Şəhid olan heykəltəraşmızın o şəkli

Şəhid olan heykəltəraşmızın o şəkli
4 aprel 2016
# 14:00

Venesiya kinofestivalının əsas mükafatını alan, 1990-cı illər Makedoniya müharibəsindən bəhs edən “Yağış öncəsi” adlı film var.

Rejissoru makedoniyalı Milço Mançevskidir.

Bu, müharibə dəhşətlərinin dərin qatlarını göstərən ən yaxşı filmlərdən biridir.

Üç hekayədən “Sözlər”, “Üzlər” və “Fotoqraflar”dan ibarət olan, həm müstəqil film kimi, həm də bir-birilə süjet bağlılığı olan bu üç epizodun mərkəzi mövzusu müharibənin təhrif elədiyi, eybəcərləşdirdiyi dünyadır.

Filmin əsas qəhrəmanı, dünyanın təhlükəli nöqtələrindən həqiqəti çatdıran məşhur fotoqraf Aleksandr Makedoniyaya, doğulduğu kəndə qayıdır. Burda çox şey dəyişib, müsəlman və xristianlar bir-birinə düşmən kəsilib, əvvəlki mehribanlıq, doğmalıq yox olub. O, burda uşağlığının idillyasını tapa, amansız, nifrət dolu reallığı qəbul edə bilmir. Onun sülh, barış niyyətini dostları, ailəsi pis qarşılayır. Aleksandr müsəlman qızını xilas etmək istəyəndə gülləyə tuş gəlir.

Filmin hər şeyə rəğmən həyata sevgiylə sarılmaq istəyən Aleksandrın ölümü ilə bitməsi həm də simvolik anlam daşyır.

Və onun qətli özündə bir neçə şeyin ölümünü ifadə edir: insanın, həqiqətin və sənətin.

Bir neçə gün öncə cəbhə xəttində həlak olmuş Samir Kaçayevin Facebookda nə vaxtsa yerləşdirilmiş, qollarını həyata, azadlığa, sonsuzluğa sevgiylə açmış fotosunu görəndə o obrazı xatırladım.

Samir Rəssamlıq Akademiyasının məzunu olub. Heykəltəraş idi.

Samirin həlak olmasını həm də simvolik qəbul edirəm.

Əsasında humanizmi, barışı daşıyan sənətə atılmış güllə kimi.

Ayrı-ayrı nümunələrdə sənətin mütləq xeyir olmadığını, şərə də xidmət etdiyini bilirik. Amma ümumuilkdə, sənət təkcə sənət kimi yox, həm də müəllif, ideya kimi absolyut şərlə həmişə müharibədə olub.

Salvador Dalinin “Vətəndaş müharibəsinin duyulması” tablosu, Jan Renuarın faşizmi öncə görməsi kimi qəbul edilən “Oyun qaydaları” filmi, onlarla bədii, fəlsəfi əsərlər...

Hitler Almaniyasında meydana gəlmiş “Degenerativ sənət” anlayışı vardı. “Degenrativ sənət”ə modern cərəyanlar impressionizm, dadaizm, kubizm, sürrealizm, fovizim, ekspressionizm və s. daxil idi.

Nasist təbliğatı alman xalqı üçün sənətdəki yenilikləri təhlükəli sayır, avanqard, antiklassik sənətə qarşı çıxır, onun alman xalqı ilə heç bir əlaqəsi olmadığını iddia edirdi.

Ona görə Hitler Almaniyası yeni, fərqli fikri daşıyıcısı olan rəssamlara, bəstəkarlara, rejissorlara, yazıçılara qarşı repressiyalara başladı.

Hitlerin “degenerativ sənət”lə bağlı çıxışında belə fikir yer alır: “Deyirlər, onlar başqalarının gördüyü kimi görmürlər.

... Etiraf eləmək lazımdır ki, doğrudan da bu əsərlərdən bəziləri tərsinə görən insanlar tərəfindən çəkilib”.

Sonra o, sənətə qarşı amansız müharibə aparacağını bəyan edir.

Sənət müharibənin alternatividir. Və bu gün də şərlə müharibədədir. Fəqət, informasiya sərhədlərinin yox olduğu, sənətin təsir imkanlarının geniş ola biləcəyi dövrdə belə o, nə yazıq ki, müharibəyə, şərə, terrora hələ də uduzur, güllələnir.

Samirin Facebook profilində müxtəlif şəkillərinə baxıram: heykəl işləyərkən, sərgidə, gitara ilə, mükafat alanda, əl işləri...

Hətta “Tolerant Azərbaycan gənci” layihəsində heykəltəraşlıq nominasiyasında yer də tutubmuş.

Cəbhədə həlak olandan sonra tanıdığımız Samir mənim yaddaşımda əsgərdən çox, heykəltəraş kimi, yaratdığı əsərlərlə, həyatı sevgiylə qucaqlayan fotosu ilə qalacaq. Bu, mənim özlüyümdə şərə, vaxtsız, ədalətsiz ölümlərə etirazımdır. Və uduzmuş, məğlubiyyətinə rəğmən ləyaqətini itirməyən, ümidsizləşməyən sənətin yanında olmaqdır.

# 3619 dəfə oxunub

Oxşar xəbərlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Gülab - Qərib Mehdinin hekayəsi

Gülab - Qərib Mehdinin hekayəsi

15:00 21 yanvar 2026
Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti  - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

10:00 21 yanvar 2026
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

15:00 20 yanvar 2026
Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər