İlk şərabçı professorumuz: "Xalqımız islamdan sonra da şərab hazırlayırdı"

İlk şərabçı professorumuz: "Xalqımız islamdan sonra da şərab hazırlayırdı"
2 fevral 2017
# 13:41

Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsulları mühəndisliyi və ekspertiza” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Hasil Fətəliyevlə ötən ilin dekabrında Gəncədə keçirilən şərab festivalında tanış olduq. Hasil müəllim şərabçılıqla bağlı o qədər maraqlı məlumatlar verdi ki, onu geniş ictimaiyyətə təqdim etməyi vacib saydım.

- Hasil müəllim, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professorsuz. Bu sahə üzrə sizdən başqa professor var?

- Azərbaycanda şərabçılıq sahəsində məndən başqa doktorluq dissertasiya işi müdafiə etmiş və bu istiqamətdə peşəkar şəkildə məşğul olan Vüqar Mikayılovu, Sakit Verdiyevi göstərə bilərəm. Yəni indi ölkəmizdə bu sahə üzrə üç elmlər doktorunun olduğunu demək olar.

- Sovet illərində ölkəmiz şərabları ilə tanınıb. Kənd Təsərrüfatı İnstitutunda bununla bağlı fakültə olub. Bəs niyə bu sahə üzrə elmi ad almış mütəxəssislər azdır? Daha çox sovet dövrünü nəzərdə tuturam.

- Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə onu qeyd edim ki, keçən əsrin 50-ci illərinə qədər ixtisaslar daha geniş profilli idi. Yəni aqronom həm də şərabçılıqla məşğul ola bilirdi. O dövrdə bizdə də aqrar sahə üzrə müdafiə etmiş alimlər var idi və onlar həm də bu sahə ilə məşğul olurdular.

Ümumiyyətlə, keçən əsrin 60-cı illərinə qədər aqrar sahə üzrə elmi dərəcəli milli kadrlarımız barmaqla sayılan səviyyədə olub. Həmin dövrdə elmi dərəcəli alimlər arasında kənardan gəlmiş rus və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Məsələn, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti-red.) üzümçülük və şərabçılıq kafedrasına uzun illər - təqribən 60-cı illərin ortalarınadək başqa millətlərdən olan alimlər rəhbərlik ediblər. Onlardan M.Xovrenkonu, dosent, sonralar professor olmuş D.Qadjievi, professor P.Bolqarevi və başqalarını göstərmək olar.

Keçən əsrin ikinci yarısından sonra bu sahədə inkişaf nəzərə çarpsa da elmi dərəcəli alimlər əsasən üzümçülük və üzüm məhsullarının saxlanma texnologiyası üzrə olmuş və onlar şərabçılıqla da məşğul olmuşlar.

- Milli şərabçı alimlərimizin yetişməsini əngəlləyən subyektiv səbəblər də vardı.

- Bu sahənin rəhbərliyində uzun illər ermənilərin təmsil olunması, digər sahələrə olduğu kimi, elmimizə də öz mənfi təsirini göstərdi.

Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, 1967-ci ilə qədər milliyyətcə erməni olan professor Aqabalyans SSRİ Yeyinti Sənayesi Nazirliyində şura üzvi və SSRİ Ali Attestasiya Komissiyasında şərabçılıq üzrə ekspert idi. O, 10 ilə yaxın müddətdə Azərbaycandan gedən dissertasiya işlərinin maksimum səviyyədə qarşısını almağa çalışıb, çox vaxt da buna nail olub. O, həmişə bir fikri təkrar edərmiş: “Azərbaycanlıdan şərabçı olmaz”. Yalnız onun ölümündən sonra şərabçılıq üzrə elmi dərəcəli alimlərimiz formalaşmağa başladı. 1967-ci ilə qədər yalnız iki nəfər azərbaycanlı elmlər namizədi elmi dərəcə aldı ki, onların da həyat yoldaşları rus millətinin nümayəndəsi idi- İ.Cəfərov, F.Məmmədov. Müqayisə üçün deyim ki, Aqabalyansın ölümündən sonra yalnız bir ildə 3 nəfər - Yusifova, Nurməmmədov və Tağıyev elmlər namizədi alimlik dərəcəsi alıblar. Həmin vaxtdan etibarən sahə üzrə azərbaycanlı alimlərin yetişməsi yüksələn templə getsə də uzun illər bu sahədə elmlər doktoru olmayıb. Bu gün şükürlər olsun ki, bu məsələ də öz müsbət həllini tapmışdır.

- Azərbaycanda şərabçılığın tarixi nə qədər qədimdir və ümumiyyətlə güclü şərabçılıq ənənəsi, mədəniyyəti olan ölkə adlanmağa əsasımız varmı?

- Azərbaycan mədəni üzümün ilk məskənlərindən sayılır. Aparılan araşdırmalar da bu sahənin 5 min ildən artıq tarixə malik olduğunu göstərir.

Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Marneuli düzənliklərində eramızdan əvvəl 6-4-cü minilliklərə aid edilən abidələri tədqiq edən alimlər burada üzüm və şərabçılıqla bağlı material və alətlər aşkar etmişlər.

Müxtəlif dövrlərə - tunc, antik və s. aid edilən belə abidələrə Qazaxda, Beyləqanda, Füzulidə, Şəmkirdə, Ağsuda, İsmayıllıda rast gəlinir. Bu abidələrdən tapılmış üzüm toxumları, kömürləşmiş üzüm gilələri, içərisində şərab xıltı olan küplər, üzüm əzən daşlar sürtkəclər, həmçinin təsərrüfat alətləri - dəhrə, bıçaq, qayçı, xırda qablar-kuzə, qədəh, cam ölkəmizdə üzümçülük və şərabçılığın qədim tarixindən xəbər verir.

Ölkəmizdə aparılan arxeoloji qazıntılarla yanaşı dövrümüzə qədər gəlib çıxan qədim yazılı abidələr də deyilənlərin sübutudur.

Miladdan əvvəl IX yüzillikdə Azərbaycan ərazisində Manna dövlətinin təşəkkül tapdığı məlumdur. O vaxtlar yaşamış salnaməçi II Sarqon mixi xətli yazılarla eramızdan əvvəl 714-cü ildə assuriyalıların Urartuya hücumundan yazır. O, Mannalıların çoxlu arpa, un, şərab anbarları olduğunu və onların assuriyalılara un və şərabla yardım etdiyinə dair yazılı məlumatlar verir.

Yunan alimi Herodot, Roma alimi Plini, yunan coğrafiyaçısı Strabon və b. əsərlərində də belə faktlar yer almışdır. İlk yazılı abidəmiz “Kitabi-Dədə Qorqud”da da üzüm və şərab vəsf olunur və onun insanların məişətində köklü yer tutmasına toxunulur.

Ol dağlarımızda bağlarımız olur,

Ol bağların qara salxımlı üzümü olur,

Ol üzümü sıxarlar, al şərabı olur,

Ol şərabı içən əsrük olur.

“Əsrük” qədim oğuzlarda “qəhrəman, qorxu bilməz” mənasında idi.

Təbii ki, 7-8-ci əsrlərdən sonra islamla bağlı bu ənənələrdə dəyişikliklər baş verdi.

Artıq üzümdən şərab hazırlanması və onun təbliği qadağan edildi. Lakin bununla belə, əhali müxtəlif məhsullar adı altında şərab tipli içkilər hazırlayırdı. Məsələn, “turşaşirin” adlanan və qatı şirə adı altında pərdələnən bir içkini qeyd edə bilərik. Onun hazırlanması zamanı üzüm yaxşı yetişmiş vəziyyətdə yığılırdı. Şirəsi çıxarılır və həmin şirə qatılaşana qədər qazanlarda zəif od üzərində buxarlandırılırdı. Belə şirənin şəkərliyi təqribən 35-50 faiz arasında dəyişirdi. Soyumuş şirə qıcqırdılmaq üçün küplərə doldurulurdu. Yüksək şəkərliyə görə qıcqırma yavaş gedirdi və müəyyən müddətdən sonra öz-özünə dayanırdı. Alınan içki xoşagələn turşaşirin dada malik olurdu. Təbii ki, bu içki şərab idi.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra burada yenidən açıq şəkildə şərabçılıqla məşğul olunmağa başlandı. Artıq XIX əsrin ortalarında Azərbaycan bəyləri, imkanlı şəxsləri və kənardan gəlmiş müəyyən iş adamlarına məxsus üzümlüklər və şərab zavodları formalaşmışdı.

Gəncə bölgəsində 1859-cu ildən Forer və Humellərin, 1863-cü ildə Knyaz Qolitsinin, 1886-ci ildə Knyaz Qorçakovun üzüm bağları və emal sahələri tanınırdı.

- Sovet hakimiyyəti illərində Gəncə yüksək keyfiyyətli şərab məhsulları ilə tanınıb. Belə bir məlumata rast gəldim ki, Gəncədə şərabçılığın inkişafı əsasən burda məskən salmış alman ailələrinin adı ilə bağlıymış.

-Gəncə-Qazax ən qədim üzümçülük – şərabçılıq ənənəsi olan bölgələrimizdəndir. Əvvəlki suallar cavablandıranda bu tarixə kiçik ekskurs etdik. Son 200 illik bir tarixə nəzər salsaq bu məsələlərin bölgə ilə nə qədər dərindən bağlı olduğunu görərik. Əvvəla, Gəncə bu sahədə bir mərkəz kimi formalaşmışdı. Sovet hakimiyyəti illərində hər şərab istehsal edən zavod onu hazır məhsul şəklində, yəni butulkaya dolduraraq satışa verə bilmirdi. Gəncədə hər şəraiti olan Nizami adına böyük bir zavod fəaliyyət göstərirdi. Həmin zavod nəinki yaxın ətraflardan və hətta uzaq məsafələrdən gələn şərabların ən yaxşılarını zirzəmidə saxlayaraq yetişdirir, üzərində qulluq işləri aparır, butulkalara doldurur və ölkənin hər yerinə göndərə bilirdi. Zavodun geniş zirzəmiləri və avadanlıqları buna imkan verirdi. Zavodun dəmir yolunun kənarında yerləşməsi də ona əlavə üstünlüklər verirdi. Göründüyü kimi Gəncə bölgənin və hətta kənar bölgələrin ən yaxşı məhsullarını təkrar emal edib və saxlayıb yetişdirərək hazır məhsul şəklində buraxmaq imkanına malik idi.

Almanların roluna gəldikdə, onlar bu bölgəyə 1816-1825-ci illərdə Almaniyanın Vurtemberq krallığından köçürülmüşdü. XIX əsrin ilk 25 ili ərzində onlar tərəfindən Yelenendorf (indiki Göygöl şəhəri-red.) şəhəri və Annenfeld koloniyası (indiki Şəmkir rayonunun mərkəzinin bir hissəsi-red.) yaradıldı. Bölgədə yaxşı məişət şəraitinə və şəhərsalma tələblərinə uyğun Georgsfeld, Qrinfeld, Eygenfeld, Alekseyevka və Traubenfeld kimi qəsəbələr salındı.

Bölgədə ilk dəfə sənaye əsaslı üzümlüklər salındı. Yaxşı şəraitə və zirzəmilərə malik olan 10 – a yaxın zavod tikildi. Müqayisə üçün qeyd edək ki, 70 illik Sovet hakimiyyəti dövründə Azərbaycanda bir dənə də olsun zirzəmili zavod tikilməmişdi.

Alman iş adamlarının Rusiyanın və qərbin mərkəzi şəhərlərində nümayəndəlikləri və şərab satış evləri açılmışdı. Həmin dövrlərdə Azərbaycan şərab və konyakları dəfələrlə Parisdə, Lionda və başqa şəhərlərdə ən yüksək mükafatlara layıq görülüb. Almanların əməyi Azərbaycan Demokratik Cumhuriyyəti Hökuməti tərəfindən yüksək qiymətləndirilib və Yelenendorf koloniyasinin başçısı Lolrens Yakovleviç Kun-suls 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin üzvü seçilmişdi.

Lakin Gəncədə aparılan bütün işləri almanların adı ilə bağlamaq düzgün olmazdı. Bütün bu nailiyyətlərin əsasında yerli xalqın əməksevərliyi, istedadı və nəinki məhsul istehsalı, həm də satışı sahəsində böyük təcrübəyə malik olması dururdu. Gəncədə “Bala bağban” və “Böyük bağban” adında iki kəndin olmasına dair tarixi məlumatlar vardır. Bu kəndlərdə qədimdən “Molla çəpəri” deyilən yerli texnologiya ilə buranın üzüm sortu becərilirdi. Burada yığılan üzüm məhsulunun qədimdən neçə-neçə ölkələrə ixrac olunması və həmçinin zirzəmilərdə ənənəvi üsulla may ayına qədər saxlanması məlumdur. Hazırda həmin kəndlər Gəncə şəhəri ilə birləşmiş, şəhərin məhəllələri kimi adlarını və mövcudluğunu bu gün də saxlamaqdadır.

Almanlarla yanaşı bölgədə Azərbaycanın, Rusiyanın da tanınmış iş adamları və mütəxəssisləri çalışmışlar. Bölgədə yerli bəylərlə yanaşı, rus knyazları Qolitsin və Qorçakovun öz üzümlükləri və şərab zavodları olmuşdur. Burada keyfiyyətli şərab markaları yaradan R.İsayevin, italiyali D. Skaçuamaronun, rus A. Eqorovun və başqalarının xidmətləri də qeyd olunmalıdır.

- Şərabçılıq, şərabın süfrəyə verilməsi, hansı çeşidlərin hansı təamlara uyğun verilməsi bir mədəniyyətdir. Necə düşünürsüz biz bu mədəniyyəti nə qədər mənimsəmişik?

- Bu məsələlərin dəqiqliyi ilə hansı ölkədəsə kütləvi şəkildə-ümumxalq səviyyəsində aparılması və ya mənimsənilməsi mübahisəli məsələdir. Hətta inkişaf etmiş şərabçılıq ölkələrində belə, bu məsələlər xüsusi iaşə müəssisələrində, şərab evlərində və s. yaxşı mənimsənilmiş olur. Həmin ölkələrdə bu məqsədlə dequstatorlar və bu məsələlərdən baş çıxara bilən somelyelər (şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi- red.) hazırlanmasına xüsusi diqqət yetirilir və xüsusi smolye kursları təşkil edilir.

Fikrimcə bu sahədə maarifləndirici tədbirlərin, informasiya- məsləhət xidmətlərinin keçirilməsi vacibdir. Bu dövlət xətti ilə deyil özəl şirkətlər, şərab evləri, iaşə müəssisələri tərəfindən aparılmalıdır. Mənə elə gəlir ki, qida və şərabla bağlı keçirilən festivallar, dequstasiyalar, qida ilə bağlı televiziya verilişləri də bu sahədə bilgi verən mənbəyə çevrilməlidir.

- Çeşidlərindən asılı olaraq şərablar süfrəyə hansı təamla, necə verilməlidir?

- Tipindən asılı olaraq şərab yeməklə və yeməkdən sonra çərəzlə içilə bilər. Hər bir şərabın özünəməxsus yeməklə verilməsi yaxşı nəticə verir. Şərab özünə uyğun xörək və temperaturda verilməzsə öz ləyaqətini itirir. Masaya verilmə vaxtına görə şərablar üç qrupa bölünür:

İştaha yaradan şərablar – adətən yeməkdən əvvəl verilir. Bu qrupa madera, xeres, vermut aiddir.

Nahar və ya hər hansı yemək vaxtı verilən şərablar. Bu qrupa natural şərablar aiddir.

Yeməkdən sonra içilən şərablar. Buraya, qeyd etdiyimiz kimi desert şərablar aiddir.

Təntənəli hadisələri qeyd etdikdə oynaq şərablar, xüsusilə şampandan istifadə edilməsi məqsədə uyğundur. Yüksək rəsmi qəbullarda markalı ağ və qırmızı şərab verilməsi yaxşıdır.

Ağ natural şərablar yüngül ət və balıq yeməkləri, turş, kəmturş və kəmşirin şərablar tərəvəz yeməkləri ilə uyğundur. Qırmızı natural şərablar qoyun, dana, quş əti ilə, həmçinin kabab və plovla yaxşı gedir.

Şərab ilin fəsillərindən asılı olaraq da seçilir.

- Gəncədə şərab festivalında nardan hazırlanmış şampan şərabı gördüm. Bu, deyəsən dünyada ilk təcrübədir?

- Ümumiyyətlə son vaxtlar Azərbaycanda şampan şərabları demək olar ki, buraxılmır. Şampan şərabları çox zərif şərablar olub, xüsusi texnologiya tələb edir.

Nardan hazırlanan qeyd etdiyiniz bu tip içkilər qazlaşdırılmış şərablara aiddir. Belə içkilər istehsalı ölkəmiz üçün yeni olub, təqdirəlayiqdir.

Nardan müxtəlif tipli içkilər hazırlanması ilə bağlı işlərə başqa ölkələrdə, xüsusilə də İsraildə təsadüf olunmaqdadır.

- Festivalda qaynar şərab da verildi. Ümumiyyətlə bir qayda olaraq, məclislərdə qaynar şərab təklif olunmur. Onun normaldan fərqi nədir, necə, nə ilə içilməlidir?

- Hər bir şərabın içilməsi üçün əlverişli temperatur mövcuddur. Belə ki, natural turş şərabların, xüsusilə ağların, şampanın bir qədər soyuq içilməsi yaxşıdır. Tünd və desert şərabların otaq temperaturuna yaxın şəraitdə içilməsi əlverişlidir. Qaynar şəkildə içilmə isə xüsusi alkoqollu içki olan Qlintveynə aiddir. Qlintveyn qaynar şərab mənasını verir.

Bu içki, şəkər və ədviyyatlar əlavə olunmaqla hazırlanan və 70-800 dərəcəyə qədər qızdırılan qırmızı şərabdır. Ona şərab deyil, “şərab tipli içki” demək daha düzgün olardı.

Bəzi reseptlərdə bu içkiyə konyak, yaxud rom da əlavə olunur. Su ilə və susuz hazırlanmanı nəzərdə tutan iki üsulu fərqləndirilir.

Qlintveyn quru peçenye, yaxud alma, armud və ya gavalı içlikli piroqla yaxşı gedir.

Qrildə hazırlanmış yeməklər, sosiska və kabablarla da verilə bilir.

Qlintveynin tək də içilməsi yaxşı nəticə verir. Qaynar içildiyindən tez sərxoşluq yaradır. Odur ki, 1-2 qədəhdən artıq içmək tövsiyə olunmur.

Qlintveynin populyar olduğu Almaniyada onu pirojna, yaxud şokaladla, Avstriyada piroq və peçenye ilə, İsveçdə isə acı pendir, tüstüyə verilmiş balıq və ətlə içməyə üstünlük verirlər.

- Şərabın şüanı zərərsizləşdirməsi nə qədər doğrudur?

- 1990-cı illərdə ABŞ-da fransız paradoksu adlandırılan tədqiqat aparılmışdı. Amerika telejurnalisti M.Seyferin “Fransızların daha çox siqaret çəkmələrinə, yağlı yeməklər yemələrinə və aerobika ilə pis məşğul olmalarına baxmayaraq, amerikalılara nisbətən 2,5 il çox yaşamaları və ürək-damar xəstəliklərinə 40 faiz az tutulmalarının səbəbi nədir?” sualına Boston universitetinin professoru R.Elliotun cavabı sadə olmuşdu: fransızların uzun ömürlüyünün sirri – yemək zamanı müntəzəm şəkildə qırmızı şərablardan istifadə etmələridir. Məlumdur ki, həmin şərabların tərkibində dəyərli polifenolların yüksək miqdarı qan damarlarını və ürək toxumasını oksidləşdirici proseslərin əks təsirindən qoruyur.

Təəssüf ki, fransız paradoksu yalnız qırmızı şərabların istifadəsinin əlverişli təsirinə əsaslanırdı. Sonralar elm sübut etdi ki, belə təsirə eyni zamanda ağ şərablar da malikdir. Lakin bu proses ağ şərabların biznesinə xeyli əks təsirini göstərmiş oldu.

Çoxsaylı tədqiqatların nəticəsinə əsasən qeyd etmək olar ki, az miqdarda şərab içilməsi ürək-damar xəstəlikləri ilə yanaşı, insult, tromboz, hiporteniya, infarkt, işemiya və başqa xəstəliklərə ləngidici təsir göstərir, soyuqlama proseslərinin səviyyəsini aşağı salır, arteriyaların genişlənməsini sürətləndirir, xeyirli xolestrolun miqdarını yüksəldir. Məlum olmuşdur ki, şərabın təsir etdiyi xəstəliklərin siyahısı hələ tamamlanmamışdır. Həkimlər son vaxtlar müəyyən etmişlər ki, qırmızı şərablar ağ ciyərlər üçün xeyirli olub, artıq çəki ilə mübarizədə də ən yaxşı vasitədir.

Sonralar özünü tamamilə şərabçılığa həsr etmiş professor M.Gerasimov 27 yaşında vərəm xəstəliyindən əziyyət çəkirmiş. Həkimlər müalicə məqsədilə onu Şimali Qafqaza göndərirlər. Burada təcrübəli həkimlərin tövsiyəsi ilə onun reseptinə qırmızı şərab da salınır. Nəticə gözlənilməz olur. O, nəinki bu xəstəlikdən qurtula bilir, hətta 80 ildən artıq ömür sürür.

Stalin daim Gürcüstandan gətirilmiş qırmızı süfrə şərabı Xvançkara içərdi. Napoleonun da şərabsevər olması tarixdən məlumdur. Napoleonun belə bir şüarı vardı: “Şərab yoxdursa – əsgər yoxdur”.

Heydər Əliyev “Çernobl” qəzası zamanı Dövlət Komissiyasının sədri kimi şüalanmadan əziyyət çəkənlərə gündəlik müəyyən normada qırmızı şərab verilməsinə dair göstəriş vermiş və bu tədbir qısa müddətdə öz müsbət nəticəsini vermişdir.

Orta əsr mənbələrində göstərilir ki, xəstə insanlar şərabı hər gün lakin çox az miqdarda –bir-iki stəkan, bəzən isə daha az-yarım stəkan, hətta bir qaşıq miqdarında içməlidirlər. Hər şey konkret xəstəlikdən və həkimin müəyyən etdiyi müalicə üsulundan asılıdır.

Respublikamızda istehsal olunan yüksək keyfiyyətli desert şərablardan indi də xalq arasında qanazlığına və bir sıra digər xəstəliklərə qarşı uğurlu vasitə kimi istifadə edilir.

- 1980-ci ilin ikinci yarısında Qorbaçovun alkoqol əleyhinə apardığı siyasətin zərbəsi bizə də dəydi, şərabçılığı geri saldı. Müstəqillik illərində bu sahədə hansı irəliləyişlər olub? Şərabçılıqla bağlı dövlət proqramı çərçivəsində 2020-ci ildə ölkə üzrə üzüm bağlarının sahəsi 50 min hektara çatdırılması nəzərdə tutulur. Bununla bağlı vəziyyət necədir?

Sualınızın birinci hissəsindəki ifadəni “zərbə bizə də dəydi” deyil, zərbə əsasən bizə dəydi ifadəsi ilə əvəz etmək istərdim. Çünki, Rusiya, Ukrayna, Moldova, qonşu Gürcüstan nəinki bizim kimi itkilərə məruz qalmadı, hətta bağlarını qoruyub saxlamaqla inkişaf etdirə bildi. Azərbaycan yeganə ölkədir ki, 1984-cü illə müqayisədə 2000-ci illərin əvvəllərində üzümlüklərin və şərab istehsalının 20 dəfədən artıq azalması baş verdi. Faktlara müraciət edək: 2005-ci ildə üzümlüklər 9,6 min hektara və üzüm istehsalı 79,7 min tona düşmüşdü. Sahə ilə bağlı 76 müəssisə və 116 ilkin emal zavodu dağılmışdı.

2002-ci ildə “Üzümçülük və şərabçılığın inkişafı haqqında” qanun, 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair” Dövlət Proqramı qəbul olundu. Görülən tədbirlər nəticəsində 2013-cü ildə ölkədə üzümlüklərin sahəsi 15,8 min hektara və üzüm istehsalı 154,1 min tona çatmış oldu. Hektardan məhsuldarlıqda əsaslı artıma nail olundu. Bu işlər hazırda da davam etdirilməkdədir. İndi ölkədə 30-a yaxın şərab zavodu fəaliyyət göstərir.

Dünyada baş verən iqtisadi böhran Dövlət Proqramında nəzərdə tutulan bir sıra məsələlərin həllində də ləngimələrə səbəb oldu. Dövlət Proqramından irəli gələn vəzifələrin nəzərdə tutulan vaxtda tam həlli bir qədər məntiqli görünmür. Çünki, artıq 2017-ci il olmasına baxmayaraq hələ ölkədə heç 20 min hektar da üzüm bağı yoxdur. Yaxın 3 ildə 30 min hektardan artıq bağın salınacağı inandırıcı görünmür.

- Bu gün Azərbaycanda müxtəlif şərab markaları istehsal olunur. Dünya bazarına çıxarılırmı və rəqabətə dayanıqlıdırmı? Və milli şərablar hansı keyfiyyətlərinə görə fərqlənir?

- Azərbaycan uzun illər əsasən tündləşdirilmiş şərablar istehsalı ilə (ümumi istehsalın təqribən 95%-i bu tip içkilərin payına düşürdü) məşğul olmuş və həmin şərablar da Rusiya bazarında realizə olunmuşdur.

Bazar iqtisadiyyatına keçdikdən sonra belə şərablara tələbat kəskin şəkildə azaldı. Bazarın diktəsi ilə digər qrup aid şərablar istehsalını–natural şərabları artırmaq zərurəti yarandı. Lakin dünyanın əksər ölkələri, xüsusilə Fransa, İtaliya, Almaniya, Gürcüstan və s. artıq bu sahədə 100 illərə söykənən təcrübəyə malik idi. Həmin ölkələrin üzüm sort çeşidləri, avadanlıqları bazarları bu tip şərablara uyğun qurulmuşdu.

Azərbaycan isə bu sahəyə yeni başlamaqla, qeyd olunan məsələlərin hamısını yenidən qurmaq məcburiyyətindədir. Bu isə əsaslı sərmayə qoyuluşu tələb etməklə yalnız sahibkarların gücü daxilində olan məsələ deyildir. Artıq müəssisələrin bəzisində yeni sortlardan ibarət bağlar salınmış, zavod qərb yönümlü avadanlıqlarla təchiz olunmaqdadır.

Əski sovet avadanlıqları və qabları metal və enerji tutumu olub, kobud şərablar - əsasən tündləşdirilmişlər alınmasına imkan verir.

Bütün sadalananlara görə də Azərbaycanın birdən – birə ixracda xüsusi üstünlüklər əldə etməsi mümkünsüzdür. Bu, uzun çəkən ağrılı – acılı proses olub, illərlə işləməyi və bir nöqtəyə vurmağı tələb edir.

Fərqli milli şərablar hər üzüm sortuna uyğun müxtəlif torpaq və iqlimə malik mikro şəraitlərdə becərilmə tələb edir. Həm də bu işdə dəyərli yerli sortlarımız əsas rol oynamalıdır. Buna nail olan müəssisələr artıq fərqliliyi ilə seçilən şərablar buraxılışına və ixracına nail ola biliblər. Lakin bu dəryada damla səviyyəsindədir. Qeyd etdiyim kimi bu sahədə görüləcək işlər çoxdur.

- Siz Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdirisiz. Şərabçılıqla bağlı təhsildə vəziyyət nə yerdədir, maraq varmı?

- Şərabçılıq üzrə bizdə 3 pillə üzrə mütəxəssislər hazırlanır – bakalavriat, magistratura və doktrantura. Yalnız Dövlət Proqramının qəbulundan keçən müddət ərzində kafedramızda onlarla magistr və 10 nəfərə yaxın ən yüksək pillə üçün fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Bu iş indi də davam etməkdədir. Mütəxəssislərin belə axını sahəyə olan maraqdan irəli gəlir.

Xarici ölkələrlə əsən müəllim mübadiləsi aparılmışdır. Belə ki, kafedramızın əməkdaşları qardaş Türkiyə universitetlərində, onların əməkdaşları isə bizdə olmuş, təcrübə mübadiləsi və tələbələrlə dərslər aparılmışdır. Hazırda bir əməkdaşımız Polşadan dəvət almaq ərəfəsindədir. Bununla bağlı tələb olunan hazırlıqlar və sənədləşmələr aparılır.

Kafedranın bir nəfər əməkdaşı isə hazırda udulmuş şəxsi qrant layihəsi hesabına elmlər doktorluğu proqramı üzrə İtaliyada 6 aylıq elmi yaradıcılıq məzuniyyəti keçməkdədir. Tələbə mübadiləsi ilə bağlı İtaliyanın müvafiq universitetləri ilə danışıqlar aparılmaqdadır.

# 3231 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #