“Azdrama”da bircə tamaşa oynayan məşhur aktrisa

“Azdrama”da bircə tamaşa oynayan məşhur aktrisa
8 iyun 2015
# 08:00

Atası aktyorluğu bitirib, amma sənətinin arxasınca getməyib, ailəsini saxlamaq üçün müxtəlif işlərdə çalışıb. Anası uzun müddət baxça müəlliməsi işləsə də əsasən uşaqlarına baxıb, iki qız, bir oğlan. Mehriban ikinci uşaq olub ailədə, ikinci qız. Ailədə hamıdan çox diqqət tələb edən bu arıq, çəlimsiz, tez-tez xəstələnən qıza elə gəlirdi ki, həmişə də diqqətdən kənarda qalır. Xüsusən də üçüncü uşağın oğlan olmağı onu ata-anasından umduğu bütün sevgi və diqqətdən məhrum eləyib. Hər halda, qız belə düşünürdü. Əslində isə iki qızın və bir oğlanın böyüdüyü bu ailədə məqsəd uşaqların hər üçünün təhsilli və tərbiyəli böyümələri idi.

Mehriban orta məktəbdə yaxşı oxuyurdu. Çoxlu mütaliəsi də vardı, evdə əlinə keçən bütün kitabları nəzərdən keçirər, sonra kitabxanalara, kitab mağazalarına üz tutardı. Təbii ki, əsas əl altında olan evdəki kitablardı, onlar da atasının təhsilinə uyğun olaraq mədəniyyət və incəsənətlə bağlı kitablar idi.

Şüuraltı bilirdi ki, atası onun aktrisa olmasını istəməz, ona görə də həmin kitabları elə-belə, maraq xətrinə oxuyardı. Kino, teatrla bağlı atasının abunə olduğu jurnalları isə lap çox sevərdi.

Bir də hüquqla bağlı ədəbiyyata meyli vardı. Görünür, xaraktercə ədalətli, prinsipial, düzgünlük sevər olması burda öz işini görürdü. Mehriban daxilən hüquq sahəsinə yönəlirdi, kiminsə tapdanmış hüququnun, qanunların müdafiəsi üçün. Hərdən “İnsanların psixologiyasını öyrənmək üçün bəlkə psixoloq olum?” deyə düşünürmüş, amma aktrisa olmaq ağlının ucundan belə keçməzmiş.

Orta məktəbi bitirib sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verir. Bu, qərarsızlıqdan irəli gəlir. Olur adamda, müəyyən bir məsələdə qərar verə bilmirsən, elə bil Tanrı bunu görüb, özü səni yönləndirməyə başlayır. Mehribanı da Tanrı yönləndirir. Filologiyaya qəbul olmaq üçün balı çatmır, o vaxtkı təhsil sistemi ilə müsabiqədən keçmir.

Kursa gedib stenoqrafiyanı öyrənir, bir müddət makinaçı işləyir. Maliyyə nazirliyində karqüzarlıqla məşğul olur və ordan göndərişlə sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verir. Qəribədir, deyilmi? Özünə də qəribə gəlirmiş... İki imtahandan keçir, üçüncüyə gecikir və imtahana buraxılmır. Sevincək qayıdır evə ki, kəsildim. Evdəkiləri dərd götürür, bu qız orta məktəbi yaxşı qiymətlərlə başa vurub, bəs, niyə taleyi belə gətirir, ali məktəbə qəbul oluna bilmir.

Mehriban vəziyyəti belə görüb içindən gələn bir hisslə deyir ki, qoyun İncəsənət İnstitutuna gedim, teatrşünas olmaq istəyirəm. Görünür, valideynlər qızın heç yerə qəbul oluna bilmədiyini özlərinə o qədər dərd ediblərmiş ki, Mehribanın bu istəyinə qarşı çıxmaq istəməyiblər. Düşünüblər ki, təki bu qız axır bir yerə qəbul olunsun.

“Teatrşünaslığa iki yerə 15 nəfər sənəd vermişdi, verdim aktyorluğa, valideynlərimə dedim ki, oranı bitirsəm də sənətşünas olacam. İmtahanı Həsənağa müəllim Turabov götürmüşdü, elə bildim müəllimim də o, olar, sevinmişdim. Böyükağa Kazımov, Məhəmməd Verdiyevdən dərs aldım. Ağakişi Kazımov da bizə dərs deyib. Ən böyük şansım o oldu ki, 3-cü kursdan gəlib “Yuğ” teatrına düşdüm, Vaqif müəllimin yanına”.

Təsəvvür eləyin, uşaqlıqdan bəri nə istədiyini bilməyən, nə isə axtaran, arayan, amma nəyi aradığını özü də müəyyən edə bilməyən qızcığaz oxuduğu ali məktəbdə də özünə maraq dairəsi tapa bilmir. Orda da özünü yerində hiss etmir. Niyə bu qədər yüklüdür, narahatdır, niyə oturuşa bilmir bu qız? Özünün də özünə verdiyi, amma cavab tapa bilmədiyi suallar idi. Bir dəfə hətta institutda Şəfiqə Məmmədova (Mehribana dərs deməyib, amma Şəfiqə xanımda belə bir maraqmı deyim, qabiliyyətmi deyim vardı; orda təhsil alan bütün tələbələri izləyir, duyur, onların gizli aləmlərindən xəbərdar olur və bir gün bunu özlərinə deyirdi) ona demişdi ki, elə bil bəşəriyyətin yükü sənin çiyinlərindədir, bəşəri bir suala cavab axtarırsan, nədir səni belə incidən? Mehriban “Bilmirəm”,-deyə cavab verib.

Belə bir tələbə Vaqif İbrahimoğlunun marağına, sərhədsiz suallarına tuş gəlir və hədəf bu maraqdan çox məmnun olur. Elə bil onun illərdir özündə arayıb tapmaq istədiklərini Vaqif İbrahimoğlu onun özündə tapır və çıxardıb göstərir ki, bunlar səndə var, sən bunun üçün yaranmısan ki, onları sənətində göstərəsən.

Bu da Vaqif İbrahimoğlu ustadlığı idi, heç kimin görə bilmədiyini görürdü yetirmələrində, üzə çıxarıb özlərini-özlərinə tanıdır və gənclərdə özünəinam yaradırdı. Bu səbəbdən də özünütəsdiqi onun yanında tapan gənc bir daha o əhatədən çıxa bilmirdi. Buna Vaqif İbrahimoğlu estetikası deyilir. Bu gün çoxlu yetirmələri var bu estetikanın, amma davamçı yoxdur. Bir qığılcım idi yandı, çox gəncləri alışdırdı, onlar indi yanıb-yanıb qalıblar Vaqif İbrahimoğlusuz, tüstülənə-tüstülənə.

Vaqif İbrahimoğlu odunun atəşinə qızınan, o oda yanan Mehriban Zəki də 10 il alovlandı, alov dilləri ərşə çıxdı. Onun “Qanlı Nigar” tamaşasına baxandan sonra Vaqif İbrahimoğlu atəşinə düşən aktrisa elə bildi ki, elə ömür boyu belə də davam edəcək hər şey. Onunla söhbətdən sonra bağlandı “Yuğ” teatrına. “Bura mənim teatrımdır”- dedi.

Şəhriyarın “Heydərbabaya salam” tamaşası Yuğda gördüyü ilk tamaşa idi. “Elə bil məni aldılar harasa apardılar, hansısa proses getdi mənim mənəvi dünyamda və qaytardılar”. “Dədə Qorqud”dan “Bamsı Beyrək boyu”nu hazırladı Vaqif müəllim. Mehriban tamaşada sazla nəql edirdi əhvalatı. “Bütün dastanı başdan-ayağa öyrənmişdim. Hamının rolunu bilirdim. Belə-belə tamaşa arxasınca tamaşa, bağlandım”.

Valideynləri bir də görürlər ki, Mehribanı “Yuğ”un səhnəsindən ayırmaq qeyri-mümkündür, özü demiş, artıq taleləri ilə barışırlar. “Sirlər xəzinəsi”, “Səma”, “Açar” tamaşaları. Beləcə 10 il.

Sonra daha bir 10 il “İbrus” teatrında keçir. “Yuğ”da işləyə-işləyə R. İbrahimbəyovun dəvəti ilə “İbrus”da “Şirəbənzər” tamaşasında rol alır. Sonra daha bir tamaşa, ilk vaxtlar Vaqif İbrahimoğlu ona məsləhət verib, yol göstərib, “Get, sən xəmir idin, yoğurub kökəfason bir şey düzəltmişəm, indi özün necə olacağını müəyyən etməlisən” -demişdi.

Zamanın hökmü, məişətin diktəsi ilə Mehriban Zəki doğma “Yuğ”dan tədricən ayrıldıqca ustadın qəlbində umu-küsü yaranır. Mehriban da ruhu ilə bunu duyurdu, amma məişətin də diktəsi vardı axı.

“Məişətdən danışmaq istəmirəm, amma o problemlər səni idarə edir, xüsusən də müəyyən bir yaşa çatırsan, artıq valideynlərin səni deyil, sən onları idarə etməlisən. Maddi cəhətdən özünü də, onları da saxlamalısan, o zaman məişətin yükündən azad ola bilmirsən, həyat sənə məişətlə hesablaşmağı diktə edir”.

“İbrus”da “Arabir görüşməyə kişi axtarıram”, “Buninin sonuncu döyüşü” Mehribanın ən uğurlu tamaşaları olur. Tamam fərqli teatr, fərqli estetika, yeni cığırlar, yeni qastrollar.

“Ümumiyyətlə, o teatr çox balaca məkanda idi və əvvəldən də ikidilli tamaşaçı üçün nəzərdə tutulmuşdu. İlk tamaşalarda biz oynayanda ikidilli tamaşaçılar üçün oynayıqdıq-bir dəfə rus dilində, bir dəfə də Azərbaycan dilində. Mən çox vətənpərvər insanam və dilimi də çox sevirəm, inanılmaz dərəcədə çox sevirəm. Azərbaycandilli tamaşaçı ilə rusdilli tamaşaçı arasında yerlə göy qədər fərq var. Hətta rusdilli tamaşaçı ilə Rusiya tamaşaçısı arasında da böyük fərq gördüm. Azərbaycan tamaşaçısından rus tamaşaçısından aldığın enerjini, teli almırsan. Bir dəfə Mahaçqalada oynayırıq. “İvan Buninin sonuncu döyüşü” tamaşası idi. Tamaşaçı da çox, iynə atsan yerə düşməz. Artıq pilləkənlərin üstündə oturublar. Oranın da zalı təxminən bizim Gənc Tamaşaçılar Teatrının zalı kimidir, arena kimi. Zalda da teatraid insanlar, teatrşünaslar var. Əsəri bilirlər və rus tamaşaçısı üçün Bunin dahidir. Buninə baxmağa gəliblər. Ağzımı açdım elə bir kəlmə dedim ki, cümləmi tamam etməmiş bir nəfər zaldan qışqırdı ki, eşitmədim dediyini. Heç tərpənmədən, zərrə qədər özümü itirmədən, hərçənd, mən tez panikaya düşən insanam, eyni tonla – çünki sən özün sakit olmamısan, otur, sakitləş, eşidəcəksən-dedim. Xırp səsləri kəsildi”.

Mehriban Zəki “İbrus”da da axtarışda idi, dayanmaq, qane olmaq yoxdur bu aktrisanın təbiətində. Milli Akademik Dram Teatrı isə onu dəvət edirdi.

Yalnız bir tamaşa oynadı o teatrın səhnəsində. Mir Mehdi Seyidzadənin yazdığı “Füzuli” tamaşasında. Məşqlər boyu nə yaşadısa, duydusa, tamaşanı yarıda qoymamaq üçün üç premyerada oynadı və rolunu da dublyora həvalə edib o teatrın qapısını öz əlləri ilə arxasınca qapatdı. Məşq müddətində Mehriban Zəki elə bil dənizdən qumluğa düşmüş balıq idi, suya həsrət, ölmədən dənizinə qovuşacağını gözləyən balıq.

Bir dəfə onunla müsahibəmin başlığını belə qoymuşdum “Uzun, incə bir yolun yolçusu”. Həmin uzun, incə yoldadır Mehriban Zəki-əlində sazı, qəlbində incə duyğuları, boynunda vicdanı və şəxsiyyəti (bəli bu zamanlar vicdan və şəxsiyyət deyilən məfhumlar insanın boynunda olur) yıxıla-dura, dizləri qanaya-qanaya, qəlbi ondan da artıq qan verə-verə, aldığı yaralar göynəyə-göynəyə bir yol gedir. Paralel yol dübbədüzdür, orda rahatlıqla addımlamaq olar, amma Mehriban Zəki kimi insanlara o düz yollar çox maraqsızdır. O, az qisim yolçular hamının gedə bilmədiyi yolları sevərlər.

“Gələcəyim hələ qabaqdadır, rollarım hələ məni gözləyir”- zarafatla bunları deyib üstəlik qəribə bir poza alıb gülümsəyir. Ona elə gəlir ki, hansısa pafoslu aktrisanı yamsılayır, təqlid edir, lağlağı ilə deyir bunları, amma mən bir tamaşaçı kimi həqiqət qəbul edirəm bu sözləri, çünki Mehriban Zəki potensialının bəlkə yarısını qoya bilib ortaya. Vaqif İbrahimoğlunun qoyduğu o cığırla gedir, hələ sərt döngələr qabaqdadır.

“Tamaşaçını gözəllik və gənclik cəlb edir”-deyir. Mən də razıyam ki, Azərbaycan ədəbiyyatında Mehriban kimi aktrisaların oynaması üçün güclü qadın obrazlarının kasadlığı var, amma ömür də başa çatmayıb axı, mədəniyyətimiz yıxılandan sonra yeni bir dövrə - yola çıxıb, ümid ölməz. Kinoda çəkildiyi obrazlar haqda sual verdim – neçə filmə çəkilmisən, yaxud səncə neçə filmdə varsan?- soruşdum. Cavabı dərhal aldım –heç neçə. Vikipediyada 20 filmin adı var.

Ailə qurmadı Mehriban Zəki, bunun üçün o uzun, incə yolda bir az ləngimək, yoldan sapmaq lazım idi. “İnsan həmişə xoşbəxt olmaq istəyir. Nə fərqi var, ailə qurub xoşbəxt hiss edirsən özünü, yoxsa subaykən. Əsas sevib, sevilib xoşbəxt olmaqdır. Bəlkə 70 yaşımda “Nə sevgi?” deyəcəm, amma indi belə düşünürəm, sevib-sevilmək xoşbəxtlikdir. İnsan həyata tək gəlir, tək də gedir, nə gələndə kimisə gətirmir, nə gedəndə özü ilə kimisə aparmır. Sənin olan da, olmayan da burda qalır, sən gedirsən, bəlkə izin qala”.

# 2578 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #