Cim Carmuş: “Məgər it də şeir yeyər?”

Cim Carmuş: <span style="color:red;">“Məgər it də şeir yeyər?”
15 aprel 2017
# 15:00

Ötən ilin gözlənilən filmlərindən biri də amerikalı rejissor Cim Carmuşun “Paterson” filmi idi. Filmin qəhrəmanı Paterson Paterson adlı kiçik şəhərdə avtobus sürücüsüdür. Film onun həyatının yeddi gününü təsvir edir. Paterson eyni vaxtda qalxır, adamları eyni marşrut üzrə daşıyır, hər gün itini eyni vaxtda gəzdirir, eyni işləri görür və hər gün bir şeir yazır. Şeirlərsə onun ilk baxışda birrəng görünən həyatındakı harmoniyanı, bütövlüyü görməyimizə kömək edir. Bir gün onun avtobusu xarab olur. O biri gün isə şeirlərini yazdığı bloknot məhv olur-yazdıqları əldən çıxır...

Kulis.az rejissorun filmlə bağlı, eləcə də müxtəlif mövzular haqda müsahibəsini təqdim edir.

- Premyeradan sonra Kannda bir çox tənqidçilər yazdı ki, Paterson Cim Carmuş özüdür. Siz doğrudan özünüzü avtobus sürücüsü kimi görürsünüz və belə həyat arzulayırsız?

- Yox, qətiyyən. Mən proqramlaşdırılmış həyatı, gündəlikçiliyi sevmirəm. Paterson isə birrəngliyi sevir. O, saat neçədə durmağa, nə geyinməyə, axşam hara getməyə qərar verə bilmir, eyni marşrut üzrə hərəkət edir və həyatın onun yanından keçməsi xoşuna gəlir. Həyatın belə axışı ona şeir yazmaq üçün ideyalar verir. Mən isə insan axtarmağa qalxıram, mənim konkret marşrutum yoxdur. Mən eyniliyi sevmirəm.

- Filmdə qəhrəmana heyranlıq var. Bu sizdən gəlir?

- Bu sadəcə olaraq mənim düşündüyüm qəhrəmanın portretidir. Mən analizlə, araşdırmayla maraqlanan adam deyiləm: haradan gəldi, niyə məhz belədir? Məndən soruşsanız heç cavab verə bilmərəm. Bilirsiniz, “Qırıq güllər”dən sonra tənqidçilər yazdı ki, “Carmuş ən şəxsi filmini çəkdi”. İndi də “Paterson” haqda belə şeylər oxuyuram. Əlbəttə, filmlərimdə mən varam, çünki onları mən düşünüb çəkmişəm, onlar mənim təxəyyülümün məhsuludurlar. Amma onlar uşaqlar kimidir. Uşaqlarınızda öz DNT-ləriniz var, amma onlar siz deyilsiniz.

- Niyə baş qəhrəman məhz avtobus sürücüsü oldu?

- Mən istəyirdim ki, qəhrəmanım fəhlə sinfindən çıxan yaradıcı adam olsun. Avtobuslar bütün dünyanı gəzir, mənsə avtobusla getməyi çox sevirəm. Bu, maşınla, ya da velosipedlə getmək deyil. Avtobusda, pəncərədən baxarkən, özünü teatrdakı kimi hiss edirsən. Həm də avtobusda öz dünyan var: adamlar musiqi dinləyir, danışır, kofe içirlər. Avtobus Patersona gündəlik həyatdan ilham almağa, ideya və obrazlar toplamağa kömək edir.

- Bəs niyə qəhrəmanın adı şəhərin adı ilə eynidir?

- Boynuma alıram ki, bu, səfehlikdi. Amma bu filmdə ondan da səfeh şey var! Məsələn, şeir yeyən it. Bu ki gülməlidir! Ya da avtobusun xarab olmasının qəhrəman üçün böyük problemə çevrilməsi. Bu da gülməlidi. Boynumuza alaq ki, gülməli filmdir.

Mən ilk dəfə Patersonda 20 il əvvəl, Uilyam Karlos Uilyamsın poemasına görə olmuşam. Paterson Nyu-Yorka yaxın yerləşir, hərçənd, oranı heç kim tanımır. Mən qəhrəmanın keçdiyi yerlərdən keçmiş, gördüyü peyzajları görmüşəm. Məni o şəhərə aparan şeirdə isə çox şeyi anlamamışdım. Etiraf edim ki, Uilyamsın ilk şeirləri daha çox ürəyimcədir. Orada insanı şəhər kimi təsvir edən metafora beynimdə qaldı, insanı şəhərlə müqayisə etmək xoşuma gəldi. Amma yenə də qəhrəmanı Paterson adlandırmaqla gözəl bir metaforanı gülməli bir şeyə çevirdim. Paterson çox yayılmış addır. Yəqin ki, Paterson şəhərində Paterson adında adam olar. Olmamış olmaz yəni...

- Adətən sizin filmlərinizin qəhrəmanları normal saya bilməyəcəyimiz adamlar, yəni, autsayderlər olur. Bu dəfə də bizim qarşımızdakı autsayder cütlükdürmü, yoxsa normal adam belə olmalıdır?

- Əvvəllər mən sistemə qarşı mübarizə aparan autsayderlər haqda film çəkmişəm. Amma Paterson və Lora sadəcə olaraq yaşayır. Bilmirəm niyə, amma bu dəfə məhz belə qəhrəmanları seçmişəm. Onlar ikisi də fəhlə sinfindəndirlər və ikisinin də yaradıcı enerjisi var. Axı bütün insanlar nə iləsə maraqlıdırlar. Amma biz, məsələn, bilmirik ki, avtobus sürücüsü şəkillər çəkir. Mən tay çi ilə (yapon döyüş növü) məşğul olurdum. İngiliscə güclə danışan müəllimim Çinq Manq tez-tez deyirdi: “Heç vaxt xarici görünüşə görə mühakimə eləmə. Çöp kimi görünən qoca səni əməllicə əzişdirə bilər”. Ya da kartonun üstündə yatan evsiz fizika nəzəriyyəçisi ola bilər. Zahiri əlamətlərə görə mülahizə yürütmək olmaz. Dünyada heyrətamiz və qəribə o qədər şey var ki... Sadəcə, buna açıq olmaq lazımdır, nəinki bu möcüzələrdən mühakimə qalxanıyla qorunmaq.

- Sizin qəhrəmanlar çox xoşbəxt görünür, sizin üçün xoşbəxtlik nədir?

- Bilmirəm... Mənim üçün xoşbəxtlik albalıların hər il çiçəkləməsidir. Gələn il yenə albalı olacaq. Xoşbəxtlik saniyələrdir. Kimisə sevib onunla fəxr etməkdir, ya da evə gələndə itinin sənə qaçmasıdır. Təmiz corablardır! Xüsusən, səfərdə olanda. Bilirsiniz, mənim təmiz corabım qurtaranda bədbəxt oluram.

- Belə bir fikir var ki, yaradıcılıq üçün dram yaşamaq vacibdir. Sizcə, adamların drama ehtiyacı varmı? Yoxsa sizin qəhrəmanınız kimi dramsız da şeir yazmaq olar?

- Mən düşünmürəm ki, Patersonun həyatında dram yoxdur. Onun hər bir günündə dramatik nəsə var-az, ya da çox. Deyək ki, yeniyetmə qızların həyatında dram daha çoxdur, amma bu heç nə demir. Bu sadəcə dünyaya qarşı çıxmaq dövrü və hormonların işidir.

- Bəs dramaturgiya üçün konflikt olmağı vacibdirmi?

- Deyirlər ki, əhvalatda mütləq konflikt olmalıdır. Amma mən belə düşünmürəm. Məsələn, mən Odzunun filmlərində konflikt görmürəm. Onun valideynləri kədərlənirlər ki, onların qızı evi tərk edir. Mən belə ştampları sevmirəm-bu, belə olmalıdır, başqa cür yox.

- Siz ümumiyyətlə klişe sevmirsiz...

- Bilirsiniz, “Paterson” sosial sənədli film deyil, bu təxəyyüldür, uydurmadır. Real Paterson xoşagələn yer deyil: yüksək həddə yoxsulluq və cinayət, qarət. Orada yaşamaq çətindir. Amma mən hansısa ştamp və klişelərdən qaçmaq istəyirəm. Məsələn, filmin əvvəlində Lora deyir ki, yuxuda əkizlərə hamilə olduğunu görüb. Mən istəmərəm ki, filmin sonunda o, doğrudan da əkizlərə hamilə olsun. “Əgər belədirsə deməli elədir”, ya da “Bu pis adamdır” kimi ştamplar xoşuma gəlmir.

Bir dəfə “Kabus it” filminin çəkilişləri vaxtı biz Cersidə yerli qanqsterlərlə rastlaşdıq. Onlar mənim çəkmək istədiyim küçəyə nəzarət edirdilər. “Rəisin kimdir, çağır bura! Gəlsin görüm nə məsələdir?” kimi danışmağa başladılar. Mən yaxınlaşıb onlara filmdən danışmağa başladım, dedim ki, burada qəhrəman samuraydır, dedim ki, əlbəttə bura onların ərazisidir, biz sadəcə müvəqqəti buradan stifadə edirik. Dedim ki, filmdə Forest Uitayker çəkilir, özü də indi bura gələcək. Onlar heyrət içində idilər. Onlar aktyoru əhatəyə alıb filmlərindən danışdılar. Axırda da dedilər k, siz filminizi çəkin, biz sizi burada qoruyarıq. Onlar bizi öldürməyə və ya şikəst eləməyə hazırlaşmırdılar. Sadəcə onların həyatı belədir və başqa dünyaya hörmətlə yanaşmaq lazımdır. Mühakimə etmədən. Sonrasa onlar elə də bahalı olmayan maşına minib getdilər. Hansınınsa anasının maşınına oxşayırdı, hətta mənim onlara yazığım gəldi.

- Paterson da mühakimə eləmir.

- Paterson dünyaya açıqdır, ona görə mühakimə etmir. O, müxtəlif adamların yol getdiyi avtobusu sürür: məktəblilər, fəhlələr, sərxoşlar. O isə sadəcə olaraq onları müşahidə edir.

- Avtobusdakı söhbətlər əvvəlcədən yazılmışdı, yoxsa improvizə idi?

- Hamısını mən uydurmuşam. Yalnız birindən başqa-iki kişi qadınları müzakirə edirlər. Onu mən neçə il əvvəl kafedə eşitmişəm. Məndən arxada iki oğlan oturmuşdu, sifətdən maçoya oxşayırdılar və qadınlarla münasibətlərini müzakirə edirdilər. Çox komik idi, maçolar eyni zamanda luzerlər (uğursuzlar A.). “Aydındı ki, o, nə istəyirdi. Mənim yanıma əyninə yapışan koftada gəlmişdi.” – “Hə, bəs sən?” –“Mən yorğun idim, girdim duşa, qız da çıxdı getdi”. Bunu mən yazdım onda. Qalanlarınısa uydurmuşam. Anarxizm haqqında söhbət üçün isə Ues Andersonun “Dolunay krallığı” filmindən aktyorlar çağırmışdım.

- Bəs İtalyan anarxistləri ilə bağlı əhvalat realdır?

- Əlbəttə. Paterson sənaye şəhəri kimi salınıb və o aktivist fəhlələr şəhəridir. 1845-ci ildə minlərlə fəhlə tətilə çıxdı, onlardan çoxu yetkinlik yaşına çatmamışdı. Onlar iş saatlarının azaldılması və şərtlərin yüngülləşməsini istəyirdilər. Amma nəticə onlar istəyən kimi olmadı. Düzdür, iş saatı 14 dən 11,5 saata kimi azaldıldı. Belə ki, aktivizmlə, anarxizmlə bağlı əhvalat bu şəhərin tarixinin bir parçasıdır.

- Siz musiqi ilə, ədəbiyyatla maraqlansanız da axırda rejissor olmusunuz. Niyə?

- Mənim üçün kino ən maraqlı sənət növüdü. Birinci ona görə ki, o, yuxugörməyə çox yaxındı. Kinoda siz qaranlıq otağa girirsiniz, səslər və təsvirlər sizi uzaqlara aparır. Əslində, heç bunların nə demək olduğunu sizə bilmək də lazım deyil. Siz sadəcə izləyirsiniz. İkincisi, ona görə ki, kinoistehsalda hər şey var: Fotoqrafiya, dizayn, musiqi, aktyorluq, rəqs, zaman. Mən kitab oxumağı sevirəm. Köhnə, təzə filmlərə baxmağı da sevirəm.

- Əminəm ki, siz “kinematoqraf ölüb, onu superqəhrəmanlar öldürüb” qışqıranlardan deyilsiniz.

- Yox, mən elə düşünmürəm. Kitab ölüb, kinematoqraf ölüb, musiqi ölüb demək axmaqlıqdır. Biz sağıqsa hər şey yaşayır. Məni nostalgiyada, keçmişdə qurdalanmaqda ittiham edirlər. Mənsə nə vaxtsa olanları - keçmişi müdafiə edirəm. Sən gəncsənsə, o demək deyil ki, erkən intibah dövrü musiqisi xoşuna gəlməyəcək. Danteni klassik adlandırırlar, amma bununla belə Dante küçə leksikonunda, jarqonlarla yazıb. O, heç yüksək sənətə iddia etməyib. Odur ki, konteksti və retrospektivi həmişə xatırlamaq lazımdır. Adamlar deyir ki ağ-qara film ölüb. Niyə? Təkcə ona görə ki, rəngli film çıxdı? Fotoqrafiya icad olunanda hamı deyirdi ki, rəssamlıq öldü. Amma rəsm yaşamaqda davam edir. Sizin noutbukunuz var, amma qələmlə də yaza bilərsiniz. Bunlar sadəcə artan vasitələrdir.

- Adam Drayverin (“Paterson”un qəhrəmanını oynayan aktyor-red.) “Ulduz müharibələrində oynaması sizin işinizə necə təsir etdi? Sizin planlarınızı, ya da filmin taleyini dəyişdimi?

- “Ulduz müharibələri” nədir? Serialdır? Zarafat edirəm, əlbəttə, tanıyıram bu filmi. Adam əvvəl mənlə, sonra onlarla müqavilə bağlayıb. Mən onu Koen qardaşlarının “Lyuin Devisin daxilində” filmində görmüşəm, radio və TV-də müsahibələrini oxumuşam və mənə maraqlı gəlib. Onun hərbi xidmətdə olandan sonra aktyor məktəbinə daxil olması xoşuma gəlib. Onda mənə lazım olan yaradıcı və işgüzar adam keyfiyyəti var.

- Maraqlıdır, onun məşhurluğu filmin auditoriyasına necə təsir edib?

- Auditoriyanın nə düşünməsi barədə heç bir fikrim yoxdur. O auditoriya təzəliklə Trampı prezident seçib.

- Siz Hillarinin tərəfdarı idiniz?

- Mən Hillarinin fanatı deyiləm, amma onda şər daha azdır.

- Onda Berni Sandersi dəstəkləyirdiniz, hə?

- Hə. Bizim şirkət pullarından istifadə etməyən, düşündüyünü danışan prezident seçmək şansımız var idi. Əlbəttə ki, o da mükəmməl deyil, amma hiss edə bilir. Məncə, o Trampı uda bilərdi, amma bizim seçki sistemimiz işləmir, o xarabdır. Hillarini xalq yox, bir qrup adam seçdi. Onlar bizim əvəzimizdən seçdilər, bizə şans vermədilər. Bizim seçki sistemimiz quldarların maraqlarını qorumaq üçündür, o, çoxdan köhnəlib, o, absurddur. Əgər bu Tramp məsələsi ilə əlaqədar pozitiv bircə şey varsa, o da odur ki, insanlar seçki sisteminin natamam olduğunu gördülər. İndi düşünürlər ki, niyə onlar yalnız bir dəfə, həm də iki nəfərin arasından seçməlidirlər. Obama seçiləndə narazılıq edən yox idi əlbəttə. Amma şəxsən mən bütün ömrüm boyu bu seçki sistemindən narazı olmuşam.

- Siz ölkənin gələcəyindən narahatsınız?

- Mən ölkənin gələcək 4 ilindən nigaranam. Amma cəhənnəmə olsun, axı özüm də amerikalıyam. Mən İqqi Popu prezident edəcəm. Mən Trampdan, onun ətrafından nigaranam. Mən narahatam, ona görə ki, nə Tramp, nə Hillari bir dəfə də qlobal istiləşmə problemindən danışmadılar. Onlar şirkətlərə satılıblar, deməli, bəşəriyyətə təhlükə olan qlobal istiləşmə problemini ya iqnor edə, ya da dana bilərlər. İndi bizim ölkəyə kloun rəhbərlik edir, İngiltərədə Brekzit odu, Fransada Marin Le Pen güclənir. Bunlar adamı qorxudur.

- Siyasi filmlər çəkməyi düşünmürsünüz ki?

- Mən insanlara necə yaşamaq haqda danışmağı sevirəm. “Paterson”da it qəhrəmanın şeirlərini yeyəndən sonra yapon ona deyir: “Budur, təmiz bloknot. Hər şeyi yenidən başlaya bilərsən”. Bu, bütün filmin verdiyi mesaj deyil əlbəttə. Mən dərs keçmək istəmirəm, müşahidə etmək istəyirəm. Bizim həyatımız tükdən asılıdır, sabah başımıza asteroid düşər və hamımız qırılarıq. Və burada, bu planetdə hətta kədər içində olmaq necə bir gözəllikdir, bilsəniz. Məni depressiya bürüyəndə düşünürəm: “Biz burada, bu planetdəyik. Bu qəribə və çox gözəldir”.

- Depressiya və emosiyadan söz düşmüşkən, siz necə düşünürsünüz, kino insanın emosional vəziyyətinə təsir edə bilərmi?

- Təxəyyül insanın sahib olduğu ən güclü silahdır. Elmdə də, icadda da, incəsənətdə də, memarlıqda da hər şey təxəyyül və ideya üzərində qurulub. Siz insanı həbsə ata, ya öldürə bilərsiniz, amma onun ideyalarını öldürə bilməzsiniz. Raket, bomba, tapança insan təxəyyülü ilə müqayisədə heç nədir. Mən deyəsən, vəz verirəm, bayaqsa deyirdim ki, dərs keçməyi sevmirəm.

- Personaj seçimində yenə də müəyyən bir məhdudiyyət var. Mən sizin iki filminizə baxdım: İqqi Pop haqda olana və “Paterson”a. Onlar fərqli filmlərdir, əlbəttə, amma onların personajları oxşardır.

- Onların hər ikisi həyatlarını özləri seçir və prioritet qoyurlar. Filmlər müxtəlifdir, üslubuna görə. Biri çox səs-küylüdür, o biri sakitdir. Amma onlar dünyanın şərt diktə edə bilmədiyi adamlar haqqındadır. Hətta Lora evdar qadın olsa belə çox azaddır. O, aqressiv feminist deyil, heç kimlə müqayisə olunmur. O, sadəcə istədiyi işi edir. Onun əri də ondakı bu keyfiyyətə hörmət edir. Biz bir həftə ərzində onu müşahidə edirik. Amma görün o bir aya nə qədər iş görərdi. Onun böyük enerjisi var.

- Bəs sizcə, onların münasibəti uzun sürəcək? Mən dostumla mübahisə edirdim. O, deyirdi ki, filmdə münasibətlərin finalı verilib.

- Ciddi deyirsiz? Nə pis. Bilmirəm... Məncə, onların birgə yaşamaq potensialı var. Əlbəttə, bütün münasibətlərdə uyğunlaşmaq lazım gəlir, çünki sevgi və hörmət bunu tələb edir. Partnyorunun bu cür yox, başqa cür olmasını istəyirsənsə bu düz iş olmaz. Çünki onlar bir-birini olduğu kimi sevirlər...

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #