Habil Əliyev: “Ermənidən kamança dərsi almışam”

Habil Əliyev: “Ermənidən kamança dərsi almışam”
22 noyabr 2013
# 12:24

“Elələrinə kaman çalmışam ki, indi onları dinləsəm ölərəm”

“Uşaqlığım elə vaxta düşüb ki, heç o vaxta qayıtmaq istəmirəm. Amma qocaldıqca uşaqlığıma qayıdıram. Müharibə illəri idi, atam, qardaşım cəbhəyə getdi, ac qaldıq... Balaca-balaca uşaqlar idik. Uşaqlığım bir şey olmayıb. Axırım hara qədər gedəcək, bilmirəm, amma gedir”.

Bu sözləri APA TV-də “İlqar Rəsul və...” verilişinin qonağı olan tanınmış kaman ustası, xalq artisti Habil Əliyev deyib.

Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi və oxlovu ilə kamança çalırmış: “Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi dəymə, murdarlayırsan. Əslində düz deyirdi, amma sonra gördü ki, mənası yoxdur”.

Qocaman sənətkar anadan böyük qüvvə tanımadığını deyib: “86 yaşım var, amma yenə də dara düşəndə anamı çağırıram. Onu dada çağırmadığım gün yoxdur. Anadan böyük köməyim, imdad yerim yoxdur. Allah günahımdan keçsin, mən Allahdan çox anamı istəyirəm. Ana müqəddəsdir, əvəzolunmazdır. Ananın qiyməti hələ düzgün verilməyib, məni qane etmir. Allah Cəfər Cabbarlıya rəhmət eləsin. O gözəl “Ana” şeri yazıb, hər şeyi deyib. Hələ də nahar süfrəmin yanında həmişə anamın şəkli var. Elə bilirəm ki, bir yerdə oturub nahar edirik”.

Ən çətin vaxtlarında kamança onların həyatını demək olar ki, xilas edib. Buna görə sənətkar kamanına yüksək qiymət verir: “Mən kiməm ki, mənim adım, sanım, sənətim, mədəniyyətim, varlığım, hər şeyim kamançadır. Sanki Allah o qabiliyyəti mənə verib ki, bu ailə, uşaqlar dolansınlar. Mənə elə gəlir ki, o canlıdır. O vaxt qohum-qonşuda çoxu acından öldü, elə ev oldu ki, bir adam da sağ qalmadı. Amma kamança bizi acından ölməyə qoymadı. İndi kamança çalanlar elə adi bir kamança kimi baxırlar bu alətə, amma mən yox. Vallah, ailə-uşaqdan utanmasam, yatanda da yanıma qoyaram ki, soyuq-zad olar. Müqəddəs bir şey kimi baxıram ona”.

Habil Əliyev müharibə illərini xatırlayıb: “Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir də görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək. Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim, müəllimimiz də erməni idi. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. O günlər getsin, gəlməsin. Çox abırlı olmaq da bir şey deyil. Amma o sınaqlardan keçməsəydim, indi bura çatmazdım. Onda elə bilirdim ki, həyat elə budur. Əslində, o vaxt çalmağa başlayanda məşhur olacağımı ağlıma gətirmirdim. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam. Hürən itdən də qorxurdum. Həmişə anam mənə ürək-dirək verirdi. Elə uşaq da deyildim, evlənəsi yaşda idim”.

Sənətkar həyat yoldaşı ilə tanışlığından danışıb: “Şərqiyyə xanımla o vaxtkı Qutqaşenin bir kəndində toyda tanış olmuşam. Uşaqlıq dostum rəhmətlik Yaqubla Ağdaşa getmişdik. Yay fəsli idi, getdik ki, həm sərinləyək, dincələk, həm də qazancımız olsun. Əsgərdən gələnlərin məclisində çalıb oxuyurduq. Camaat danışırdı ki, iki qaraçı uşaq gəlib, elə yaxşı oxuyurlar ki. Elə qaraçıya da oxuyurduq. Üst-başımız da, özümüz də yaman gündə idik. Görürsünüz, İstiqlal ordeninin yolu haralardan keçib... Şərqiyyə xanımı bir qadın məclisində gördüm, bəyəndim. Alın yazım imiş. Maraqlandıq, dedilər, yaxşı ailədirlər. O vaxt 9-cu sinifdə oxuyan qızı ərə verdiyinə görə onları hədələyirdilər. Amma biz ailə qurduq, övladlarımız da oldu. Mən səfərə gedəndə, xanımım məndən çox sevinirdi. Çünki özümdən çox ona hədiyyə alırdım. Rəhmətlik Bəxtiyar müəllim deyirdi ki, siz xoşbəxtsiz, ona görə ki, bir-birinizi başa düşürsünüz. Məncə də elədir. Yoxsa bu qədər yolu gedə bilməzdik”.

Bütün ömrü böyük məclislərdə, camaatın arasında keçən sənətkar gözələ baxmağın günah olmadığını deyib: “Gözələ baxmamaq olmur. Amma baxanda da söz-söhbət çıxır. Yaxşı zövqün olması o qədər də yaxşı şey deyil. Sən baxana başqaları da baxırsa, deməli, zövqün düzgündür”.

Sənətkar kamançanı da canlı kimi sevir: “Bütün günü kamança əlimdən düşmürdü. Bir gün yoldaşım dözmədi, dedi, mən mahnıya qulaq asmağa gəlməmişəm. Az qala boşanırdı. Amma sonra gördü ki, mənim zəhmətimin nəticəsi olacaq. Kamançaya heç vaxt xəyanət etməmişəm. Mənim kamançama erməni ustaları xəyanət elədi. Həmişə kamanı onlar çalıblar. Bizlərdən kamança çalan bir-iki nəfər var idi. Alət bizim, sənət bizim, amma çalan ermənidir. Bizim uşaqlar da gedib ermənidən Azərbaycan musiqisi öyrənirdilər. Onlara inandım, axı bizim millət safdır. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım”.

İllərini sənətə fəda edən kamança ustası artıq çətinlik çəkdiyini etiraf edib: “İndi kaman qoluma ağırlıq edir. Ona görə də çalmıram. Bu yaxınlarda televiziyada vida konserti verməyə hazırlaşıram. Yaşım elədir ki, birdən yataram, səhər oyanmaram. Amma daha ölümdən də qorxmuram. Ölüm məndən qorxur. Əzrayıl gəlsə, ona bircə onu deyərəm ki, yaman insafsızdır. Kimin canını alacağını bilmir. O qədər canı alınasılar var ki... Allahdan özümə aid heç nə istəmirəm. Mənə nə lazımdırsa verib, dolanmışam. Həmişə yalvarmışam ki, mənim gördüyüm günləri indiki cavanlara göstərmə”.

Kaman ustası məcburiyyətdən səsi olmayanları müşayiət etdiyini deyib: “Heç kim mən görən çətinlikləri görməsin, amanın günüdür. Elə oxuyanlara çalmağa məcbur olmuşam ki, indi onları dinləsəm ölərəm. Arzum budur ki, xalq öz ifaçılarını yaxşı seçsin, milli musiqimizi dinləyənlərin sayı çox olsun. Bəlkə də şikayət kimi səsləndi, amma, vallah belə deyil”.

Habil Əliyev son arzusunu dilə gətirmək istəməyib: “Bir arzum, amma deməyə utanıram. Bu, bütün kişilərin arzusudur. Amma başqaları demirsə, mən niyə boynuma alım? Atalar deyir ki, aclığını o yerdə bildir ki, orda qarnın doyacaq. Mənim qarnım doymayacaqsa, bu aclığımı niyə bildirim? Ona görə demirəm”.

Sənətkar musiqinin sehrindən danışıb: “Mən musiqimizdə ağır yük götürmüşəm. Amma yenə də sənətdən danışanda xəcalət çəkirəm. Qoy hərə öz sahəsindən danışın. Məncə, elə böyük iş görmürəm. Kamança çalıram, aya ulduza getmirəm. Çalırsan, çıxıb gedir və bitir. Musiqini görə də bilmirsən, yalnız eşidirsən”.

Musiqiçi qiyməti olmayan sevimli kamanını çox əzizlədiyini deyib: “Mən öləndən sonra arvad kamançamı çala bilsə, o çalsın. Amma qorxuram kaman dəbdən düşər, heç muzeyə də qoymazlar. Ona görə də qoy elə evin bir küncündə qalıb çürüsün”.

Söhbətin sonunda küskünlüklərini dilə gətirib: “Çox əziyyətlər çəkmişəm, amma qürurum alçalmayıb. Bu millətin qüruru böyükdür. Səmimi deyirəm, bizim kimi gözəl millət yoxdur. Amma yenə də nəsə çatmır. Çox tələsik görürük işləri və səhvlərimiz çoxdur. Bu millətin içindəki alimlərlə çobanlar arasında az fərq görürəm. Azərbaycanlı xasiyyəti qoymur bu fərq görünsün. Arzum burdur ki, təmizlənək, saflaşaq. Kaş bu millətin hövsələsi mükəmməl olaydı. Sən lap mənə vəsiyyət elətdirdin. Narazı olduğum çox şeylər var, onlar böyük məsələlərdir. Hər kəs Azərbaycan üçün öz sahəsində bir iş görə bilər. Mən buna inanıram. Bütün sahələrdə çox istedadlı insanlarımız var. Amma çox çalışmalıdırlar. Mən lovğa və yekəxana adam deyiləm. Mənim balaca "çömçəmə", balaca sənətimə bu qədər qiymət verilirsə, demək biz balaca millət deyilik”.

# 6091 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #