Səmədoğlunun mətbuatda səsləndirdiyi fikirlər yalandır:”Vaqif Səmədoğlu bir az yalançı adamdır. Mən təklif edərdim ki, Vaqif Səmədoğlunun xalq şairliyi alınsın, ona xalq artisti adı verilsin. Vaqif Səmədoğlunun yazdıqlarına inansaq guya onlar həmişə qardaş olub. Sadəcə bu xalq bunları düşmən eləyib. Rəsul Rza Vaqifi məndən əvvələ işə götürmüşdü. Guya Səməd Vurğun öləndən sonra hamının bunların evindən ayağı kəsilib. Ən sadiq dostları da bunları itirib, axtarmayıblar. Rəsul Rza Nigar Rəfibəyli ilə onların qapılarını açan adam olub. Rəsul Rza bir il Səməd Vurğunun yubiley komitəsinin sədri olmuşdu, Qazaxa da getmişdi. Təzədən onu Qazaxda bir də düşmən elan etdilər. Nəyə görə? Molla Vəli Vidadinin qəbrinin üstündə aşıqlar başlayıblar çalıb oxumağa. Rəsul Rza da deyib ki, bəsdirin, ayıbdı, qəbiristanlıqda çalıb-oynamayın. Qazax camaatı da deyib ki, bu göygöz “narodnunu” kim gətirib bura? (gülür)”.

Şair İlyas Tapdıq Lent.az-a verdiyi müsahibədə onlar arasında gərginliyin olduğunu söyləmişdi: “Allah hər ikisinə rəhmət eləsin. Böyük kişilər idi. Böyük kişilərin mübahisəsi də böyük olur. Səməd Vurğun 1955-ci ildə Moskvada keçiriləcək Sovet Yazıçılarının qurultayında sovet poeziyası haqqında məruzə eləyəcəkdi. Bu mötəbər məruzə ona tapşırılmışdı. Ona görə də Səməd Vurğun bu işə hazırlıq məqsədi ilə həmin bu Yazıçılar Birliyinin Natəvan klubunda gənc şairlərin müşavirəsini keçirirdi. Sözü ancaq gənclərə verirdi. Birdən Məmməd Rahim yerdən qışqırdı ki, Səməd, bizə də söz ver. Səməd qağa dedi ki, Məmməd, bu gün ancaq gəncləri dinləyirik. Yəni Səmədin sözünün qabağına söz deyən yox idi. Qağa, bu fikir həmişə olub: sərbəst şeirlə heca vəzninin davası. Bu dava həmişə Rəsul Rza və Səməd Vurğun arasında da gedib. Gizlətməyin yeri yoxdur. Səməd deyirdi ki, bizim əsl ana şeirimiz hecadır. Sərbəst şeir bizə yaddır. Rəsul Rza bir dəfə ona daha kəskin cavab verdi: “Səməd, elə sənin ən yaxşı şeirlərin sərbəst şeirlərindi”. Səməd onunla mübahisə etmədi. İclası bağladı”.

Professor Nizami Cəfərov Kulis.az verdiyi açıqlamada bildirib ki, fərqli məktəblərin nümayəndələri olan bu şəxsləri qarşı-qarşıya qoymağa çalışanlar olub: “Amma o şəxslər məqsədlərinə nail ola bilmədilər, bu cür addımlar onların münasibətinə təsir göstərmədi. Rəsul Rza Lenin mükafatı alanda Səməd Vurğun onu müdafiə etmişdi. Bu iki şəxsin estetik planda fikir ayrılıqları olub, amma şəxsi müstəvidə problemləri olmayıb”.

Yazıçı Əkrəm Əylisli vaxtilə mətbuata verdiyi açıqlamada mövzu ilə bağlı maraqlı bir fikir səsləndirib: “Səməd Vurğunla Rəsul Rzanın saxta düşmənçiliyi Anarla Vaqif Səmədoğlunun saxta dostluğundan daha səmimidir”.

# 8160 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #