Sevgilisinin ölümündə şübhəli bilinən aktrisa

Sevgilisinin ölümündə şübhəli bilinən aktrisa
6 oktyabr 2014
# 08:30

Kulis.az “Baxılası 50 film” layihəsində 60-dan çox film çəkən, üç dəfə “Oskar” alan, Venesiya kino festivalının mükafatçısı, amerikalı rejissor Billi Uaylderin (1906-2002) “Sanset bulvarı” filmini təqdim edir.

Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yaşayan yəhudi ailəsində doğulub. Vyana universitetində hüquq təhsili alan rejissor bir il sonra universiteti atır. Və aparıcı Vyana qəzetlərindən biri ilə əməkdaşlığa başlayır. 20-ci illərdə Berlində işləyir, burda səssiz filmlər üçün ssenari yazır. Nasistlərin hakimiyyətə gəlişindən sonra Fransaya, ordan da Amerikaya mühacirət edir. Onun valideynləri və nənəsi Osvensimdə həlak olur.

Los-Ancelesə cibində qəpiksiz gələn Uaylder ingiliscə də bilmirdi. O, bir neçə il yoxsul yaşayır. Müştərək yazdığı ssenarilərdən pul qazanırdı.

Həmin illərdə “Gecə yarısı”(1939), “Dan yerini saxlayın” (1941) filmlərinə ssenari yazır.

Ssenarist Çarlz Brekketlə əməkdaşlıq onun həyatında dönüş anı oldu. Bu əməkdaşlıq nəticəsində 1930-cu illərin sonu 40-cı illərin əvvəlinə kimi Amerika kinosunda gəlir gətirən filmlər ortaya çıxdı. Bura Ernst Lyubiçin “Ninoçka”, Horvard Houksun “Alovlu dünya” və s. filmlər daxildir.

Uğurlardan sonra Uaylder və Brekket birgə əməkdaşlıqlarının sferasını genişləndirdilər, eyni zamanda prodüserlik və rejissura ilə məşğul olmağa başladılar. Onun ilk müstəqil işi yoxsul qızla mayorun sevgisindən bəhs edən “Mayor və çağa” (1942) komediyası oldu.

1944-cü ildə rejissor nuar janrında ilk filmini “İkiqat sığorta”nı çəkir. Ssenarini məşhur detektiv yazıçı Ceyms Keynin eyni adlı romanı əsasında təhkiyə manerasında ekranlaşdırır. Tənqidçilər filmi nuar janrında tədris vəsaiti kimi məsləhət görürlər.

Film sığorta idarəsinin əməkdaşının varlı qadın tərəfindən manipulyasiya edilərək cinayətə sürüklənməsini nəql edir.

“İtirilmiş həftəsonu” (1945) ameriklı yazıçı Çarlz Ceksonun eyni adlı romanı əsasında çəkilib.

“Qızıl palma budağı” alan, dörd “Oskar”a layiq görülən film içkiyə qurşanan yazıçı Don Birnin faciəsini anladır.

Artıq 40-50-ci illərdə Uaylder Hollivudun ən tələb olunan rejissorlarından birinə çevrilir. Onun uğurunun səbəbi dəqiq ssenari seçimində, süjetə diqqətli yanaşmasında, replikalarının hədəfə dəyməyində və aforizm xarakterli olmasında, aktyorlardan aldığı yüksək nəticədə idi. Onun mövzuları Hollivud üçün tipik deyildi: alkoqolizm, nasist kosnlagerləri, fahişəlik və müasir həyatın anlamsızlığı.

Müasir mətbuatın prinsipsizliyini göstərən, mərkəzi nəşrlərdən qovulan qəddar, sinik jurnalistdən danışan “Böyük oyunbazlıq” (1951) Venesiya kinofestivalında beynəlxalq mükafat alır.

Vudi Allen bu filmi Uaylderin ən yaxşı işi adlandırır.

“Yeddi illik arzu” (1955) filmindən başlayaraq o, əsasən komediya janrının ən müxtəlif istiqamətlərində işləyir: “Cazda yalnız qızlardır” fars, “Günortadan sonra sevgi” romantik komediya, “Mənzil” isə satirik elementləri olan film idi.

Sosial dramlara və kapitalizm cəmiyyətinin riyakarlığına vurğu edən rejissor daha çox səsli kino dövründə komediya janrının ustası kimi tanınıb.

Ona görə də Billi Uaylder kino tarixinə komediya rejissoru kimi daxil olub. Təsadüfi deyil ki, “100 ən yaxşı komediya” siyahısında onun filmləri çoxluq təşkil edir.

“Mənzil” (1960) tragikomediyası adi klerkin həyatını və müdirinin sevgilisinə vurulmasını nəql edir. Böyük kommersiya uğuru qazanan film 25 milyon dollar gəlir gətirib və beş nominasiyada “Oskar” qazanıb.

Hadisələr əsasən axşam vaxtı, küçədə və interyerlərdə baş verir, ağ-qara rənglər filmə nuar atmosferi verir.

“Cazda yalnız qızlardır” musiqili komediyası qanqsterlərin təqib elədiyi, məcburən qadın paltarı geymiş iki musiqiçinin macərasını anladır. Əhvalat Amerikada 1920-33 illərdə spirtli içkilərin istehsalı və satışını qadağan edilməsi dövrünə təsadüf edir.

Qəhrəmanların Heys kodeksinə (1930-cu illərdə Amerika Kino Şirkətləri Assosiasiyası Heys etik kodeksini qəbul etmişdi. Kodeks assosiasiyanın rəhbəri, respublikaçı Uilyam Harrison Heysin adı ilə bağlıdır. 1967-ci ildə ləğv edilən Kodeks homoseksuallığı, heteroseksuallığı, simpatiya doğuran mənfi obrazları, qanunlara ironiyanı yasaq etmişdi) replikaları vardı. Və burdakı gizli seksual məna tədricən Hollivudun bu kodeksdən imtinası ilə assosiasiya olunur. Janrlar sərbəst şəkildə qarışır, müharibəyə qədərki qanqster filmlərinə parodiya edilir. Tənqidçilərə görə filmdə epataj çoxdur.

Çəkiliş zamanı Merilin Monro ciddi psixoloji böhran yaşadığına görə xəstəxanaya düşmüşdü. Bu səbəbdən filmin bitməsi uzun çəkdi.

“Baxilası 50 film” layihəsində rejissorun unudulmuş ulduzların taleyini təsvir edən, üç Oskar alan, bütün illərin ən yaxşı filmləri siyahısına daxil olan “Sanset Bulvarı” (1950) film nuarını təqdim edir.

Süjet: Film gənc ssenarist Gillisin hovuzda tapılan cəsədinin təsvir edildiyi səhnə ilə başlayır. Kadr arxasında Gillis onun ölümünə gətirən əhvalatı danışır.

Gənc ssenarist Hollivudda öz yerini tapmaq istəyir. Amma onun işləri diqqətdən kənarda qalır.

Təsadüfən Sanset bulvarında ilk baxışda baxımsız görünən mülkə gedir. Mülkün sahibi səssiz kinonun ulduzu Norma Desmond olur. Aktrisa publika tərəfindən çoxdan unudulduğunu etiraf eləmək istəmir, özünün illüziya dünyasında yaşayır. Ona elə gəlir ki, əvvəlki kimi böyük aktrisa, milyonların kumiridir. Ona evində keçmiş əri Maks yardım edir. (bu rolu Amerika rejissoru Erix fon Ştroheym ifa edir)

Despot qadının təsirinə düşən gənc ssenarist burda yaşamağa başlayır və onun ssenariləri üzərində işləməyə başlayır. Bu, isə faciəyə gətirir.

Norma obrazı qalmaqallı aktrisa kimi yadda qalan, Ştroheymin “Şən dul qadın” filminin çəkilişi zamanı onu boğaza yığan Mey Myürreyin xarakterinin əsasında yaradılıb.

Ştroheyimin filmlərinin pərəstişkarı olan Uaylder “Sanset Bulvarı”nda onun ekran əsərlərinə göndərişlər edib: Norma Desmond evindəki kinoteatrda rejissorun “Kraliça Kelli” filminə baxır, bəzi səhnələrdə onun hər filmində yer alan ətirşah görünür.

Deyilənə görə, filmin qapalı nümayişi zamanı Paramount Pictures şirkətinin prodüseri Lui Mayer qəzəblənərək Uaylderə deyib: “Sən alçaqsan, səni böyüdən, çörək verən sənayeni rəzil etmisən. Səni Hollivuddan qovmaq lazımdır”.

Norma roluna səssiz kinonun ulduzları dəvət olunsa da (Qreta Qarbo, Meri Pokford, Pola Neqri, Mey Uest) onlar imtina edib və obrazı Qloriya Svenson oynayıb. Film onun kinoya yenidən qayıdışını təmin elədi.

Rejissor bioqrafik anlamda aktyorlarla personajların həyatını birləşdirməyə çalışıb.

Norman Desmond adı isə aktyorlar Meybl Normand və Uilyam Dezmond Teylorun adlarının birləşdirilməsidir. 1920-ci illərdə aktrisa M.Normand rejissor və aktyor U.Dezmondun sevgilisi olub. 1922-ci ildə Normand onun evini tərk edəndən az sonra Dezmond ölü tapılıb. Amma polis qətldə aktrisanın günahını sübut edə bilməyib.

Filmə burdan baxa bilərsiniz:

http://tfilm.tv/13241-sanset-bulvar.html
# 2913 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #