Onları hansı kitab sarsıdıb? SORĞU

Onları hansı kitab sarsıdıb? SORĞU
29 yanvar 2014
# 09:00

Kulis.Az “İndiyə qədər oxuduğunuz kitablar arasında sizə ən çox təsir edən, sizi sarsıdan hansı əsər olub?” sorğusunu təqdim edir.

Anar: ““Kitabi Dədə Qorqud”un adını çəkə bilərəm”.

Əkrəm Əylisli: “Tələbəlik vaxtı Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsərini oxuyanda sarsıldım. Bir-iki dəfə demişəm, ingilis yazıçısı Qrehem Qrinin kitabını Moskvadan çoxdan almış, amma oxumamışdım. Keçən yay oxudum, məni əməlli-başlı sarsıtdı. İndi özüm istəyirəm elə bir əsər yazım ki, kimisə sarsıtsın”.

Kamal Abdulla: "Nəriman Əbdürrəhmanlının "Yolçu" romanı son oxuduğum ən təsirli əsər olub. Azərbaycan ədəbiyyatının möhtəşəm bir əsəri deyə bilərəm. Bu barədə fikirlərimi oxucularla, Allah qoysa, bölüşəcəyəm".

Səfər Alışarlı: “Məncə, sual bir az azərbaycansayağı qoyulub. Belə millilik mənim ürəyimcə deyil, heç zaman olmayıb və bütün ömrüm boyu onunla mübarizə aparmağa çalışmışam. Bu ona bənzəyir ki, avtomobil mütəxəssisindən soruşasan: ən yaxşı avtomobil hansıdır? Və yaxud: Ən yaxşı ev hansıdır?

Ən yaxşı bir və ya bir neçə kitabla zəngin yazıçı düşüncəsi formalaşdırmaq mümkün deyil. Biz necə deyə bilərik ki, XIX –XX əsr klassik rus ədəbiyyatında, məsələn, Dostoyevski Çexovdan daha yaxşı yazıçıdı? Biz bunu deyə bilmərik.

Mən Fransa ədəbiyyatında “Qarqantüa və Pantaqrüel”dən tutmuş Kamyuya, Sartra qədər dəyərli nə varsa oxumuşam, bu zaman kəsiyinə aid Avropanın çap olunmuş nəyi varsa, əlimə keçən hər şeyi təkrar-təkrar oxumağı sevirəm. İnanın ki, mən indi “Don Kixot”u azərbaycanca oxuyuram, çoxlu tərcümə xətalarına baxmayaraq, sevinirəm ki, belə bir əsər bizim ana dilimizdə də var. Və Sizin verdiyiniz o suala cavab tapmaq istəyən Azərbaycan gəncinin gələcəkdə barmaq qatlamaq üçün bir əsəri artıq mövcuddur.

Mən heyfsilənirəm ki, klassik və müasir hind, çin, yapon ədəbiyyatına, Orxan Pamuk istisna olmaqla, Anadolu türklərinin ədəbiyyatına dərin bələdçiliyim yoxdur. Mən heyfsilənirəm ki, cavan deyiləm. Cavan olsaydım, bütün ömrümü müasir Türkiyədə olan möhtəşəm tarixi-mədəni irsin öyrənilməsinə həsr edərdim. Bu kontekstdən yanaşsaq, mən Homeri, Aristoteli necə sevməyə bilərəm?!”

Seymur Baycan: “Bu suala cavab olaraq bir əsərin adını çəkməkdə çətinlik çəkərəm. Oxuyub, təsirləndiyim əsərlər çoxdur. Bunların arasında Dino Busattinin “Tatar çölü”, Knut Hamsunun “Misteriyalar”, Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı”, İvan Turgenyevin “Rudin”, Herman Broxun “Vergilyanın ölümü”, Lev Tolstoyun “İvan İliçin ölümü” və “Sergi ata”, Maksim Qorkinin “Mənim universitetlərim”, Con Steynbekin “Adamlar və siçanlar” əsərlərini qeyd edə bilərəm”.

Orxan Fikrətoğlu: “Mənə təsir edən çox əsər oxumuşam. Onları oxuyandan sonra yazmağa başlamışam. Lev Tolstoyu qeyd edə bilərəm. Tolstoy özü bir dindir. Onun öz qayda-qanunları, əxlaq normaları var. Tolstoy mənə çox təsir edib”.

Varis: “Son vaxtlar oxuduğum əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” mənə təsir etdi. Ümumiyyətlə, mənə ən çox təsir edən əsər Dostoyevskinin “Cinayət və cəza” əsəri olub. Yeniyetməlik vaxtı oxumuşam”.

Günel Mövlud: “Dino Busattinin “Tatar çölü” romanını oxuyandan sonra öz aqibətimizi anladım və sarsıldım. Başqa bir neçə əsər adı da çəkmək olar, amma en təsirlisi “Tatar çölü” oldu. Bir də Eduard Limonovun “Uğursuz adamın gündəliyi” romanı da təsir edici idi”.

Arif Quliyev: “Maksim Qorkinin “Mənim universitetlərim” əsəri məni çox sarsıdıb. O qədər içdən yazıb ki...”

Fərhad Xəlilov: “Mənə ən çox təsir edən yazıçı Uilyam Folknerdir. Onu bir əsərinin adını çəkmək istəməzdim. Folknerin “Kənd”, “Şəhər”, “Malikənə” romanlarından ibarət trilogiyası, “Hay-küy və hiddət”, “Avqust işığı”, “Ayı” povesti olduqca qeyri-adi, şairənə əsərlərdir. Baxmayaraq ki, əsərləri çox çətin oxunur, ancaq obraz yaratmaq qabiliyyəti olduqca ustacadı. Onun əsərlərində yaratdığı inəkdən tutmuş Snoups obrazına qədər bütün qəhrəmanlarına sevgi, məhəbbət var”.

Arif Məlikov: “Bu sual çox çətindir. Çox əsərlər oxumuşam, təsirləndiyim də çox olub. Ən son oxuduğumu deyə bilərəm. Bu İrvinq Stounun Van Qoq haqında kitabıdı – “Yaşamaq yanğısı”. Onu mənə tələbələrim hədiyyə etdilər. Bir də baxdım ki iki günə bitirmişəm. Təsirləndim, çünki bu əsərin arxasında böyük bir sənətkar, onun həyatı, əzabları dayanır”.

İlqar Cahangir: “Soljenitsinin “İvan Denisoviçin bir günü” əsəri”.

Vidadi Həsənov: “Kamal Abdullanın “Sehrbazlar dərəsi” kitabı...”

Ayşad Məmmədov: “Şarl de Kosterin “Ulenşbigel haqqına əfsanə” romanı məni ən çox təsirləndirən əsər olub”.

Cənnət Səlimova: “Alman teatrşünası Hans-Tis Lemanın “Postdramatik teatr” əsəri məndə böyük təəssürat buraxıb. O, sual verir ki niyə indi teatr sənəti böhran keçirir? Və çox maraqlı nəticələrə gəlir. Neçə müddətdir ki, bu kitabın təsirindəyəm”.

Bəhram Osmanov: “Lars Nurenin “Müharibə” pyesi....” (Bu pyesi rejissor Gənc Tamaşaçılar Teatrında səhnələşdirib-red).

Əli İsa Cabbarov: “Altıncı sinifdə oxumuşdum “Qabusnamə”ni və bərk təsirlənmişdim”.

# 6629 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #