“Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!

“Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!
12 mart 2014
# 08:45

“Ajiotaj” layihəsində müəlliflər, onların yaxınları, ədəbiyyat adamları çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərlər haqqında danışırlar. Uğur qazanmış əsərləri yenidən xatırlayırıq.

Budəfəki seçimimiz Cəmşid Əmirovun “Qara Volqa” romanıdır.

“Qara Volqa” romanı 1966-cı ildə işıq üzü görüb.

“Qara Volqa” romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir.

Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı “Brilliant məsələsi” romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Əgər birinci romanda söhbət Tapnça Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Xüsusən hər iki kitabın baş qəhrəmanı Əli Rəsulov!

Üstəlik, romanlarda bəhs olunan hadisələrin zaman ardıcıllığı var. Söhbət müharibədən sonranın Bakısında cərəyan edən hadisələrdən gedir. Hansı ki, Həsən Seyidbəylinin təxminən eyni illərdə məşhur olan “Cəbhədən cəbhəyə” əsərində olduğu kimi...

Pəncəli Aslan qadındır. Atası qız övladı istəmir, ancaq taleyin əksinə gedə bilməyincə onun adını Aslan qoyur. “Aslanın erkəyi, dişisi olmaz” məntiqi bu qızın taleyinə hələ uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz, eyni zamanda qoçaq, ağıllı, tədbirli və hiyləgər bir insana çevrilir. Kriminal dünyaya meyl Aslanın təbiətindədir.

Fiziki gücü ilə oğlan tay-tuşlardan da seçilən Aslan tezliklə “Pəncəli” ləqəbini qazanır.

Sonrası isə məlumdur...

O, özünün sağ əli olan “Paxan”la böyük cinayətkar dəstə yaradır. Bu dəstə yüksək ustalıqla idarə olunur. Hətta dəstənin ən fəal üzvləri belə kimə qulluq etdiklərini, başçılarının kim olduğunu bilmir.

Onlarla günahsız insanı öz qurbanına çevirən bu cinayətkar şəbəkəni ilmə-ilmə söküb araşdırmaq heç də asan deyil. Oxucu bacarıqlı hüquq-mühafizə orqanları işçiləri ilə birlikdə bu düyünlərin açılmasında iştirak edir. Bütün qurbanlara rəğmən əsər nikbin sonluqla bitir, günahkarlar cəzasını alır.

C.Əmirovun aydın dili, axıcı təhkiyəsi, səlis məntiqi, eyni zamanda bəhs etdiyi sahələrdə kifayət qədər məlumatlı olması əsərinin xeyli maraqlı alınmasını şərtləndirib. Yazıçı təkcə hüquq-mühafizə orqanları ilə cinayətkarlar arasındakı mübarizəni deyil, hər iki tərəfin daxili ziddiyyətlərini də ustalıqla verə bilib.

Bu və ya bir çox başqa məziyyətlər “Qara Volqa”nı dövrünün ən maraqlı əsərlərindən birinə çevirdi. Kitabın bir müddət sonra qeyri-rəsmi şəkildə qadağan olunması isə ona qarşı marağı ikiqat artırdı.

Sonralar “Qara Volqa” yüksək tirajlarla yenidən çap edildi. 1994-cü ildə isə əsərin motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkildi.

“Qara Volqa” romanı barədə danışan həmin filmin ssenari müəllifi Nəriman Əbdülrəhmanlı söylədi ki, Cəmşid Əmirov Azərbaycan ədəbiyyatında detektiv janrının yaradıcısı kimi tanınır: “Onun “Sahil əməliyyatı”, “Brilliant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” romanları nəşr olunub. Həsən Seyidbəylinin “Cəbhədən-cəbhəyə” romanıyla yanaşı həmin əsərlər Azərbaycan ədəbi məkanında müəyyən bir boşluğu doldururdu, 60-70-ci illərdə böyük oxucu marağına səbəb oldu. 1966-cı ildə “Azərbaycanfilm”də Cəmşid Əmirovun “Sahil əməliyyatı” romanı əsasında çəkilmiş “İstintaq davam edir” adlı bədii filmi də diqqəti çəkmişdi. Cəmşid Əmirovun “Brilliant məsələsi” və “Qara “Volqa”” romanları həmin dövrdə qeyri-rəsmi qadağan olunmuşdu. O romanları kitab dükanlarında tapmaq mümkün deyildi, kitabxanalardasa ancaq oxunmaqdan mitili çıxmış nüsxələr tapmaq olardı. Bu həmin əsərlərə marağı daha da artırırdı. Yadımdadı, universitetin birinci kursunda oxuyanda – 1975-ci ildə “Qara Volqa” romanını çox çətinliklə tapıb oxumuşdum.

Cəmiyyətdə qadağalar və təcridin mövcud olduğu dövrdə cinayət aləmindən, Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən, hüquq-mühafizə orqanlarının həmin cinayətkar qrupu dağıtmasından bəhs eləyən əsər, əlbəttə, çox maraqlı idi. Romanı oxumaq istəyən çox olduğundan dost-tanış az qala qrafik tutmuşdular, hərəyə cəmi 3-4 gün vaxt ayrılırdı”.

N.Əbdülrəhmanlı “Qara Volqa” filminin ssenarisini yazmağından da danışdı: “Artıq mən 80-ci illərin sonlarından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenariçi-redaktor işləyirdim. Ssenarilərim üzrə bir neçə uğurlu sənədli film lentə alınmış, festivallarda mükafat qazanmışdı. İki bədii filmin ssenarisini yazmışdım, həmin mühitdə o ssenarilər maraqla qarşılanmışdı. Üstəlik, onda “Əli və Nino” romanı “Azərbaycan” jurnalında yenicə çap olunmuşdu, qısa müddətdə ikiseriyalı bədii filmin ssenarisini bitirmişdim, hətta, Dövlət Yanacaq Komitəsi çəkilişləri maliyyələşdirməyə də razılaşmışdı.

Amma iş elə gətirdi ki, “Qara “Volqa” layihəsini irəli salmalı oldular. 90-cı illərin əvvəllərində kinomuzda çox maraqlı proseslər gedirdi, müstəqil studiyalar açılır, maliyyə imkanı olan idarə və təşkilatlar, iş adamları filmlərə sponsorluq eləyirdilər. Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda Yevgeni Matveyevin tələbəsi olmuş, indi Amerikada yaşayan aktyor Vəliəhd Vəliyev də o vaxt PAKT – Peşəkar Aktyorlar Kino Təşkilatı yaratmışdı, film həmin müstəqil studiyada çəkiləcəkdi. Filmin çəkilişləri 1992-ci ilin ortalarında başladı. Vaxt həddən artıq az idi – cəmi 15 günə ssenari yazmaq lazım gəlirdi. Gərgin əmək bahasına vaxtında bitirdim. Filmin məsləhətçisi, Cəmşid Əmirovun oğlu Çingiz Əmirov oxuyub bəyəndi, zəng vurub təəccüb qarışıq minnətdarlıq da elədi.

Kinoda çox vaxt təklif olunanla razılaşmağa məcbursan. Həm o vaxtacan sənədli, tarixi, psixoloji məzmunlu ssenarilər yazmışdım, özümü detektiv janrda sınamaq məndən ötrü çox maraqlı idi. Rejissorun istehsalat çətinliklərinə görə bəzi epizodları dəyişdirməsi, başlıcası da aktyor seçimində səhvlərə yol verməsi filmin istədiyim səviyyədə alınmasına mane olsa da, tamaşaçılar baxırlar…

Kəm-kəsirləri olmasına baxmayaraq, “Qara Volqa” filmini indiki detektivlərlə müqayisə eləmək çətindi. Ona görə ki, o filmdə Muxtar Maniyev, Zərnigar Ağakişiyeva, Nəsir Sadıqzadə, Fuad Poladov, Rasim Balayev, Laləzar Mustafayeva, Nəsibə Eldarova… kimi peşəkarlar oynayıblar. Əlbəttə, mən filmin debütant rejissor Elşən Məmmədova verilməsinə razı deyildim. Onunla ekran estetikası, aktyor seçimi məsələlərində fikrimiz bəzən üst-üstə düşmürdü. Amma təbii ki, bu cür məsələlər mənim səlahiyyətimə daxil deyildi, PAKT-ın rəhbəri, prodüser, məsləhətçi filmi bəyəndilər, Respublika Sarayında təntənəli premyera oldu, tamaşaçıların əksəriyyəti razı qaldı. Düzdü, mən də mətbuatda filmin kəm-kəsirini tənqid eləyən yazıyla çıxış elədim, bu da çoxlarını təəccübləndirdi”.

Ssenarinin romanla müqayisədə zəif olması ilə bağlı səslənən fikirlərə Nəriman Əbdülrəhmanlı belə münasibət bildirdi: “Ekrana çıxan film haqqında bu cür fikir söyləmək olmaz. Çünki kulisdə - çəkiliş vaxtı nələr baş verdiyini yaradıcı qrupdan başqa heç kıs bilmir. Ssenarinin orijinalı mənim arxivimdədi, yazdığımdan arxayınam. Dəyişikliklər, ekran görümü rejissorun işidi”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun müddət Penitensiar Xidmətdə işləmiş yazıçı Rövşən Yerfi isə dedi ki, əsərin böyük rezonans doğurmasının səbəblərindən biri romanın həqiqəti əks etdirməsi, real faktlar əsasında yazılması idi: “Yəni “Qara Volqa” bir çox digər əsərlər kimi bütünlüklə yazıçı təxəyyülünün məhsulu deyildi. Hər bir obrazın prototipi olmaqla və bütün ədəbi qayda-qanunlara riayət etməklə bədii cəhətdən ustalıqla yazılmışdır. Ən başlıca səbəb isə illərlə haqqında yazılması yasaq olunmuş, məxfi hesab edilən bir sahəni – barəsində çəkinə-çəkinə danışılan sirli oğru aləmini, milisin oğrularla mübarizəsini ədəbiyyata gətirilib oxucunun ixtiyarına verilməsi idi.

Bir cümlə ilə ifadə etsəm bu əsərdə Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar dəstənin törətdiyi saysız-hesabsız cinayətlərdən və hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qrupun dağıdılmasından danışılır. “Qara Volqa” yazıçının ilk romanı deyildi, ondan əvvəl də, sonra da bu ruhda əsərlər yazmışdı. Görünür onların heç birinin bədii məziyyətləri, süjeti, kompozisiyası “Qara Volqa”dakı qədər cəlbedici və zəngin deyil”.

Rövşən Yerfi kitabın qadağalarla üzləşməsi haqqında bunları söylədi: “Kitabın yığışdırılması üçün yazılı göstərişin olmasını dəqiq deyə bilmərəm, amma ən azından belə şifahi tapşırıq olub. Kitab haqqında səkkizinci sinifdə oxuyarkən məndən bir neçə yaş böyük kitab həvəskarı olan dostumdan eşitmişdim. Dərhal kitabxanaya gedib kitabın tapılmasını xahiş etmişdim. Kitabın yetmişinci illərin əvvəlində yığışdırılmasını mənə o zaman ilk dəfə kəndimizdəki kitabxanaçı danışmışdı. Sonra bu məlumatı həmin dövrün yaşlıları da təsdiqlədi ki, təkcə kitabxanalardan yox, hətta evlərdən də o əsər zərərli bir kitab kimi toplanılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Cinayətkar qruplara yeni daxil olanlar oğruların əsərdə təsvir edilən metod və üsullarını öyrənib fəaliyyətlərində tətbiq edirlərmiş. Göstərilən səbəb üzündən uzun illər kitabın oxunması və saxlanılması qadağan olunur”.

Rövşən Yerfinin sözlərinə görə, hazırda “Qara Volqa”ya oxşar əsər yazmaqla oxucunu heyrətləndirmək olmaz: “Zaman dəyişib, oxucu artıq detektiv janrda “təşnəsini” söndürüb. Cəmşid Əmirovdan sonra onlarla yazıçı bu janrda qalaq-qalaq povestlər, romanlar yazıb. Son on ildə isə gənc nasirlər arasında az qala dəbə çevrilib. Oxucu isə zövqünə yenilik gətirəcək daha mükəmməl əsərlər gözləyir. Bununla belə “Qara Volqa” bünövrə olmaq etibarı ilə yarım əsrə yaxın vaxt keçsə də cazibədarlığını itirmir. Müasir detektiv əsərlərdən heç də geri qalmır, hələ ki, öz fəxri yerini, dərəcəsini qoruyub saxlayır”.

Əsər barəsində fikirlərini bölüşən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, detektiv janrda hekayələr yazan Qalib Arif isə əsərin o vaxt böyük uğur qazanmasını belə əsaslandırır: “O vaxt dünyada məşhur olan detektiv yazarların əsərləri rus dilinə çox az tərcümə olunurdu. “Qara Volqa”nın uğur qazanmasının əsas səbəblərindən biri də bu idi. Əsərin fakturası çox güclüdür, xeyli maraqlı detallar var. Cəmşid Əmirov polis sistemində işləməsə də görünür bir çox məsələlərlə ciddi şəkildə maraqlanıb. Əks halda belə bir uğurlu əsər ortaya çıxmazdı. Maraqlıdır ki, əsərdəki Klaranın prototipinin kim olması məsələsi bu günə qədər tam aydın deyil. Və mənə bu gün də xaricdən zəng vurub deyirlər ki, “Qara Volqa”dakı Klara kimdir?”

Detektiv əsərlər müəllifi Bəhram Çələbinin sözlərinə görə, “Qara Volqa” kifayət qədər maraqlı əsərdir və həyat həqiqətlərinə uyğun qələmə alınıb. “Ancaq burada bir çox yanlışlıqlar da var.

Klara Göygöz Sabirin sevgilisi olub. Amma əsərdə dostu kimi təqdim olunur. Klara bu dəstənin əli ilə həm polisə, həm cinayətkar dəstəyə işləyən bir ermənini qətlə yetirmişdi.

Ümumiyyətlə, Klara obrazı əsərdə tamamilə açılmır.

Üstəlik Göygöz Sabir kimi adamdan heç bəhs olunmur. Əvəzində Yədulla kimi ortabab cinayətkardan yazılır.

Bir də ki, adətən kriminal qruplaşmalar həmişə polislə əlbir işləyirlər. Amma Cəmşid Əmirov öz əsərində bu həqiqəti gizləyir. Görünür o, sovet vaxtı bunu qələmə almaqdan qorxmuşdu”.

“Qara Volqa” romanı ilə bağlı Cəmşid Əmirovun yaxınlarından da kiminsə fikirlərini öyrənmək niyyətindəydik. Təəssüf ki, alınmadı. Cəmşid Əmirovun oğlu, “Qara Volqa” filminin məsləhətçisi, polis podpolkovniki Çingiz Əmirov bir neçə il bundan qabaq rəhmətə gedib. Elə yazıçının həyat yoldaşı da! Qızı isə hazırda ABŞ-da yaşayır. “Qara Volqa” müəllifinin kürəkəni Bəxtiyar Məmmədov isə hazırda Bakıda olsa da xəstəxanada yatdığından danışa bilməyəcəyini söylədi.

# 12218 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #