“Azdrama”da nə baş verir? - TƏHLİL

“Azdrama”da nə baş verir? - <span style="color:red;">TƏHLİL
14 sentyabr 2015
# 10:33

Aysberqin görünən tərəfi

Nəhayət ki, yalnız teatr adamlarını deyil, KİV-i, çoxsaylı tamaşaçıları da bu sual narahat etdi: teatrda nə baş verir? Bu qədər dərdin-çorun içində adamların teatra marağına sevinməyə tələsməyək. Əslində, teatr deyəndə ümumilikdə teatrı yox, Akademik Milli Dram Teatrını, onun son illərdəki qalmaqalları nəzərdə tuturlar. Bəlkə də teatr son 50 ildə bugünkü kimi gündəmdə olmayıb. Süjet-ssenari hələ bitmədiyi üçün “Azdrama”da baş verən ən son hadisələri kulminasiya adlandıra bilmərik. Necə deyərlər, bəlkə də tamaşa hələ bundan sonradır. Səhnə arxasında nələr baş verir, nə intriqalar yaşanır və onlar hansı şəkildə təzahür edir, kim bilir? Amma bəlli ki, “Azdrama” aysberqin görünən tərəfi kimidir. Az da görünsə, teatr haqda bir çox həqiqətləri ortaya çıxarır.

Baş rejissor tələbi

Teatrda ilk söz-söhbət teatra İsrafil İsrafilovun direktor təyin olunmasından az sonra, teatrın baş rejissorsuz işləyəcəyi məlum olanda başladı. Aktyorlar, teatr adamları baş rejissorsuz teatrı təsəvvürlərinə gətirmir, qeyri-mümkün hesab edirdi. Milli teatrın idarəetmə tarixində belə təcrübə yoxdur, baş rejissor ənənəsi var və bu ənənə elə Rusiya teatrlarında indi də qorunur. Baş rejissor teatrın repertuarını müəyyənləşdirir, aktyor truppasının inkişafını düşünür, bir növ teatrın profilini müəyyən etməyə çalışır və s. Bütün bu sadalananlardan başqa baş rejissorun teatra o qədər də proqressiv olmayan töfhələri də var.

Baş rejissor vəzifəsi sıravi rejissora bir yaradıcı şəxsiyyət kimi özünü, teatr ideyalarını realizə etmək imkanı verir. Tofiq Kazımovun teatrı deyiləndə, onun teatrda baş rejissor işlədiyi illər yox, onun teatra gətirdiyi yeni ifadə vasitələri, estetik formalar nəzərdə tutulur. Hansı ki, o, bunları baş rejissor olduqda edə bilmişdi. Sıravi rejissor olaraq nə edə biləcəkdi, bu, aydın deyil. Deməli, baş rejissor teatrda rəsmən təsdiqlənmiş avtoritetdir . Hərçənd, başqa nümunələr də var: teatrda sıravi rejissor bəzən avtoritet olduqdan çox sonra rəsmən təsdiqlənir. Avtoritetlik isə (bu yerdə oxuculardan bu sözün oğru dünyasındakı anlamı ilə assosiasiya etməmələri acizanə xahiş olunur) xüsusən teatrda şəxsiyyət və yeni ideyalarla bağlıdır. Milli teatrda avtoritetlər zamanı üçün yeni teatr ideyalarının müəllifidir - mərhum Tofiq Kazımovdan, Hüseynağa Atakişiyevdən, bu gün baş rejissor və bədii rəhbər işləyən Bəxtiyar Xanızadəyədək. Onlar inzibati anlamda yox, estetik anlamda öz teatrını yaratdılar və bu teatrda kimin tamaşa qoyacağından asılı olmayaraq dərkənar kimi öz avtoqraflarını qoydular. Kimin tamaşa qoymasından asılı olmayaraq. (Elə məsələ də bundadır. Böyük bir teatrda kimin tamaşa qoymasından asılı olmayaraq bir rejissorun dəst- xəttinin formalaşması... Bu işin həm də yaxşı olmayan tərəfidir.)

Teatrın da avtoritet olduğu zamanlarda - 90-larda yeni ideyalardan yeni teatrlar yaranırdı və pis-yaxşı məkan tapıb, öz tamaşaçılarını toplayırdı. Bu paytaxt teatr həyatının ən rəngarəng zamanları idi. 2000-lərdə bu teatrların bir neçəsi dövlət teatrı statusu qazandı, bir neçəsi isə Gənc Tamaşaçılar Teatrında əridilib yox oldu, biri isə (İbRus teatrı) sadəcə fəaliyyətini itirib bağlandı. Alternativ teatrlar ideyası, forma rəngarəngliyi Mədəniyyət və Turizm Nazirliyinin apardığı teatr islahatlarının itirdikləri idi (Qazanılanlar haqda onsuz da çox yazılıb, bunun üstündən keçirəm).

Paytaxtın teatr həyatının donuq zamanlarında Akademik Milli Dram Teatrına yeni direktor təyin olundu. Və elan olundu ki, teatr bir müddət baş rejissorsuz işləyəcək. Bu qərarla Mədəniyyət və Turizm Nazirliyi yoxa çıxan kiçik teatrların yoxluğunu kompensasiya edəcəkdimi, ya “ağırtaxta “Azdrama”nı xilas etmək istəyirdimi, ya tamam başqa və sadə bir səbəb idimi, bəlli deyil. Hər halda Bu qərardan sonra “Azdrama” yeni ideyalara, eksperimentlərə və sıravi rejissorlara açıq, azad məkan kimi görünürdü. Bəlli olansa, kollektiv və bir sıra teatr adamları rəsmən təsdiqlənən avtoritet olmadan teatrı qəbul etmirdi.

Direktor yaddaşlardakı baş rejissor avtoritetinə uyğun gəlməsə də, dünya praktikasında olan prodüser vəzifəsinə qismən uyğun gəlirdi. Teatra başqa teatrlardan aktyorlar, gənc rejissorlarla yanaşı xarici rejissorları da dəvət etdi.

Aktyorlar özləri ola-ola başqalarının bəh-bəhlə çağırılmasını həzm edə bilmirdi. Təbii idi. Xüsusən dəvət olunan rejissorlardan biri bu yaradıcı kollektiv haqda neqativ fikirlər deyirsə. Digər tərəfdənsə əsasən keçmiş şöhrətinin kölgəsində parlayan aktyorların yeni partnyorlara, iş üslublarına, dəyişikliyə açıq olmaması da təəccüblüdür.

YUĞ və Drama

Teatra dəvət olunan aktyor və rejissorlar mövzusunda qıcıq yaradan əsas nöqtə YUĞ teatrıdır. Daha doğrusu, teatrın heyətindən “Azdrama”ya dəvət olunan aktyor və rejissorlar. Bu, “Azdrama” düyününün ən yaradıcı konfliktidir. Bir az da lovğalıq etsək, guya ciddi teatr söhbətləri varmış kimi aparsaq, personalara olan antipatiyaları kənara qoysaq, bu hardasa estetikaların inkarı və ya toqquşmasıdır. “Azdrama” narazılığında bu məqam qeyd olunurdu: ayrı-ayrı estetikaları olan teatrların sintezi mümkün deyil. Hərçənd burada sintezdən danışmaq yersizdir. Prodüser teatrının qanunu deyək, amma Prodüser sözünü ehtiyatla işlədirik. Səbəb? Akademik Milli Dram Teatrı dövlət teatrıdır və tamaşalar üçün kənardan vəsait, demək olar ki, cəlb olunmur (bu, kinoda problemdir qaldı teatrda), teatrın bəlli bir rəqabət meydanı, “bazarı” yoxdur. Bu çətin situasiyada teatrı bu şəkildə idarə etmək əlbəttə, asan deyil. Uğursuzluqlar qaçılmazdır. Amma küyə düşmədən teatrın son 10 ildəki vəziyyətini nəzərdən keçirəndə, aktyorların iddia etdiyi kimi hansısa şöhrətli, şedevrlər təqdim edən teatrın batmasından danışmaq gülməlidir. Axı əvvəlki dövrə aid hansı nümunəni göstərə bilərlər? Telman Adıgözəlov, Yaşar Nuri, Eldəniz Zeynalov, Səyavuş Aslan kimi böyük aktyorların sağlığında belə teatrda bir iki diri tamaşa tapmaq olardı. Qalanları müasir dramaturqların uzun və urapatriotik, pafoslu tarixi dramları, Bəsti Cəfərovanın zorla gərgin antik qəhrəmanları (onu illər sonra “Xanuma”da “diri bir obrazda” görmək sevincli olduğu qədər ağrılı idi), yeni heç nə deyə bilməyən, teatra illüstrasiya kimi qoyulan, ifadə vasitələrində monoton tamaşalar... O tamaşalar ki, aktyorları təkcə qocaltmadı, həm də köhnəltdi. Teatrda yaşanan təqaüdə getmək qorxusu qocalıqdan çox, köhnəlmək acısı idi. Bura qədər yazılanlara dərd deyək. Teatrın dərdləri. Konflikt isə belə asan görünən deyil. Daha mürəkkəbdir. Mətbuata çıxan “Azdrama” həngaməsini izləmək kifayətdir ki, onun görünməyən bir qatı olduğu sezilsin.

Görünən konflikt

Görünən konflikt sabit tərəf ilə dəyişən tərəf arasındadır. Sabit tərəf teatrın direktoru cənab İsrafil İsrafilovdur. Dəyişən tərəf sayı gah artan, gah azalan, tərkibi dəyişən aktyor qrupudur. Ona görə artıb-azalan ki, aktyorlar öz mövqeyini tez-tez dəyişirlər. Bu gün direktora üsyan edən, sabah razılığını bildirir. Ən radikal çıxışlar edən Sərdar Rüstəmov, Əli Nur, Ramiz Məlik kimi... Bir-birlərini satılmaqda, yaltaqlıqda ittiham edirlər. Bu ittiham edənlər də sonra fikrini dəyişir. Bəzənsə fikirlər hansısa hadisədən sonra dəyişir. Məsələn, bir dəfə səsi eşidilməyən, ümumiyyətlə varlığı-yoxluğu duyulmayan Atababa Hacıbababəyov işdən çıxarıldıqdan sonra silsilə məqalələr yazır (Ola bilsin, yazdıqlarında da haqlıdır. Amma bir sual yaranır ki, bu adam işlədiyi müddətdə indi təsvir etdiyi ədalətsizliyə, biabırçılığa niyə dözüb? Niyə onda heç vaxt səsini çıxarmayıb?)

Belə məqalələrdə teatr haqda işlədilən “məbəd”, “mənəviyyat mərkəzi” kimi təyinlərlə bu əxlaq bir-birinə uyğun gəlirmi? Cahangir Novruzovun aerobikada millilik axtaran qəhrəmanı demişkən: “Gəl-mir”!

Pis olan odur ki, məsələ sağlam tənqiddən uzaqlaşıb çirkin bir kampaniyaya çevrilib. Hansı motivlə olursa olsun direktora qarşı olmaq trendə çevrilir və bu dəbdən geri qalanlar yaltaqlıqda ittiham olunur. Pis olan odur ki, bu kampaniyanın hay-küyündə direktorun işindəki gerçək çatışmazlıqlar (məs. repertuar siyasəti - bu siyasətin hansı xəttin üzərində qurulması bəlli deyil) kölgədə qalır. Teatra ayrılan illik büdcə, dövlət sifarişlərinə xərclənən məbləğlər, teatrın problemləri barədə bir cümlə də informasiya almaq mümkün olmayan nazirliyin teatr siyasəti barədə hesab sormaq unudulur. Bircə düşmən qalır və bu düşmən olmasa teatr inkişaf edəcək. Nə gözəl! Təki belə olsun!

Bəzi nüanslar konfliktin aysberqin görünməyən tərəfini də sezməyə imkan verdi. Direktoru hədəfə alan silsilə məqalələr. Direktorun despotik idarəçiliyi barədə haqlı ittihamlarla bir yerdə absurd ittihamlar.... Məsələn, qanunda nəzərdə tutulduğu kimi aktyorları təqaüdə göndərilməsindən tutmuş, Tarif Şurasının təyin etdiyi aşağı maaşa, lap bu günlərdə aktyor İlham Əsgərovun teatrda vida mərasiminin təşkili və ya Fəxri Xiyabanda dəfn olunması kimi birbaşa Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan məsələlərə kimi... Sanki görünməyən qüvvələr öz xeyrinə işləyən yersiz intriqaları teatrın nüfuzu, yaradıcı adamların əsəbləri hesabına aparır. Və bu həngaməyə sənət təəssübkeşliyi donu geyindirilir. Ortaya isə olduqca ürəkbulandıran

MÜBARIZƏ ÜSULU

çıxır: səhnədə Hüseyn Caviddən misralar hayqıran aktyorların şantaj, donos kimi vasitələrə əl atması... O biri tərəfinsə məmur siyasətilə susqunluğu... Direktor və nazirlik gərgincə susur. Susqunluq uzandıqca mübarizə üsulları əxlaq çərçivəsindən çıxır. Sağlam polemika yoxdur. Polemika olmayınca, düyünün ucunu tapmaq mümkündürmü? Bu qədər uzanan “Azdrama” düyünü” yalnızca kadr problemi üzündənmidir? Bu qədər müddətdə nazirliyin susqunluğu nə üçündür? Söz-söhbətin şişib-şişib partlamasını gözləmək nəyə xidmət edir? Hansı bahalı intriqalardır ki, teatrı bu qədər ucuz edə bilir? Bəlkə ümumiyyətlə məsələyə mədəniyyət siyasəti müstəvisindən baxmaq lazımdır?

Bəlkə bu düyün “Azdrama”ya illərlə boğazdan yuxarı pafosla oynanılan deputat-məmur pyeslərinin əvəzində verilən cəzadır? Aktyorların, rejissorların etiraz etmədikləri istedadsızca yazılan, yalançı mətnlərin, mənasız quruluşların heç kimə isti-soyuğu olmayan mövzuların qisasıdır? Axı hər şey canlıdır. Pafosla deyilərək ağızlarda, qulaqlarda ölən sözlər də canlıdır. Teatr özü də canlıdır.

Bəlkə doğrudan da bəzi sənət nəzəriyyəçilərinin dediyi kimi gerçəklik sənətə qalib gəlib? Bu 30-cu illər qoxulu ittihamlar, ifrat vulqar müsahibələr, lazımsız politkorrektlik, gündə bir tərəfi dəstəkləmək, “143 yaşlı teatr”ın “etimad doğrultmaq” arzusuyla ölkə prezidentinə müraciəti gerçəkliklə sənət arasında kəşf edə bilmədiyimiz bir məqamdır?

Və bəlkə, ümid edək ki, bütün bunlar artıq geridə qalıb?

Teatra yeni təyin olunmuş baş rejissor Azər Paşa Nemət mətbuat konfransı keçirib, vəziyyətin düzələcəyinə ümid etdiyini deyib. Bu arada nazir müavininin mətbuata icazəsiz müsahibə verməməklə bağlı söylədiyi fikir aktrisaları özündən çıxarıb. Aktyorlar direktoru məhkəməyə verir. Bu sonuncu kimi içini açıb oxumadığım onlarla daha başqa xəbər də var.

Amma ən əsas olan xəbər başqadır: Böyük Britaniyanın dünyaca məşhur Qlobus teatrı Akademik teatrın dəvəti, deyəsən elə direktor İsrafilovun təşəbbüsü iləBakıya gəlib tamaşa göstərəcək. Məncə, bu, son illərdə Akademik Milli Dram Teatrının tarixində ən parlaq hadisədir. Həm də “Hamlet” tamaşası. Hansı ki, bu yaxınlarda rejissorlarından biri Dominik Dromqnulun müsahibəsini çevirmək istəmişdim, amma “Bu ad kimə tanışdır ki?” şübhəsiylə vaz keçmişdim…

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #