Müsyö İbrahim, salaməleyküm, yaxud velosiped çərxi-fəleyküm

Müsyö İbrahim, salaməleyküm, yaxud velosiped çərxi-fəleyküm
12 oktyabr 2015
# 10:33

Yaxşıdır, çox yaxşıdır o hal ki, Milli Teatr müasirliyin qapılarını daha inamla döyəcləyir, müasir olmağa və müasir seyrçi auditoriyası qazanmağa çalışır.

Part: təbəssüm...

Yaxşıdır, çox yaxşıdır o hal ki, fransız Erik-Emmanuel Şmittin dünyaca məşhur bədii mətni (roman, ssenari, pyes) bizim Milli Teatrın repertuarında özünə yer bulub.

Yaxşıdır, çox yaxşıdır o hal ki, bu mətnin səhnə quruluşu mənim tanımadığım, amma hamının “bacarıqlıdır!” deyə nişan verdiyi cavan rejissor Ərşad Ələkbərova həvalə olunub.

Yaxşıdır, çox yaxşıdır o hal ki, “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası bütün qüsurları ilə bərabər “diridir”, yorucu deyil, mizan rəsminə görə effektlidir, yüngül baxılır, savadlı rejissura və teatr zövqü sərgiləyir.

Part: təbəssüm...

Tamaşanın personajları sırasında Fransanın kinoulduzu Bricit Bardonun adını görəndə, kimə ki müsyö İbrahim adi içməli suyu 40 franka satacaq, yəqinləşdirirsən ki, əhvalat keçən əsrin 60-cı illərinə aiddir. Əgər 60-cı illərə aiddirsə, deməli, romantik nəsə olacaq. Dünya kinematoqrafiyası, dünya teatrı həmin dövrün müxtəlif mövzularını fristayl üslubunda dönə-dönə aktuallaşdıraraq oralara o qədər qayıdıb ki...

İndi növbə bizdə: Milli Teatrda 60-cı illəri oynayırıq, daha doğrusu, 60-cı illərə Erik Şmittin münasibətini oynayırıq! Amma necə? Bu dəfə Ərşad Ələkbərov 60-cılara xas ekzistensional yaşantıları, ideya-fikir sayrışmalarını ironiya məxrəcinə gətirir, təbii ki, müəllifin postmodernist mətninin spektral mesajlarına köklənərək. Elə tamaşanın adında da romantika ilə ironiya bir-birinə hörgülənib. Hərçənd, Yaşarın tərcüməsini əməllicə mükəmməl saysam da, hesab edirəm ki, orijinalın adı, orada kodlaşdırılmış ruhsallıq naminə, olduğu kimi saxlanılmalıydı. Digər tərəfdən azərbaycanca “Quran çiçəkləri” ifadəsi öz frazeoloji, leksikoloji konteksti baxımından “Quran çiçəyi”nə nisbətən daha cingiltilidir; daha poetik və daha qəşəng səslənir. Amma bu qeyd heç də önəmli sayılmaz və mənim mübahisəli subyektiv fikrim kimi qarşılana bilər.

Part: təbəssüm...

Düzünə qalanda isə, mən düşünürəm ki, “Quran çiçəkləri”ni fokus çiçəyinə çevirən rejissor Ərşaddır. Tamaşada müsyö İbrahim könlünə yatan kimsələrə hərdən tək bir çiçək uzadır. Bu rəftar onun müsəlmansayağı centlmenliyini füsunkar eləyir və dramın zarafatlar müstəvisinin, bir növ, işarəsi olur. Beləliklə, yozum mətndə şifrələnmiş mənanı əməllicə dəyişir: rejissor mizanı deyir ki, bu çiçəklər Qurana məxsus deyil: onları Qurandan müsyö İbrahim “dərib” götürüb, özünküləşdirib. Ərşadın “müdaxiləsi” mətni mistik-ezoterik çərçivədən vurub kənara itələyir: hər şey məntiqlə təhlilə çəkilir ki, bu təhlilin də müstəvisində Quran çiçəkləri müsyö İbrahimin qurduğu ruhsal mənəviyyat oyun-dərsinin bir parçası, onun göstərdiyi fokus kimi qavranılır.

Part: təbəssüm...

İtalyan kinorejissoru Cüzeppe Tornatore 2000-ci ildə “Malena” bədii filminin məkanını velosipedin köməyilə modelləşdirmişdi: muzey-dekor formatında kadrlaşan şəhəri məhz velosiped “diriltmişdi”, ona semantik polifoniya gətirmişdi və oğlanın sosial, intim yaşantılarını sanki velosipeddən küçələrə səpələmişdi.

Erik Şmittin əsəri də, Milli Teatrın tamaşası da haradasa “Malena” variantıdır; hərçənd variant ola-ola özəldir, orijinallığa iddialıdır.

Part: təbəssüm...

Rejissor Moiseyi – Momonu (Murad İsmayılov) velosiped üstündə elə bil dinamit kimi səhnəyə “tullayıb” tamaşanı başlayır. Və “dinamit” partlayır da: çünki aktyoru Ərşad piçi burulmuş avtomat mexanizm tərzində iş rejiminə daxil edir. Bəlkə rejissor bu cür templə Momonu repin sərhədlərinə yaxınlaşdırır? Əgər belə deyilsə, bəs onda nə üçün Murad İsmayılov öz qəhrəmanının tarixçəsini ürəyi ağzına gələ-gələ danışır, təngnəfəs danışır, orda-burda dəlisovcasına hoppanıb-düşüb danışır, personajının fiziksəl və ruhsal yaşantılarını tələsə-tələsə göstərib danışır, komsomol uşaq kimi danışır? Nəticə etibarı ilə bir də görürsən ki, tamaşada, xüsusilə, lap əvvəldə küy və qışqırtı ziyadə çoxalır. Bədii mətndən xəbəri olmayansa, ümumiyyətlə, heç nə anlamır: seyrçi məqamlarda aktyorların nə söylədiyini, sadəcə, aydın eşitmir.

Ərşaq Ələkbərov bilə-bilə ki, Murad lap gənc birisidir və Moisey aktyorun teatrda ilk roludur, götürüb onu səhnədə yaman mürəkkəb bir vəziyyətə salıb. Vəziyyətin mürəkkəbliyi ondadır ki, Momo həm nağılçıdır və Allah bilir əhvalatı neçə yaşında danışır, həm də keçmişi səhnə koordinatlarına proyeksiya eləyib özünün 11-18 yaşlarındakı hallarını oynayır. Təəssüf ki, rejissor və aktyor bu Momoları bir-birindən fərqləndirməyi lazım saymayıblar. Burada dəqiq aksentli keçidlər olsaydı əgər, küy və qışqırtı önə çıxmazdı və Muradla bağlı fırfıra effekti meydana gəlməzdi.

Bir yandan da velosiped... Momonun Müsyö İbrahim qədər yaxın dostu, aktyor Muradın dəmir tərəf müqabili, tamaşanın cansız qəhrəmanı. Velosiped Murad üçün, bir növ, kamertondur: aktyora içini tarazlamaqda, gərginlikdən qurtulmaqda, rejissora isə tamaşanın plastik rəsmini müəyyənləşdirməkdə yardımçı olur. O biri yandan isə həmin bu velosiped rol partiturasını qəlizləşdirir, aktyorun davranışını özündən asılı eləyir.

Belə deyək də, bu “velosiped tempi”, bu oyun manerası tamaşanın sonunacan saxlanılır, aktyorların səhnə mövcudluğunun texniki ifa məxrəci qismində təsdiqlənir: sanki rejissor onları qova-qova finala aparır. Axırda əmin olursan ki, tamaşanı yüksək templi mizan dinamikasına kökləməkdə rejissor haqlıdır: çünki başqa cür tamamən heç nə alınmazdı.

O yerdə ki, rejissor yaşantının, ovqatın, fikrin vizual məkan konkretliyini və bədii sözün içində “teatrı” tapır, tamaşa həməncə baxılır, semantikləşir, çözülür; elə ki tamaşanın “velosiped tempi” yavaşıyıb dayanır, aktyorlar “dil açıb” söhbətə qurşanırlar, nəyisə oynamağa cəhd eləyirlər, hər şey məhv olub gedir, ştamplar aktyor "şkafları”ndan sıçrayıb səhnəyə dağılır, tamaşada atmosfer əlamətlərinin yaranmasına mane olur.

Part: təbəssüm...

E.Şmittin “Müsyö İbrahim və Quran çiçəkləri” əsəri bir yəhudi yeniyetmənin fiziksəl və ruhsal kişiləşmə tarixçəsinin sosial-psixoloji, fəlsəfi-romantik, pritçavari təqdimidir. Bir gün Momo (yeniyetmə oğlan Moisey) donuz-daxılı yerə çırpıb sındırır.

Uşaqlığın divarlarımı uçub sökülür?!

Rejissor buradan velosipedi sürətlə “sürüb keçir”.

Pulla təmas Momonun kişi olmaq üçün atdığı ilk addımdır. Sonra qadın... sonra günah... sonra yəhudi Ataya qarşı çıxmaq, onu bəyənməmək... daha sonra oğurluqlar zənciri və müsəlman İbrahimi Ata seçmək, onun vasitəsilə İdeyaya və İdeala çatmaq cəhdi... Bu, çətin, ağır və ağrılı prosesdir: elə proses ki, o, səni köhnə dünyanın köhnə kişisi eləyir və bütün kəşflərə meyli tükədir. Çünki alt-şüurda bilirsən ki, kişi olmağın alfa və omeqası yalnız pula və qadına sahiblənməkdir. Ayrı nə varsa, ideolojidir, siyasətdir, ədəbiyyatdır. E.Şmittin fəlsəfi-romantik pritçası Momonun kişisəl dünyanın növbəti nümayəndəsinə çevrilməsi, onun böyüməsi, köhnəlməsi və adiləşməsi haqqındadır, Momonun gənclik dönəminin yeddi illik xatirə fraqmentləridir.

Part: təbəssüm...

Milli Teatrın tamaşasında isə Momo heç cür “böyümür” ki, “böyümür”: necə əvvəldə travesti təəssüratı oyadırdısa, axıracan da eləcə qalır. Əslində, Momo E.Şmittin roman partiturasında ailə dramı yaşamış, həmyaşıdlarından fərqli erkən formalaşmış çox düşüncəli, ağıllı və təmkinli birisidir; elə bir yeniyetmədir ki, evi təkbaşına idarə edə bilir: bazar-dükan, yemək bişirmək, təmir işinə baxmaq – hər şey onun boynunadır. Bizim tamaşada isə Murad sanki emosional yelbeyini, şuluq, sırtıq küçə uşağını oynayır. Belə olanda əsərin bütün ruhsal təmas qapıları qapadılır. Nədən ki, Momo balaca üsyançıdır, inqilabçıdır: o, bir semantik strukturdan digər semantik struktura yəhudi dərrakəsilə adlayır və bu, onun duyğusal yox, şüurlu seçimidir.

Düzdür, birinci hissənin sonunda yəhudilərin xalq arasında “sem sorok” kimi dəbə minmiş sevimli oyun havası çalınır və rejissor improvizə şəklində guya ki Moiseyin yuxusunda onun intihar eləmiş Atasının ruhu ilə məzəli bir rəqsini qurur: fraqmentin mənası, məncə, budur ki, Ata öz oğlunu bir yəhudi, oğul da Atasını bir valideyn kimi itirmək istəmir. O bundan yapışıb, bu – ondan: amma un çuvalları kimi rəqs eləyirlər; çünki hər ikisi bir-birinə yükdür, bir-birinin əngəlidir. Birinci hissəni rejissor virtuozcasına tamamlayır: epizodun yumoruna kinayə çalarları qatır və Atadan qurtulmuş Momonun azadlığını rəqsdə fiksə edir: daha heç kim onun seçiminə mane ola bilməz.

Rəqs başqa bir dəfə də seyrçiləri öz semantikası və yumoru ilə “tərpədə” bilir: Müsyö İbrahim və Momo maşın salonuna gəlirlər. Avtomobil satıcısı (Vüsal Mustafayev) mamba ritmində burcuda-burcuda, pudel itlər kimi hərlənə-hərlənə yaltaq və ləyaqətsiz xidmətkarlığı vizuallaşdırır. Bu, özgür, demokratik burjua cəmiyyətinin şıq geyimli, hər işə hazır savadlı köləsinin biabırçılıq rəqsidir.

Rejissorun məxsusi “imzaladığı” belə epizodların sayı tamaşada bir neçədir: Qız (Fidan Cəfərova) Momoya vedrə içində ayağını yudurdur. Bir dənə də söz yoxdur: sakitcə baxırsan, baxırsan, baxırsan və birdən...

Part: təbəssüm...

Və ya Müsyö İbrahimlə Momo səhnə önündə, olsun ki, gilənar qurusu və ya ayrı tumlu bir nəsə yeyib çəyirdəyini həvəslə uzağa tüpürürlər: tüpürürlər, gülürlər, tüpürürlər, gülürlər. Bir dəfə, iki dəfə, üç dəfə... Axırı bezirsən... Elə ki aktyorlar ifrata və absurda bir təhər çatırlar (belə epizodları oynamaq aktyordan böyük məharət tələb edir) və ya çatdıqlarını imitasiya eləyirlər, bax onda...

Part: təbəssüm...

Amma görək, İbrahimlə ünsiyyətə qədər Moisey kimdi? Onun dini vardımı? O, həqiqətən, yəhudi idimi? Axı yəhudilikdə dini, soyadı uşaq Anasından alır! Anası isə Momonu hələ körpə ikən atıb getmişdi. Deməli, faktiki olaraq onun soyadı və dini yoxdur. Odur ki, Moisey asanca yəhudilikdən qırıla bilir, asanca Momo (“Muhamməd” sözünün qısaldılmış forması) ola bilir, müsyö İbrahimin oğlu ola bilir.

Razılaşaq ki, çox aktual və yetərincə konfliktli bir mesaj... Bir fransız, mümkün ki, yəhudi əsilli fransız, mən müəllifi nəzərdə tuturam, öz əsərində bir yəhudi yeniyetməni götürüb müsəlman eləyir. Heç kimin də buna təpkisi yox: hər şey normaldır. Bax, budur Avropa; budur avropalının düşüncə tərzi: Moiseyin Momo olması onlar üçün problem deyil.

Part: təbəssüm...

Bütövlükdə, Ata fiquruna Ərşad Ələkbərov tamam fərqli bir modusdan yanaşıb. Sosial statusuna görə Moiseyin atası klerkdir, vəkilliklə məşğuldur və kasıb birisidir. Tamaşada isə onun bir yazı masası, bir stolüstü lampası, bir kitab-dəftəri var ki, gəl görəsən... Bu masa səhnədə əsas dekor predmetidir, mərkəzdə mövqelənib və mizanlar onun ətrafında bir karusel kimi qurulub. Rejissor Ərşad aktyor Sabir Məmmədovla birgə Atanı tamaşanın ilk yarısının bəlkə də ən mühüm personajına çevirirlər və birinci hissədə “Momo və Atası” adlı bir tamaşa oynayırlar. Sabirin təqdimatında Ata görkəmcə heç də tərk ediləsi, ya da intihar astanasında dayanmış adam təəssüratı oyatmır, əksinə, az qala yorğun alimə, intelligentə bənzəyir. Hərçənd duyulur ki, bir az əzvay və maymaqdır.

Digər bir fakt da isbatlayır ki, Momonun Atasına və onun “intelligent” masasına səhnənin mərkəzində yer yoxdur. Dialoqa diqqət eləyin. Momo gecə istisində hünüləri öldürən (bu, rejissor improvizidir) Atasından soruşur: “Ata, sən Allaha inanırsan?” Sükut. Handan-hana Ata cavablayır sualı: “Deyəsən, kişiləşmisən a, oğlum”. Pauza. Sonradan əlavə eləyir: “Yox, Allaha iman gətirmək mənə heç vaxt nəsib olmayıb”.

Super dialoqdur və simptomatikdir. Dolayısı yolla Momonun Atası etiraf eləyir ki, həyatda kişi olmağı bacarmayıb. Çünki Allaha inanmayıb. Məntiqlə düşünəndə aydınlaşır ki, səhnənin mərkəzi ilə əlaqədar mən düz fikirdəyəm. Ancaq bura teatrdır və burada hər şey mümkündür: hətta məntiq məntiqsizliyin məntiqini alqışlaya bilər.

Rejissor masanı səhnə oyunu ilə elə bağlayıb ki... onu tamaşanın teksturasına elə daxil edib ki... və aktyoru masa arxasında elə işlədib ki, sən ixtiyarı olmadan ona “əhsən” deyirsən. Ən mühümüsə budur ki, rejissor Ərşad aktyor Sabir Məmmədova səhnədə yenidən ləzzətlə oynamağın dadını yaşadıb, onu teatra yox ha, çoxdan bəri uzaqlaşdığı sənət qapılarına qaytarıb. Sabir bu rolda inanılmaz dərəcədə effektlidir və hər jesti, mimikası ilə (masa arxasında lal-dinməz əyləşəndə də, ağcaqaqnadları ovcunda keflə öldürəndə də) Atanın bütün xarakter qəribəliyini mənalandıra bilir, hətta Ataya münasibətdə öz ironiyasını oynamağı da unutmur.

Bu azmış kimi rejissor masadan yararlanaraq aktyorlar üçün əla və qısa bir təzim də qurur: hərə bir dəfə masa arxasında kəpənək kimi ani görünüb ani də yox olur.

Part: təbəssüm...

Mən baxış günü tamaşanı seyr eləmişdim: rejissuranı bəyənmişdim, Sabiri fərqləndirmişdim, xırda-para qeydlər aparmışdım, vəssalam. Düzü, inanmırdım ki, bu tamaşa “nəfəs alacaq”. Odur, premyera günü özümü bir teatrşünas kimi məcbur elədim ki, təkrarən tamaşaya gedim. Buna heyfsilənmirəm: gözlərimin önündəcə tamaşa “yaşayırdı”, ritmə düşürdü, seyrçilərlə təmas qururdu. Bilirsiniz nə baş vermişdi? Baxış günü sərt, cod, kobud Müsyö İbrahimin – Fuad Poladovun premyera tamaşasında “buzu ərimişdi”. O, səhnədə işləməyə, öz səhnə cazibəsini teatrın fəzasına dağıtmağa, tərəf müqabillərilə paylaşmağa başlamışdı, Quran çiçəklərilə sufiləşmiş “ipək” Müsyö İbrahim olmuşdu.

Əgər Momo səhnəyə velosipedlə gəlirsə, mürgülü, başıkepkalı, ahıl Müsyo İbrahim supermarketlərin çarxlı dəmir zənbili üstündə seyrçi önünə çıxarılır. Mizan əladır, işarə konkretdir: əgər Momonun velosipedi varsa, İbrahimin çarxlı zənbili var; yəni tənlik bərabərlərşir və estetik bütövlük yaranır. Müsyö İbrahim öz-özünə qane, tərki-dünya bir kimsədir və dükançıdır, fransızlar üçün ərəbdir; çünki alverlə məşğul olur. Onun özü isə deyir: “Mən ərəb deyiləm, müsəlmanam”. Məncə, Müsyö İbrahim nə ərəbdir, nə farsdır: o türkdür. Çünki vətəninə qayıdanda Momo ilə birgə öncə təkyələrə gedir, harada ki, dərvişlər fırlanırlar, fırlanırlar, fırlanırlar və orada səma eləyir, Momoya da səma eləməyi öyrədir. Müasir dünya məhz Türkiyəni dərvişliyin emblemi qismində qavrayır.

Fuad Poladovun ifasında Müsyö İbrahim daha çox xeyirxah müsəlmandır, nəinki Momonu oğlu kimi görmək istəyən bir kimsə. Onun İbrahimi Momoya yuxarıdan aşağı baxır, necə ki Əmir Teymur təfərrüata baxırdı. Fikrimcə, aktyor özünü heç cür əhvalatın mümkünlüyünə və Müsyö İbrahimin səmimiyyətinə, onun altruizminə, Momoya qarşı olan ata sevgisinə inandıra bilmir və nəticədə, yalnız bir ustad, bir tərbiyəçi kimi qalmaqla kifayətlənir. Odur ki, Müsyö İbrahim – Momo münasibətləri seyrçini təsirləndirmir. Momo Fuadın Müsyö İbrahimi üçün qocalıq oyuncağı kimi bir şeydir. Olsun ki, bu, rejissorun yozumu ilə diktə edilmiş bir məqamdır: bəlkə də rejissor aktyorlara emosiyalar qatında yalnız akvareldən faydalanmağı məsləhət bilib: nədən ki, akvareli yumorla qatışdırmaq daha rahatdır. Bu, rejissorun konsepsiyasında irəli gələn bir məqam kimi də çözülmək imkanına malik: yəhudi yəhudiliyindən dönməyəcək, nə qədər dəyişsə də, Momo olsa da, oğlunu İbrahim adlandırsa da. Hərçənd İbrahim Xəlilullah hamımızın əcdadlarının əcdadı... Onda nəyin dərdini çəkirik ki?.. Sonucda yaddaşımız ki eynidir...

Part: təbəssüm...

Rejissor Müsyö İbrahimin “səması”nı da əla fikirləşib. Aktyor velosipedə əyləşir, personajın son sözlərini deyir və dümağ süd yolu kimi görünən işıq selinin altında, bir nur içində əbədiyyətə qovuşur.

Müsyö İbrahim, velosiped çərxi-fəleyküm...

Bundan sonrasına Momo da İbrahim kimi ərəbdir; dükan işlədir və Anası ilə “mən səni tanımadım, sən məni” oyununa başlayır, öz adi həyatının dadını çıxarır, evlənib oğul-uşaq sahibi olur. Premyera günü Mehriban Zəki də baxış tamaşasından fərqli çox sakit idi, tələb olunandan artıq oynamırdı, əsl yəhudi qadını kimi xırda-xırda “sındırırdı”, Ərşadın 60-cı illər “foto”sunun atmosferinə tam uyuşurdu.

Tamaşanın mizan rəsmi bir çiçəyin ləçəkləri konfiqurasiyasında düşünülüb sanki. Ya da mümkün ki, mən bunu öz təsəvvürümdən tamaşaya proyeksiya eləyirəm. Amma, həqiqətən, dekorlar (quruluşçu rəssam samirə Həsənova) səhnənin ortasında çiçək ləçəkləri kimi sıxdır, ətrafda isə bir rahatlıq və boşluq var. Bu həm də tamaşaya bir dinamika, bir genişlik gətirən faktor kimi dəyərləndirilə bilər. Hətta Ərşadın tamaşasını “Çiçək və velosiped” də adlandırmaq olardı.

Məncə, bu, Milli Teatrın müasir tarixinin dönüş nöqtəsidir: artıq geriyə yol yoxdur. Ərşad Azərbaycan səhnəsində çağdaş rejissuranın dili ilə çox sadə və orqanik bir şəkildə danışmağa başladı, ruhən cavan bir tamaşa hazırladı...

Heç elə bir teatr günüm olmur ki, mən İbrahimin oğlu Vaqifi xatırlamayım...

Part: təbəssüm...

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #