Bu gecə işıqdan qalıb hamilə... – Yeni Şeirlər

Bu gecə işıqdan qalıb hamilə... – Yeni Şeirlər
9 sentyabr 2019
# 16:50

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Saatın min dəfə ”bir” olub...

İnandığım qaya, inandığım daş,
İnandığım külək, külək deyilsən.
Ay sevdiyim ağac, sevdiyim torpaq,
Ay sevdiyim ürək, ürək deyilsən.

Çıxmayır yadımdan zarafatların,
Qəlbimdə fikirlər ələk-vələkdi.
Süfrənin üstündə soyuyur çayım,
“Taxta” çömçəniz də çilik – çilikdi.

Pənah gətirmişdim, gülüş sən ada,
Sərhədlər yolumu qandallayarmış.
Sən demə o şirin gülüşün altda,
Dünyanın yüz əsr soyuğu varmış.

Saçından ötəri əlim Kür olub,
Tellərin xiffətdən heç əsməyirmi?
Saatın min dəfə axı “bir” olub,
Ürəyin görüşə tələsməyirmi?

İtmiş gecə

Xeyli zamandır ki, bu yer üzündə,
Sürünə-sürünə bir gecə gedir.
Bu gecə işıqdan qalıb hamilə,
Tutqun gecələrdən gizlicə gedir.

Heç yerdə dayanmır bu qatar gecə,
Sonuncu vaqontək çəkir qəlbimi.
Görən, gözü bağlı, ürəyi bağlı,
Bir gecə itibdir, dünya bilirmi?

Bu gecə sürətdən açıla, qala,
Özünə duracaq seçə səhəri.
Uzanar qatarın pəncərəsindən,
Cavidin, Müşfiqin şeir əlləri.

Skamyalar

Skamyalar üşüyür,
Üşüyür üstündəki cızıqlar.
Nələr eşitmədilər,
Nələr görmədilər,
Bu yazıqlar... yazıqlar...

Əlləri yox, çağıra,
Dilləri yox, səsləyə,
Ayaqları yox, yeriyə,
Bir adam da əyləşmir,
Heç olmasa, kiriyə...

Üstündəki hərflər
Kimin dilindən düşüb.
Adlar da düz oxunmur
Hərfləri sürüşüb.

Əhd eləyən cütlüklər,
Ayrılanda hardasa,
Skamyalar ölərlər,
Ölə-ölə gülərlər...

Bax o kənardakına,
Skamyadan sallanan
Bir ayaqdı, bir əsa.

Pəncərədən gözəl görünür payız...

Ayrılıqlar yağır meşəyə,
Kirpiklər toxunur şüşəyə,
Uzaqdan, lap uzaqdan,
Gözəl səslənir nəğmə.

Ayrılıqlar yağır meşəyə,
Küləklər yarpağı endirir göyə
Uzaqdan gözəl görünür payız,
Xüsusən pəncərədən baxanda.

Ayrılıqlar yağır meşəyə,
Quşlar ayrılığı qaldırır göyə,
Lakin ayaqlarının şəkilləri
Payız yağışıtək tökülür gölə.
Uzaqdan gözəl görünür ayaqlar...

Ayrılıqlar yağır meşəyə,
Pəncərədən gözəl görünür payız.
Bəlkə də payız deyir,
Pəncərədə gözəl görünür bir qız...

Səs salmayın

Xəbər gözləyən nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki

Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.

Kababı köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...

Image result for Allahşükür Ağa

# 3562 dəfə oxunub

Oxşar xəbərlər

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

16:33 24 iyun 2026
Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

Qaçılmaz sonun kətan üzərində təsviri - Leypoldun "Məzarlığın girişi" tablosu

16:00 24 iyun 2026
Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

13:30 24 iyun 2026
Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

10:00 21 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər