Bu Azərbaycan filmi gərək çəkilməyəydi

Bu Azərbaycan filmi gərək çəkilməyəydi
27 avqust 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Əbdül Mahmudovun 1977-ci ildə çəkdiyi “Üzü küləyə” filmini təqdim edir.

Süjet: Hadisələr cənub rayonlarından birində, Xəzər dənizinin sahilində yerləşən qəsəbədə baş verir. Balıqyetişdirmə üzrə mütəxəssis, gənc alim Ramiz Bakıdan doğma qəsəbəyə qayıdır. Onun atası yenicə vəfat edib. Atasının dostları dövlətin nəsli kəsilməkdə olan balıqların qorunması üçün qoyduğu qadağadan şikayətlənir. Və Ramizdən onlara köməklik göstərməsini xahiş edirlər. Ramiz onlara başa salmağa çalışır ki, bu nadir balıqlar sərvətdir, onların qorunması zəruridir. Onların nəsli çoxaldıqdan sonra sakinlər yenidən balıqçılıqla məşğul ola bilərlər. Dövlət qəsəbə sakinlərini işsiz qoymamaq üçün gül tarlaları salır və onlara balıqçılıq əvəzinə gül yetişdirməyi təbliğ edir. Amma problemlər bununla bitmir, bölgədə brakonyerlər tərəfindən nəsli kəsilməkdə olan quşlar da ovlanır, körfəzin suyu tərəvəz yetişdirilən sahələrə verilir, bu isə balıqların həyatına təhlükə yaradır. Sosial-iqtisadi problemlərin fonunda sevgi xətti də var. Qoruqda işləyən, quşların qayğısına qalan Nərgizlə (Tanilə Əmraova) Ramizin sevgisi....

Süjetdə bir neçə xətt var: nadir heyvanların qorunması, ekologiyanın çirklənməsi, brakonyerliklə mübarizə, istehsalat prosesindəki münaqişə.

Ümumiyyətlə, dünya kinosunda müxtəlif janrlarda ekoloji fəlakət, ətraf mühitin məhvi kimi mövzular çox əks olunub. Bu filmlərdə problemlər daha geniş rakursdan insan dramları fonunda araşdırılır.

“Üzü küləyə” filmi isə daha çox sovet ideologiyasına xidmət eləyir, burda insan dramları, onların yaşantıları, baş verənlə reaksiyası yox, ümumən istehsalat prosesindəki əyər-əskikliklər, sovet adamının nümunəviliyi, fədakarlığı, mənfəətcil, şöhrətpərəst personajlara qarşı pafoslu mübarizəsi önə çəkilir. Və çox bəsit şəkildə.

Filmdə ənənəvi olaraq konflikt pis və yaxşı adamların qarşıdurması, istehsalat prosesindəki neqativ hallara qarşı mübarizənin üzərində qurulur. Konflikt qurmaq, əhvalatı dramatizə eləmək üçün mütləq hardansa Əlibala kimi (Həsən Məmmədov) kimi müftəxor, əyri yolla qazanan biri meydana çıxır, ona qarşı Ramiz kimi prinsipial, saf biri qoyulur, Fərman (Adil İsgəndərov) kimi ağsaqqallar Ramizə dəstək olaraq, yaramazların dərsini verir.

Bu filmi az-çox canlı edən Ramizlə Nərgizin sevgi münasibətləridir. Rejissor bu motivdə də dramatik çalarlar qatıb.

Əlibala qamışlıqda Nərgizə təcavüz eləmək istəyəndə qız onun əlindən qurtula bilir. Hadisədən xəbərdar olanda Ramizin Nərgizə inamı sarsılır, o, bu vəziyyətdə həmcinsini yox, Nərgizi günahkar bilir. Düzdür, final “happy end”lə bitir, amma ümumən Azərbaycan kişisinin qadına inamsızlığı, dinləmədən suçlaması kimi ənənəvi problem ekran həllini tapmamış qalır.

Ümumiyyətlə isə, “Üzü küləyə” Azərbaycan sovet kinosunun baxdığım ən maraqsız, sıxıcı ekran işlərindən biridir.

Ssenarisini Oqtay Orucovun yazdığı “Üzü küləyə” ciddi sənət nümunəsi yox, son dərəcə zəif ekran məhsuludur. Hərçənd dünya kinosunda, ideologiyanı təbliğ edən, amma onu yüksək sənətə çevirməyi bacaran kinematoqrafçı nümunələri - Sergey Eyzenşteyn, Dziqa Vertov, Leni Rifenştal var.

Amma bu “Üzü küləyə” filmi üçün heç bir halda keçərli deyil.

Yadıma filmin rejissoru Əbdül Mahmudov (sonradan Şeyx Əbdül Mahmudbəyov –S.S.) Mehriban Ələkbərzadənin “Qatil” tamaşasına tutduğu iradı düşdü: “Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkildə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir”.

Ə.Mahmudbəyova demək istəyirəm ki, mövzuya çox məhdud çərçivədə yanaşılan, sosrealizmin çürük estetikasında çəkilən “Üzü küləyə” filmi milli kinoya heç yaxşı nəsə qazandırmayıb. Belə bir eybəcər film yaxşı olardı ki, ümumiyyətlə çəkilməyəydi.

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #