Ataol Bəhramoğlunun yubileyindən REPORTAJ

Ataol Bəhramoğlunun yubileyindən <span style="color:red;"> REPORTAJ
27 noyabr 2014
# 12:29

33-сü İstanbul Kitab Fuarının ikinci günü. Axşam saat 7-də məşhur türk şairi Ataol Bəhramoğlunun yaradıcılığının 50 illiyi ilə əlaqədar tədbir keçiriləcək. Mən də, Qismət Rüstəmov da, Fərid Hüseyn də, Etimad Başkeçid də, lap elə dostumuz Ziyad Quluzadə də yorğunuq. Hamımızın əlində zənbil-zənbil kitab var.

Amma getməmək də olmur. Türk ədəbiyyatı ilə bağlı tədbirdə iştirak etmək maraqlıdır. Görək türk şairlər bu cür tədbirlərdə bir-biriləri haqqında nə danışır, nə deyirlər. Üstəlik Ataol bəylə Azərbaycan Yazıçılar Birliyinin qurultayı zamanı Bakıda tanış olmuşuq, saytımız üçün müsahibə almışıq, şairlə şəxsi münasibətimiz var. Bunlar azmış kimi özü də bir az əvvəl imza mərasimində bizi görüb tədbirdə iştirakımızı arzuladığını söyləyib. İndi gəl getmə!

Beləcə əli zənbilli ikinci mərtəbəyə qalxıb “Mərmərə” salonuna keçirik. Zalın yarısı artıq dolub. Bir azdan otumağa yer olmayacaq, gecikən qonaqlar ayaq üstə durmağa məcbur olacaqlar.

Adətən bizdə bu cür tədbirlər necə olur? Yubilyar səhnədə oturur, bir dəstə qocaman yazıçı-şair də ətrafında. Və başlayırlar onu tərifləməyə, onun əsl söz adamı, sözü duyan adam, qayğıkeş ailə başçısı olmasından danışmağa, kəşməkəşli həyatından dəm vurmağa.

Bu tədbirin formatı isə tamamilə fərqli qurulub. Səhnədə gənc şairlər olacaq və Ataol Bəhramoğlu haqqında öz fikirlərini söyləyəcəklər.

İştirakçılar zala daxil olub yerlərini alır. Aparıcı xanım çıxışçıları dəvət edir; Turqay Fişekçi, Küçük İskender, İbrahim Baştuğ, Haydar Ergülen, Tuğrul Keskin, Tuna Kiremitçi və Onur Caymaz. Azərbaycan oxucusuna bu imzaların çoxu heç nə deməyə bilər, amma türk oxucusu üçün onlar çoxdan özlərini təsdiq etmiş şairlər, yazarlardır.

Tədbir bir saat sonra bitəcəyi üçün aparıcı xanım hər şairə 5 dəqiqə vaxt verildiyini bildirir. Tədbirin moderatorluğunu isə görkəmli şair Turqay Fişekçi edəcək.

Turqay Fişekçi çıxışa başlar-başlamaz zarafatla onu da gənc şairlərin arasına daxil etdiyi üçün zalda, qonaqların arasında əyləşmiş Ataol abiyə təşəkkürünü bildirir. Zala xoş ovqat yayılır. Bir neçə yerdən gülüş sədaları yüksəlir, kimsə replika atır. Bundan sonra Fişekçi çıxışçılara yaşlıdan cavana doğru söz verəcəyini bildirir. İlk sözü də özü deyir: “Bizim şeirə başladığımız illərdə həqiqətən iki idol şairimiz vardı; biri Nazim Hikmət, o biri Ataol Bəhramoğlu. Nazim Hikməti tanımaq şansımız olmamışdı, amma Ataol Bəhramoğlu bizimlə eyni şəhərdə yaşayırdı, eyni havanı udurdu, eyni məkanlarda dolaşırdı. Sanki onun varlığından bizə keçən gizli bir enerji vardı. Bu şeir enerjisi idi. Onun “Bir ermeni general” kitabı bəlkə çox təsirli olmamışdı, amma ondan sonra çap olunan “Bir gün mutlaka” kitabı o dönəmin ruhunu əks etdirən kitab idi.

Fərdi olaraq da Ataol Bəhramoğludan çoxlu şey öyrəndik. Ən azından mən nələr öyrəndiyimi qısaca söyləyə bilərəm. Ən başda ədəbiyyat dərgisi buraxmağı ondan öyrəndim. Ataol Bəhramoğlunun bir çox xüsusiyyətlərindən biri də şairləri anlaya bilməsi, onları kəşf etməsidir. Bizim bir çoxumuzu o ilk şeirlərimizdən tanıyıb, kəşf edib.

Ataol abi ilə sonrakı münasibətlərimiz abi-qardaş səviyyəsinə qədər yüksəlib. Bizim nəslin bütün şairləri üçün o, böyük qardaş kimidir. O dövrdə indikinə baxanda daha yoxsul idik. Bir-birimizlə çox sadə şeyləri paylaşırdıq. Ataol Bəhramoğlu bir evdən başqa evə köçərkən su qızdırıcısını birimizə hədiyyə edərdi. O dövrdə su qızdırıcısı çox vacib ev əşyası idi. Nə bilim, birimizə paltosunu hədiyyə etmişdi, digərimizin toy gecəsinə şeir həsr eləmişdi.

Əslində Ataol Bəhramoğludan danışmaq üçün bu müddət çox azdır. Çünki bəzi şairlərin çox monoton xasiyyətləri var, bəziləri isə çoxşaxəli xasiyyətə malikdir. Ataol abi də ikincilərdəndir. Yalnız şeir, yalnız qəzet yazıları ilə deyil, xasiyyəti ilə də ürəkləri fəth edib.

Biz gənc şairlər Ataol Bəhramoğlunun heyranı kimi böyüdük. Bu gün bəlkə gənc deyiləm, hətta yaşlanmışam da. Amma bu yaşlı halımızla belə gənc şair Ataol Bəhramoğlunu heyranlıqla izləyirik”.

Turqay Fişekçidən sonra çıxış edən şair Haydar Ergülen “gənc” söhbətini bəyəndiyini bildirir və bu mövzunu davamı olaraq deyir: “Pablo Nerudanın bir misrası var, şeir ehtiyacı olanındır. Əslində gənclik də ehtiyacı olanındır. Ataolun 1972-ci illərdə yazdığı “Son günün şeiri”ində belə misralar var:

Otuz yaşında

İyi bir şair olmazsam

İntihar ederim

Diye düşünmüştüm

– İyi bir şair

Olup olmadığımı

Bilmiyorum daha –

Bu şeirin yazılmasından 40 ildən çox vaxt keçib. Demək ki, Ataol Bəhramoğlu yaxşı şairdir və hələ də gözəl şeirlərini yazmağa davam edir.

Ataol Bəhramoğlu yaşına baxmayaraq gənc qalmağı bacarıb. Onun şeirlərində də bu əks olunub. Onun şeirlərini oxuyanlar da özlərini gənc hiss edirlər. Çünki onun şeirlərindəki duyğular çox gənc, çox diri, hamımızın hər zaman ehtiyacı olan duyğulardır. Buna görə Ataol Bəhramoğlu şeirləri hər zaman diridir, oxunaqlıdır.

Onun 60-cı illərdə, 70-ci illərdə yazdığı şeirlər, məsələn “Bir gün mutlaka” kimi şeirləri güncəl, müasir şeirlərdir. O şeirlər əgər bu gün də oxunursa, müasirdirsə, deməli həm də klassik, klassikaya çevrilmiş şeirlərdir”.

Bu zaman Haydar Ergülen üzünü Turqay Fişekçiyə tutaraq “Mənim vaxtım bitdimi?” - deyə soruşur. Salona xəfif gülüş səsi yayılır. Çıxışına davam edən Ergülen bildirir ki, Ataol Bəhramoğlunun şeirləri həm də siyasi şeirlərdir: “Əslində Nazim Hikmətdən, Mayakovskidən, Nerudadan gələn siyasi şeir qavramının imkanlarını Ataol daha da genişləndirib. Siyasi şeirin mövzusuna eşq də, cinsəllik də daxildir. Ataolun şeirləri həm də yürüş, aksiya şeirləridir. Onun şeirlərini yürüş zamanı rahatlıqla oxumaq olar”.

Haydar Ergülenin çıxışından sonra Toğrul Keskin Ataol Bəhramoğlunun siyasi şeirlərindən birini - “Bir gün mutlaka”nı oxumaq istədiyini bildirir: “Bir gün mutlaka” 1965-ci ildə yazılıb. Ataol abi o zaman 23 yaşında idi. Bu şeir yazılan vaxt hələ tələbə hərəkatları başlamamışdı. Amma şeirdə artıq öz səsini tapmış böyük şairin ayaq səsləri olduğu üçün oxumaq istəyirəm. Hətta qaranlığın üstümüzə gəldiyi o illərdə qabaqcadan bunu duya bilmişdi, bundan sonra 68-ci il hadisələri olmuşdu...”

Şair İbrahim Baştuğ Ataol Bəhramoğlunun ilk kitabının çıxdığı ildə (1965-ci il) ildə bir yaşında olduğunu söyləyir: “Onunla ilk tanışlığım bir jurnalda çıxan şeirimi bəyənməsi ilə başladı. Burda etiraf edirəm ki, həmişə onun təvazökarlığı qarşısında əzilmişəm”.

Küçük İskəndər Ataol Bəhramoğlu haqqında əvvəlcədən hazırladığı bir mətni oxuyur: “Günümüzün Türkiyəsində və türkcəsində bir çox sözün içi boşaldıldığı üçün həqiqi mənasını itirdi. Bir çox söz dildən kənarlaşdırılaraq yox sayıldı. Mənaları, qarşılıqları son nəsillərin yaddaşından ciddi-cəhdlə silindi. Bu sözlərin başında məncə ozan sözü gəlir.

Ozan sözünün unutdurulmasının səbəbləri kimi yüksək təsir sahəsi, xalqla bütövləşməsi, ortaq duyarlılıqları və təpkiləri ifadə qabiliyyəti, qısaca insanın sözə dönməsini təmin edən qüdrətini hiss edənlərin qorxu və narahatlığı olaraq sıralana bilər. Ozanın səsi bütün totalitar rejimlər üçün riskdir. Çünki ozan həm öz xalqının, həm yaşayan digər xalqların, həm də var olmuş xalqların azadlıqlarını müdafiə edən adamdır. Ataol Bəhrmaoğlu da bu ozan gələnəyinin ən önəmli təmsilçilərindən, hətta bəlkə də öndə gələnlərindən biridir.

Barışı, mücadiləni, haqqın alınmasını sevdasından ayrılmadan sürdürür. Güclü üzünü mübarizəyə çevirmişkən qırğın, incimiş tərəfi ilə tez-tez sevgilisinə, anasına, yoldaşlarına səslənir. Onların dərdinə acıyır, onlarla birlikdə dərdlənir. Onlara arxa durar, qoruyar, ideologiyasını, insana olan inamını və ümidini əsla əldən verməz. Hətta bunun təbiiliyini müdafiə etdiyi təqdirdə öyüd verməkdən də qaçmaz.

Şeiri yalın bir dillə qurmasının, qarmaqarışıq simvollardan qaçmasının altında bir an öncə anlaşılmaq, amma doğru anlaşılmaq, əsl önəmlisi zaman itirmək qayğısı vardır. Yeniliyə hər zaman açıqdır. Ancaq riyaya, dağıdıcılığa və basqıya onun dünyasında əsla və əsla yer yoxdur. Razı salmaq qabiliyyəti, inandırıcılıq, səmimiyyət, müzakirəyə gəlməz bir səxavətlilik Bəhramoğlu şeirində azadlığa işarədir. Burda bizi razı salan şey həyatın özü, inandıran şey təbiətin özü, səxavəti göstərən şey gözəl günlər görməyi haqq edən uşaqlara sədaqət və şəfqətdir.

Əgər “Bu gün şeirimizdə Ataol Bəhramoğlu var” deyə bilməyimizin dadını çıxarıb və xoşbəxtliyini yaşayırıqsa, bu dönməz aşiqə çox şey borcluyuq.

Mənim ilk şerilərim “Adam Sanat” dərgisində çıxan zaman orda sevdiyim beş şairin adını çəkmişdim. Başda Ataol olmaqla, Nazim Hikmətin, Edip Cansevərin, Ece Ayhanın, Attila İlhanın adını çəkmişdim. Ataolun və başqalarının adını çəkərək onların mənim atalarım olduğunu söyləmişdim. Ona görə də Ataol abini burda görməkdən çox böyük qürur duyduğumu demək istəyirəm”.

Tuna Kiremitçi Ataol Bəhramoğlunun şeirlərindən birinə bəstələdiyi mahnını oxumaq istəyir: “15 il əvvəl mən təzə-təzə bəstəkarlığa başlayanda Ataol abinin “Bu aşk burada bitər” adlı əfsanəvi şeirinə musiqi bəstələmək qərarına gəldim. Onun evinə gedib bu bəstəni təqdim etdim və razılığını aldım. İndi aradan keçən bu müddətdən sonra yenidən bu mahnını qarşısında oxumağa çalışacam”.

Son çıxış qalıb. Bir azdan tədbir bitəcək. Amma şairlər o qədər maraqlı, canlı, təbii danışırlar ki, bu bir saatın necə keçdiyindən xəbərimiz olmur. Çünki səmimidirlər. Heç nəyi artırıb-azaltmağa ehtiyac yoxdur. Həyatın özündən danışırlar, şeirlə, şairlə bağlı ən adi, həyati hadisələri... Bu baxımdan ən son çıxış edən şair Onur Caymaz isə lap “gül vurur”. O, məktəbdə başına gələn bir hadisəni nəql edir: “Deməli, məktəbdə coğrafiya imtahanına girmişik. Mən də coğrafiyadan çox zəif idim. Şparqalkadan istifadə etmək istəyirdim. Yəqin müəllim də hiss edib ki, coğrafiyadan zəifəm və şparqalka işlədəcəm. Ona görə dedi ki, sən ön sıraya keç. Ön sıraya keçib oturdum və birdən partanın üstünə cızılmış 4 misra gördüm:

Cellat uyandı yatağında bir gece

"Tanrım" dedi "Bu ne zor bilmece :

Öldürdükçe çoğalıyor adamlar

Ben tükenmekteyim öldürdükçe...

İmtahan yadımdan çıxdı. Artıq kəsilmək vecimə deyildi. Əsas odur ki, çox gözəl bir şeir tapmışdım. Mən bir şairi, şeiri bax bu cür sevdim.

Borxes bir müsahibəsində “Şeir səsdir” deyir. Ataol Bəhramoğlunun, Ataol abinin, Ataol hocanın şeirində bir səs var. Bayaq deyildiyi kimi, onun şeirlərində yürüş səsi var. Xüsusilə də son şeirlərinə diqqət etsək görərik ki, qırıq-qırıqdı, sanki yürüş addımlarıdı. Sanki Gezi hadisələrini xatırladır.

Şiirlerimi düşünüyorum,

düşlerimin tanıkları

Yaşadıklarımız.

İçimdeki büyük ağlama duyğusunun

nerden geldiyini bilemiyorum.

Kendim ve her kes için.

Böyük şairin bu ağlama duyğusunu həmişə içində yaşatdığını düşünmüşəm. İlk məhəbbətlərimdən olan bir qıza Ataol abinin şeirini oxuyub mənimdir demişdim.

Ataol abinin bir şeiri də var:

Elinde ne piyon kaldı, ne vezir, ne kale

Düştü birbirin ardına atlar, filler

Ama şah hâlâ direnmekte

Yeni taşlar bulundu çünkü: Köpekler...

Bax mən həmişə Ataol abinin şeirlərini oxuyanda, saraylar quran, uşaqları yetim qoyan, anaları ağalar qoyan o köpəkləri görmüşəm.

Bundan başqa demək istəyirəm ki, “Tekin” yayınlarında bu yaxında mənim də bir kitabım çıxdı. Ataol abinin imza günündə yaranmış quyruğu görüb ümidləndim ki, Ataol abinin kitabını alanlardan heç olmaya bir-ikisi mənim kitabımı alar.

Ataol Bəhramoğlu tərcüməçi kimi də qiymətlidir. Puşkini, Lermontovu onun tərcümələrində oxumuşam. Ataol abi dərgi redaktoru kimi də ədəbiyyat tariximizə “Halkın dostları”, “Militan” və başqa dərgilər qazandırıb. Ataol abinin şeirlərinə bəstəlnmiş xeyli mahnı da var. Bunlardan birini bir az əvvəl Tuna Kiremitçi oxudu.

Hocam, təşəkkür edirəm”.

Gənc şairlərin çıxışlarından kövrələn şair Ataol Bəhramoğlu onlara təşəkkürünü bildirdi və “Ölü şairlərə ağıt” adlı şeirini oxuyur. Daha sonra hər bir çıxışçıya imzalı kitabını bağışlayır.

Tədbir bitir. Bayaq dəvət olunmuş şairlərin hərəsi bir yerə tələsir. Heç Ataol Bəhramoğlunun başına yığışıb “Səni bu qədər təriflədik, məclisin əsas hissəsi hansı restoranda olacaq” - deyən olmur nədənsə.

# 2055 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #