Qaçqın yataqxanasında xəyanət və intihar

Qaçqın yataqxanasında xəyanət və intihar
25 oktyabr 2013
# 08:00

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacam. Daha doğrusu o hadisələri verəcəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

Qonşuluqda bir ailə yaşayırdı. Gənc ailə idi, üç övladları vardı, biri o birindən bir yaş fərqi ilə iki oğlan, bir qız. Hardan olduqlarını deməyəcəm, nə fərqi var ki... Qarabağın istənilən bölgəsindən istənilən ailə bu taleyi yaşaya bilərdi. Çünki gözlərini açıb məşğul olduqları, onu öldürüb onları dirildən torpaqdan uzaq düşmüşdülər.

O vaxt Qarabağ əhlinin başına gələn bu faciədən sonra onları lazımı qaydada yerləşdirən də olmadı. Axı, torpaqla çörək qazanan insanın paytaxtda nə işi vardı? Onları dərhal rayonlarda yerləşdirib torpaq verib başlarını qatmaq lazım idi ki, Bakıya axışmasınlar, yenə əkin-biçinlə, mal-qara ilə məşğul olub ayaqda dura bilsinlər. O halda heç bugünkü vəziyyət də olmazdı, indi yerləşdikləri yerləri dəyişmək də müşkülə çevrilib, tələbə yataqxanaları tələbələrin əlindən çıxıb və sair və ilaxir. Problem çoxdur və bütün bunlar vaxtında, yerində həll olunsaydı...

Ailə başçısı bazarda alver eləyirdi guya, amma güman ki, alver adamı olmadığından əli gətirmirdi. Ömür boyu dədə-babadan mal-qara otaran olmuşdular. Bütün davranışı da bunu təsdiqləyirdi. Adam üçüncü mərtəbənin pilləkənləri üstündə samovar alışdırır, yanında oturur, elə ordaca çilik doğrayırdı. His-pas bütün mərtəbəni və ondan yuxarı mərtəbələri götürürdü, heç halına da təfavüt eləmirdi, elə bil belə də olmalıdır və bu şəhər yeri üçün qeyri-adi iş görmür. Arvadı isə elə həmin pilləkənin başında yorğan –döşək yunu sərib, çırpırdı. Adamlar yol tapıb keçə bilmirdi evinə, bu da onun halına təfavüt eləmirdi, elə bil adamlar bunun həyətindən keçirdilər və keçməsələr də olardı. Üç uşaq bütün günü elə qapılarının ağzında, pilləkənlərin üstündə oynayırdılar. Qapıları açıq olardı. Ata bazarda, ana isə bütün günü deyinirdi atanın arxasınca ki, qazana bilmir, ailə-uşaq acından qırılır.

Belə-belə qadın tez-tez geyinib, öz aləmində bəzənib, yəni qırmızını yanağına, göyü gözlərinin üstünə divar boyası kimi çəkib evdən çıxırdı.

Hər axşam evlərində, açıq qapıdan çığır-bağır eşidilirdi.

Bir gün də aşağı mərtəbədəki qadın çıxıb yuxarıdakı qadını saçından alıb saldı ayağının altına, o bunu, bu onu, nə yemisən turşulu aş. Bir-birilərinə ittihamlardan bəlli oldu ki, bu qadın aşağı mərtəbədəki qadının kişisini “yoldan çıxardıb”. Nəticədə ər qazandığını ailəsinə deyil, bu qadına yedirdir.

Bu mübarizə uzun sürdü. Məsələdən bu qadının kişisi də halı oldu, amma bədbəxt bir reaksiya verə bilmirdi. Reaksiya dərhal qadınının isterikası ilə müşahidə olunurdu və ailə uşaq bir-birinə qarışırdı, kişi susmalı olurdu, həm də kişinin dili qısa idi -“ qazana bilmirdi”.

O biri, yəni aşağı mərtəbədəki qadının kişisi günlərin birində evinə qayıtmadı, daha bu həndəvərdə də görünmədi. O qadın uşaqları ilə belə başsız qaldı.

Səhər hər şey öz axarı ilə davam edirdi, kişi axşam əliboş qayıdacağı bazara yollanırdı, ondan sonra qadın bəzənib çıxırdı və uşaqlar tökülürdü pilləkənlərin üstünə.

Günlərin birində axşam bazardan gələn kişi ailəni yuxuya verəndən sonra hamamda özünü asdı. Hər halda onu səhər ailəsi hamamda asılmış vəziyyətdə gördü.

Yası yola verəndən sonra qadın qaldıqları yataqxana otağını da özü kimi bədbəxt qaçqının birinə satıb uşaqlarını da götürüb ordan köçdü.

Hərdən düşünürəm ki, görəsən bu insanların başına gələnlər onların taleyidir, yoxsa qəzavü-qədər. Əgər Qarabağ işğal olunmasaydı, onlar didərgin düşməsəydilər, başlarına bu müsibətlər yenə gələrdimi? Kim bilir...

Digər yazılar

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

Cəbrayılın son günü

Üç qız, gecə döyülən qapı

Gənc veteranın iztirabları

Kəndə tək gedən qızın başına gələnlər

Oğlanların yataqxanasına getmək ayıb sayılırdı

Havada qeydiyyatdayam

Ata əsirlikdə erməni bayrağına tüpürmüşdü, oğlu məscid partlatdı

Süpürgəçi müəllim

Daş körpünün göz yaşları

Günahsız müqəssirlər

Onun ürəyinin başındakı qara ləkə

# 12650 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #