Fotoşopla Da Vinçi olmaq – ARAŞDIRMA

Fotoşopla Da Vinçi olmaq – ARAŞDIRMA
8 aprel 2013
# 12:31

İnternetdə sənət mümkündürmü?

Ulus Sedat Baker (1960-2007) Kiprli türk sosioloq, yazıçı tərcüməçi.

Sənətkarlar da daxil olmaqla, insanların tarixin bəzi dönəmlərində “artıq sənət mümkündürmü?” kimi suallar verdiyi dövrlər olmuşdur. Əslində isə sənət bütün bu sualların “psixoloji çöküntünün” təsirlərindən ibarət olduğunu göstərəcək şəkildə, “İntibahda” (Renessansda), “Barokkada”, “Müasir sənət mövzusunda” olduğu kimi yenidən o qəribə parlayışlarından birini göstərməkdə gecikməz.

Sənətin “varlığına” dair suallar vermək mənasızdır, çünki sənət hər yerdə və hər zaman yaradıla bilər. Problemi nəyin sənət adını almağa layiq olduğunu, nəyin olmadığını soruşmaqla da yaratmaq olmaz. Beləcə “İnternetdə sənət mümkündürmü?” kimi bir suala cavab verməyin də bir mənası qalmır.

Fransız sürrealisti Marsel Duşamps 20-ci illərdə “demək olar ki hər yerdə və hər şeylə “sənət əsərinin” yaradıla biləcəyini” iddia etdiyində sualımıza hələ keçmişdən cavab vermişdi. “Ready-Made”, yəni inkişaf edən sənaye cəmiyyətinin “əsas məhsulu” olan əsər “hazırdan alınacaq” və “istəyən sənət alıcısının” gözünün önünə qoyulacaqdır. Bundan sonra “kollaj”, “tapılmış əşyalar”, “seçilib toplanmış” hər şey bir sənət əsəri olaraq təqdim edilə biləcək hala gəldi.

Bilindiyi kimi keçmişin “kubist”ləri də “kollaj texnologiyalarını” işlətmək mövzusunda özlərini çox da narahat hiss etmirdilər. Problem yenə də “rəqəmsal sənətlə” əlaqədar olaraq ortaya çıxır. Kompüter texnologiyaları rəsm üzərində işləri və manipulyasiyaları olduqca asanlaşdırır. (“Photoshop” və “Corel” kimi proqramların inanılmaz nailiyyətləri də bundan qaynaqlanır.) Əməliyyat sistemləri isə “düşüncələrin” real əks etdirilməsi mövzusunda bəlkə də ən böyük inqilabı etmiş kimi görünür.

Kollajın - yəni müasir sənətin əsas ünsürlərindən birinin olduqca asanlaşması isə artıq insanlara sənətin yenidən bir mahiyyət dəyişikliyi keçirməsinin lazım olub-olmadığını sualını doğurub.

Ancaq bu sualların böyük çoxluğu olduqca səthi təbəqədə keçir: Bəzi üstünlüklərdən bəhs edənlər də var. Məsələn, kompüter texnologiyaları insanların “sənətə daxil olmalarını” və sənət təhsilini asanlaşdırırlar. “Veb muzeylər” geniş yayılır və sənət əsərlərinə “vizual olaraq çatmaq” ehtimalları olduqca genişlənir.

Digər tərəfdən bir insan əməyi məhsulu olaraq sənətin çox uzun yaradıcı müddət tələb etməsi mövzusunda köhnə və asanlıqla dəyişdirilə bilməyəcək bir dəyər hökmü də var. Ancaq bu mövzuda mübahisələrin davam etdirilə bilməyəcəyini, çünki bir nəticə əldə edilməyəcəyini düşünə bilərik.

Hər şeydən əvvəl “kollaj texnologiyalarının” istifadəsinin müasir sənətin əsaslarından olan kubistlərdən bu yana açıq aydın idi. İlk çıxış zamanlarında pop-artın bu texnologiyanı tədricən bir “çılğınlıq dərəcəsinə” çatdırdığı da doğrudur.

Əsərlərini demək olar ki, montaj sənayesi texnikləri ilə yaradan Endi Varol (Andy Warhol) ətrafında toplanan “sənətçi kultu” hər baxımdan pop-artın artıq istifadə müddətini doldurmağa başladığını çox erkəndən qeyd etmişdilər. Ancaq bir sənət cərəyanının, ya da qrupunun zamanının keçməsi nə istifadə etdikləri texnologiyanın, nə də özünün sona çatmağının göstəricisidir.

Kompüter texnologiyalarının sənətə toxunduğu iki əsas sahəni ayırd etməliyik.

Birincisi “rəqəmsal” ya da “fraktal” sənət deyə biləcəyimiz bir sahədir. Unutmaq olmaz ki, kompüterlər yalnız tapılmış və ya seçilmiş rəsmlərlə, mətnlərlə, səs, ya da video qeydləri ilə “kollajlamağı” asanlaşdırmırlar. Eyni zamanda ancaq kompüter vasitəsilə əldə edilə biləcək görüntü, hərəkət-animasiya və səslərin də sənət baxımından istifadə oluna biləcəyini də xatırlatmaq gərəkdir. Ümumi olaraq “fraktal sənətlər” adı verilən bu sahə içərisində ən sadə Paint-Shop ya da Photoshop rəsmindən olduqca qarışıq riyazi funksiyalar vasitəsilə qurulan fraktal görüntü, ya da səslərə qədər geniş bir imkanlar toplusunun varlığı söhbət mövzusudur. Bu məqamda soruşulması vacib olan bir sual var:

Kompüter istifadə edilərək klassik mənada rəsm və səs tonlarının sənət kimi istifadəsinə imkan verən görüntülər, animasiyalar və musiqi yaradıla bilər. Ancaq birbaşa riyazi funksiyalar vasitəsilə yaradılanların insan fəaliyyətinin icra edilməsi baxımından bundan çox önəmli bir fərqi var.

Çox vaxt “image processing” texnikaları vasitəsilə görüntülər ekranda heç görülməsə də üzərində iş görmək olur. O zaman belə bir şeyin “sənət” adını almağa layiq olmadığını, bir növ qarışıq riyazi tənliyin açılmasından və “vizuallaşmasından” ibarət olduğunu söyləyə bilərikmi?

Bu sual mövzuda qarışıqlıq yaradan başqa bir sualı meydana gətirir: İnsanın əsas sənət bacarıqları hansılardır? Bu bacarıqların tarix və coğrafiya üzrə dəyişməz olmadıqlarını söyləyən antropoloqların sayı olduqca çoxdur. Ayrıca tarixçilər də bizim “sənət” adını verdiyimiz müasir kateqoriyaları, məsələn bir Misir ehramına, ya da yunan abidəsinə tətbiq etməyimizin tam bir axmaqlıq ola biləcəyi barədə xəbərdarlıq edirlər. Ancaq ən əsas meydan oxuma zooloqlardan və etoloqlardan gəlməkdədir.

Sübh tezdən bir budağa qonub ağac yarpaqlarını qoparan və yerə düşən yarpaqların günəşdə solmuş tərəflərini torpağın tündlüyü ilə təzad təşkil edəcək şəkildə yuxarı çevirən, ardından da bu diqqətçəkici səhnənin üzərində saatlarca “oxumağa” başlayan “teatrçı quşa”(?) diqqət edək. Anatomik bir yanaşma bunun heç də sənət olmadığını, sənətkar yanaşmanın və istehsalın sadəcə insana aid olduğunu söylərkən bütün sənəti bir “ əks etdirmə-təqlid etmə-nəql etmə” əlaqəsinin nəticəsinə endirmirmi?

“Teatrçı quş” misalını başqa misallarla da dəstəkləmək olar: Bəzi quş növləri hər hansı özgə quşların bölgəsinə girdiyində rəqibindən daha gözəl “ötməyə” çalışır. Əgər rəqibi daha gözəl ötərsə heç bir şey demədən oranı tərk etməyə məcburdur. “Gözəl” kimi bir sənət sözcüyünü işlətməyimin səbəbi bütün bu olanlar arasında hansısa “üstünlüyü” yaradan başqa heç bir ölçünün olmamağındandır.

“Təbiət” bir baxıma sənətə insandan öncə başlamış kimidir. İnsan sənətə başlamaq üçün olduqca gecikmiş kimi görünür. Üstəlik insan cəmiyyətlərinin hətta müasir çağlara gələnə qədər sənətin əsas funksiyasını digərlərindən- rituallardan, dindən, müharibələrdən və sevgidən hələ də ayırd etmədiyi anlaşılır. Məhz bu səbəblərdən kompüterdə sənətin lap yaxşı mümkün olduğunu demək tələskənlik deyil.

Ancaq müasir dünyanın daha bir xüsusiyyəti işləri daha da qarışdırır. Sənətlərin bir-biriləri ilə həmişə rəqabət etmək kimi qəribə və sənətin yaradılmasıyla birbaşa əlaqəsi olan mədəni bir təsiri həmişə var olmuşdur. Müasir rəsm xüsusilə müşahidəçi (impressionisme) fotoların meydan oxumağına bağlı olaraq, ondan uzaq olduğunu düşündüyü rəng texnologiyalarını icad etməyə girişmişdi. Bunun nəticəsində rənglər və işıq sərbəstlik qazandılar. Ancaq foto da başlanğıcdakı “sənət” funksiyasını yenə bənzər “meydan oxumalar” olmadan yerinə yetirə bilməzdi. Məsələn, hərəkətli rəsmlər-animasiya, son olaraq da hərəkətli foto, yəni film.

Bəs rəqəmsal sənətlər nəyə və kimə meydan oxumaqdadırlar. Bu sənətlərin “kollaj” ənənəsinə bağlandığını söylədik. Ancaq sadəcə bununla da izah etmək olmaz. Rəqəmsal sənətlər daha çox “çoxyönümlü performans” adını verəbiləcəyimiz bir sahəni inkişaf etdirməyə namizəd görünürlər. Yəni görüntü-animasiya-film-səs-mətn birləşməsindən əmələ gələn “multimedia” texnologiyalarının sənətkarlıq baxımından istifadəsindən bəhs edirəm. “Multimedia” yalnızca elmi-texniki bir məsələ deyil, eyni zamanda sənət məşğuliyyəti üçün estetika və sənətkarlıq kimi bir daxili əlaqələr kompleksi də yarada bilər. Mənim fikrimcə səssiz film dövrü rejissorlarının səsli filmə qarşı çıxışları kimi bir münasibət bu günümüzdə keçərli deyil.

Eyzenşteyn kimi böyük bir kinematoqrafın “mühafizəkarlığı” kimi göstərilməyə çalışılan şey əslində bir “rədd ediş” deyil, “səssiz film imkanlarının” o anda və özünəxas bir zərurət altında bu rejissor tərəfindən seçilməsidir. Çox keçmədən eyni rejissorun səs ünsürünü gen-bol istifadə etdiyi filmlər yaratmağını bir növ “yola gəliş” kimi anlamaq isə tam bir düşüncə axmaqlığı olardı.

Sənətkar heç vaxt “Hə indi oturum gözəl bir rəsm yaradım” deməz. Bu Kolumbun “Durum gedim Amerikanı kəşf edim” deməyi kimi bir şeydi. Ancaq həll olunması vacib bir problem, zərurət, olmazsa olmaz bir şeyin istehsalı məcbur hala gəldiyində sənət məhsulu ortaya çıxa bilər.

Rəqəmsal performans bəziləri üçün zəruri bir ifadə vasitəsidirsə istehsal edilənin “sənət” olmayacağını söyləyənlərə bu səbəbdən ancaq gülmək olar.

İkincisi, rəqəmsal dövrdə sənət əsəri yaratmağın “asanlaşdığını” və səviyyəsinin aşağı düşə biləcəyini söyləmək də boş söz yığınıdır. Əksinə aşılması gərəkən “çətinliklərin”, lazımlı məlumat və fəaliyyətin sonsuzca arta biləcəyini belə söyləmək olar. Üstəlik “rəqəmsal sənətkar” əgər bir gün bacara bilsə müasir mədəniyyətdəki bu standart “sənət”, “elm” və “ictimai yaşam” sahələri arasındakı fərqlərin sərhədlərini ziyarət edərək keçə bilər.

İdeal vəziyyət əlbəttə ki, həm elm adamı, həm filosof, həm də sənətkar olaraq Leonardo ustanın imici deyil. Bir baxımdan o bizim anladığımız mənada bir elm adamı deyil, “çox şey bilən” adamdı. Bir filosof da deyildi, çünki “İntibah dövründə” nə antik Yunan, nə də orta əsr sxolastiklərinin fəlsəfələri qalmışdı, digər tərəfdən Dekart və Spinoza kimi “fəlsəfənin yenidən başladanlar” hələ üfüqdə görünmürdülər. Son olaraq Leonardo bir sənətkar da deyil, dövrünün ən çox hörmət görən ustalarından biridir.

Eyni şəkildə “rəqəmsal dövr” də bəlkə də bütün sahələrin yenidən bölünməsini, hətta tərs çevrilməsini gətirəcəkdir. Multimediyanın yaranması belə bir prosesin sadəcə şərtlərindən biridir, özü deyil. Üstəlik tək şərt də deyil. Xüsusilə “mini memarlıqlar” sahəsində ön plana çıxmağa başlayan “organik-elektronik” nano texnologiyalar hələ indidən çox fərqli növdən ünsürləri işin içinə qatmağa başlayıb. Daha da ümumiləşdirsək, mənim fikrimcə texnologiyaya edilən hər hansı bir tərifin arxasına düşmək də sadəlövhlük olar.

Texnologiyanın “tərəfsiz” olduğu, yaxşı, ya da pis məqsədlə istifadə edilə biləcəyi mövzusundakı baxış tərzi də artıq aktual deyil. Soruşmaq istədiyim tək şey, qarşınıza çıxarılan hər şeyi, informasiya magistrallarını, nano texnologiyaları, genetik mühəndisliyin elədiklərini olduğu kimi qəbul edib təəssüflənəcəyimizmi, yoxsa “təktərəfli qəbullara” qarşı mübarizəni onların içinə və sərhədlərinə qədər genişləndirmək məcburiyyətində olmağımızmı sualıdır.

Sənət, ya da eyni növdən başqa bir insan fəaliyyəti, belə bir mübarizəni komplektləşdirməyin hazırda bilinən nadir yollarından biridir. Bu isə sənətə yeni bir siyasi missiya vermək, ya da sənətkara ağıl, etika, əxlaq öyrətmək kimi bir şey deyil. Daha çox sənət fəaliyyətinin ümumi olaraq insanların mübarizə növlərindən biri olduğunu, başqa da bir şey olmayacağını söyləməyə çalışıram. Zamana və içinə həbs edildiyi məkana dayanıqlı olmayan şeylərə “sənət əsəri” demədiyimizi hətta gündəlik dil səviyyəsində hər kəs qavraya bilər.

Əgər hər hansı bir otantiklik (qədimilik, ənənəvilik) varsa bu sənətin “zamanla” qurduğu bir əlaqədən deyil, əslində “zamansızlıqla” qurduğu bir əlaqədən qaynaqlana bilər. Rəqəmsal sənətin bu cür vasitələrə sahib ola bilməyəcəyini söyləmək isə mənasız olar. Əsərə “sənət” dəyəri verənin “in actu” (yəni fəaliyyət baxımından) insan əməyi məhsulu olması, “in haec” (onu qarşımıza çıxaran şey) isə “zaman xaricində” olması bizi nostaljik otantizmə bağlılıqla eyni duyğuları paylaşmaqdan mümkün qədər uzaq tutur.

Rəqəmsal sənət baxımından problem bəzi insanların kompüter qorxusu, köhnə yazı makinalarını sevməkləri kimi bir şey deyil. Bu fobiyanı anlamaq olar. (Razılaşmaq isə başqa şeydi.) Ancaq sənət söhbət mövzusu olunca, rəqəmsal sənət deyilən şeyin bir növ deyil, bir şərtlər, imkanlar sahəsi olduğu üçün problem artıq “fobiya” olmaqdan çıxıb ciddiləşir. Ya ləvazimatlarla tanınan bir sənət anlayışı yenidən dəvət edilir, ya da 19-cu əsr modeli bir “sənət üçün sənət” mövzusu geriyə çağırılır. “Sənətin rəqəmsal olmağı gərəkdir” demirik, rəqəmsal sənətin həqiqətən sənət olduğunu, rəqəmsal texnologiyaların isə bunun var ola biləcək imkanlarını təqdim etdiyini söyləyirik.

Hər vəziyyətdə yeni ortaya çıxmaqda olan bir şeyin narahatlıq gətirməsi, hətta əşya olaraq hədələyici ünsürlər daşımaması mümkünsüzdür. Fractal Paint proqramı ilə boyanmış bir rəsmə baxıb “rəsm sənəti də bitti” kimi şikayətlərini dilə gətirənlərin görmədikləri şey, onun onsuz da ləvazimat səviyyəsinə endirilməyəcəyidir.

Bu cür şikayətlərlə baş qatmağa dəyməz. Əsas hədə kapitalizmin yeni quruluşlarıyla əlaqədar olaraq ortaya çıxır. Bir zamanlar Volter Benjamin adlı bir Alman filosofu sənət əsərinin “nuru”nun mexaniki yenidən istehsal müddətində (yəni çoxaltma) itməyə üz tutduğunu söylərkən, ən “mexanik” sənət olan “fotoqraflığa” da təriflər yağdırırdı. Bizim bu gün fərqinə vara biləcəyimiz şeyi hələ o vaxtdan və öz xəyal dünyasında dərk etmişdi.

Çünki, əsas problem, əgər sənətin bir funksiyası, vəzifəsi varsa, o da ancaq istifadə olunan mövzuları, ləvazimatı, ruh halını, etikanı, görüntüləri, formaları və məzmunu “başqalarına” qapdırmamaqdır. Rəqəmsal sivilizasiya qaçılmaz bir şəkildə ətrafımızı alacaq, internet mütləq bir anarxiya kainatı olaraq aləmimizi çevrələyəcək kimi görünür. Belə ki yaxında, artıq köhnə arxaik formaların nostalgiyasından nəsə uma biləcək halda olmayacağıq.

Sənətin əsl “vəzifəsi” – ona bir vəzifə vermək kimi düşüncələr bir çoxlarının xoşuna gəlməsə də, bir ifadə tərzi deyib keçək – məsələn, rəssam Migel Barselonun gündəliyində yazdığı kimi “pomidorun qırmızılığını”, “çürümüş yemişin qoxusunu”, Benettonun “imiclər dünyasının” əlindən söküb almaq və “özlüyünü” yenidən qazandırmaqdan başqa bir şey deyildir. İşin bütün sirri duyğuların və sənətin hədəflədiyi arzuların yenidən yaradıla bilməsində, xülyaların, səslərin, düşüncələrin və duyğuların onlara nəzarət edən, idarə edən və hər an təcavüz edən mexanizmlərin, təftişlərin və istismar vasitələrinin əlindən qoparılmalarında yatır. Bu vəziyyətin ən yaxşı nümunəsini bizə renessans (intibah) rəsmi verməkdədir.

Orta əsrlərin ilahi mövzularını, Tanrı atanı, mələkləri, İsa ilə Məryəmi mövzu kimi istifadə etməyə davam edər, ancaq tamam başqa məqsədlə edərdilər bunu. İnsanların dünyası orta əsrlərdə o qədər daraldılmış bir halda idi ki, ilahi mövzulardan istifadə etmədən heç bir ölçünü, rəngi, hissi sərbəst buraxa bilməzdilər.

Bir çox səbəblərdən bu gün hələ də “daraldılmış” bir dünyada yaşadığımızı düşünürəm. Və bu daraltma həqiqi mənada texnologiyalar tərəfindən reallaşdırılıb. Televiziya ilə kütləvi axmaqlaşma halının, kompüter ilə bir növ optizmin, ünsiyyətin asanlaşması ilə isə bir növ çılğınlığın eyni hala gəldiyi bir dünyanın ortaya çıxdığı bəllidir. Ancaq əsas problem bütün bunlarla nə iş görüləcəyidir. “Reklamçılığın fəlsəfəsindən” bəhs edənlər var. Yapon modeli bir beynəlxalq korporasiya şirkətinin bir “ruh”a sahib olduğuna inanmağımızı istəyənlər var. (Xüsusilə orda işləyənlərə marş filan oxudularkən.) Burda problem bir sənətkarın hansısa bir qəzetdə “səhifə dizayneri” olaraq, ya da bir şirkətdə reklamçı olaraq işləmək məcburiyyətində qalması deyil. Daha çox “reklamçılığın” özünü sənətin ən son tərzi olaraq göstərmək istəyi, Benettonun “görüntü şefi” və “sənət rejissoru” kimi qəribə ünvanlara sahib adamı Oliveyro Toskayni kimilərinin sadə bir sənət dəstəkləyicisi, “sponsor” olaraq deyil, layihənin sahibləri kimi ortaya çıxmalarıdır.

Bu cür vəziyyətlərlə qarşılaşıldığında “şübhələnmə” bacarığımızın da “korşaldığını” söyləyə bilərik. Artıq keçmişdə olduğu kimi “sərhədlərlə”, “intizamla”, “güc” ya da “təzyiq” ilə idarə olunmamağa başladığımızda geniş bir sərbəstliyin qapılarının açılacağı sadəlövhlüyün məhz özüdür. Bütün bunlarla bacara biləcək və məhv edəcək bir kompüter virusunun hazırlanıb ortaya çıxardılması isə çox da ümid bağlana biləcək bir ehtimal deyil.

Nəticə etibarilə, görüntüləri xilas edəcək, səsləri reklam tonlarında arındıracaq bir filtrləmə mexanizminin tez bir zamanda elektronik mühitə göndərilməsi və orda dolaşmağa buraxılması lazımdır.

İnternetdəki “rəsmi qadağan” cəhdlərinin çox zaman necə nəticəsiz qaldığını görsək də, bu qadağalara hədəf olanların “həqiqi” mənada “virtual güclərə” sahib ola biləcəklərini düşünmək hələlik imkansızdır. Əksik olan istiqamətlər arasında ən mühümünün “sənət” olduğu görünür.

Mənim fikrimcə “rəqəmsal sənət” hələ gerçəkləşməyib. Bütün vasitələr hazırdır. Üstəlik orda “sənət icra edilir”, ancaq Kleenin formulunu bir daha təkrarlasaq: “Xalqını gözləyən sənət budurmu?”

Tərcümə: Zaur Xudiyev

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #