Əlabbas: “Afaq Məsud Orxan Pamukdan üstündür” – Müsahibə

Əlabbas: “Afaq Məsud Orxan Pamukdan üstündür” – Müsahibə
3 oktyabr 2019
# 17:15

Kulis.az yazıçı Əlabbasla müsahibəni təqdim edir.

- Kənddə nə var-nə yox? Uşaqlığın keçən yollarda nələr dəyişib?

- Dəyişməyən nəsə qalıb ki... Düzü çox mütəəssir oldum. Bir sinif yoldaşımı, həmdəmimi tapa bilmədim. Bir parça çorək qazanmaq istəyi adamları dünyaya səpəliyıb. Uşaqlıqda gəzib-dolandığım yerlər mənə bir az qəribə gəldi. Bəlkə də bu, bir az yaşla bağlı idi... Çöl, düz bütün relyefinəcən dəyişilib. D üzü bu haqda danışmaq indi mənim üçün heç xoş deyil...

- Əlabbas, son söhbəbəmizdən təqribən üç il arxada qalıb... Sualı verirəm, bilirsənmi yadıma nə düşür? Uşaqlıqda kəndimizdən harasa gedəndə hökmən uca bir yerdə ayaq saxlayıb pay-piyada keçib gəldiyim yola nəzər salib, hər dəfə də mat qalardım ki, bu qədər məsafəni haçan və necə qət elədim? Bir də öz-özümə deyirdim, görən, dünyada bizim o to-torpaqlı kənddən gözəl kənd varmı? Çünki onun adamı candan eləyən o qədər mənzərəsi, insanları vardı ki, onu yalnız müəyyən uzaqlıqdan seyr etməklə görə bilərdin. Onda yatsam da yuxuma girməzdi ki, sən dəmə, ömrün də belə "stansiyalar"ı olurmuş, vaxt gələcək geridə qalan bütün olub-olmuşlara, illərə, hadisələrə yenə o cür ucalıqdan və oxşar heyrət hissi ilə nəzər salacağıq...

- Mən artıq o "stansiyalar"dan ikisində ayaq saxlamışam. Birinci dəfə bu, əlli yaşda olub. Bir də on il ondan sonra. Amma indi az qala gündə olur o cür nəfəsdərmələr. Kəsəsi, nə qənaətə gəlmişəm? İyirmi yaşda, hələ bir az da əvvəl elə bilirdim, dünyanın ən nakəs, namərd adamları türmədə olur. Onları ora ona görə salırlar ki, ağlı aşıb-daşan, gecə-gündüz xeyirxah işlər görən, xalq üçün vuruşub-əlləşən insanlara xətər yetirməsinlər. Səhvimi təxminən otuz yaşda bildim. Demə, dünyanın o yeri yoxmuş ki, orda əclaf, oğru, quldur, başkəsən olmasın. Çox demişəm, bir də deyim, qırx yaş başın əlhəd daşıdı fikrinə qırx yaşın özü ilə bir yerdə gəlib çıxdım. Əlli yaşın hikməti o oldu ki, ən kamil qələm sahibinin Qədəri yazanın özü olduğunu başa düşdüm. O ayrı söhbətdi onu alına yazırsan, ya kağıza... Qaldı altmış yaşa, payız havası var bu yaşda. Bu, tək, günün dağdan aşan yox, eyni zamanda ağlın başa yığılan, ilhamın öləziyən, xatirələrin dil açan, həm də həqiqəti demiş olsaq, sevginin sona varan çağı imiş. O vaxt nəyi necə eləyə bilərdim, filan addımı niyə atmadım, yaxud onu elə yox, belə eləsəydim, nə olardı kimi yüzlərlə sual! Bir sözlə, haqq-hesab dəmi! Hərdən fikirləşirəm ki, Muradı ("Köhnə kişi" povestinin qəhrəmanı - red.) damdan məhz altmış yaşda qurtarmağım da bir səhvim olub.

- Söz ki, "Köhnə kişi"nin üstünə gəldi, deyəsən, özünün də o əsərə xüsusi rəğbətin var. Yəqin buna görə tez-tez xatırlayırsan o povesti...

- Sən arif adamsan axı, Səməd, səbəbi var onun. Bir dəfə yazmışdım ki, ilk sevgimin qara qutusudu o əsər. Hansı cümləsini, hətta hansı kəlməsini hansı şəraitdə, hansı hissin təsiri ilə yazdığım da yadımdadı. O biri tərəfdən də, mən ağır yazıçı qılıncının altından "Köhnə kişi" ilə keçmişəm.. Bəlalar çəksəm də, axıracan onu taleyin ümidinə buraxmadım. O əsərin ucbatından mən ədəbiyyata da qoca gəldim, heç gənclik üzü də görmədim. Uzun illər adım heç yerdə çəkilmədi, almanaxlarda hamıya yer tapıldı, məndən başqa. Adımın yer ala bilmədiyi o siyahılara baxmağın ancaq həsrəti qaldı mənə. Nə gizlədim, çap olunan qələm dostlarım yanında o illər özümü çörəyi əlindən alınmış uşaq kimi hiss eləyirdim. Dərd tək onun dərdi deyildi ki, əlimdən qapılan tikəni hər kəsin bərabər haqlara sahib olduğu ədəbi meydanda bizim hamımızdan güclü yox, həm də o vaxt söz və səlahiyyət sahib olandan geri ala bilmirdim, həm də onda idi ki, zəhrimar qisas eşqi də o müdhiş varlığı qoyub getməyə imkan vermirdi. Sənə dünyanın olmazın həzzini yaşadan o "qara qutunu" necə, sahibsiz qoyub getmək belə asan işdi, bəyəm? O gözləyən, bu gözləyən, otuz yaşı tamam elədim. Şükür Allaha, özün söz adamısan, boş-boşuna itirilmiş on ilin, özü də yaradıcılıq təbinin çaylar kimi çağladığı, insan ömrünün hər mənada ən əlahiddə dövrü saydığım iyirmi-otuz yaş arasının nə demək olduğunu məndən yaxşı bilirsən. Bir dəfə bu mövzuda çox qızdığımı görən dostlardan biri irad tutdu ki, o, boş şeydi, çap eləmirlər, eləməsinlər, sən yazmağında ol, xalqı yeni əsərlərlə sevindir. Gör ha, əsərlərləxalqı sevindirmək! Məncə yenicə közərən atəşin üstə su əndərməyin nə demək olduğunu bilməyənlər belə danışa bilərlər. Elə belə şeyləri nəzrədə tutub yazmışdım ki, istedad dediyin şey nazəndə qız kimidi, nazını çəkməsən, həmişəlik küsüb gedir. Ya ümumiyyətlə qayıtmır, ya da qayıdırsa, qarımış qız kimi qayıdır. Oğulsansa, on ildən sonra gəl qaldığın yerdən başla görüm, necə başlayırsan.

- Yaxşı, "Köhnə kişi"ni təzədən yazsaydın, nəsə çıxara və ya nə əlavə edərdin?

- Maraqlı olan o deyil, odu ki, o vaxt o yazını yazanda Qaratellə bir yaşda idim, indi bu müsahibəni verəndə isə Muradla bir yaşdayam. Qırx il zarafatdı bəyəm? Nə bir müəllif kimi məndən yarıdı o qız, nə də yar kimi Muraddan. Niyə belə oldu, heç özüm də bilmirəm. Mən gəncliyimdə o qızın prototipinə vurulmuşdum - ənlik-kirşansız bir kənd gözəlinə... Murada gələndə, kaş bir az cavan təsvir edəydim onu,ya da dama gec saldırardım. Kolxoz söhbətini isə birdəfəlik yığışdırardım.

Maraqlıdı ki, illər sonra da məndən o povestin davamını gözləyənlər var.

- Sonradan oxuyub, özün demiş, gərək bunu elə yox, belə yazaydım, deyə düşündüyün başqa əsərlərin də olub?

- Elə şeydi ki, onsuz olmur. Məsələn, "Qiyamçı" ilk variantda bir yağışlı payız səhəri Əyriqara varid olan müsafirləri qadının qarşılaması ilə bitirdi. Əslində onu o qonaqlardan da çox, oxucuların qarşısına çıxarmışdım, özü də kimsənin ağla gətirmədiyi bir əlbisədə - hamilə libasında. Amma çap ərəfəsində onu ixtisar elədim. Sonradan baxdım ki, onu da düz eləməmişəm. O daha yaddaqalan sonluq olardı. Çünki bir il idi oxucular ondan xəbərsiz idilər və səssiz-ünsüz ötüb keçən zaman ayrılığının yerini doldurmaq üçün bundan da sürpriz xəbər kimsənin ağlına belə gəlməzdi. Təkrar nəşrdə, çox güman, onu yenidən bərpa edəcəm. Bu kimi hallar başqa yazılarımda da olub.

- Sevginin sona varmağı ilə ilə bağlı fikrin, çox kəskin səslənmir ki? Çünki sevgi dediyin o şey ki, var, bəzən bu yaşdan sonra da pöhrə verə bilər...

- İstedadı altmışdan sonra çağlayan, eşqi bu yaşdan sonra topuğuna vuran, nəyinsə xatirinə hətta özündən iyirmi yaş balaca qızla evlənən, yaxud onun əksi olan əcaib hadisələrlə azmı rastlaşmışıq həyatda? Amma buna həmişə istisna kimi baxmışam. Və bu gün belə bir fikir səsləndirirəmsə, bu o demək deyil ki, mütləq həqiqət elə mən deyəndi. Dursam sevginin yaşla dialektik vəhdətinin qanunauyğunluqlarından qəzəl oxumağa, məni qınamağa tam haqqın olardı. Amma bu, şəxsi mülahizədi və sadəcə hər şeyin bir zamanı olduğuna işarədi.

- Belə başa düşdüm ki, Qaratel qəziyyəsini bitmiş hesab eləyə bilərik. Amma, nədənsə, mənim bu fikrə inamım tam deyil.

- Doğrudan da, o sevgi bir qəziyyə idi !... O da bir qismət idi başıma gəldi, zamanı çatanda da səssiz-səmirsiz keçib getdi. Kim bilir, bəlkə də, son işartıları yetmişəcən gedib çıxa, amma daha o sevgi mənə, çətin, kitab yazdıra - demək istədiyim budu.

- Əlabbas, bu gün ətrafımızda çox şey öz rəngini, biçimini dəyişir, anlamını itirir. Bir vaxt bizim üçün qiymətli, müqəddəs olan şeylər dəyərsizləşir. Bu gün sənin nədən çox zəhlən gedir?

- Arvad paltarında şəbeh çıxaran kişidən, yalan danışdığını bilə-bilə yenə qırıldatmağından qalmayan yaramazdan, haqqı danan nakəsdən, çörəyi dizinin üstə olandan, "Qudalar" mahnısından... Ta nəyi deyim? Yaşın bu çağı üçün bu qədər neqativ bəs deyil ki? Onsuz da dərd çox, həmdərd yox...

- Yaxşı, sən sosial şəbəkələrdə yox kimisən. Niyə belə? Adam var ki, ora onunçün əsl cənnət seyrangahıdı, gecə-gündüz ordadı, yazır, şəkil qoyur, fikir paylaşır, münasibət bildirir. Hətta elələri var, deyir, əməlli-başlı yazıçı olub gedib... Bəs nədi? Yazmaq demirdin? Bu da səninçün yazmaq... Gör nə qədər bəyənəni, paylaşanı var? Bir yandan sevinən kimi olursan ki, demək, axmaq-axmaq işlərdən uzaq durmağa, baş qatmağa yer var...

- Bilirsən, mənə görə, sosial şəbəkələrdə nə baş verirsə, bikarçılıqdan baş verir. Ancaq gərək düzünü deyəsən, bu, virtual dostlar ailəsi, "ali" maarifçilik məktəbi və ən operativ informasiya mənbəyidi. Respublikanın az qala bütün ədəbi-elmi ictimaiyyəti, yaradıcı insanları ordadı. Maşallah! Son vaxtlar məmur ordusunun da bir xeyli əsgəri də gözümə dəyib orda... Özünütəbliğ, reklam, bir araya gəlmək, fikir formalaşdırmaq baxımından da bu şəbəkələrin yayım sürətini əvəz edən ikinci bir rabitə vasitəsi yoxdu. Məncə, yaradılışda hər şey elə buna hesablanıb. Az qala bütün dünya bir əldən idarə olunur. İndi belə yerdə istəsən də, olmaya bilməzsən. Xüsusən də smartfonların bu qədər geniş intişar tapdığı bir zamanda. Amma bəla ondadı ki, əksəriyyətdən fərqli olaraq, özümü bu şəbəkədə heç rahat hiss eləmirəm. Heç nə enerjimi ordakı qədər tükətmir, vaxtımı ordakı qədər aparmır. Hərdən elə bilirəm, təzə dərd tapmışam, xəbərim yoxdu, çünki bu yaşda məni lüzumsuz informasiyanın bolluğu qədər yoran, üzən, əldən salan ikinci bir şey ağlına gəlməsin. Ona görə də orda ən zəif bənd mənəm.

- Ad çəkmək şərti ilə, ən çox xoşladığın roman, povest, hekayə...

- Roman birmənalı olaraq "Gün var əsrə bərabər"di. Buna söhbət ola bilməz. Povest, "Mirvari", hekayə "Həyat eşqi"... Amma təbii ki, müəyyən şərtiliklər var burda. "Səfillər"i, "Anna Karenina"nı, "Sakit Don"u, "Əlvida, silahı"ı, "Qılınc və qələm"i, "Sonuncu möhlət"i, "Hacı Murad"ı, "Yad"ı, "Ağır əlcəklər"i, "Qoca və dəniz"i, "Qasırğa"nı, "Mən, nənəm, İliko və İllarion"u, "Ağ Arvana"nı, "Gözlənilən bir qətlin tarixçəsi"ni, "Dəniz kənarı ilə qaçan alabaş"ı, "Qumluqdakı qadın"ı, "Prussiyalı əsgər"i, "Boyunbağı"nı, "Ay işığı"nı, "6 nömrəli palata"nı, "Son yarpağ"ı, "Zərifliy"i, "Əyilməz qadın"ı və bu kimi yüzlərlə əsəri necə yaddan çıxara bilərsən? Sevgidəndi, nədəndi, onları sadaladıqca hardansa üzümə işıq düşür.

- Hazırda kimləri oxuyursan?

- Təkrarən klassikləri...

- Bu səni yormur? Həmişə eyni şey...

- Folknerin maraqlı fikri var. Adətən hər il "Don-Kixot"u təzədən oxuyuram, deyirdi, "Mobi-Dik", "Madam Bovari" və "Karamazov qardaşları"nı dörd-beş ildən bir təkrar oxuyuram... Dikkens və Konradın, demək olar ki, hər il bir əsərini mütaliə edirəm.

- Sənin də belə müəlliflərin var?

- Onların kimliyini əslində dolayı yolla xatırlatmış oldum. Nə var, onlarda var. Olsun ki, bu, daha çox yaşla bağlıdı. Amma danmaq nəyə lazım, istər oxucu, istər də yazıçı kimi bədii zövqüm o kitablarla formalaşıb, mən onları oxuya-oxuya pis-yaxşı yazıçı olmuşam. O fikrə xüsusən bu yaşda heç şübhəm yoxdu ki, oxuduğun kitab sənin kim olduğunu deyir. Bu yerdə Borxesin bir kəlamını yada salsam, söhbətimizə də vəsilə olar: "Bəziləri yazdığı hər kitabla, mən isə oxuduğum hər hansı əsərlə fəxr edirəm".

- Kimlərlə həmsöhbət olmuşamsa, bunu həmişə müşahidə eləmişəm. Özümüzünkülər unudulur. Yaxşı ki, siyahında bir nəfər də bizdən var.

- Mizan var, tərəzi var, bu işi başladan kişilər var. Axundovu, Mirzə Cəlili, Nərimanovu, Süleyman Sanini, Haqverdiyevi, Seyid Hüseyni, Qantəmiri, Tağı Şahbazini, Divanbəyoğlunu, Ordubadini bu gün sən unudarsan, mən unudaram, haqq ki unutmaz!

- Söhbət ki bu yerə gəldi, bu günün mənzərəsini necə rəsm edərdin?

- Deyim ki, son iyirmi ildə Azərbaycan nəsri, xüsusən də roman janrı böyük təkamül yolu keçib. Zay və ortabablarla bərabər, yaxşılar da var. Amma bu haqda danışmayacam. Hamı hər şeyi səndən-məndən yaxşı bilir. Məsələn, Vaqif Nəsibin, Seyran Səxavətin, Nəmməd Orucun, Kamal Abdullanın Koelyodan nəyi zəifdi? Aqil Abbas, Aslan Quliyev, Azad Qaradərəli, Eyvaz Zeynalov, Vaqif Sultanlı, Kamran Nəzirli, İlqar Fəhmi, Elçin Qaraçuxa, Mübariz Cəfərli, Kənan Hacı Xalid Hüseynidən nədə geri qalır? Nəriman Əbdürrəhmanlının, Səfər Alışarlının Kafkadan, Üzeyir bəy demiş, nəyi və harası pisdi? Doğrudan elə fikirləşirsən ki, Afaq Məsud Pamukun və ya Murakaminin kölgəsində qalar? Əksinə! Mənim nəzərimdə Natiq Rəsulzadə ismini sadaladığım əcnəbi müəlliflərin hər birindən daha üstündü. Hələ adlarını çəkdiyim sənətkarlarımızı qoyuram bir kənara, bəzi ortabab yazıçılarımıza yaxşı demirəm, elə ala-babat qonarar versən, Xalidi-Malidi yalan elərlər.

- Bəli, reallıqdı ki, indi çoxlarının sevmədiyi Karl Marksın sözləri ilə desək, insanlar elm, din və incəsənətlə məşğul olmazdan əvvəl, yeyib-içməli, paltar və mənzillə təmin olunmalıdırlar. Amma, problem tək qonorardımı?

- Təbii ki, yox. Ondan da vacibi tərcümə məsələsidi. Reklam və təbliğatdan isə, ümumiyyətlə, söhbət gedə bilməz. Bax, belədi vəziyyət, bərbad gündə. İndi mən çox səbirsizliklə gözləyirəm, görək Şərifin fransız dilinə çevrilən romanının bir xoş sədası gələcəkmi? Böyük bir baryeri aşmış olarıq onunla.

- Yaxşı, necə deyərlər, "keçək Arazın o tayına". Uzun müddət şəhər icra hakimiyyətində işlədin. Qazancın nə oldu?

- Tərslikdən indiyəcən harda işlədimsə, biri də ürəyimdən olmadı. İntəhası ya qismətdən, ya məcburiyyətdən heç vaxt layiq olduğum yerdə ola bilmədim. Ordakı işimə gəldikdə isə, iyirmi iləcən can qoyduğum dövlət qulluğundan öz ərizəmlə getməyim bu sualın cavabı deyil. İnsaf hissini itirmədən deyim ki, qapısını arxadan bağlayıb təkliyə çəkilməyə xudmani bir otağım olub orda və o otaqdan "Qiyamçı", "Qaraqovaq çölləri", "İkinci oğul", iyirmiyə qədər hekayə və bir xeyli publisist yazı yadigar qalıb mənə. Dostlar durub-oturub qınasalar da ki, özümə bir gün ağlamadım, nə mənəviyyatdan dəm vururam, peşman da deyiləm. Kimsə bu dünyadan bir şey aparmaz.

- O otaqdan nə xəbər?

- Yoxluğuna yoxdu o otaq, amma ondan da əvvəl o dəli, məni havalandıran istək yoxdu daha. Hər şeydən bezdim, yoruldum daha. Arabanı aparan at deyil ki, arpadı, qardaş! Nə qədər steril mühit olur-olsun, altmışdan sonranın əmmasıdı bu!

- Yeri gəlmişkən, bu yaxınlarda Əsgər Rəsulovun təqdimatında "Qaraqovaq çölləri" bir daha gündəmə gəldi.

- Əvvəla onu deyim ki, Əsgər müəllim bütün ömrünü sözə, sənətə həsr etmiş üstün zəka sahibi olan çox ciddi bir insandı və bizdə türk ədəbiyyatının ən mahir tədqiqatçılarından, eyni zamanda o dil üzrə ən kamil mütəxəssislərdən sayılır. İmzasına son dərəcə hörməti olan kəs çətin ki, nəyəsə xatir qələminə xəyanət edə. Özü də harda, harda, "Ən çox sevdiyim əsər" rubrikasında! Bu məsələnin hələ bir tərəfidi. O biri yandan Əsgər müəllimin o roman haqda dəyərləndirmələri hələ doqquz-on il əvvəl, əsərin çapından bir-iki ay sonra işıq üzü görmüşdü. Ola bilər hələ indən belə də nəsə demiş olsun. Amma hiss etdiyim qədər onu bu mövzuya bir daha qaytaran "Qaraqovaq çölləri"nin gerizəkalı, əski zehniyyətli adamların xörəyi olmadığı fikrini ədəbi ictimaiyyətə çatdırmaq istəyi olub. Bir müəllif olaraq bu günün ən kardinal mövzusuna həsr olunmuş yazı ilə verdiyim mesajı və mətnin altqatında yerləşdirilən mətləbi mərhum akademik Bəkir Nəbiyev və fədakar elm xadimi Vaqif Yusifli xaric, Əsgər Rəsulov qədər duyan olmadı. Necə deyərlər, bilən bilir, qarlı dağın ardını!

- Hansısa müsahibəndən daha çox razı qaldığın olubmu, ya hamısı ürəyindəndi?

- Çingiz Aytmatovla bağlı "Qartallar yüksək uçar" sorğusu və sənnən olan ilk "gaplaşma"ğımız.

- Nəyi görən gözün yoxdu?

- Boksa, qaydasız döyüşə axırıncı dəfə haçan baxdığımı çoxdan unutmuşam. Yəqin bilirsən, onu tarix boyu dəfələrlə olimpiadaların proqramından çıxarıb sonradan təkrar bərpa eləyiblər. Bu cür yarışlar həmişə ibtidai təfəkkürlü insanların qazanc mənbəyi olub, indi də o cürdü. Yadına saliram, gör Məhəmməd Əlidən, Co Frezerdən, Taysondan, Holifilddən tutmuş üzü beləsinə ömrünü insan kimi başa vuran bir boksçu xatırlaya bilirsən heç?

- Bu yaşda nə gülüş doğurur səndə?

- Nə gülüş doğurur məndə? Məsələn, istedad sözü. Ömrün o başında, yəni qırx il əvvəli nəzərdə tuturam, haqqımda onu işlədənə, bəlkə də, can qurban elərdim. Amma indi? Sanki daha ailə qurmayacağını bilən hansısa əbləh ehmalca qulağına pıçıldayır ki, ogullu-uşaqlı olasan, qədeş! Bax, belə yerdə deyiblər: get özüvə, məndə iyirmi birdi...

- Bir oxucu kimi yazıçı Əlabbasın yaradıcılığını necə qiymətləndirərdin?

- Nəyi də olmasa, "Qiyamçı"nı oxusunlar. İtirdikləri vaxta təəssüflənsələr, babalı müəllifin boynuna.

- Əlabbas Bağırov nə etmək istəyirdi ədəbiyyatda? Eləyə bildimi onu?

- Azərbaycan ədəbiyyatının ərazisini bircə kvadrat santimetr də olsa, böyüdə bildimsə, qəhrəmanam ki! Bizdə belə şeylər, əfsus ki, yazıçı başını yerə qoyandan sonra bilinir, onacan yox.

- Ona görə bir də 70-də görüşüb, sonrasına baxarıq, inşallah!

- Qismət olsa. Artıq o sənin-mənim yox, Allahın işidi! Arzulayaq!

Səməd Məlikzadə

“Kaspi qəzeti”

# 2864 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
# # #