Kulis.az 2019-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı alan Peter Handkenin müsahibəsini təqdim edir.
Olqa Tokarcuk: "Peter Handke ilə eyni mərasimdə mükafat almağımız çox xoşdur. Onun böyük həvəs və heyranlıqla izlədiyim yaradıcılığının, yüksək qiymətləndirdiyim ictimai mövqeyinin beynəlxalq miqyasda da dəyərləndirilməsi məni sevindirir. İsveç Akademiyasının Mərkəzi Avropa ədəbiyyatını unutmamış olması çox müsbət tendensiyadır. Hələ də yazdıqlarımızın oxunduğunu görmək bizi ümidləndirir”.
Oktyabrın 10-da avstriyalı yazıçı, dramaturq, ssenarist Peter Handke 77 yaşında Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Zaman-zaman əqidəsi, çıxışları, siyasi mövqeyi ucbatından maddi sıxıntıları aşmaq üçün tərcüməçilik, publisistika ilə də məşğul olan Handkenin sayca az, amma olduqca vəfalı oxucu auditoriyası var. Demək olar ki, hər il doğum günündə pərəstişkarlarının yazarın şərəfinə müharibə zərərçəkənlərinə, qaçqınlara, qida çatışmazlığından əziyyət çəkənlərə böyük yardımlar etdiyi haqqında xəbərlər oxuyuruq. 60 illik yaradıcı fəaliyyəti boyu ədəbi, ictimai, sosial-mədəni xidmətlərinə görə, 20-yə yaxın mükafatın qalibi olmuş yazar Nobel ilə bütün həyatını taclandırdı.
- Sizi Nobel mükafat fondunun rəsmi veb-səhifəsindən Adam Smits narahat edir. Bizə ayırası bir neçə dəqiqəniz olarmı?
– Hazırda çox yorğunam, nəsə izah etməyə taqətim qalmayıb. İzah edə bilmirəm...
- Eşitdiyimə görə evinizin önündə onlarla kamera dayanıb. Hamı sizin fikirlərinizi bilmək istəyir. Demisiniz ki, bu mükafatla azadlığa qovuşmusunuz.
– Hə, hə. Elədir.
- Bu duyğunu izah edə bilərsiniz?
- Yəni izah edə bilmirəm. Əvvəl yaşadığım heç bir duyğuya oxşamır. Bu azadlıq hissidir.
- Çox maraqlıdır.
- Bəli, özümü düzgün ifadə edə bilmirəm. Bu, sadəcə maraqlı deyil, mistikdir. Məncə, bu mənim şəxsi azadlığım deyil, bu nəsə fərqli bir azadlıq duyğusudur, nəsə məndən ayrı olan, amma mənə məxsus bir duyğudur. Bilmirəm. Tamamilə absurd bir azadlıq formasıdır.
- Deyəsən, xəbəri qəbul etməyiniz bir xeyli zaman alacaq?
- Hə, hə... Tamamilə haqlısınız.
– Komitə haqqınızda yazılan təqdirnamədə çevrənizin kəşfinə, aydınlanmasına xidmət etdiyinizi yazıb. Siz özünüz haqqında nə düşünürsünüz?
– Hər şey bir gün yox olmaq üçün yaranıb. Yox olmadan əvvəl uzun zamandır özümü və ətrafımı daha dərindən görməyə çalışdım. Özümü, bəli, təbiətin, olduğum mühitin kaşiflərindən biri kimi hiss edirəm. Bu kəşf davam edən prosesdir. Amma bu günlərdə yaşımın məni tanış etdiyi metamorfoza da boyun əyməli olduğumla barışıram. Bütün yazarlar kimi... Həyata nə daxildirsə, hamısını yaşamalıyam. Çevrə ideologiyası deyilən bir şey yoxdur, əslində. Mən sadəcə, yerimi gördüm, yerimi hiss etdim... Və bunu başqaları ilə bölüşmək istədim.
– Məncə, ümumi baxışa qarşı balansı təmin edəcək bir ideologiya yaratdınız.
- Bu da mənim təbiətimlə bağlıdır. Ancaq ümumi fonda mən də elə hamının yaşadığı kimi yaşayıram, gündəlik həyatım hamınınkı kimi başlayıb, bitir. Amma mən bilmirəm, nəsə çox vaxt özümü ifadə edə bilmirəm. Əslində, buna görə özümü xoşbəxt hiss edirəm – nə özüm haqqında, nə yazdıqlarım haqqında danışa bilirəm.
- Amma insanlar da həmişə bu haqda suallar verəcək.
- Bəli, qorxuram, amma haqlısan.
- Özünüz haqqında suallardan hər yerdə boyun qaçırırsınız.
- Bilirsiniz, haqqımda ştamplar yazılsın istəmirəm. Dünya o qədər sürətlə dəyişir ki, insanlara, təbiətə, əlaqələrə, yeniliklərə münasibətimizi stabil saxlamaq da çətinləşir. Elə özümüz haqqında düşüncələrimiz də dəyişir. Sonra sizə dediyim bir sözü 3-5 il sonra başqa birisi soruşanda mənim üçün dəyişmiş, artıq inandıqlarıma uyğun olmayan bir faktı təsdiqləmək ikiüzlülüyü etmək istəmirəm. Məsələn, mən insanın özünü tanımağının bu qədər çətin olduğunu heç düşünməzdim. Odur ki, yazıçı ilə ədəbiyyat haqqında danışılmasının tərəfdarıyam. Həyat haqqında, duyğularımız, nə düşündüklərimiz haqqında onsuz da əsərlərimizdə tanış olursunuz.
– Bütün yaradıcılığınız boyu məhsuldar yazıçı olmusunuz. Özünüzü müxtəlif janrlarda sınamısınız. Açıq-aydın duyulur ki, yazı prosesi sizə həzz verir. Bu prosesdə ən çox nəyi sevirsiniz? Sizi bu qədər çox işləməyə nə həvəsləndirir?
– Xəyal qurmaq... Yazmağa başlamadan əvvəl kitab haqqında, bədii səyahətim, ekspedisiyamla bağlı xəyal qururam. Bəzən isə günün sonunda, yazı saatları bitdikdə, bütün yazdıqlarım qəribə bir dəniz kimi mənə tərəf, – geri gəlir. Bu əvəzolunmaz duyğudur. Bəzən yazının xəyallarıma, zehnimə təsiri, xüsusilə də, çox xoş duyğular oyadır. Bəzən, həmişə yox!
– Əldə etmək istədiyiniz, axtardığınız budur?
– Bəli, bəli. Sadəcə ədalətli olmaq lazımdır. İnsan belə olmağa özünü məcbur edə bilmir. Bəzi hadisələr olur, keçir, sən bunun adil olduğunu, ədalətli davrandığını proses zamanı yox, sonradan aydınlaşdırırsan.
– Hansı əsərlərinizin sizə bu duyğunu daha dərindən hiss etdirdiyini deyə bilərsinizmi?
– Deyə bilmərəm. Çünki bəzən bu zəif hiss olunur. Mən öz kitablarımı oxumuram. Hərdən olur ki, yeni nəşri çap olunur, açıb vərəqləyirəm. Mənə elə gəlir ki, bu yazarın həyatı ilə bağlı heç də ümidsiz olmaq lazım deyil.
– Bu yazarın həyatına keçmiş zamanda birinə baxırmış kimi baxırsınız?
– Yox, sadəcə orada yazılanları mən çoxdan unutmuş oluram. Bəzən oxucularla söhbətləşəndə mənə yazdıqlarımdan danışırlar, mən isə qətiyyən elə şeylər yazdığımı xatırlamıram. Hətta çox təəccübləndiyim də olur. Bəzən əsərlərdən sitatlar gətirirlər, özümü bir oyunun içində hiss edirəm. Doğurdan, bu sözləri mən demişəm?! Bəzən isə yazdıqlarımın mənaları, konteksti haqqında danışılır... Bu zaman isə özümü başqasının yaradıcılığını dinləyirmiş kimi hiss edirəm. Mən yazarkən beynim başqa heç vaxt olmadığı qədər aydın, rahat, konkret olur ki, qətiyyən ikili-üçlü mənalar nəzərdə tutmuram. Yazanda bir problemin içindən keçirəmsə, bu problemləri əslində sevirəm, əvvəlcə özümə bir qədər vaxt verib, sakitləşirəm. Halbuki gündəlik həyatımda buna nail ola bilmirəm.
– 1966-cı ildə yazdığınız bir məqalə ilə tanış olmuşdum – "Ədəbiyyat romantikadır”. Orada gənc, ehtiraslı bir yazar kimi ədəbiyyat məfhumunun təsvirini vermisiniz – hekayədən, ritm, üslub, söz oyunlarına ayrılmayan bir məfhum haqqında danışmısınız. Orada bir fikir bu neçə ildə yadımda qalıb – "Realist məfhumu yalnız belə bir ədəbiyyata şamil edilə bilər”.
– Yox, artıq bu fərqlər mənə əhəmiyyətsiz görünür.
– Əsərlərinizi realizm nümunəsi hesab edirsiniz?
– Yazı prosesində "realizm”, "romantizm” fərqləndirmələri aparmaqdan "qaçıram”. Məncə, artıq belə sərhədlər çoxdan dağılıb. Kiminsə qoyduğu qaydalara ayaq uyduraraq, yaradıcı olmaq mümkün deyil. Mənim üçün artıq realizmin başqa anlamı var – hekayə oxucuda dərin duyğular oyada bilməlidir. Ədəbi nümunə dərin izlər qoyursa, deməli, realdır. Qaydalar kitabı ilə hekayə, esse yazılmır.
Mənbə: "nobelprize.org”, "nytimes.com”, Cun Şkluterin "Studies in 20th century literature” jurnalı üçün hazırladığı müsahibə (1979-cu il).
İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı
Artkaspi.az