Sən niyə ayaq üstə ölmüsən? – Bircənin romanı

Sən niyə ayaq üstə ölmüsən? – Bircənin romanı
11 oktyabr 2019
# 08:55

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Kənd bizi daha urvatlı qarşıladı, evimiz gündə neçə yol dolub-boşaldı. Cavidin lisey müəllimləri də Mingəçevirdən gözaydınlığına gəldilər, amma onların şərəfinə açılmış süfrədən bircə tikə dadmadılar, uzun təkiddən sonra bir istəkan çayımızı içib, gətirdikləri hədiyyələri də verib getdilər.

İlk qurbanı Rüfət kəsdi, kəsdiyi qoçun tikəsini də bizə vermədi, hamısını kəndimizdəki yoxsula, tamarzıya payladı. Əfəl Maarifin yeddinci sinifə keçən oğlunun sünnətini elətdi, Cavidi də ona kirvə tutdu.

Əfəl dediyim Maarif qonşumuzuydu, imkanı olanların qapısında işləyirdi – bağ suvarırdı, dirrik salırdı, mal-qoyun nobatına gedirdi. Qazandığı pulu çox vaxt qonşu kəndin cüvəllağıları kartda, dominoda udub əlindən alırdılar. Əfəlin işləklərini biləndən sonra Rüfət ona gördürdüyü işin pulunu aparıb arvadına verirdi, ya da evinin bazarlığını özü eləyirdi. Qardaşımın dediyinə görə, Əfəl sünnət adıyla üç dəfə ondan pul almışdısa da uşaq hələ pülüklü gəzirdi. Mən də bunu eşidəndən sonra əhd eləmişdim ki, Cavid ali məktəbə qəbul olunsa Əfəlin oğlunun sünnəti mənim boynuma.

Niyyətim hasil olandan sonra da Əfəl yola gəlmədi:

- Sən pulu ver özümüzə, - qardaşıma dedi, - uşağa paltar alım bu il də məktəbə getsin, sonra sən deyənə baxarıq.

Rüfət baş barmağını başala barmağıyla orta barmağının arasına qoyub Əfələ uzatdı:

- Ala! Ay qoyun, üç-dörd ildən sonra oğlun əsgər gedəcək, elə özümüzünkülər onu erməni bilib öldürəcəklər.

Lalə Əfəlin oğlunun əyin-başını abıra salmaqdan ötrü Cavidin əyninə dar gələn paltarından, ayaqqabısından seçib bir dəst ortaya çıxardı. Həkimə getmək məqamı yetişəndə sünnət olunası oğlan “getmirəm, qorxuram” deyib iki ayağını bir başmağa dirədi. Uşaqlar gülüşüb bunu hoydu-hoyduya götürəndə gədə qapıya doğru təzərəkləndi. Ziya Rüfətə bağırdı:

- Dünəndən gedib həkimlə danışmısan, ipi qırdı Əfəlin oğlu.

Rüfət uşağın dalınca götürüldü, Ziyayla köməkləşib gədəni tutdular. Qardaşım onun əynindəki nimdaş paltarları sıyırıb qırağa tulladı, uşağı dartıb hamama salıb çimizdirdi, Lalənin seçdiyi paltarları əyninə geyindirib yaxasını verdi Ziyaya:

- Bərk tut bu kafəri, əynimi dəyişim gedək.

Anar Əfəlin oğluna baxıb gah ağladı, gah da onun ciblərinə konfet yığdı. Bizim güldüyümüzü görəndə cin atını mahmızladı:

- Nəyə gülürsüz, rədd olun içəri!

Rüfət oğlanın qolundan tutub maşına otuzduranda gədə ağlaya-ağlaya qayıdasan:

- Rüfət dayı, axı mən həkimdən utanıram, onun qabağında otura bilməyəcəm.

Rüfət:

- Qorxma, qadan alım, - dedi, - amanatını qapının dalından uzadacaqsan, həkim də ucundan çıqq eləyəcək. Bir-birinizin üzünü görməyəcəksiz.

Yay istirahətini sovub bizim dalımızca kəndə gəlmiş anam yenə bacı-qardaş ikimizə cütəlli aley verdi:

- Görməyə iş tapmırsız, - dedi, - qasığı qəzilləmişi gətirib hamama soxduqları bəs deyil, hələ bir ona yalvarırlar da. Qoysanız dədəsi qəhrini çəksin.

Rüfət anama bozardı:

- Dədəsi çəkəndə də belə olur, hər yeri qəzilləyir. Sabah bu əsgər gedəndə hamı bizi söyəcək ey, deyəcəklər o kənddə bir başıpapaqlı yoxuydumu?

***

Havalar yaman isti keçirdi. Gələn-gedənimiz səngimirdi, kəndimizin başından-ayağına hamı bizə gözaydınlığı verirdi. Hər gələn əlində iki-üç cələkli beçə gətirirdi, bağ-bağçamız toyuq-cücəylə dolmuşdu. Atam hərdən Cavidə sataşırdı:

- Bilsəm mənə də gətirərlər, heç olmasa gedib texnikum oxuyardım.

İki bacı qalmışdıq qazanın qırağında, ürəyimizdə də səksəkə: axı hələ Cavidin qəbul olunması haqda rəsmi sənəd yoxuydu. Hərdən təntiyib Laləyə, Kamilə deyirdim:

- Bu qədər adam gəlir-gedir, hədiyyələr üstümüzə sel kimi axır, birdən bu uşaq girmədi məktəbə, onda neylərik?

Mən belə nəhs danışanda Kamil səksənirdi:

- Bu fikirlər sənin ağlına hardan damır? Bəd gətirmə, Cavid artıq tələbədi.

Hər gün süfrə açırdım, qovurmadan, çığırtmadan bişirirdim, qonaq qarşılayırdıq, təbrik alırdıq, şadyanalıq eləyirdik, di gəl, içimi qazan şübhəli qorxu mənə dinclik vermirdi. Bu qorxunun, şübhənin ucbatından əlim-qolum soyumuşdu, başqa hazırlıqlarımı da görə bilmirdim.

Beşinci qurban (Rüfətdən sonra birini Kamil, birini Səməndər, birini əmim oğlu Məhər, birini də Telli mama kəsmişdi) kəsiləndən sonra Rüfətin dəcəlovluğu tutdu:

- Ta hamı gəlib getdi, bacı-qardaş özümüz oturacağıq. İbişin dəstəsiylə danışmışam, gəlib qapıda iki saat çalacaqlar.

Lalə irəli durub qardaşımın ağzını qapadı:

- Ədə, dəli-zad deyilsən, görməmişin oğlu məsəlini başımıza gətirmə, qoy hələ qəbulun cavabı gəlsin.

Artıq həyəcanımızı qardaşlarımıza da yoluxdurmuşduq, onlar da bir az sönən kimiydilər.

Bir axşam yenə şam süfrəsini yığışdırdıq, yaxında olan əmim uşaqları evlərinə dağıldılar. Mən Lalənin qızını özümə həyan aparıb bağdakı suatda qabları yuyurdum. Anar Kinikorla oynayırdı. Hərə bir tərəfə çəkilib gecənin səriniməsini gözləyirdi. Ara-sıra ermənilər atırdı. Cırcıramalar milyon ildi oxuduqlarını oxuyurdular.

Birdən məhləmizin ortasından Lalənin fəryadı göyə milləndi. Bu fəryadı Eminin ölüm xəbəri gəldiyi gün atam məni maşına basıb evimizə göndərəndə eşitmişdim. Arxın qırağından sürüşüb paltarlıca suyun gurrahına düşdüm. Heç şübhəsiz ölən vardı, nəsə fəlakət qonmuşdu qapımıza.

Nə illah elədimsə dizimdən yuxarı qalxmayan sudan özümü sürüyüb çıxara bilmədim. Doqqazın şaqqıltıyla çırpılması, Məhərin həyəcanlı səsi kıtılımı vurdu. Əllərim arxın qıraqlarında bənd almırdı, dartınıb çıxmaq istədikcə zığa-zımrığa bulaşıb yenidən suya düşürdüm. Hərlənib doqqazdan keçməyə hövsələsi çatmayıb hasardan hoppanan Ziya yanımdan güllə kimi ötəndə mən də suyun-palçığın cazibəsindən axır ki, qopa bildim.

- Allah sən saxla, Allah amandı, - deyə-deyə cumculuq su özümü qapıya atdım.

Mən çatanda Məhər köklü ağac kimi yerə çırpıldı. Onun yıxılmağıyla həyət-bacamız adamla doldu. Sağa-sola, aşağı-yuxarı ha baxındımsa nə Cavidi, nə Anarı gözüm almadı. Qorxa-qorxa bacıma sarı çöndüm:

- Nolub axı, Məhər niyə belə oldu?

Nənəm uşaqlığında Laləyə “yumrudodaq Gülöyşə” deyirdi. İndi onun bir cüt yumru dodağı gözümün qabağında oyur-oyur oynayırdı:

- Nolasıdı, Cavid ali məktəbə qəbul olundu!

Məhərin başını dizinin üstünə alan Yetər pəltək dilini işə salmışdı:

- Bəs bu uşaq girməmişdisə bir heylə qurbanı nəyə kəsirdiniz?

Rüfətin yardımıyla əmoğlunu özünə gətirdik. Dili tutar-tutmaz Laləni qınadı:

- Əmiqızı, biz güllə qabağında yaşayırıq, gecənin bu vaxtı o cür səs heç vaxt xeyirə çıxmaz, öldürmüşdün məni.

Kamil doqqazdan girəndə məni ağlamaq tutdu. Gecənin bu vədəsində aldığım xoş xəbərə qəti sevinə bilmirdim, bacımın qıyyası məni çox uzaqlara aparmışdı. Neçə vaxtdı qəbri üstünə getmədiyim Emin yadıma düşmüşdü. Elə bilirdim Lalənin sevinc fəryadı onun da qulağına çatıb. Mən bu sevincin hamısını özümə götürmək istəmirdim, çox istəyirdim bu sevincdən onun ruhu da dadsın – axı Cavid Eminin də təbərrük balasıydı.

Kamil özünü yetirib Məhəri qucaqladı, üz-gözündən öpüb dedi:

- Sən nələr görmüsən, azman oğullara əlinlə beşik düzəltmisən. İndi nolub səvərmisən bura?

- Kamil, nə yaxşı Lalənin səsi sənin qulağına çatmadı.

- Lalə elə çoxdanın qaraçısıdı.

Qəbul mesajını alan kimi telefonu xalasına verib Cavid özü qaçıbmış dayısının üstünə...

Məni qucaqlayan islanıb geri dururdu. Donumdan süzülən su canımdan ağrı-acı kimi çıxırdı. Gözümün yaşını sildikcə burnuma lehmə qoxusu dolurdu.

Rüfət səsə gələnlərin xeyir-duasını, halallığını alıb hamını bir-bir evinə yola saldı. Camaat dağılışandan sonra oturduğum yerdə məni qamarladı:

- Olmaya sevindiyindən özünü isladıb gözdən pərdə asmaq üçün arxa girmisən?

Qardaşım məni qollarının arasında bərk-bərk sıxıb qaranlıqda marçamarç öpməyə başladı, öpən kimi də qışqırıb məni çardağın işıqlı tərəfinə dartdı:

- Sən Ziyanın dayısının goru, bu vurhavurda üzünə yaxdığın nədi?

- Heç nə, ay bala, nə yaxasıydım.

- Bəs mənim ağzım, üzüm nəyəsə bulaşdı axı.

Demə suatdan çıxanda əllərimə bulaşan batdağı qaranlıqda üzümə yaxıbmışam. O gecə dan atınca hamı mənim palçıqlı üzümə baxıb güldü, bizim gələcəyimizi xəyallandılar, Cavidə dürlü-dürlü məsləhətlər verdilər.

Mənsə öz xəyalımı xəyallara qatmadım, mənim xəyalım Sənin göylərinin ulduzlu ətəyindən lalə yığdı, alma dərdi, su içdi...

***

Qəbul söhbəti gerçəkləşən kimi anam bir ayrı hava çalmağa başladı:

- Lalə, birinci ili Cavidə sən baxarsan, Bircə Bakıya gələn il gedər.

Arvadın fikri hamını çəlpəşiyə saldı. Lalə, Rüfət, Səməndər mandıxıb qaldılar. Mən susurdum – içimin dərinliyində anamın sözü bir az da ürəyimcəydi, özümü böyük şəhərdə yaşamağa hələ hazır bilmirdim, ona görə bir il kənddə qalmaq şərti mənə də sərf eləyirdi.

Lalə üsyana qalxdı:

- Mən heç kimin uşağına baxan deyiləm, anası gedər oturar evində, balası da üstünə gələr.

- Baxmazsan eləmi? Bəs nə yaxşı güllə qabağında, gəlin yanında, suyun-selin yox vaxtında o gətirib sənə uşaq saxladı, sən evində kef elədin. Sən baxma, gəlinlər baxar.

Bir üç gün də evimizdə mənim Bakıya gedib-getməməyim baş mövzu oldu. İnadla susduğumu görəndə qardaşlarım Cavidə qarmaq atdılar, onu öyrədib anamın üstünə saldılar:

- Ay nənə, mən dilimdən o boyda kişilərə kağız vermişəm ey, - deyib atama cumdu. - Baba, səndəki o sənədi çıxar üzə. Yadında, Musa baba da şahidlik eləmişdi?

- Musa baban çoxdan ölüb, onun şahidliyi keçmir.

Rüfət atamı xırxalayıb neçə il qabaq bağlanmış müqaviləni ondan aldı, açıb içindəkiləri oxuyub dedi:

- Ay dədə, Cavid kişi kimi sözünün üstündə durdu, indi növbə sənindi. Ver anasını qoltuğuna, qoy çıxıb getsinlər.

Anam dilini saxlayammadı:

- Hə də, arvadının yerini dar eləyir axı.

- Bircə mənim evimin bəzəyidi, arxam-dayağımdı, qız qardaşımdı. Mənim kisəmdən getsə də ikəlli razıyam bu işə.

Atam dedi:

- Kazinodan gələndə qapını üzünə kim açacaq gecənin o vaxtı, əkin-biçininin haqq-hesabını kim aparacaq? Bircədən sonra gərək özünü əmgəndirib toyuq-cücəni də sən kəsəsən, gələn qonağına kababı da özün çəkəsən.

- Bu zülümlərin hamısına razıyam, kişinin anasını verin götürüb getsin.

Anam təkləndiyini görəndə Aqilə əl uzatdı, o da baltasını kökündən vuranda arvad yavaşıdı:

- Ay ana, hansı gəlin axıracan sidq ürəklə Cavidin nazını çəkəcək, - dedi. - Zülüm-zillətlə bir bala böyüdüb, qoy özü də gəlib qulluğunda dursun. Bircənin iki uşağı olsaydı sən deyənə mən də qol qoyardım.

Lalə mənim ortalıqda qaldığımı görüb dedi:

- Sən niyə ayaq üstə ölmüsən? Qalx bağın mer-meyvəsindən dərək bişirək, bişirmədiyimizi qurudaq, bankalara pomidor yığaq. Qışda hamısını daşıyıb sənə gətirəcəm.

Bacım uzun bir siyahı tutub atama verdi, evimdə gərəyim olacaq xırdavatın hamısını aldırdı. Dəm çaynikiylə balaca aşsüzəni görəndə anam dəli oldu:

- Görməmişlər, - dedi, - Bakıda çaynik, aşsüzən tapılmır görəsən?

Bakıya köçməyimizə üç gün qalanda Cavid geyinmədiyi nə paltarı vardısa hamısını yığıb sinif yoldaşı Eminin görüşünə getdi, apardıqlarını verib halallaşıb geri qayıtdı. Sonra da mənim Əfəlin arvadı üçün yığdıqlarımı götürüb aparıb üç oğul anasını bir daha sevindirdi.

***

Vaxt daraldıqca ürəyimin saplağı üzülürdü. Səkinə bibiylə Telli mama bizə pay gəlmiş beçələrin hamısının başını üzdürüb ağac kölgəsində təmizlədilər. Gecə anamın əlindən birtəhər çıxıb Validənin yanına getdim. Qızın olmayan canı bir az da qurumuşdu. Yalnız diri gözləri, bir də sərçə ürəyi kimi döyünən qəlbi onun hələ bu dünyada olduğundan xəbər verirdi. Məni görəndə qızın dodaqları qaçdı:

- İstəyirəm sevinəm, sevindiyimi sənə göstərəm, amma bacarmıram, hər yanım quruyub.

Çarpayının yanında çöküb dodaqlarımı onun sümüyü çıxmış yanağında gəzdirdim:

- Narahat olma, mən sənin sevindiyini görürəm.

- Bilirdim gələcəksən. Bacım deyirdi gözləmə, qonaq-qaraları çoxdu.

- Səni görməmiş gedərdimmi?

- Həmişəlik gedirsən?

Duruxdum, bu sualı ilk dəfəydi eşidirdim.

- Yox, bayramlarda gələcəm.

- Sən gələnə qalmaram.

- Elə demə, çalış mən gələnə qalasan.

Kirpiklərini endirməklə mənə razılıq verdi. Bacısı gəlib kürəyinin arxasına yastıq düzdü, onu azca dikəldib mənlə üz-üzə qoyub getdi.

O gecə Validəylə çox dərdləşdik, çox şeydən danışdıq, anasını yada saldıq. Validə mənə xeyli öyüd verdi:

- Get öz həyatını sür, gözünü çək bu kənddən, bizim əvəzimizə də yaşa. Yadında anam nə deyirdi?

- Hə, yadımdadı, deyirdi kaş mənim də qızlarım Aşıq Səmirin qızı kimi olaydı, çarpayı dustağı olmayaydı. İndi boynuna al görüm doğrudan Səmirin qızı kimi olardın yerisəydin?

Validə xısıltıyla güldü:

- Yerisəydim həyatdakı gözəlliklərlə nəfəs alardım, murdarlıq eləməzdim.

O gecə Validədən çətin ayrıldım. Öpüb çıxdım, qapını çəkdim, yenə qayıtdım. Başımı onun sinəsinə qoyub hönkürdüm, ürəyini dinşədim. Quyu dibindən gələn səsinə qulaq asdım.

- Bircə, bax indi bir arzum var ürəyimdə, - dedi, - kaş dikəlib səni qucaqlaya biləydim, saçlarına toxuna biləydim. Məni burax get, sənin həyatın irəlidədi.

- Qoy barı mən səni qucaqlayım, mən sənin saçlarına toxunum, - dedim.

- Qucaqlasan sümüklərimin ağrısından ölərəm. Dur get, mənim öldüyümü eşidəndə gəlmə bura. Daha bu evdə sənin heç kimin olmayacaq.

Gözüylə bacısına nə dedisə gəlin əlindəki balaca bükülünü mənə uzatdı.

- Ətirdi, qardaşıma sənin adına aldırmışam, arasındakı pulla da Cavidə bir şey alarsan.

- Ətiri istəyirəm, amma pulu götürməyəcəm.

- Azdı, ona görə?

Bilirdim qəsdən belə deyir. Bükülünü sinəmə sıxdım, Validəni duz kimi yalayıb üzümü onun dodaqlarına söykədim, o da astaca məni öpdü.

- Bir də görüşməyəcəyik, - dedi, - qoy sənə doyunca baxım.

- Dəli-dəli danışma, Cavidin böyük tənəffüsündə qaçıb gələcəm. Mən gəlincə ölsən eşib səni gordan çıxardacam.

- Çıxartsan nəyə yarayaram, qarışqa qarnı sevindirmərəm, çaqqal gödəni doyurmaram.

Pilləkənin başında Validənin hönkürtüsünü eşidib ayaq saxladım, ağlaya-ağlaya Allaha asi düşürdü. Ayaqlarımı soyunub geri dönmək istəyəndə bacısı əlini boğazına uzatdı:

- Bircə, mən ölüm qayıtma, sənin kürlüyünü eləyəcək, - dedi, - sən də yol üstəsən, xəstələnərsən.

Validənin gumultusu kəsənə qədər pəncərəsinin altında dayandım. Yarı canımı o dəmir çarpayının üstündə qoyub ayaqlarımı sürüyə-sürüyə evimizə çatdım. O qurumuş vücudunda Validənin böyük ürəyi döyünürdü. Mən onlara hər gedəndə anasına, sonradan bacısına deyirdi:

- Bircə çox yönlü deyil, yanında ağlayıb-sıtqamayın.

Mənsə onun son təskinliyini də özümlə aparırdım. Ölüm artıq bir addımlıqda durub həyatın gözəlliklərindən çox erkən məhrum olmuş dostuma diş qıcayırdı...

Validə düz demişdi – mən gedəndən üç ay sonra torpağa bükülüb dinclik tapdı. O biri dediyi də çin çıxdı – elə xəstələndim yasına gedə bilmədim.

***

Qalırdı Eminin qəbrini ziyarət eləmək. Məni qınayan olmasaydı onun məzarı üstünə getməzdim, di gəl, Telli mama dil boğaza qoymurdu:

- Balanı da götür get, yazıqdı, cavandı, gözü yoldadı.

Yenə bizi Ziya aparasıydı. Kamil Cavidi oturdub öz fikrini atamın, anamın adından ona çatdırdı:

- Get həm atanın qəbrini gör, həm də babalarınla, uşaqlarla vidalaş.

Cavid balaca burnunu qırışdırıb dedi:

- Dayı, getmək istəmirəm.

- Niyə, qadan alım, get gör yüngülləş qayıt.

- Yüngüləm, getmək, görmək istəmirəm.

- Barı anana yoldaşlıq elə.

- Yoldaşlıq eləyərəm, amma içəri girməyəcəm.

Beləcə, Kamil onu dilə tutub getməyə razı saldı. Gecə yenə Cavidin burnundan qan açıldı, bunu görəndə anam coşdu:

- Sabah kim hara gedir getsin, atam oxuyan Quran haqqı qoymaram Cavid addımını ata.

Qan da bizə bir bəhanə oldu, Eminə tərəf getmədik.

***

Lalə şəhərə gəlişimizi sentyabrın onuna planlamışdı. Mən iki gün də artıq qalmaq üçün səfərimizi on ikisinə adlatdım. Kənddən qopub gedəmmirdim, elə bilirdim bir də qayıdanda heç kimi sağ görməyəcəm. Adamlar bir yana, qapımızın itindən, pişiyindən də ayrıla bilmirdim. Əlimdə bəsləyib böyütdüyüm iki pişiyimi itimiz parçalayandan sonra daha pişikləri özümə öyrəşdirmirdim. İkinci pişiyimin adamdan bircə fərqi vardı ki, danışa bilmirdi; məni gözündən yayındırmazdı, mən evdə olmayanda paltarlarımın üstündə uzanardı, qışda xəstələnib yatağa düşəndə başını ağrıyan yerimə qoyub yatardı. Kamil həmişə deyirdi:

- Pişiyin pilləkənə çıxan kimi bilirdim sən gəlirsən.

Bütün günü havalı dolanırdım. Evin hər küncünü bulğanırdım, darvazamızın ağzında oturub gendən həyətimizə baxırdım. Nənəli, əmili günlərimi xatırlayırdım – qapı dolu uşaq, firavanlıq, qayğısızlıq, müharibə yox, ölüm-itim yox, “qaçqın”, “köçkün”, “didərgin”, “şəhid” kimi sözlər hələ dilimizə dəyməyib. Gündüzlər uşaqların, qocaların umuduna qalan kəndimiz. “Zaman” xəbərlər proqramından sonra həsrətlə gözlədiyimiz bədii filmlər, konsertlər. Qardaşlarımın kitab müzakirələri. Evimizdəki nemətlərdən gözü doymayan bir dəstə uşağın Telli mamanın zənbilinin başına yığışmağı.

Heç yadımdan çıxmaz, “Baharın on yeddi anı” deyilən çoxseriyalı filmi respublika televiziyasıyla ilk dəfə göstərirdilər. Kinonun başlanmağıyla Rüfətin yatmağı bir vaxta düşürdü. Anam onu yatızdırmağı mənə həvalə eləmişdi, hamı ekran qabağına toplaşanda mən uşaq yırğalamalıydım. O an əlacım olsaydı Çexovun yuxusuzluqdan dolaşan məşhur qəhrəmanı kimi Rüfəti boğub öldürərdim. Yarı canım televizorun yanında uşağı basırdım yerinə, mən onunla acıqlı davrandıqca Rüfətin gözünə yuxu getmirdi. Anamın nanəli konfetlərindən oğurlayıb onun yanına yığıb qapının aralı yerindən gizlincə filmə baxırdım. Konfetləri uzanıqlı aşıran Rüfət bunu da mənə çox görürdü, konfet boğazında qalıb çeçəyəndə anam qapını möhkəm bağlayıb özünü yıxırdı evin cəhənginə.

İndi o günləri xatırladıqca içimə ilıq yellər əsirdi. Kaş heç böyüməyəydim, böyüdükcə başıma gələn görkəzmələrin əlində girinc qalmayaydım...

ardı var

# 8918 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #