Dərvişə görə ərik arağı içmədim amma...

Dərvişə görə ərik arağı içmədim amma...
7 dekabr 2012
# 15:42

Həə! Bu dəfə fikrim Qazağa gedib Məhəmməd Astanbəyli ilə söhbətləşmək idi. Mən onu cavanlığından tanıyıram, çox maraqlı şairdi. Bu qardaşların üçünü tanıyıram: Məhəmmədi, sevimli şairimiz İbrahim İlyaslını, bir də ünlü aşıq İlham Astanbəylini. Bu nəsil İncə Dərəsində Hacı Əfəndi ocağına nəzarət eləyirlər.

Dəqiq yadımda deyil, 80-ci illərin axırı olardı, Məhəmməd Bakıda İslam Universitetinə qəbul oldu. Elə o vaxtlardan “döyənə əlsiz, söyənə dilsiz” bir mömin idi. Ərəb, fars dillərini bildiyinə görə onu ikinci kursdan Mədinədəki ruhani universitetlərin birinə göndərdilər.

90-cı illər, türklüyümüzlə fəxr etdiyimiz vaxtlar idi. Yadımdadı, Məhəmməd Mədinəyə getməzdən əvvəl Lətif Mustafa və mənimlə vidalaşmağa gəlmişdi. Biz dəniz kənarında gəzişib söhbət eləyirdik. Sonra Məhəmməd canamazını bir ağacın dibində yaşıl çəmənliyə sərib namaz qıldı. Namazdan qalxandan sonra eynən dərvişlər kimi heybəsindən bir neçə soyutma yumurta, kartof, xiyar-pomidor, kağıza bükülü duz, sac çörəyi çıxarıb yaşıllığa sərdiyi süfrəyə düzdü və bizə, gəlin bir yerdə nahar eləyək, dedi. Biz üç dərviş kimi nahar elədik. Orda Məhəmməd bizdən soruşdu ki, görəsən, Mədinədə dini təhsil alsam türkçülüyümə zədə dəyməz ki? Lətif dedi, millətlər dinlərdən əvvəl yaranıb, ona görə din ikinci yerdə olmalıdı. Lətifin bu izahından Məhəmməd xeyli məmnun qaldı.

O, Mədinədə təhsil alıb geri qayıtdıqdan sonra Astanbəyli kəndində nəqşibəndilik təriqətini yenidən ayağa qaldırır, səmavi rəqsləri bərpa eləyir. Çoxlu tərəfkeşi olmasına baxmayaraq bəzi yerli sakin və dindarlar tərəfindən heç də xoş qarşılanmır. Məhəmməd məcburən hamıdan qaçıb mürşidləri ilə cəmiyyətdən gizlənəsi olur. O, batinəyə çəkilərək könül şeirləri, təriqət şeirləri qoşur. Deyilənə görə, son vaxtlar tez-tez Borçalıdan olan tərəfdaşlarının əhatəsində olur.

Batiniyyədə olan adamla görüşməyin çətin olduğunu anladığım üçün Bakıdan çıxmamış Məhəmmədin Sumqayıtda yaşayan qardaşı İbrahim İlyaslı ilə zəngləşdim. İbrahim mənə dedi, Məhəmməd xətrini çox istəyir, sənin gəldiyini eşitsə mütləq üzə çıxacaq.

Mən Tovuzda olanda, Ağstafa orta məktəblərinin birində tarix müəllimi işləyən şair dostumuz Bəxtiyar Hidayətlə də əlaqə saxladım. O, mənimlə Astanbəyli kəndinə gedib Məhəmmədi tapmaqda bələdçilik eləməli idi. İbrahim İlyaslı həm də kənddəki İlqar adlı qardaşının telefonunu mənə vermişdi və üstəlik də demişdi ki, sizin gəlişinizi, Məhəmmədi görmək istəyinizi İlqara demişəm, İlqarı tapan kimi o sizi Məhəmmədlə görüşdürəcək.

Dərviş dili yüyrək olar, Astanbəyli kəndinə azca qalmış, hər ehtimala qarşı İlqara zəng elədim. İlqar dedi, gəlin, xoş gəlirsiniz, ancaq Məhəmməd burda deyil, Qaraçöpdədi. Soruşdum ki, bəs sən onunla əlaqə saxlamısanmı? Dedi ki, o, onsuz da telefon işlətmir, ətrafındakılarla əlaqə saxlamışdım.

İlqarın cavabı məni xeyli silkələdi. Demək, Məhəmməd məndən də qaçdı. Heyf, ona xeyli sualım vardı. Birinci elə onu soruşmaq istəyirdim, görəsən, mənim kimi bir əyyaşın cənnətə düşmək şansı varmı? Yaxud cəhənnəm bu dünyadan çoxmu əzablıdı? Nə isə, kəndə çatmamış maşını geri hərlədik. Yolda düşünürdüm, yəqin Məhəmməd fikirləşib, noolsun köhnə dostumdu, mən bir övliya, bu bir əyyaş. Mən dindən-imandan danışacam, bu - araqdan. Mən axirətə hazırlaşmaqdan söhbət açacam, bu, dünyada kef çəkməkdən dəm vuracaq.

Bilirsinizmi, əsas da nəyə yanıb-töküldüm? Mən səhər tezdən rayon mərkəzində olanda Bəxtiyar Hidayətə zəng eləmişdim ki, hazırlaşsın, gəlirəm. Bəxtiyar mənə dedi, Tovuzdan bir az gec çıxarsan, mən də dərsimi keçim, günortadan sonra rahat gedərik. Ona görə Tovuzda bir az vaxt öldürəsi oldum. Səhər-səhər iştaham olmadığına görə evdən yemək yemədən çıxmışdım. Bəxtiyarı gözləyənə qədər kafelərin birində yemək yeməyi qərarlaşdırdım. Odun peçi qoyulmuş isti kafenin birinə girdim. Yekəqarın kişidən soruşdum, yeməyə nə var? Ağzını açan kimi “xaş!” dedi. Çoxdandı rayon xaşı yemirdim, dedim, bir dənə xaş!

Balaca kafe idi, 3-4 stolu vardı. Qonşu stolda dörd nəfər mənim kimi alkaş “xaşlayırdı”. Dolu kasanı qarşıma qoyan yekəqarın xırıltılı səsi ilə soruşdu ki, araq hansından olsun? Dedim, meyvə arağınız varmı? Dedi, yaxşı ərik arağımız var, bir butulka gətirim, üstündən nə qədər içərsən-içərsən. Ərik arağına görə yenicə sevinmişdim ki, İbrahim İlyaslının sözü yadıma düşdü: “Murad, qadan alem, özün uşaq ha döyülsən, Məhəmmədin yanına gedəndə içmə, yaxşımı, o, belə şeydən yaman inciyir!” Mən də ona demişdim: “ Ayə, nə danışırsan, ay İrvaham, elə şeymi olar? Hər halda kişinin inancına hörmət eləmək borcumuzdu”.

Yekəqarın kişiyə dedim, araq lazım deyil. Ətrafdakıların hamısı üzümə mat-mat baxdı...

Hə, Bəxtiyarın mehriban səsi məni özümə qaytardı: “Dərdiş, vecinə də alma, gedək, səni Həvəskarnan tanış eləyim, ləzzət eləyəcək!”

Biz şair Həvəskarı görmək üçün Qazaxın mərkəzindəki çayxanaya (Bəxtiyarın dediyinə görə o, həmişə həmin çayxanada oturur) gəldik...

# 4845 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #