Kloun: “Lenini oynayacam” - REPORTAJ

Kloun: “Lenini oynayacam” - <span style="color:red;">REPORTAJ
18 sentyabr 2015
# 16:01

Paytaxtın Ukrayna dairəsi kimi tanıdığı yerdə salınmış parkdayıq. Balacaları gətirib onları sevindirmək istəyirik. Daha doğrusu, onları gətirdiyimiz dünyanın gözəl və rəngli olduğuna inandırmaq arzusundayıq. Otların yamyaşıl olması da, səmanın masmavi olması da, ətirli güllər, rəngbərəng musiqili karusellər də onları inandırmaq ötrüdür. Amma bu parkda kimsə mərkəzdə dayanıb əl edən kloun qədər çalışmayıb. Şıq rəngli paltarları olan klounun səsi də, əhvalı da şıqdır sanki.

Amma biz uşaq deyilik, sadəcə baxıb sevinib xoşbəxt ola bilmirik. “Görəsən, o kloun qriminin altındakı adam kimdir, nə fikirləşir, əvvəl nəçi idi? Kloun işindən razıdırmı?” - kimi qara-qara düşünürük.

Elşad Məmmədov. Opera və Balet Teatrının aktyorudur. Dövlət televiziyasında Şurum Burum əmi obrazını yaşadır. Tanışlıqla artıq müsahibəyə hazır olduğunu bəlli edir və söhbətə sanki profilaktik izahatla başlayır. Yəni, özünü boyundan aşağı suallardan sığortalayır:

- ... 50 yaşım oldu. Yaşım elə bir həddə çatıb ki, danışa bilərəm. Sənətdə az əməyim olmayıb. Rac Kapur kino aktyoru idi, amma həmişə arzusu kloun olmaq olub. Tək o deyil, dünya çaplı çox məşhurlar klouna həsrətlə baxır. Tam sərbəst ola bilən bu insanlara - klounlara. Baxın mənə kök deyirlər. Kök deyiləm əslində. Amma kök olsam belə bir kompleksim yoxdur. Çünki çox akrobatların edə bilmədyini mən bu yaşımda edirəm. İnsan kimi də həyatda yeriyirəm. Geyimimi çıxarıram. Parikimi çıxarıram. Yeri gəlmişkən, saçım yoxdu, amma dahilərin çoxunun saçı olmur, bilirsiniz yəqin (gülür).

- Bilirəm. Mənim də saçım tökülür...

- Parik taxın...

- Elşad bəy, kloun işi ilə nə zamandan məşğulsuz?

- (Gülür) 85-ci ildən bu işdə külüng vura-vura gəlirəm. Fərman Şəkilini tanıyırsınız yəqin... Allah rəhmət eləsin. Fərmandan sonra efirə gələndə, ağlıma gəlməzdi ki, kloun olacam. Dedilər, efirdə özünü sına... Bir dəfə gəldim, iki dəfə... Uuy da dostum, daha özümü saxlaya bilmədim. Həm də səs imkanları var.. Məndən əvvəl Şurum Burum əmi Fərman idi. Bilirsiz, Fərman kef sevən, şən adam idi. Pulu olmasa da, ağlamağı xoşlamırdı. Fəxr edirəm ki, o estafeti mənə verdi, bu işin davamçısı mən oldum. Ələkbər əmi ilə işlədim. Ələkbər əminin “Hər birimiz bir çiçək...” proqramında çıxış edirdim. Elə o zaman mənim öz proqramım çıxdı: “Şurum Burum əmi – Uşaq teatrı”. AzTV-də uşaq saatı proqramım var, indi də ayda bir dəfə gedir o veriliş. Ələkbər əmi dünyasını dəyişəndən sonra Ələkbər əminin xatirəsinə həsr olunmuş turne ilə Azərbaycanın bölgələrinə çıxdım. Bir neçə uşaq təşkilatlarının xətti ilə bunu etdim. Əla da turne oldu.

Bir də deyim sizə, mənim Şurum burum əmi, kloun obrazı ilə işləyərkən ilk kloun həmkarım xanım oldu. O zamanadək belə olmamışdı. İlk və yeganə kloun cütlüklər idik. Bilirsinizmi niyə bunu istədim? Çünki qadınlar bildiyini kişilər bilmir. Uşaqlarla münasibəti nəzərdə tuturam. O xanım indiyədək də deyir ki, mənim müəllimim Elşad müəllimdir. Amma bilmir ki, mən də ondan öyrənmişəm.

- Məsələn nəyi? Nə incəlikdir ki o?

- Bu artıq mətbəx sirridir. Yeri düşər danışaram. Peşəkarlıq məsələsidir... Peşəkar kloun demişkən, Arzu Hüseynov, Çümşüd Zeynalov kimi peşəkar klounlar var bizdə. Bir də, sizə bir söz deyim; Sənətdə elə insan var ki, yana-yana başqalarının şamını yandırır. Mən bax elə adamlardanam. Şeirlə, sözlə özümə heykəl də qoymuşam. İstəsəz deyərəm.

- Deyin!

- Bir insan gəldi dünyaya hamı kimi,

Adi insan, sadə insan.

O, yaşadı ağlı-qaralı, şirinli-acılı günlər.

O, yaşadı görə-görə, duya-duya.

O, yaşadı özündən sonra yaşatmaq üçün.

O yaşadı neçə ömrü bu az yaşda.

Yanan ocaq sönən ocaq...

Kim bilir ki, hər doğulan kim olacaq?

Kim bilir ki, hər yaranan nə olacaq?

Kim bilir ki, kim qalacaq yaşayacaq

Kimi vaxtsız yarpaq kimi tez solacaq?

Tapdanacaq məhv olacaq...

- Bravo. Gözəl heykəldir. Bəs özünüz hansı şairi oxuyursunuz? Sevdiyiniz şair varmı?

- Mənim sevdiyim şair öz xanımımdır. O şer yazmır, amma mənim əsərlərimin dirijoru odur. Ondan ilham alıram. (gülür, kloun səsi ilə: “Caniklər, dirijordu, dirijor...” gülür) 80-ci ildə Aleksey Batalovun kursu üçün kinostudiyanın nəzdində tələbə yığırdılar. Moskvada təhsil alırdıq. 3 il Moskvada kinematoqrafiyanı oxumuşam. Sonra da ordan hərbi xidmətə yollanıb, əsgərlikdən dönəndən sonra Bakıda İncəsənət İnstitutunu bitirmişəm. Peşəkar sənətə 80-ci ildən Milli Akademik Teatrdan başlamışam. Mənim sənət müəllimin rəhmətlik Lütfi Məmmədbəyov olub. Onun teatrında dərs almışam. Vokal müəllimim isə rəhmətlik Lütfiyar İmanov idi.

- Batalovun aktyorluq kursunda oxudunuz?

- Hə. Kino aktyorluğu.

- Bəs filmlərə çəkilmisiniz?

- “Cin mikrorayonda” filminə, Tofiq Tağızadənin “Köpək” filminə çəkilmişəm. Son vaxtlar “Üç bacı” serialının 134-cü bölümündə çəkilmişəm. Bu yaxınlarda ATV-də gedəcək “Gülər üzlə qarşıla” serialında Lenini oynayacam. Rejisoru Bələdiyyə Teatrının aktyoru Şahin Cəfərovdur.

- Opera və Balet Teatrında rollarınız...

- Repertuardakı bütün tamaşalarda varam. “Leyli və Məcnun” la mövsümü açırıq. Gəlin, sizi də dəvət edirəm.

- Adətən aktyorlar kloun işləməkdə könüllü olmur. Maddi ehtiyacdan bu işə üz tutduqlarını deyirlər...

- Bilirsiniz, həm ziyarət, həm ticarət. Mən bura istirahətə gəlirəm, dincəlirəm. Durum, deyim ki, ehtiyacım yoxdu? Var. Evdə xəstəm var - anam xəstədi. Bir üzüm gülür, bir üzüm ağlayır. Amma mən səhnəyə çıxanda gülməli olmalıyam.

Bu yerdə M.Müşfiqin “Cahan ki solmayan bir bağça bağdır.” Şerinin ilk bəndini deyir. Ucadan, ürəkdən gülür. Ətrafdakı uşaqlar və böyüklər ona baxır.

...Bəzən tədbirdən çıxıram, avtobusla getməli oluram, tərdən kirlənmiş paltarlarla camaatın yanında oturmağa utanıram. Künc yer axtarıram ki, gizlənim. Bax belə günlər yaşayırıq.

(Bu yerdə gənc bir qız əlindəki telefonu rəfiqəsinə verib ona yaxınlaşır)

- Dyadenka kloun, mojno s vami sfotoqrafirovatsya?

- Pojaluysta...

- İndi əvvəlki kimi deyil, hamının ən azı telefonunda fotokmerası olur. Fotoqrafınıza foto çəkdirən az olar.

- Nə etməli, “Adəmi adəm eləyən paradır, parasız adamın üzü qaradır”. Pul olsa elə Əhmədə də (başı ilə fotoqrafa işarə edir) çəkdirərdilər (Yenə ucadan gülür hamı ona tərəf baxır).

- Toylara şənliklərə gedirsiniz. Sizi kloun işi ilə bağlı qıcıqlandıran nədir?

- Gənc klounlara məsləhətim var. Elə klounlar var, bilir ki, 15-20 dəqiqəlik çıxış edib, 10-15 manatın alıb çıxıb gedəcəklər. Amma bir şey var, pulunu aldın, getdin, gərək məclisdə yaddaqalan bir nüans edəsən. Yadda qalasan. Bir də çalışsınlar təhqir üzərində qurmasınlar zarafatı. Bəzən adamlara, uşaqlara keşniş, şüyüd, qarpızbaş deyirlər.

- Bəs sizə qarşı hansısa namünasib hərəkət olurmu?

- Deyir, “Şairəm əsrimin ayinəsiyəm. Mən də hər kəs görür öz qaş gözünü. Necə ki dün birisi baxdı mənə, gördü o ayinədə ancaq özünü”. O özünü nalayiq aparanlar əvvəl özünə baxsın sonra mənə...

Yenə qalxıb balaca uşaqla görüşüb söhbətə qayıdır

- ...Həyat yaxşı şeydi, özü də yaşamağı bacaranındı. İndi biri deyəcək ki, iş yox, güc yox, nə bilim filan bəsməkan. Çox nahaq yerə belə deyirlər. 30 ildir külüng vururam mən. Nə qədər böyük sənətkarlarla işləmişəm. Bununla fəxr edirəm. Telefonumun da zənginə qoymuşam: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Arxamda dövləti sayıram. O dövlətə də arxayınam.

- Dövlətin qayğısı sizi razı salır?

- Dövlət mənə Milli iftixar diplomu verib. 2012-ci ilin fəxri aktyoru adına layiq görülmüşəm. 50 yaşımda da söz var ki, milli iftixar ordeninə layiq görüləm...

- Uşaqları nə güldürür ən çox?

- Birincisi, uşaqları aldatmayaq. Çalışaq ki, onların nəbzini tutaq. Uşağı aldadanda o, sənə kloun kimi baxmayacaq. Kursum da var, dərs də deyirəm. Az sayda tələbəm var. Mən həmişə deyirəm ki, kloun gərək elə gülə ki, uşaqlar yersiz gülüş hiss etməyə. Həmişə inanalar ki, doğrudan da kloun var. Mən kloun geyimində nə su içmişəm nə çörək yemişəm.

- “İndiki uşaqlar” deyirlər e... böyüklər. Bax, nə müşahidə edirsiniz, indikilər necədirlər?

- Uşaqlar ağ vərəqdirlər. Onlara birinci dəfədən nə rəngi yaxsan, o olacaq. Bəzən uşaqlar mənə deyir ki, kloun əmi vampirdir. Çünki onu valideyn elə qorxudub. Özünə hörmət edən valideyn belə axmaq sözlər deməz. Mən valideynlərə deyirəm ki, həmişə nağıllara inansın, nağıllara güvənsinlər (Barmağını burnuna vurub kloun səsi ilə əlavə edir) Bir də gərək burnun həmişə qırmızı olsun...

- Uşaqlarla bağlı yaddaqalan nə əhvalatınız olub?

- Bir dəfə binanın pilləkənləri ilə qalxıram, bir uşaq qapını açmaq istəyir. Əli çatmır, xahiş edir ki, qapının zəngini basım. Basıram. Mənə deyir ki, indi qaç, içəridən “ovçarka” çıxacaq. Qapı açılan kimi mən aşağı götürüldüm. Əlimi çeynədi it. Üç ay xəstəxanalarda gəzdim. Amma buna baxmayaraq uşaqları sevirəm.

(Hərbi salam verir) Mən uşaqlara xidmət edirəm.

Olarmı bir şeir də deyim axırıncı anda?

- Buyurun.

- Mən sülhə səs verirəm,

Milyonlardan biri tək

Ki, bir daha ordular üz-üzə dayanmasın

Mən sülhə səs verirəm,

Ağsaçlı annələrin

Gözü yaşla dolub, qəlbi darda qalmasın

Mən sülhə səs verirəm

Beşikdəki körpələr, məktəbdəki uşaqlar

bağçadakı çocuqlar

ağlayaraq oyanmasın.

Gülərək oyansınlar...

# 1428 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #