Gənc aktrisa: “Dindar olduğu üçün mənimlə öpüşmədi”

Gənc aktrisa: “Dindar olduğu üçün mənimlə öpüşmədi”
18 noyabr 2014
# 09:30

Müsahibimiz “Lider” telekanalında yayımlanan “Qisas” serialının əsas ifaçılarından biri, gənc aktrisa Vəfa Babayevadır.

- Vəfa, əvvəlcə özünü təqdim elə.

- 1993-cü ildə anadan olmuşam. Əslində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin 4-cü kursunda oxumalıydım. Amma anam bir il imkan vermədi getməyə, ona görə indi 3-cü kursdayam.

- Anan Firəngiz xanım da aktrisadır (Firəngiz Babayeva Bələdiyyə teatrının aktrisasıdır). Niyə izn verməmişdi?

- Dedi, mən nə qazandım ki, sən də nə qazanasan? İkinci dəfə sənədlərimi verəndə qəsdən imtahanlarda aşağı bal topladım ki, İncəsənət Universitetinə qəbul olunum.

- “Qisas” sənin neçənci işindir?

- Üçüncü. Birinci işim, Eldar Quliyevin “Girov” filmində olub, Leyla rolunda çəkilmişəm. İkinci rolum İTV-də çəkilən “Üç görüş” filmində olub. Bir də “Qisas”dan sonra Tahir Əliyevin “Səsdən usanmışlar” filmində baş rollardan birini oynamışam.

- Seriala kastinq necə oldu?

- Sözün düzü, mən kastinqə getmədim. Bir dostum dedi ki, qohumum üç rəfiqədən serial çəkmək istəyir. Asif Abramovla belə tanış olduq. Onda Abramov “Muradına çatan günəş” adlı serial çəkirdi. Görüşdük, dedi ki, üç rəfiqədən serial çəkmək istəyirəm, baş rollardan birinin sənin oynamanı istəyirəm. Amma bir neçə ay keçəndən sonra rejissor mənə “Qisas”ın ssenarisini verdi. Dedi ki, Tahir Kazımovun “Qisas” romanını ekranlaşdırmağı planlaşdırırıq. Əsər Almaniyada “Şiller” mükafatı alıb. Türkiyədən də bu romanı çəkmək üçün icazə istəmişdilər. Amma müəllif hüququ Asif müəllimdə olduğundan çəkə bilmədilər. Asif müəllim dedi ki, Zülfiyyə obrazını oxu, gör, necə qəbul edirsən. Bir günə oxudum. Səhər görüşəndə dedim ki, Zülfiyyə ilə Vəfa tamamilə başqa adamlardır. Zülfiyyə mütidirsə, haqsızlıqlara baş əyəndirsə, Vəfa o qədər üsyankardır, haqsızlığa baş əyən deyil. Bu obrazı tam qəbul etməm üçün rejissor iki ay mənlə işlədi, məşqlər elədik.

- Rejissor niyə israr elədi ki, məhz sən oynamalısan?

- Bunu heç vaxt ondan soruşmamışam. O, çox aktrisalarla danışmışdı, kastinq də eləmişdi. Bəlkə də həyatımdan danışdığım bəzi şeylər onu təsirləndirmişdi. Çünki Zülfiyyənin yaşadığı bəzi şeyləri həyatımda yaşamışdım. Düzdür, o zorakılığı yaşamamışam. Amma ailə içi nüanslar var ki, onlar olub. Ona görə dedi ki, bu rol sənə daha yaxın olacaq.

- Rol üzərində işlədiyiniz müddətdə səndə konkret nələr alınmırdı?

- Ən böyük problem o idi ki, Zülfiyyəni qəbul edə bilmirdim. Psixoloji olaraq. Nə olursa-olsun, o, hər şeyi anasına danışmalı idi. Çünki ana onu anlayardı.

- Amma sən aktrisasan. Verilən rolu oynamalısan. Öz xarakterinlə eyniləşdirməməlisən.

- Düzdür. Hətta rejissor mənə dedi ki, özün üçün qeydlər elə ki, Zülfiyyə ilə səni birləşdirən hansı ortaq cəhətlər var. Onda sənə rahat olacaq. Amma sonucda istədiyimiz alındı.

- Çəkiliş prosesi necə oldu? Hansı çətinliklərlə rastlaşdın? Əsas tərəf-müqabillərindən biri Cavanşir Hadıyevlə necə işlədiz?

- Bu rola təsdiqlənəndən sonra Asif müəllim dedi ki, Cavanşir Hadiyevlə bir müddət bir yerdə vaxt keçirin ki, alışasız. Çox söhbət elədik və anladıq ki, nəsə alına bilər. Cavanşir Hadıyev xarizmatik aktyordur, amma sevgi səhnələri ona yaddır. Dava, atışma səhnələri, “krutoy” obrazlar ona daha çox uyğundur, nəinki sevgi səhnələri. Hiss edirdim ki, özü də bu səhnələrdə məsafəli davranır. Həm də namaz qılandır. Ssenaridə öpüşmə səhnələri vardı, dedi ki, mənim 15 yaşımda qızım var. Mən onu eləyə bilmərəm. Bu cür səhnələri çıxartdılar.

Amma İstanbulda çəkilişlər zamanı gözlənilməz bir şey oldu. Sadəcə dodağımdan öpdü. Onu Cavanşir müəllim gözlənilməz elədi. Çəkiliş gedir, biz söhbət edirik. O, deyir ki, mən sənin üzündən, yanağından öpəcəyəm və qəfildən dodağımdan öpdü. Donub qaldım, amma vəziyyətdən çıxdım. Məni iri planda çəkmək istəyəndə operator dedi ki, bu səhnə texniki baxımdan alınmadı. Çünki gün batmışdı. Rejissor özü də sonradan açıq səhnələri çıxartdı ki, insanlar qəbul etməyəcək.

- Bu yaxınlarda sənin bir fikrin-“Erotik səhnəyə çəkilməkdən zövq alıram“-sosial şəbəkələrdə çox müzakirə olundu.

- Space kanalının “Günaydın” verilişində çıxış eləmişdim. Serialdakı zorlanma səhnəsindən danışanda dedim ki, orda açıqlıq yoxdur. Sadəcə, ayaq görünür. Köynəyim açılsa da, altdan mayka geyinmişdim. Saytlardan biri də yazdı ki, guya mən demişəm ki, erotik səhnələrdən zövq alıram, çılpaq çəkilmişəm. Elə söz deməmişəm. Hətta düşündüm ki, saytı məhkəməyə verim. Sosial şəbəkələrdə mənə, atama təhqiramiz sözlər yazıldı. Psixoloji travma aldım. Ataya qarşı zəifliyim var. Atamı uşaq yaşlarımdan itirmişəm. Ona aid nəsə təhqiramiz söz işlədəndə hisslərimi idarə edə bilmirəm. Bəxtim onda gətirib ki, anam aktrisadır, məni anlayır. Başqası olsaydı, haqqımda yazılanlardan sonra qadağa qoyardı. Anam dedi ki, qızım, biz bunu gözləyirdik.

- Serialda hansı aktyorlarla işləməkdən böyük zövq aldın?

- Qurban İsmayılovla işləməkdən çox zövq aldım. Ondan öyrənirdim. Məşq zamanı onu müşahidə edirdim. Bir də anamı oynayan Zemfira Əbdülsəmədovanı qeyd edərdim. Bu iki insan demək olar ki, mənə çox şey öyrətdi. “Qisas” mənim üçün böyük bir həyat proyekti oldu.

- Adətən neçə dubla çəkilirdin?

- Bir dubla. Məsələn, zorlanma səhnəsinə bir dubla çəkildim.

- “Səsdən usanmışlar” filminin çəkiliş zamanı səni müşahidə edirdim. Çəkiliş meydanında çox rahatsan. Bu rahatlıq nədən qaynaqlanır?

- Anam aktrisadır. Çox teatrda işləyib, Mingəçevir, Sumqayıt, indi Bələdiyyə teatrında çalışır. Anam Sumqayıt teatrında işləyəndə dünyaya gəlmişəm. Uşaqlığım teatrda keçib. Bələdiyyə Teatrında “Ölülər” tamaşasında oynamışam. Kamera artıq mənə maket kimi görünür. Ona görə sərbəstəm.

- Çəkiliş vaxtı hansı situasiya yadında qaldı?

- Atamın (ata rolunu Qurban İsmayılov oynayır) ölüm səhnəsi. Romanda Xanlar özünü yandırır. Burda isə asır. Səhnədə mənim əlimi bağlayır, vidalaşır və özünü asır. Asmaq səhnəsi olduğunu bilirdim. Amma ayağının altından stulu itələyəndə birdən mənə elə gəldi ki, doğrudan da öldü. Həmin anı çox ağır yaşadım. Çəkilişdən sonra evə gələndə sancım tutdu, çökdüm yerə. Gözümü açanda gördüm ki, hamı başıma yığışıb. Bu səhnə məndə travma kimi qaldı. Bir səhnə də vardı, Gülər Nəbiyeva guya məni yuxuda iplə boğur. Səhnəni çəkəndə Gülər Nəbiyeva roluna elə qapanmışdı ki, məni doğrudan boğmağa başladı. Tez əlimi qaldırıb, işarə verdim ki, dayandırın. Sonra Gülər xanım məni qucaqlayıb öpdü ki, bağışla, bilməmişəm.

- Zorlanma səhnəsinin çəkilişi zamanı hansısa çətinliklər oldu?

- Yox. Rejissorla, mənim tərəf-müqabilim olan aktyorla müzakirə etdik ki, bu səhnəni necə həll edək. Elə çəkməliydik ki, nə çox açıq alınsın, nə də qapalı. Köynək açılır, sadəcə aktyorun nəfəsi yaxınlaşır boğazıma və burdaca kadr bitir.

- Rol üzərində neçə işləyirsən?

- İndi universitetdə “Skapenin kələyi” qoyulur. İlk dəfədir ki, Silvesteri qadın oynayır. Müəllimim Yaqut Paşayevadır. Məşqdən əvvəl əsəri iki dəfə oxumuşam. Amma komediya olanda bir az çətinlik yaradır.

- Ampluanın önəmi var sənin üçün?

- Mənə dram daha yaxındır. Komediya elədir ki, onu hər aktyor yarada bilmir.

- Ananla tərəf-müqabil olmaq istərdin?

- İstərdim. Çox həvəsliyəm. Hansımızda nəyin çatmadığını bilmək istəyirəm. Anam ən böyük rəqibimdir.

- Anan sənə məşq zamanı yardım edir?

- Çətinlik çəkəndə edir. Amma çətinliyim də olsa demirəm. Evdə məşq edəndə səsimi eşidir, bilir ki, alınmır, özü ucadan başqa cürə deyir ki, yəni belə de.

- “Qisas”dakı roluna görə universitetdə müəllimlərin, anan irad tutdumu?

- Mənə əsas irad köklüyümlə bağlı oldu. Asif Abramovun Türkiyə ilə yaxşı əlaqələri var. “Qisas”a baxıb deyiblər ki, bu qız üzərində işləsə Hülya Avşara oxşayacaq. Dedim ki, Hülya aktrisa deyil. İkincisi də özümü heç kəsə oxşatmaq istəmirəm.

- “Qisas”da hönkürtü ilə ağlayırsan. Ağlamaq səhnəsinin öhdəsindən necə gəlirsən?

- O, səhnələri oynayanda deyirdim ki, çəkilişə yaxın mənə sadəcə, bir dəqiqə vaxt verin. Özümü toplayım. Nə qədər istəyirsiz hönkürtü ilə ağlayım. Mənim ağlamağımın əsas səbəbi atamdır. Onu xatırlayanda ağlayıram. Ona görə ağlamaq səhnələrində problem yaşamışam. Atamı, həyatımdakı itkiləri xatırlamağım mənə bəs edir.

- “Qisas”da zorlanma səhnəsi korrekt verilib. Amma mentallığımızı nəzərə alsaq, bu cür səhnələrə çəkilmək ailə qurmaqda sənə çətinlik törətməyəckmi?

- Azərbaycanda ailə qurmaq istəsəydim bu, mənə mane olardı. Bilirəm ki, olmayacaq qəbul edən. Olsa da sonradan adamın başına vuracaq. Universiteti bitirəndən sonra magistraturanı Türkiyədə oxumaq istəyirəm. Karyeramı da, həyatımı da orda davam etdirmək istəyirəm.

- Atanın anana işinə münasibəti necə idi?

- Hər zaman müsbət qarşılayıb. Atamın ailəsində narazılıq vardı anamın aktrisa olmağıyla bağlı. Atam həmişə anamın arxasında dayanıb, onu dəstəkləyib, güvənib. İndi aktrisaların qarşısına şərt qoyurlar ki, sənəti atmalısan. Ailədir də, olacaq, olmayacaqsa, olmasın.

# 7307 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #