Şəhərin mərkəzində mağar toyu-REPORTAJ

Şəhərin mərkəzində mağar toyu-REPORTAJ
28 sentyabr 2012
# 05:00

Şadlıq saraylarının bol olduğu paytaxtda çadır toyları dəbdən düşdüyü bir vaxtda insanlar yenidən çadırda toy etməyə başlayıblar.

Dünən “Kubinka”da mağar toyunun keçirilməsi insanlar tərəfindən təəccüb və sevinclə qarşılanmışdı. Qohumlar, qonşular, tanışlar üç-üç, dörd-dörd mağarın ətrafına toplaşmışdılar.

Çadırın qarşısında oturan ağsaqqallar pürrəngi çaydan içə-içə mağar toyu haqında maraqlı söhbətlər edirdilər. Ətrafdakı uşaqların o baş-bu başa qaçmağı, səs-küyü də öz yerində...

150 nəfərlik çadırla yanaşı rəqs etmək üçün ayrıca çadır da qurulmuşdu. Qonaqları yerbəyer edən ağsaqqal çadır toyunu daha doğma hesab edir: “İndi hamı toyunu şadlıq sarayında keçirir. “Palatka” toyları isə tam fərqli olur. Bu toyda ancaq kişilər olur. Bizdə yeməyin ardı-arası kəsilmir. Daha qonaq demir ki, ondan gətir, bundan gətir”.

Gəlinin gətirilməsindən sonra “Vağzalı” sədaları altında toy başladı. Bəyin əmisi ritmik mahnıyla gələnləri rəqsə dəvət edirdi. Toyda məclisdə verilən təamlardan dadanlar bir qayda olaraq rəqs üçün nəzərdə tutulmuş meydançaya axın edirdilər.

Toy peşəkar operatorlar tərəfindən kameraların yaddaşına köçürülürdü.

Süfrəyə adət-ənənəyə uyğun olaraq iri kasalarda yağlı küftə-bozbaş verilirdi. Bəh-bəhlə yeyilən yeməyin xüsusi diqqətlə bişirildiyini deyirdilər. Çadır toyuna gəlib, küftə-bozbaş yeməmək bir növ günah sayılır. Stolun şahı küftə-bozbaşdan savayı stollara verilən salatlar və başqa növ soyuq təamlar isə axşamdan hazırlanılır.

Kababların hazırlanması isə başqa aləm idi. Manqalın başında tüstüdən göz-gözü görmürdü. Kabab çəkən dayılardan qazanın qapağını qaldırmaq üçün ev sahibindən nəmər alıb-almadıqlarını soruşdum. Moskvanın, Sankt-Peterburqun və Bakının səviyyəli restoranlarında aşpaz işləyən Füzuli dayı suala gülərək cavab verdi: “Bu toy qardaşımızın toyudu. Amma başqa toylarda hökmən alırıq. Bəyin atası, qardaşı ürəklərindən keçən qədər nəmər verirlər”.

Füzuli dayı çadır toylarını şadlıq saraylarında keçirilən toylardan üstün tutur: “Çadır toylarında kabab çəkməkdən gözəl heç nə yoxdu. Açıq hava, gözəl günəş. Daha nə lazımdı?! Restoranlarda çox kabab çəkmişəm. Amma burda ləzzəti başqadı. Qoyunları elə həyətdə kəsmişəm, doğrayıb şişə taxmışam. Şadlıq saraylarından fərqli olaraq burda hər şey göz qabağında olur. Şadlıq sarayında lüləyə gözdən qaçan o qədər şey qatılır ki...”

500 şiş kabab hazırladıqlarını söyləyən Qərib dayı isə deyir ki, istirahət etməyə vaxtları yoxdur: ”500 şiş çəkmişik, yenə də çəkəcəyik. Gördüyün kimi məclisə gedən kababın ardı-arası kəsilmir. Toy qurtarana kimi işləyirik. Elə olub ki, səhər 6-ya kimi işləmişik. İki gün əvvəlki toyda 1 ton 400 kiloqram əti şişə çəkdik. Bu toyda da 500 şiş vurmuşuq, yəqin 200-də əlavə vuracağıq”.

Füzuli dayı manqalın üstünə düzdüyü toyuq kababını göstərərək “Nə ətidi bu?” deyə soruşdu. Bir anlıq düşündükdən sonra “toyuq əti” cavabını verdim. Füzuli dayı toylarda toyuq kababına görə problemlə üzləşdiyini söylədi: “Üzdən baxanda toyuq balığa oxşayır. Toylarda çox başıma gəlib. Biri gəlib deyir ki, “bizim stola niyə balıq vermirsən?” And-aman eliyirəm, deyirəm ki, ay qardaş, ay oğul bu toyuq kababıdı e. Ümumiyyətlə, toyuq kababı çadır toyunda da, şadlıq sarayındakı toyda da az yeyilir”.

Lülə kababın hazırlanmasına isə Füzuli dayı xüsusi həsaslıqla yanaşır: “Lüləyə 10 kiloqram quyruq qatırsan, “marojna” olur (gülür)”.

Toyda ən çox tikənin “antrekot” yerinin tələb olunduğunu söyləyən Füzuli dayı bunu təbii hesab edir: “Bizim toylarda “antrekot” istəmək adi haldır. Hər gün toy olmur axı (gülür). Moskvada işləyəndə Füzuli dayın, “antrekot”u elə bişirirdi ki, ruslar dilə gəlirdilər. Deyirdilər ki, illərdir biz bunun dadını bilməmişik. Moskvada yaşayan azərbaycanlılar da donuz əti yeməyə başlayıblar”.

Sankt-Peterburqda çalışdığı zaman boş vaxtlarında Füzuli dayı Ermitaj muzeyini də tez-tez ziyarət etməsini xüsusi vurğuladı: “Piterə getdin, Ermitajda olmadınsa, bu, səfər sayılmır (gülür). 8 dəfə Ermitajda olmuşam. Bizim vaxtımızda bilet 100 rubl idi. Kefimiz yaxşı olanda nəzarətçilərə 200 rubl verib, biletsiz keçirdik. Çarın köynəyindən tutmuş ayaqqabısına qədər hər ləvazimatını tanıyırdım (gülür)”.

“Köhnə Bakı”, “Bakılı balasıyam”, “Qoçəli” mahnılarına qol qaldırıb oynayan bəyin sinif yoldaşları, əsgər yoldaşları, dostları, əmiləri, dayıları yorulmaq bilmirdilər. Həvəslə, ayaqyalın rəqs edənlər durmadan bir-birini əvəz edirdi.

Məclisin qızğın vaxtında “Mirzəyi” sədası altında bəy tərifi başladı. Bəyi uzun-uzadı, gözəl sözlərlə tərif etdikdən sonra vur-çatlasın başladı. Bəyi dövrəyə alıb, yorulmaq bilməyən rəqqaslar bir-birləri ilə qızğın mübarizə aparırdılar. Ətrafdakılar isə bardaş qurub, maraqla tamaşa edirdilər.

Adını bilmədiyim orta yaşlı dayı isə meydanın boşalmağını gözləyirdi. Toy dayını yamanca kövrəltmişdi. “Palatka” toylarında çıxardığı “həngamələr”dən ürəklə danışırdı: “Cavanlara göstərəcəm necə “bradyaqa” oynayırlar”.

Reportaj üçün bəyə təşəkkür edib, “Allah xoşbəxt etsin” deyərək çadırdan çıxdım. Mağara axın isə kəsilmirdi. Hələ meyxana ustalarının çıxışı gözlənilirdi...

# 4862 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #