“Xosrov və Şirin” ilk Azərbaycan romanıdır

“Xosrov və Şirin” ilk Azərbaycan romanıdır
15 may 2014
# 14:40

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz alim, tərcüməçi Məsiağa Məhəmmədidir. M.Məhəmmədinin ən sevdiyi əsər Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasıdır.

- Məsiağa müəllim, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Xosrov və Şirin” poeması sizin ən sevdiyiniz əsərdir?

– Bu əsərə sevgim gənclik illərində başlayıb və “Xosrov və Şirin”lə bağlı ilk araşdırmamı mən hələ tələbə ikən aparmışam. Yadımdadır ki, o zaman bizə ədəbiyyat nəzəriyyəsindən dərs deyən mərhum xalq yazıçısı Gülhüseyn Hüseynoğlu həmin araşdırmanı yüksək qiymətləndirdi və öz münasibətini Sədidən bir beyti xatırlatmaqla ifadə etdi.

Məsələ burasındadır ki, “Xosrov və Şirin” istər Nizaminin öz yaradıcılığında, istərsə də Azərbaycan və bütövlükdə Şərq ədəbiyyatı tarixində tamamilə yeni bir hadisə idi. Bu əsərdə Nizami ilk dəfə şəxsi və ictimai harmoniya barədə təlimini irəli sürüb və həmin təlim onun sonrakı əsərlərində inkişaf etdirilib. Əsərin məzmunu, çoxplanlı süjeti, mükəmməl kompozisiyası, surətlərin təqdiminin xarakteri və ümumən pafosu onu Azərbaycan ədəbiyyatı tarixində roman janrının ilk nümunəsi hesab etməyə tam əsas verir.

Bu barədə Mikayıl Rəfilidən tutmuş Y.Meletinskiyə qədər bir çox alimlər fikirlər söyləyib. Yəni əsərin ənənəvi olaraq poema adlandırılması şərti səciyyə daşıyır. “Xosrov və Şirin” əslində bir romandır. Daha dəqiq demək istəsək, mənzum roman. Roman, bilindiyi kimi, qəhrəmanlıq eposunun fəlsəfi mənada inkarı kimi meydana çıxıb. Nizami ilə Firdovsinin yaradıcılıq münasibətləri də bu aspektdə dəyərləndirilməlidir. Yəni Firdovsidən fərqli olaraq, Nizami Xosrovu bir hökmdar kimi deyil, bir insan kimi təsvir edir. Əsərin mərkəzində insan şəxsiyyəti, onun daxili aləmi, mənəvi təbəddülatı dayanır və məhəbbət macərası fonunda Nizami fərd və cəmiyyət problemini, şəxsi istəklərlə ictimai vəzifələrin kolliziyasını misilsiz bir məharətlə təqdim edir.

Bu əsərdə Nizami özünə qədərki epik ədəbiyyata xas olan fantastikadan imtina etmiş, yaradıcı təxəyyülünə meydan vermiş, insan xarakterlərinin dinamikasına başlıca diqqət yetirmişdir. Nizami tarixi və mifoloji həqiqətlərə o qədər əhəmiyyət verməyib əsas fikri insan münasibətlərinin məntiqi üzərində cəmləşdirmişdir. Əsərdə əsas maraq obyekti zahiri macəralar deyil, daxili yaşantılardır, bu da incə psixoloji təhlilə, “daxili insan”ın açılmasına şərait yaradır.

“Xosrov və Şirin”in kompozisiyası da roman səciyyəlidir və burada iki hissə aydın seçilir. Birinci hissə giriş mahiyyəti daşıyır, qiyabi aşiq olma, tanıyıb-tanımama, qəhrəmanların birləşməsinə mane olan təsadüfi hadisələr və s. kimi elementləri ehtiva edir. Əsas roman ikinci hissədən başlayır, yəni qəhrəmanların qovuşması üçün xarici maneələr aradan qalxır, lakin daxili kolliziyalar yaranır, ləyaqətli şahla ləyaqətli aşiqin bir yerə sığması məsələsi, başqa sözlə, məhəbbətlə ictimai vəzifənin konflikti meydana çıxır. Belə ki, Xosrov özü də deyir:

Hər ikisi olsa, həm şahlıq, həm yar,

Ürək də şahlıqdan bir ləzzət alar.

Bu kontekstdə qəhrəmanların təkamülü və münasibətlərin harmoniyasına nail olunması kimi uzun bir proses baş verir və önəmlisi odur ki, həmin prosesdə hər bir hadisə üzvi surətdə özündən əvvəlki situasiyadan doğur, roman üçün vacib hesab olunan səbəb əlaqəsi, hadisələrin qanunauyğun inkişafı və konfliktin zəruri həlli kimi xüsusiyyətlər özünü göstərir.

Yadındadırsa, əsərin əvvəlində atası tərəfindən cəzalandırılaraq dörd şeydən məhrum olan Xosrova babası Ənuşirəvan yuxuda “dörd gövhər” əldə edəcəyini bildirir. Xosrovun həyat məqsədini təşkil edən “dörd gövhər”dən ikisi – Şirin və hakimiyyət – əsasdır və əslində, şəxsiyyətin fərdi və ictimai istəklərini simvolizə edir. Odur ki, onların mahiyyətindəki ziddiyyət Xosrovun simasında fərd – sosium konflikti kimi təcəssümünü tapır, onun daxili təzad və mübarizələrini şərtləndirir.

Onu da deyim ki, Nizami özü də əsərin yaradıcılığında yeni bir hadisə olmasına açıq işarə etmişdir. Belə ki, “Xosrov və Şirin”in əvvəlində yazır:

Mənim xəzinəm var “Məxzənül-əsrar”,

Boş zəhmət çəkməyin nə mənası var?

Lakin bir adam yox dünyada bu gün

Zövqdən, əyləncədən uzaq görünsün.

Sonuncu misra orijinalda “həvəsnaməyə həvəsi olmasın” şəklindədir. Yəni şair əsəri “həvəsnamə”, yəni hisslər haqqında kitab adlandırır. Başqa sözlə, Nizami “Məxzənül-əsrar”da – “Sirlər xəzinəsi”ndə olan mücərrəd hikmətlər və didaktikadan real insan hisslərinin təsvirinə keçir. Bu sözlərdən sonra əsərdə şairin eşq haqqında məşhur fikirləri gəlir. Qeyd edim ki, Nizaminin eşq konsepsiyası o dövrdə filosofların və sufilərin irəli sürdüyü eşq təlimindən daha geniş və əhatəlidir. Şair həmin konsepsiyanı hətta bu şəkildə dilə gətirir:

Köpək kimi yemək, içmək nədir, nə?

Bir pişik olsa da, can ver eşqinə!

Pişiyin eşqiylə yaşamaq, inan,

Yaxşıdır, şir olub yalnız qalmaqdan.

Rəhmətlik Mikayıl Rəfili doğru olaraq yazırdı ki, Nizami “Xosrov və Şirin”də eşqin alçaq ehtirasdan tutmuş yüksək etik ideala qədər bütün təzahürlərini əks etdirmişdir.

Nəhayət, onu da deyim ki, əsəri mənə sevdirən cəhətlərdən biri də onun Azərbaycan mühiti ilə bağlılığıdır. Bu məsələ dahi Məhəmməd Əmin Rəsulzadənin Nizami haqqında kitabında gözəl şərh olunub.

- Nizami əsərin girişində Allaha dua edir:

Şahın gözlərində onu et şirin,

Şirin haqqındadır özü əsərin.

Sizcə, niyə əsərin məhz Şirin haqında olduğunu vurğulayır?

– Nizami burada hər şeydən əvvəl söz oyunundan istifadə edib. Amma orası da var ki, əsərin iki əsas surətinin – Xosrov və Fərhadın – istək obyekti məhz Şirindir və bu mənada əsərin Şirin haqqında olduğunu söyləməkdə qeyri-adi heç nə yoxdur.

- Yetmiş iki iz var yolumda müşkül,

Yetmiş biri tikan, ancaq biri gül.

Nizami bu beytdə dünyada yetmiş iki əqidə olması haqda məşhur rəvayətə işarə edir. Lakin bu yetmiş iki əqidədən ancaq birinin (islamın) gül olduğunu irəli sürür. Bu beyt Məhəmməd peyğəmbərin tərifi zamanı deyilir. N.Gəncəvi kimi böyük şəxsiyyətin bu cür birmənalı düşünməsi qəribə görünür, deyilmi?

- Yox, burada qəribə bir şey görmürəm. Və həmin beytdə Nizaminin tolerant düşüncəsinə zidd olan heç nə yoxdur. Nizami bunu Allaha müraciətlə deyir, Ondan doğru yola hidayət olunmasını diləyir. Əlbəttə, burada 72 millət (və ya 73 firqə) barədə məşhur hədisə işarə var. Özü də söhbət islam daxilində olan firqələrdən gedir və bunun indinin özündə də birmənalı şərhi yoxdur, yəni “firqeyi-naciyə” (nicat tapacaq firqə) barədə fikirlər müxtəlifdir. Ümumiyyətlə, Fərid, bu, bir az qəliz mövzudur və mən məzhəb mübahisələrinə varmaq istəmirəm. Ən yaxşısını Hafiz Şirazi deyib: “Yetmiş iki millətin davasını üzrlü say, çünki həqiqəti görmədiklərinə görə, əfsanə yolunu tutdular”.

- Bu dünya fanidir, qalma eyşindən,

Bu mənim fiкrimdir, özün bilərsən.

Sizcə, bu misrada eyş birbaşa mənadamı işlədilib?

– Əlbəttə, Nizami heç də oxucusunu eyş-işrətə qurşanmağa, əyyaşlığa çağırmır. O, tərki-dünyalığı rədd edən düşüncəsinə uyğun olaraq, insanı dünya nemətləri və gözəlliklərindən həzz almağa səsləyir və bu həzz qətiyyən maddi və bioloji çərçivə ilə məhdudlaşmır.

- Xosrovdan, Şirindən qalan yadigar

Gizlində deyildir, durur aşikar.

Şəbdiz atın şəkli, Bisütun dağı,

Pərviz sarayının eyvanı, tağı.

Nizami xüsusi olaraq dastanın real hadisələrdən qaynaqlandığını vurğulayır, amma sonra da “Leyli və Məcnun” kimi əfsanə yazıb. Nizami bu dastanda real hadisələrdən yazmağı tərəfdarı kimi görünür:

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu söyləyən möhtəşəm olar.

Sizcə, Nizami bu dastanı nə dərəcədə real yarada bilib?

– Ümumiyyətlə, Nizami hər bir əsərini, o cümlədən, "Xosrov və Şirin"i yazarkən, mövzu ilə bağlı mövcud yazılı və şifahi qaynaqları dərindən araşdırıb, sonra bu materialı öz yaradıcılıq məqsədinə uyğun şəkildə təxəyyülünün ixtiyarına verib. Bu baxımdan dediyin parçadan əvvəlki beytlər daha böyük maraq doğurur:

Məlum heкayədir "Xosrov və Şirin",

Dastan yoxdur əsla bu qədər şirin.

Ruhu oxşasa da bu gözəl dastan,

Pərdədə qalmışdı bu gəlin çoxdan.

Tanıyan yoxdur bu gözəl alması,

Bərdədə var idi bir əlyazması.

O ölkənin qədim tarixlərindən

Bu dastanı tamam öyrənmişəm mən.

O yerdə yaşayan qoca adamlar

Təşviq etdi, işə mən verdim qərar.

Ağıl bu dastanı bəyənsin gərəк,

Sözləri şirindir, məzmunu gerçəк.

Göründüyü kimi, Nizami əsərin yazılmasında həm də yerli mənbələrdən, dəqiq desək, Bərdədə qorunan unikal əlyazmasından istifadə etmişdir və bu əlyazma onun sələflərinə və xələflərinə bəlli olmamışdır. Digər tərəfdən, şair yaşlı insanların söhbətlərindən də nələrisə əxz etmiş və əsəri yazmağa başlamışdır. Özü onun məzmununun gerçək, yəni sən demişkən, real olduğunu vurğulayır. Amma şübhəsiz, Nizami təsvir etdiyi hadisələrin tarixi baxımdan yüzdə yüz gerçəkliyini deyil, təsvirin özünün, xüsusən insan xarakterlərinin reallığını nəzərdə tutur və bu, həqiqətən belədir. Bu mənada, "Xosrov və Şirin" bütövlükdə Şərq ədəbiyyatı tarixində nadir bədii nümunədir.

- Nizami “Xosrov və Şirin” mövzusuna ilk dəfə müraciət edən Firdovsinin “Şahnamə”də bu mövzunu yarada bilmədiyini vurğulayır. Bildirir ki, Firdovsi qoca idi deyə bu dastanı lazımınca əks etdirə bilməyib:

Altmışda, sevginin, eşqin həyəcanı

Titrədə bilməzdi yorğun qocanı.

– Həqiqətən də, belədir və bu təkcə Firdovsinin "qocalığı" ilə deyil, "Şahnamə"nin qayəsi ilə əlaqədardır. Firdovsi şahlığın və şahların tarixini yazırdı, sevgi macəraları onun əsas yaradıcılıq məqsədi deyildi. Bu mənada təkcə Xosrov və Şirin əhvalatı deyil, Zal və Rüdabə, Bijən və Mənijə kimi məhəbbət süjetləri də "Şahnamə"də epizodik yük və mahiyyət daşıyır. Nizami isə özünün dediyi kimi, eşqi qələmə almaq istəmiş və bu üzdən süjetə "Şahnamə"də ümumiyyətlə, olmayan Fərhad obrazını da daxil etmişdir. Azacıq dəyişikliklə akademik N.İ.Konradın ifadəsi ilə desək, Firdovsidə qəhrəmanlığın özü, Nizamidə isə qəhrəmanlığı edən insan tərənnüm olunur; Firdovsi xəyanətin özünü, Nizami isə xəyanəti edən insanı təsvir edir. Bu mənada Nizami "Xəmsə"si Firdovsi "Şahnamə"sinə nə qədər bağlı olsa da, onunla antiteza təşkil edir. Həmin qarşılaşmada tarixi-ədəbi perspektiv baxımından Nizami qalib gəlmişdir.

- Şirinin sevgisiylə Xosrov mənəvi yüksəliş yaşayır, Dantenin “İlahi komediya”sında Beatriçanın da sevgisiylə aşiq yüksəlir. Yaxud Şirini sevən Xosrov onunla yaxınlıq etmək istəyəndə Şirin kəbinsiz yaxınlığa razı olmur, eyni situasiya Romeo və Cülyetta arasında da yaşanır. İstərdim ki, bu bənzərliklərdən danışasınız.

– Ümumiyyətlə, məhəbbət mövzusunda yazılmış əsərlər arasında bu cür ümumiliklərin olması təbiidir və onlar həm tipoloji, həm də genetik səciyyə daşıya bilər. Konkret olaraq, indiki halda, mənim qənaətimə görə, bu bənzərliklər zahiridir və adını çəkdiyin əsərlər "Xosrov və Şirin"lə müqayisəyə gələ bilməz. Nizami sadəcə məhəbbət (qoy lap ülvi məhəbbət olsun!) dastanı deyil, bütöv sosial-fəlsəfi konsepsiyanı ehtiva edən möhtəşəm bir roman yaratmışdır.

- Şirin ideal hesab oluna bilər. Deyilənə görə, Şirin obrazının prototipi Nizaminin dünyadan vaxtsız köçən xanımı Afaqdır. Sizcə, bu fikir nə dərəcədə əsaslıdır?

– Şübhəsiz, Afaq tam mənada Şirinin prototipi deyildir, amma bu da həqiqətdir ki, Nizami bu obrazı yaradarkən, çox sevdiyi Afaqdan təsirlənmiş, onun müəyyən keyfiyyətlərini Şirinin simasında canlandırmışdır. Necə ki, Şirinin ölümünü təsvir edərkən özü də deyir:

Oxu bu dastanı qəlbində kədər,

O gözəl Şirinçün ağla bir qədər.

Çünki tez tərk etdi o bu aləmi,

Cavanlıqda soldu qızılgül kimi.

Qıpçaq bütüm təki ox kimi süzdü,

Afaq sevgilimin sanki özüydü.

- Poemanın içində Xosrov-Şirin-Fərhad üçbucağının müstəqil əsər kimi – “Fərhad və Şirin dastanı” adlandırılmasının səbəbi nədir? Bu müasir ədəbi cərəyanlarda rast gəldiyimiz roman içində roman texnikası deyilmi?

– Yuxarıda dediyim kimi, “Xosrov və Şirin” janr etibarilə romandır. Özü də bu, müasir meyarlar baxımından belədir. Odur ki, əsərdə müasir roman texnikası elementlərinə rast gəlməyimizdə təəccüblü bir şey yoxdur.

- Nizami bu əsərdə göstərir ki, ağıl (Fərhad) heç də gücdən və var-dövlətdən (Xosrov) geri qalmır. Nəzərə alsaq ki, “Xosrov və Şirin” şah sifarişi ilə yazılıb, onda bu cəsarətli ideya sayıla bilər. Ancaq Nizami ardıcılları (Nəvai, Arif Ərdəbili və s.) bu ideyadan uzaqlaşdılar, Fərhadı da şahzadə kimi təqdim etdilər. Məsiağa müəllim, istərdim söhbətimiz bu dastanın Nizamidən sonra ideya dəyişiminə sarı yön alsın.

– Çox maraqlı sualdır. Şərq ədəbiyyatında Nizami məktəbinin təşəkkülü və inkişafı ilə bağlı araşdırmaların sayı az olmasa da, bu sahədə öyrənilməmiş problemlər də çoxdur. Xüsusən də, məlum mövzu və süjetlər çərçivəsində Nizaminin ideya-estetik prinsiplərinin transformasiyası, yəni sən demişkən, "ideya dəyişimi" proseslərinin tədqiqi sahəsində. Görkəmli şərqşünas Qəzənfər Əliyevin "Nizaminin mövzu və süjetləri Şərq ədəbiyyatlarında" adlı kitabında bu qəbildən müxtəlif dillərdə 600-ə yaxın əsər haqqında məlumat verilir. Təkcə "Xosrov və Şirin" mövzusunda Əmir Xosrov Dəhləvidən tutmuş Nazim Hikmətə və Səməd Vurğuna qədər çoxsaylı əsərlər yazılmışdır. Belə uzun tarixi dövr ərzində həmin dəyişimin olması tamamilə təbiidir.

Konkret olaraq, orta əsrlərdən danışaq. Məlum olduğu kimi, Nizamidən sonra ilk "Xəmsə" müəllifi böyük hind şairi Əmir Xosrov Dəhləvi olmuş, o cümlədən, "Şirin və Xosrov" adlı əsər yazmışdır. Dediyin dəyişimi artıq Əmir Xosrovda görürük. Belə ki, onun əsərində Nizamidə olan psixoloji təhlil, sosial-mənəvi problematika arxa plana keçir, öz yerini əyləncəvi başlanğıca, süjetin cəlbediciliyinə verir, romantik məhəbbət macərası əsas qayəyə çevrilir.

Sonrakı əsrlərdə də bu proses davam edir. Romantik hisslərə aludəlik Fərhadı əsas qəhrəman mövqeyinə çıxarır. Buradan süjetin mistik planda, təsəvvüf ruhunda şərhinə bir addım qalır və XV-XVI əsrlərdə bu, reallaşır. Yəni süjet, tematika, formal əlamətlər (vəzn və s.) saxlanılsa da, Nizaminin "Xosrov və Şirin"də qoyduğu ciddi sosial-fəlsəfi və psixoloji problemlər unudulur, baxmayaraq ki, bu mövzuda əsər yazan hər bir şair Nizamini öz ustadı olaraq yad edir.

Burada bir maraqlı məqamı da qeyd etmək lazımdır: bu da Nizaminin davamçılarına Əmir Xosrovun ədəbi metodunun təsiri məsələsidir, yəni XIV əsrdən başlayaraq, Nizaminin ardıcılları ikili təsirə məruz qalırlar və bir çox hallarda Dəhləvi irsi dominant mövqedə olur. Bütövlükdə Nizaminin davamçılarının heç biri bu mövzunun ideya-bədii həllində onun səviyyəsinə yüksələ bilmir.

- Əsərdəki lirik ricətlər də olduqca maraqlıdır. Həmin lirik ricətlərin əsərin mahiyyətinə gətirdiyi gücdən, enerjidən də danışmağa dəyər.

– Bəli, Nizami lirik ricətlərin böyük ustasıdır. Güc, enerji öz yerində, bu ricətlər əsərin kompozisiyasında önəmli rol oynayır, müəllif-oxucu ünsiyyətinin baş tutmasında ciddi əhəmiyyət kəsb edir. Lirik ricətlər süjetin arxasınca gedən oxucunun bir növ nəfəsini dərməsinə, müəlliflə birgə baş verənlərin sosial-fəlsəfi mahiyyətinə varmasına şərait yaradır. Məsələn, Xosrovun öldürülməsi səhnəsinin ardınca şair yazır:

Günəş tək açılmış bir gül, görürsən,

Edir təravətlə dünyanı rövşən.

Əlində od qılınc bir bulud gələr,

Onun vəhməsindən solar bitkilər.

Elə dolu yağar qara buluddan

Ki, gül budağından qalmaz bir nişan.

Yatmış bağban birdən oyanıb qalxar,

Görər nə gül qalıb bağda, nə gülzar...

- Tərcümədə də ciddi səhvlər olduğu vurğulanır, məsələn, biri elə mənim gözümdən də yayınmadı.

Xəznəsi vardı ki, düz qırx otaqlı

Tək biri açıqdı, onusa bağlı.

Bundan başqa da, qafiyə xətrinə həcmin artırılıb, azalmasını müəyyən tədqiqatçılar da vurğulayır. Fars dilini bilən mütəxəssis kimi istərdim bu barədə danışasınız.

- Qətiyyən “ciddi səhvlərdən” söhbət gedə bilməz. Elə gətirdiyin nümunə də orijinala uyğundur, sadəcə, ifadədə müəyyən qüsur var. Yəni ikinci misra “Biri açıq idi, onusa bağlı” şəklində verilsəydi, daha dəqiq olardı. Həmin beytin işləndiyi kontekstə baxsan, şairin nə üçün belə dediyini asanca başa düşərsən.

Ümumiyyətlə, böyük şairimiz Rəsul Rzanın tərcüməsi “Xəmsə”yə daxil olan əsərlərin dilimizə tərcümələri arasında həm orijinala uyğunluq, həm də bədiilik baxımından xüsusi yer tutur. Sözə son dərəcə məsuliyyətlə yanaşan, Nizami düşüncəsinə və poetikasına dərindən bələd olan Rəsul Rzanın tərcüməsi başqa cür ola da bilməzdi. Mən bu barədə bir dəfə danışmışam, yenə deyirəm, tərcümədə elə yerlər var ki, orijinalla tutuşdurub mütərcimin məharətinə heyran qalmaya bilmirsən. Misal üçün, Şirinin ölümü zamanı deyilən:

Alqış bu ölümə, əhsən Şirinə!

Öldürən Şirinə, ölən Şirinə!

Məhəbbət yolunda ölüm budur, bax,

Canana belədir canı tapşırmaq!

misraları həm orijinal mətni maksimal dəqiqliklə əks etdirir, həm də bədii baxımdan təsirlidir.

Onu da nəzərə almaq lazımdır ki, həm Rəsul Rza, həm də “Xəmsə”nin digər tərcüməçiləri bu işi fars dilindən sətri tərcümələr əsasında həyata keçirmişlər. Əgər 1980-ci illərdə görkəmli mütəxəssislərin etdiyi filoloji tərcümələrdə müəyyən nöqsanlar tapılır və bunun ətrafında mübahisələr olurdusa, poetik tərcümələrdə də hansısa çatışmazlıqların olması təbiidir, amma bu, həmin böyük işin üzərinə kölgə salmağa əsas verməməlidir. Bir də bu tərcümələrə dodaq büzənlər qoy əvvəlcə özlərinin tərcümə anlayışlarını dəqiqləşdirsinlər, sonra başqalarının işinə qiymət vermək iddiasında bulunsunlar.

- Xosrovun ölümü Şiruyənin xəyanətindən daha çox, Xosrovun Mustafanı (Məhəmməd peyğəmbəri) yuxuda görməsi, peyğəmbərin ona dinini dəyişməsini məsləhət görməsi, ancaq onun razılaşmaması ilə əlaqələndirilir. Baxmayaraq ki, əsər sevgi dastanıdır, ancaq insanların aqibəti dini kontekstdə həll edilir. Sizcə, bunun səbəbi nədir?

– Yaxşı sualdır. Yada salaq ki, qeyd etdiyin məsələ əsərin süjeti bitdikdən sonra vurğulanır. Yəni əsas personajlar öldükdən sonra Nizami əsərə “Xosrovun səltənətinin dağılmasının səbəbləri” adlı bir fəsil daxil edir və dediyin yuxu epizodundan da orada söz açır, daha sonra peyğəmbərin Xosrova məktub yazmasından bəhs edir. Tarixi baxımdan bu, doğrudur, belə ki, söhbət ümumiyyətlə, islamla qarşılaşmada Sasani səltənətinin süqutundan gedir. Nizami bir müsəlman kimi bunda ilahi iradənin gerçəkləşməsini görür. Həmin hissədə şair yazır:

Mustafa dininin möcüzəsindən,

Məhv oldu Pərvizin şahlığı birdən.

Taxtını altından götürdü fələk,

Oğlu qılınc çəkdi ona düşmən tək.

Yəni Şiruyə ilahi iradənin gerçəkləşməsində bir alət, bir vasitə kimi qiymətləndirilir. Məsələnin bu cür şərhi ilə əsərin sevgi dastanı olması arasında uyğunsuzluq yoxdur.

- Qulamhüseyn Beqdelinin “Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu” adlı maraqlı bir kitabını oxudum. Kitabdakı bəzi məqamlar Nizaminin “Xosrov və Şirin” əsərini yazarkən Fəxrəddin Əsəd Gürganinin “Veys və Ramin” əsərindən bəhrələndiyi deyilir. Bəhrələnmənin həm forma, həm də məzmun kontekstində olduğu iddia edilir. Onu da deyim ki, bu əsər İran və başqa islam ölkələrində məzmuna görə qadağan edilib. XIV əsrin satirik şairi və dövlət xadimi Übeyd Zakani bu əsər haqda dediyi bu sözlər əsərin uzun illər oxuculara gedən yollarını bağlamışdı: “Veys və Ramin” hekayəsini oxuyan bir qadından... əxlaq və ismət... gözləməyin”. İndi isə əsərlər arasındakı oxşarlıqları deyim:

a) Hər iki əsərdə xalqa belə bir ismarıc ötürülür: “Görün sizin başınızda kimlər dayanıb: Bütün gününü eyşdə keçirən, sərxoşlar. Onlarda saf eşq yoxdur”.

b) “Veys və Ramin”də Raminin Güraba gedib Gülə aşiq olması, onunla evlənməsi, sonra da Gülü atıb Veysin sorağında Mərvə qayıtması. “Xosrov və Şirin”də Xosrovun İsfahana gedib şəkərlə evlənməsi, sonra da onu atıb Qəsri-Şirinə getməsi

c) Gürabdan Mərvə qayıdan Ramin gəlib saraya çatanda at üstündə dayanıb eyvanda dayanan Veys ilə danışıq aparır. Eyni situasiya Qəsri-Şirində Xosrov və Şirin arasında baş verir.

d) Hər iki əsər məsnəvi janrında həcəz bəhrində yazılıb.

– Dediyin kitabla çoxdan tanışam, doğrudan da, qiymətli araşdırmadır. Bununla yanaşı, ondan xeyli əvvəl yazılmış bir kitabı da qeyd edə bilərəm: bu da mərhum şərqşünasımız Qəzənfər Əliyevin “Şərq xalqları ədəbiyyatında Xosrov və Şirin əfsanəsi” adlı fundamental tədqiqatıdır. Yeri gəlmişkən, həmin tədqiqatda Nizaminin istifadə etdiyi mənbələr, əsərdəki surətlərin prototipləri barədə bir çox suallara cavab tapa bilərsən.

Gələk, “Veys və Ramin” məsələsinə. Həqiqətən də, Nizaminin bu əsərdən bəhrələnməsi ilə bağlı fikirlər irəli sürülüb. Amma Q.Beqdelinin adını çəkdiyin kitabında fərqli baxışlar da əksini tapıb. Məsələn, görkəmli İran alimi Səid Nəfisi yazırdı ki, “Veys və Ramin”lə “Xosrov və Şirin” məhəbbət macərasına həsr olunub eyni bəhrdə yazılsalar da, həm söykəndiyi eşq anlayışı, həm məzmun və qayəsi, həm də bədii keyfiyyətləri baxımından bir-birinə zidd mahiyyət daşıyır, müxtəlif düşüncə və təfəkkürü əks etdirir.

Mən də bu fikirlə şərikəm. Nizami olsa-olsa, Fəxrəddin Gürganinin bəzi süjet gedişlərindən istifadə edib, hərçənd həmin gedişlərin məhz Gürgani tərəfindən kəşf edildiyini də söyləmək mümkün deyil. Nizaminin dinamik personajları müqabilində Gürganinin qəhrəmanları son dərəcə statik görünür və ən başlıcası, bunlardan biri ehtiras, digəri isə eşq haqqında hekayətdir.

- Bu əsərdə indiki ədəbi terminlərlə desək, intertekstuallığa və “postmodern istinad”a bir neçə yerdə rast gəlirik. Məsələn, Nizami yazır:

Bilici deyəni etmədim təkrar.

Məlumu deməyin nə mənası var?

Bununla özündən əvvəl bu mövzuda yazanlara işarə edir. Nizami Xosrovun Ruma gedib Qeysərlə görüşərək Məryəmlə evlənməsini təsvir etmir. Çünki Firdovsi “Şahnamə”də həmin epizodu geniş nəql eləmişdi.

Bunları demişdir bir başqa yazan

İndi mən oyağam, yatmış o insan.

Sındırsam özgənin nırxını əgər,

Mənim də nırxımı özgə yox edər.

İstərdim bu cür istinadların, özündən əvvəlkilərin xatırlanmasının Nizami yaradıcılığındakı rolundan danışaq.

– Bu cür faktlara Nizaminin başqa əsərlərində də rast gəlmək mümkündür. İndi adını nə qoyursan, qoy. Bu, bir növ ənənə ilə dialoq cəhdinin də təzahürüdür. Həm də əsərin uydurma deyil, “sənədli” olması təsəvvürünün yaradılmasına xidmət edən vasitədir. İstər “Xosrov və Şirin”, istərsə də şairin digər əsərləri əvvəllər işlənmiş, tarixi qaynaqlarda və ədəbi mətnlərdə əksini tapmış mövzularda yazılmışdır. Nizami belə xatırlatmalarla həm də oxucunun yaddaşına istinad edir, öz yaradıcılığının fərqini anlatmağa çalışır.

Bütün bunlar həmin dövrdə orijinallıq barədə təsəvvürlərin xarakterindən də irəli gəlirdi. Belə ki, bu təsəvvürlər naməlum olana deyil, məlum olanın yenidən işlənməsi və mənalandırılmasına söykənirdi. Təkrara, təqlidə və “plagiata” yol verməmək şərtilə.

İndi həmin yanaşmada müasir ədəbi-estetik cərəyanlara uyğun cəhətlər varsa, bu, “hər bir yenilik yaxşıca unudulmuş köhnəlikdir” deyiminin daha bir təsdiqidir. Həm də o deməkdir ki, gənc yazarlarımız onun-bunun ağzına baxmaqdansa, klassiklərimizi dərindən öyrənməli, onlardan bəhrələnməyi bacarmalıdırlar. Necə ki, bunu edənlər də var.

# 9410 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #