Niyə evlənmədiklərini açıqladılar PROJE

Niyə evlənmədiklərini açıqladılar PROJE
1 fevral 2013
# 08:30

Kulis.Az evlənməyən kişi və qadınlarla bağlı layihəni davam etdirir. Layihənin budəfəki qonaqları kinoşünas Aygün Aslanlı və hüquqşünas Xalisə Şahverdidir.

Aygün Aslanlı (33 yaş, kinoşünas)

"Bir nəfərdən iki ildən bir evlənmə təklifi alıram"

- Niyə evlənmirsiniz?

- Dəqiq yadımda deyil, çoxdan idi. Qorxulu bir yuxu görmüşdüm, həmin yuxunu indiyə kimi unuda bilmirəm. Yuxuda evli idim. Görürdüm ki, səhər yuxudan oyanıb hamama gəlirəm. Güzgüyə baxıb görürəm ki, güzgüdən kök bir qadın ölmüş gözləri ilə mənə baxır. Sonra mən güzgünün qarşısındakı ülgüclə damarımı kəsməyə başlayıram. Bəlkə də indiyə kimi evlənməməyim bu yuxunun təsirindəndir (gülür). Bu işin zarafat tərəfi. Evlənmək üçün kiminləsə münasibətdə olmalısan, dostlaşmalısan, onu sevməlisən. Bundan sonra münasibət öz axarıyla gedib evliliyə çıxır. Hələ ki, evliliyə doğru gedən bir münasibətim olmayıb.

- Evlənmə təklifləri alırsınız?

- Evlənmə təklifləri alıram. Hətta bir nəfərdən periodik olaraq iki ildən bir evlənmə təklifi alıram (gülür).

- Təklifləri niyə qəbul etmirsiniz?

- Elektrik almadığım üçün cavabım “yox” olur.

- Sevgi etirafları necə, çox olur?

- Nə yalan danışım, olur, ancaq o qədər də çox olmur.

- Özünüz necə, kiməsə sevgi etirafı etmisiniz?

- Hə, etmişəm.

- Hansı cavabı aldınız?

- “Yox” cavabı aldım (gülür).

- Azərbaycanlı kişilər ilə avropalı kişilərin fərqi nədir?

- Avropalı kişilər daha rahat olur, onlarda kompleks yoxdur.

- Əcnəbi vətəndaşla evlənərsiniz?

- Dediyim kimi elektrik olsa niyə də yox?! Əcnəbi vətəndaşla evlənən qadınlara paxıllıq edirəm.

- Azərbaycan kişisi ilə bağlı ən böyük şikayətiniz nədir?

- Mənim problemim daha çox özümlə bağlıdır.

- Ailədən təzyiq, qınaq olurmu?

- Nə qınaq, nə də təzyiq olub, ancaq xahiş şəklində təkliflər edilib. İndi o təkliflər də yoxdur, artıq məndən əllərini üzüblər (gülür).

- Evlənmədiyinizə görə məyus olursunuz?

- Daha çox ailəli dostlarımın xoşbəxt anlarının eyforiyasına qapılandan sonra məyus olub, onlara həsəd aparıram. Bir müddətdən sonra görürsən ki, əslində həsəd aparılacaq bir şey yoxdur. Hərdən onlar da mənim həyatıma baxıb, həsəd aparırlar. Bir dostum iki gündən bir mənə deyir ki, sən çox xoşbəxtsən, azadlığının qədrini bil (gülür). O, belə deyəndən sonra həsəd aparmağın mənasız olduğunu anladım.

- Subay olmaq daha rahatdır ya evli olmaq?

- Nə subaylıq, nə də evli olmaq rahatlıq vəd edir. Gərək ər və arvad eyni dünyagörüşünə sahib olsunlar. Ər gərək arvadına problem yaratmasın. Çünki qadın işləyəndə onun ərinə kənardan söz deyənlər tapılacaq. Subay olmaq da o cəhətdən pisdir ki, əgər subaysansa üstündə damğan hazırdır. 33 yaşım var, subayam və mənə sual verəndə ki, niyə ərə getmirsən, cavabım bu olur ki, hələ istəyim yoxdur. Dərhal bu sualı mənə verən insan düşünməyə başlayır ki, yəqin filan yolun yolçusudur.

- Bu vəziyyət qıcıqlandırmır sizi?

- Ağlamaq dərəcəsində qıcıqlandırır.

- Evlənmək üçün ümidlisiniz?

- Ciddi deyirəm, bu barədə düşünmürəm. Əvvəl fikirləşirdim, hətta bir neçə il bundan əvvəl niyyətlənmişdim də. Sonra alınmadı və ondan sonra belə niyyətlərə daha ehtiyatla yanaşıram.

- Ömrünüzün sonuna kimi subay qalmaq istəyirsiniz?

- Təbii ki, həyatımı bölüşəcəyim bir adamın olmasını istərdim. Ancaq bunun adı evlilik olacaq, nə olacaq, bu haqda dəqiq danışa bilmərəm.

Xalisə Şahverdi (33 yaş, hüquqşünas)

"Bizim kişilər özlərini həddindən artıq "yük altına" salırlar"

- Niyə evlənmirsiniz?

- Evlənmək istərdim, amma hələ də uyğun insanla rastlaşmamışam.

- Evlənmə təklifləri alırsınız?

- Rəsmiyyət baxımından soruşursunuzsa əvvəllər olub, son üç ildə təklif almıram. Birgə yaşama təklifləri olur.

- Təklifləri niyə qəbul etmirsiniz?

- Yuxarıda qeyd etdiyim səbəblərdən.

- Sevgi etirafları necə, çox olur?

- Olur, amma çox deyil (gülür).

- Özünüz necə, kiməsə sevgi etirafı etmisiniz?

- Əlbəttə edirəm (gülür). Bilirsiniz mənim üçün sevginin cinsiyyəti və məhdudiyyəti yoxdur. Həyatımda o qədər doğma və yaxın insanlar var ki, onları sevdiyimi tez-tez etiraf edirəm. Əgər siz intim sevgi və istək etirafını nəzərdə tutursunuzsa, iki insan olub (gülür).

- Azərbaycanlı kişilər ilə avropalı kişilərin fərqi nədir?

- Fərqlər çoxdur. Həm pozitiv, həm də neqativ mənalarda. Bunlar da yaşayış mühiti, dünyaya baxış, dini və mədəni tərbiyədən asılıdır.

- Əcnəbi vətəndaşla evlənərsiniz?

- Əlbəttə evlənərəm. Çünki ortaq paylaşacağım şəraitə, imkanlara bağlıdır.

- Azərbaycan kişisi ilə bağlı ən böyük şikayətiniz nədir?

- Bizim kişilər özlərini həddindən artıq “yük altına” salırlar. Bəzi gənc yazar dostlarımın toxunduğu ana-bacı söhbətləri, qeyrət-ləyaqət məsələlərini nəzərdə tuturam. Bütün bunlar da mentalitet və kökləşmiş stereotiplərlə bağlıdır. Onlara elə gəlir ki, qadının ləyaqətini onlar qoruyur. Əslində isə həqiqəti anlamırlar. Anlamırlar ki, ləyaqət anlayışı nisbi və fərdidir. Yəni heç bir kişi heç bir halda qadının ləyaqətinin qarovulçusu olmayıb və olmayacaq da.

- Ailədən təzyiq, qınaq olurmu?

- Hərdən olur. Ailə həyatı qurmağımı çox istəyirlər. Amma bu “psixoloji baryeri” universitetdə oxuyanda keçmişəm. Birinci kursda oxuyanda böyük qardaşım evdə belə söhbətlər olanda demişdi ki, səni kimsə nəyəsə məcbur edə bilməz, yalnız dərs oxumaqdan başqa. Elə o vaxtdan da ailəmdən azadlığımı qazanmışam (gülür).

- Evlənmədiyinizə görə məyus olursunuz?

- Əsla, çünki hələ seçimimə layiq insanla rastlaşmamışam.

- Subay olmaq daha rahatdır, ya evli olmaq?

- Bu, nisbi anlayışdır. Ən azı evliliklə bağlı təcrübəm olmadığı üçün müqayisə edə bilmərəm. Evli olan dostlarım hərdən şikayətlənirlər. Rəfiqəm bir dəfə dedi ki, evli olmaq insanın içində olan kimisə “axtarış” hissini azaldır (gülür).

- Subaylıq qıcıqlandırmır sizi?

- (gülür) Həyat anlardan ibarətdir. Hər anı pozitiv və maraqlı yaşamağa can atmalıyıq. Subaylıq əlbəttə evliliyə nisbətən məsuliyyət baxımından daha rahat olsa da, sahib olduğun həyatın məsuliyyətini dərk etmək üçün yetərli deyil.

- Evlənmək üçün ümidlisiniz?

- Evlənmək insanın həyatını paylaşmağa layiq gördüyü insanla birgə həyata atdığı addımdır. Ümidlə məncə əlaqəsi yoxdur. Amma məhz o insanla rastlaşacağıma ümidliyəm.

- Ömrünüzün sonuna kimi subay qalmaq istəyirsiniz?

- Hər şeyin xeyirlisi (gülür).

Digər yazılar:

"Bizim qadınlar təbiətcə yırtıcıdır"

# 6217 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #