Milli Məclis kinomuzu necə xilas edə bilər?

Milli Məclis kinomuzu necə xilas edə bilər?
1 mart 2016
# 13:23

Keçən həftə Hesablama Palatası kino sahəsində fəaliyyətlə bağlı Milli Məclisə təkliflər təqdim edib.

Təkliflərdən biri budur ki, filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılmasından ötrü dövlət büdcəsi filmləri tam maliyyələşdirməsin, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilsin.

Kino sənəti ilə məşğul olan şəxsləri daha çox təkliflərin bu hissəsi maraqlandırır. Bir qisim düşünür ki, kino sahəsində vəziyyət onsuz da yaxşı deyildi. Belə bir qərar verilsə, film çəkilməsi daha da çətinləşər. Amma bunun müsbət nəticələri daha çox ola bilər. Əgər Hesablama Palatasının təklifini Mədəniyyət və Turizm Nazirliyi nəzərə alıb fəaliyyətində əsas tutsa, o zaman nə baş verəcək? O baş verəcək ki, müəllif təqdim etdiyi film layihəsinə sərf ediləcək pulun bir hissəsini özü tapmalı olacaq. Və əgər onun layihəsi daxili bazarda maraq doğuracaqsa və ya xarici prodüser şirkətlərinin diqqətini cəlb edəcəksə, nazirlik də bu halda pul verəcək.

Belə olan halda keyfiyyətsiz, dövlət hesabına çəkilib rəflərdə yatıb qalan filmlər olmayacaq. Məsələn, hansısa kino məmuru əvvəl deyirdi ki, filan rejissor qocadır, bu gün sabah ölüb-gedəcək, ona humanist jest edək, bir film verək, çəksin. Bu halda həmin filmin tamaşaçı üçün maraqlılığı, ona cəmiyyətdə tələbatın olub-olmaması nəzərə alınmırdı, onun dəyəri, keyfiyyəti arxa plana keçirdi. Yaxud belə də olurdu, hansısa kino məmurunun uzun illik dostluq münasibətinə, qarşılıqlı rəğbətinə görə rejissora film verilirdi və s.

Hesablama Palatasının bu tövsiyəsi qüvvəyə minəcəksə, onda həmin yaşlı rejissor və ya münasibətə görə film alan müəllif məcbur olacaq ki, dəyəri olan, aktual layihələr hazırlasın, daxildə maliyyə dayaqları tapmaq üçün layihəsinin keyfiyyətli, lazımlı olduğunu sübuta yetirsin. Əgər daxili bazarda maliyyə dayağı tapa bilmirsə, məcburən xarici prodüser şirkətlərinə müraciət edəcək. Xarici prodüserlərdən maliyyə almaq üçün isə yenə layihəsinə inandırmalı, daşdan keçən arqumentləri olmalıdır. Bu, həm də sağlam rəqabətə şərait yarada bilər.

Yəni artıq film layihələri keyfiyyət filtrindən keçiriləcək. Onu da qeyd edim ki, hökumətin filmləri yüz faizli maliyyələşdirməməsi ənənəsi qonşu ölkələrdə geniş yayılıb. Rusiyada maliyyə böhranına qədər filmlərin tam maliyyələşməsi yox idi, tələb olunan vəsaitin bir qismini nazirlik, digər qismini prodüser şirkəti ödəyirdi. Dövlət prodüser qarşısında aldığı vəsaiti qazancdan qaytarmağı şərt kimi qoyurdu. Böhrandan sonra isə əksinə oldu, yəni filmlər nazirlik tərəfindən tam maliyyələşdiyi halda pulun qaytarılmaması artıq müzakirə mövzusudur. Yəni dövlət düşünür ki, bu sahədə özəl biznes çökür, hətta əla layihə olsa belə onun müstəqil şəkildə maliyyələşməsi və gəlir götürməsi çətin ola bilər. Bu səbəbdən kino sənətinə dəstək üçün pulu qaytarmaq şərti olmadan verirlər. Bununla yanaşı müəllif kinosu və debüt, animasiya filmlərini xüsusi güzəştli şərtlərlə dəstəkləyirlər.

Bu baxımdan Hesablama Palatasının məlum tövsiyəsi geniş yayılmış praktikadır.

Hesablama Palatası irəli sürdüyü təkliflər paketində maraqlı məqama da toxunur: ”Hazırda kinofilmlərin istehsalı zamanı ədəbi ssenarilərin yazılması və orijinal musiqinin bəstələnməsinə görə ödənilən müəllif qonorarının, quruluşçu heyətə və çəkiliş qrupuna ödənilən əmək haqqının qeyd olunan Qaydaların tələbləri ilə uyğunsuz təşkil etməsi, bu Qaydalarda xaricdən cəlb olunmuş kino mütəxəssislərinin (rejissor, operator və s.) əməyinin ödənilməsinin tənzimlənməsi məsələsinin nəzərdə tutulmaması, dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən edilməməsi və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, xərclərin uçotunun düzgün qurulmasına mənfi təsir göstərir”.

Əgər Hesablama Palatası bunu söyləyirsə, deməli, bu şərtlər yerinə yetirilmirdi və ya qeyri-kafi səviyyədə yerinə yetirilirdi. Xüsusilə “dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən edilməməsi” çox aktualdır. İstehsala buraxılan filmlərin təsdiq edilməsi kriteriyaları kino peşəkarlarının özü üçün də naməlumdur.

Və ya “büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin olunması”. Hesablama Palatası bu aspektləri qeyd edirsə, deməli, şəffaflıq prinsipi kinonun maliyyələşməsində pozulurmuş. Dövlət vəsaitinin xərclənməsində əsas prinsip tender və şəffaflıqdır. Nazirliyin tender üsulu ilə və şəffaf keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsi 3 ilə yaxındır ki, dondurulub. Tammetrajlı filmlərin maliyyələşməsində isə nadir hallarda tenderlər həyata keçirilib.

Ona görə də təklif olunan tövsiyələrdən biri də bununla bağlıdır: “Filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılması”...

Hesablama palatasının təklifləri qüvvəyə mindiyi halda bu yerli kino istehsalçıları üçün şok effekt ola bilər. Belə hallarda bir qayda olaraq mənfi məqamlarla yanaşı müsbət nəticələr də olacaq.

Bu nüansı da qeyd edim ki, debüt bədii filmlərin, sənədli və animasiya filmlərinin (tam və şərtsiz) maliyyələşməsi nazirliyin birbaşa vəzifəsidir. Dünya praktikasında rejissorun ilk iki bədii filmi debüt sayılır. Yəni təkliflərin qüvvəyə minəcəyi təqdirdə bu detalların nəzərə alınması vacibdir.

Hər halda Hesablama Palatasının təklifləri kinoda olan atmosferin sağlamlaşdırılmasına yol aça bilər.

Sonda bir faktı da deyim ki, milli kinonun inkişafı üçün dövlət büdcəsindən 2013-2015-ci illər ərzində hər il üçün 6,5 milyon manat məbləğində vəsait ayrılıb.

Məbləğ Azərbaycan şərtləri üçün normaldır.

Bəs bu qədər maliyyə müqabilində ölkədə nə qədər keyfiyyətli bədii, sənədli, animasiya filmləri çəkilib?

“Azərbaycan kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək çün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, teleserial yoxdur. Bu pullar hara getdi?”.

Bu sualı mən yox, “Kinematoqrafiya haqqında” qanunun yenidən hazırlanmasına ehtiyac olduğunu deyən millət vəkili Fazil Mustafa yaxında Milli Məclisdə səsləndirib.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
#
#
# # #