Gələcəyin ölümsüzlük iksiri və ya Tesey paradoksu

Gələcəyin ölümsüzlük iksiri və ya Tesey paradoksu
25 may 2018
# 15:30

Kulis.az Simran Qədimin “Tesey paradoksu” adlı essesini təqdim edir.

İnsanlar həmişə ömürlərini bir üsulla əbədiyyətə qədər davam etdirmək, bu mümkün deyilsə belə, ən azından onu uzatmaq üçün çalışıblar. Ürəklərinin dərinliklərində bir yerdə daim gücünü qoruyan inam gəzdiriblər ki, kimsəyə məlum olmayan sirli-sehrli, möcüzəvi məhlul – “ölümsüzlük iksiri” var. Sadəcə onu axtarıb tapmaq, yoxdursa da, necəsə düzəldib ortaya qoymaq lazımdır. Lap ən yaxınlarını, doğmalarını da qurban verib sonsuzluğa qovuşmağa cəhd edənlər olub, tarix boyu ölümsüzlüyə çatmaqdan ötrü hər yola əl atılıb. Daha çox miflərdə, nağıllarda rast gəlinən bu iksiri isə hələlik tapıb-düzəldən olmayıb, bugünkü dövrdə belə şeylərə heç uşaqlar da inanmaz. Amma məsələ ilk baxışdan göründüyü kimi sadə deyil.

Əvvəlcə insanın təxəyyülündə cücərən bütün ideyalar tam olmasa da, bənzər şəkillərdə zamanla gerçəkləşməyə başlayır. Uçan xalçaların təyyarələrə, hər şeydən və hər yerdən xəbər gətirən sehrli güzgülərin media orqanlarına, televiziyaya, internetə modifikasiya edilməsi kimi. Yaxın dövrlərin ədəbiyyatında da çoxsaylı nümunələr var, bir sıra fantast yazarlar zamanlarını qabaqlayaraq bu gündən xəbər verə biliblər. Əgər belədirsə, bəs gələcəyə dair səslənən indiki fikirləri niyə qulaqardına vurmalıyıq ki? Yeni şeylər kəşf olunduqca dünyagörüşümüzdə dəyişikliklər əmələ gəlir, təxəyyülümüzün sərhədləri genişlənərək həyata tamam ayrı gözlə baxmağa başlayırıq.

“Ölümsüzlük iksiri” tapılmasa da, bugünkü nailiyyətlərlə çox şeylər etmək olar. Ötən əsrlərlə müqayisədə orta yaş həddi xeyli yüksəlib. Zamanında milyonları öldürən xəstəliklərdən daha heç kəs tələf olmur. Müxtəlif əməliyyatlarla, sıradan çıxmış bəlli orqanların dəyişilməsiylə ömür uzanır. Kiçik ölçülü bir həbi ağzımıza atmaqla ağrılarımızı dindirir, iynə-dərmanlarla bir çox xəstəliklərdən yaxa qurtarırıq. Fantastik ideyalar haqda eşidəndə daha gözlərimizə inamsızlıq, üzümüzə kinayə nişanələri yayılmır. Düzdür, əvvəlcə dodağımız büzülüb, qaşlarımız çatılır, amma sonradan yavaş-yavaş düşünməyə başlayırıq:

“Bəlkə də olar, niyə olmasın ki?! Gələcəkdə ömrünü bitirən orqanlarımızın hamısı təzələnəcək, gen mühəndisliyi sayəsində yeni insan növü yaradılacaq, beynimiz robot, ya da avatar bədənlərə köçürüləcək. Axı elm inkişaf edir.” Azacıq mütaliədən, üç-beş başı çıxan adamla söhbətləşəndən sonra məsələnin nə yerdə olduğu daha yaxşı aydınlaşır. Tam anlamasaq da, beynimizə nəsə batan kimi olur, elə bil. İndi də şövqə gəlib deyirik: “Burda heç nə yoxdur ki, lap su içmək qədər asan işdir!”

Ancaq nə qədər ağlasığmaz xəyallara qapılsaq da, zehnimizin bir küncündə başqa-başqa fikirlər dolaşır: “Yox əşşi, belə də şeymi olar?! Beş-on il, uzaqbaşı yüz il artıq yaşayarsan. Daha beş yüz, min il ömür sürməzsən ki! Bəs birdən belə olsa, həyatımız nə hala düşər? Məktəbə neçə il gedib, nələr öyrənərik? Nə zaman işləməyə başlayıb, ailə qurarıq?” Əlbəttə ki, üstümüzə yağış kimi yağan suallar bizə rahatlıq vermir, fikrimizi yayındırmaq istəsək də, bacarmırıq: “Bəs bir yolla, məsələn, elə beynin robot bədənə köçürülməsiylə ömür uzansa, nə cür varlığa çevrilərik? Daha insan ola bilərikmi, yoxsa tamam yeni bir şey əmələ gələr? Ümumiyyətlə, biz kimik ki? Həyatdakı mövcudluğumuzu necə və nəylə müəyyənləşdirməliyik?” Belə suallar haqda nə qədər düşünsək də azdır. Dərinliyə vardıqca isə mövzu qəlizləşərək adi insan şüurunun çərçivələrini aşmağa başlayır.

Fərz edək ki, Dekart demiş, bizi “biz” edən şey beynimizdir. Yəni ki, yaddaşımız, düşüncələrimiz, xatirələrimiz. Axı beyin özü də ürək, mədə, gözlər, qulaqlar kimi ayrı-ayrı funksiyaları yerinə yetirən hissələrə bölünür. Onda bizim varlığımızı göstərən əsas hissə bu “qurğu”nun harasındadır? Məhz hansı neyronun, ya da neyronlar şəbəkəsinin içində?! Cürbəcür inanclar, elmi-fəlsəfi nəzəriyyələr, bədii yaradıcılıq nümunələri olsa da, konkret cavab yoxdur.

Bu haqda çox tez-tez səsləndirilən maraqlı bir paradoksa baxaq: Tesey paradoksuna. Plutarxdan gələn yunan əfsanəsinə görə, Teseyin qələbəylə qayıtdığı gəmisini afinalılar uzun müddət qoruyub saxlayırlar. Gəminin parçaları köhnəldikcə yeniləriylə əvəzlənir, axırı elə məqam yetişir ki, onun dəyişdirilməmiş yeri qalmır. Bu zaman filosoflar arasında fəlsəfi baxımdan indi də aktuallığını qoruyan belə bir mübahisə düşür: əvvəlki halıyla eyni görünən gəmi Teseyinkidirmi? Axı onu təpədən dırnağacan yeniləyiblər, nə olsun ki, kənardan baxanda əvvəlkinə oxşayır?

Antik yunan filosofu efesli Heraklitin fikrincə, bir çaya iki dəfə girmək olmaz, onsuz da varlıqlar hər an mahiyyətlərini dəyişirlər. Yəni gəmi Afinaya çatan gündən başqalaşıb Teseyin gəmisi olmaqdan çıxmışdı artıq. Aristotelin düşüncəsinə görə, obyekti xarakterizə edən şey onun şəkli, maddəsi, əsas da məqsədidir. “Teseyin gəmisi”ndə şəkil və məqsəd dəyişmədiyindən həminki olaraq qalır. Başqa bir yanaşmaya əsasən isə, gəmi fiziki yox, psixoloji cəhətdən eynidir. Digər tərəfdən belə bir fundamental sual da var: Əgər köhnəlmiş hissələrlə həmin gəmi təzədən düzəldilsə, necə olacaq? Bunlardan hansı Teseyin gəmisi sayılmalıdır?

Qayıdaq əsas məsələyə. Həllini gözləyən bu başçatladan paradoksla həmişə insanı müqayisə edib deyirlər: Axı zamanla biz də dəyişib başqalaşırıq. Məsələn, yaşlanaraq ayrı adama çevrilmirikmi? Lap zahiri görünüşümüzü qoyaq kənara, təfəkkürümüz, dünyagörüşümüz eynimi qalır? Biz, hər nə qədər xatirələrimizi, yaşantılarımızı içimizdə gəzdirsək də, illər ötdükcə onlardan unudulanları, hafizədən tamam silinənləri olmurmu?

Tutaq ki, sıradan çıxmış bütün orqanların dəyişilməsiylə ömrümüz üçqat-beşqat uzadılır. Amma bir şərtlə... Yüz yaşa çatandan sonra ötən hər iyirmi dörd saatda doğulduğumuz andan etibarən, bir gün zehindən silinsin. Onda iki yüz yaşa gələndə, artıq ilk yüz ildəki yaşantılarımız yoxa çıxmış olacaq. Teseyin gəmisi kimi tamam yenilənəcəyik. Həm vücudumuz, həm də beynimizlə. Bəs onda yeni yaranan həmin adam kimdir? Yenə bu “mənəm” deyə biləcəyikmi? Guya yüz yaşımıza çatan kimi, ondan öncəki əlli, altmış, lap yetmiş ili silsək nə olacaq ki? Bəs hər şey çox sürətlə, qəfildən baş versə necə? Məsələn, yüz yaşımıza çatanda, bir andaca doxsan doqquz ilimiz yoxa çıxsın. Ya bir həftə öncəyə qədər olan hər şey, ya da bir gün öncəyə qədər... Bəlkə əsas məsələ adaptasiyada, yəni dəyişikliyin tədricən baş verməsindədir? Yaşamımız qırılmadan davam etdiyi üçün, özümüzü həmişə eyni adam sanırıq. Bəs bu “tədricən” sözü deyiləndə nə nəzərdə tutulur?

Daha bir paradoks: biz hər hansısa mövzuda sərhədi necə müəyyənləşdirməliyik? Barmaq ucuna yerləşən qədər qum, qum dənəsidir. Bundan ikisi olsa, iki qum dənəsi əmələ gələr. Üçü olanda üç... Bəs nə zaman qumluq yaranacaq? Bu hansı saydan başlayır? Zenon aporiyasına görə, yolu qət etmək üçün əvvəlcə onun yarısı, ondan qabaq dörddə biri, ondan da qabaq səkkizdə biri keçilməlidir. Daha öncə isə səkkizdə birin yarısı... Beləcə sonsuzluğa qədər davam edir. Bəs biz bu sonsuzluğu necə aşırıq? Yaxud sıfırla bir arasındakı ən kiçik hissə hansıdır?

Buddanın fikrinə əsasən, insan daim dəyişiklik halında olan əqli və fiziki proseslər ardıcıllığının içərisindədir. Ona görə də nəinki uzaq keçmişlə indiki, hətta dünənki mənlə bugünkü bir-birindən fərqlənir. Qısası, həyatda “mən” deyə biləcəyimiz hansısa bir şəxs yoxdur.

# 1811 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #