Aşpaz olmaq istəyirdi, rəssam oldu

Aşpaz olmaq istəyirdi, rəssam oldu
21 avqust 2013
# 07:30

“Altı yaşımda aşpaz olmaq istəyirdim. Yeddi yaşımda Napoleon olmağı arzulayırdım. O gündən bəri ambisiyam böyüdükcə böyüdü”.

1904-cü ilin 11 May günü İspaniyanın Kataloniya bölgəsində Fiqeras kəndində bir oğlan dünyaya gəlir. Atası Salvador Dali Kuzi və anası Felipa Domenik Ferres yeni doğulmuş oğlana doqquz ay əvvəl ölən oğullarının adını verirlər. Oğlanın beş yaşı olanda onu ölmüş qardaşının qəbrinə gətirərək: “Bu, sənin qardaşındır. Sən onun reinkarnasiyasısan (ruhun təkrar qayıdışı və bir bədəndən başqa bir bədənə keçməsi – R.N)”, - deyirlər. Dalidən təxminən yarım əsr əvvəl yaşamış Vinsent Van Qoq da eyni taleyi yaşamışdı; ona da bir il əvvəl ölən qardaşının adı verilmişdi. Bəlkə elə hər iki dahi rəssamın uğurunun sirri həyata ölən qardaşlarının yükünü daşıyaraq başlamaqda idi? Yaxud eyni travmaları yaşamaları idi?..

Salvadorun atası bölgənin ən yaxşı hüquqşünaslarından biri olub. Uşaq vaxtlarından rəsmə maraq göstərən Salvadora ilk rəsm dərslərini həmin bölgədə yaşayan ən məşhur impressionistlərdən olan Ramon Piçot verir. On üç yaşına çatanda atası Salvadorun qara karandaşla çəkdiyi əsərlərdən ibarət sərgisini hazırlayır.

“İnsanlar sirli şeyləri sevirlər, mənim rəsmlərim də ona görə sevilir”

16 yaşında rəssamın anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu, Dali üçün böyük itki və travma olur. Çox sevdiyi xalası ilə atasının evlənməyinə də səsini çıxarmır. Piçotun tövsiyəsi ilə Salvador Madriddəki San Fernando Kral İncəsənət Akademiyasına daxil olur.

“Sürrealizm dağıdıcıdır; təxəyyüllümüzü məhdudlaşdıran bütün qandalları məhv edir”

Akademiyada oxuduğu vaxtlarda əsərləri ilə diqqəti özünə cəlb edə bilir. Burada o, Federiko Qarsia Lorka, Luis Bunyuel, Pepin Bello kimi incəsənət adamları ilə dostluq etməyə başlayır. Ancaq buraxılış imtahanına getməkdən imtina edən Salvador saymazyana davranışlarına görə akademiyadan qovulur və iyirmi iki yaşında evinə - Fiqerasa qayıdır.

“Şəkli əvvəlcədən başa düşdünüzsə, onu heç çəkməsəniz də olar”

Dalinin o illərdə rəsmlərində artıq kubizm elementləri hiss olunurdu. Artıq daha kəskin və sərt ünsürlər ön plana çıxırdı. Barselona və Parisdəki sərgilərində nümayiş olunan qeyri-adi qrafik rəsmlər onu həmyaşıdlarından daha da fərqləndirirdi. Dostu sürrealist rejissor və ssenarist Luis Bunyuel ilə birgə çəkdikləri qısametrajlı filmdəki zorakılıq səhnələri Fransada yaşayan ispan sənətçilərin də diqqətini çəkmişdi.

Parisə gedən Dali barselonalı rəssam Joan Mironun köməyi ilə özündən iyirmi yaş böyük rəssam Pablo Pikasso ilə görüşür. Şöhrətin zirvəsinə çatmış Pikassonun Dalini tərifləməsi sənətçiyə bütün yollarda “yaşıl işıq” yandırır. Çox keçmir ki, Dali rəssam Andre Bretonla da yaxın dost olur.

“Rəssamlıq incəsənətin vicdanıdır. Aldatmaq şansınız yoxdur: rəsm ya pis olur, ya yaxşı”

Bir tərəfdən Freyd oxuyub şüuraltı qavramına və yuxuların sirrinə dalmaq istəyən Dali intibah dövrünün rəssamları - Rafael, hollandiyalı barokko rəssamı Yan Vermeer və ispan Velaskesin üsullarından yararlanırdı. 1931-ci ildə çəkdiyi “Yaddaşın möhkəmliyi” adlı əsər Dalinin şedevrlərindən sayılır.

Rəssamın həyatı 1929-cu ildə Parisdə Qala ilə tanış olmaqla dəyişir və yeni bir səhifə açılır. Vaxtı ilə Rusiyadan qaçan Qala Salvadorla tanış olanda şair Pol Eluard ilə evli idi. Dali və Qala qarşılarındakı bütün maneələrə baxmayaraq, birlikdə yaşamağa başlayırlar. Qala bir müddət sonra ərindən boşanıb Dalinin ilham pərisi, sevgilisi, modeli və meneceri kimi işləməyə başlayır. Rəssamın atası onların evlənməyinə qarşı olsa da, cütlük 1934-cü ildə nikaha daxil olurlar.

“Uğurun ölçüsü ancaq narazıların qısqanclığıdır”

1936-cı ildə Fransisko Frankonun başlatdığı və tezliklə İspaniya vətəndaş müharibəsinə çevrilən hərbi münaqişə Salvador Dali ilə onun əsasən solçu düşüncələrə malik sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, "sürrealizm mənəm" fikrini söyləyir.

“İnsanların mənim zarafat etdiyimi, yaxud ciddi olduğumu bilmələrinə ehtiyac yoxdur, necə ki, heç mənim də vecimə deyil”

Dali Pikassodan aldığı borc pulla sevgilisi Qalanı da götürüb Amerikaya köçür. Getdiyi gündən yuxarı çevrələrin sevimlisinə çevrilən Dali Elena Rubinşteyn, Koko Şanel kimi məşhurlarla dost olur, Alfred Hitçkokla “Walt Disney” studiyalarında film çəkməyə başlayır.

“Ambisiyasız intellekt qanadsız quş kimidir”

Amerikada yaşadığı vaxtlarda bəzən kommunist, bəzən anarxist, bəzən monarxist çıxışları ilə hamını çaş-baş salan Dali əsərlərini Nyu-York Modern İncəsənət Muzeyinə verir. II Dünya Müharibəsindən qaçıb Amerikaya sığınan Dali cütlüyü 1949-cu ildə İspaniyaya qayıdır və Kataloniyada yaşamağa başlayırlar.

“Mükəmməllikdən qorxmayın; ona heç vaxt nail olmayacaqsınız”

Tez-tez hobbi dəyişdirən Dali Freyddən sonra dinə və Enşteynin “Nisbilik nəzəriyyəsi”nə maraq göstərir. Bu nəzəriyyədən təsirlənərək şəkillərində axıcı, budaqlardan asılan saat elementlərindən istifadə edir. 1954-cü ildə bitirdiyi “Yaddaşın möhkəmliyinin dağılmağı” əsəri şedevr kimi tarixə düşür.

Aralıq dənizindən ayrıla bilməyən rəssam Paris, Nyu-York kimi şəhərlərə qısa səyahətlər edərək tez Kataloniyaya qayıdırdı. İspan, katalon və ingilis dillərində səlis bilməyinə baxmayaraq fransız dilini rəsmi dili elan etmişdi. Bütün məktublaşmaları, sənədləri, vacib insanlarla görüşlərində məhz fransız dilində danışmağa üstünlük verərdi.

“Dəli ilə mənim aramda bir fərq var; dəli özünü ağıllı sayır, mənsə dəli olduğumu bilirəm”

İngilis yazıçı Corc Oruell Dali haqqında: “İnsan ağlında iki həqiqəti saxlamalıdır: birincisi Dalinin əvəzedilməz rəssam, o biri isə onun iyrənc insan olmağını”,- deyib. Dali haqqında fikir bildirməyən çox az yazıçı var.

“Hər səhər yuxudan oyananda yenidən fövqəladə bir həzz yaşayıram: Salvador Dali olmağın həzzini”

Sağlığında biri Amerikada, digəri öz əyalətində olmaqla adına iki muzey qurulan Dali “Əvvəlcə Qala və mən. Sonra mən. Sonra başqaları, Qala və mən” deyəcək qədər sevdiyi arvadından 1965-ci ildə ayrılır. Qala Dalinin menecerliyinə davam etsə də, ayrı-ayrı evlərdə yaşayırlar. Buna baxmayaraq, Dali Qala üçün bir qəsr alaraq onu ora dəvət etməyincə gəlməyəcəyinə söz verir.

“Ey Salvador, artıq həqiqəti bilirsən; dahi rolu oynasan, dahi olarsan”

1980-ci illərdən etibarən rəssamın əlləri titrəməyə başlayır. Buna çarə tapa bilməyən Dali məcburən rəsm çəkməyi dayandırır. 1982-ci ildə Qalanın dünyadan köçməsi Daliyə çox ağır təsir göstərir və onun həyata bağlılığını azaldır. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başlayır. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verir. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Xoşbəxtlikdən xidmətçiləri onu xilas edə bilirlər. Rəssam 5 il sonra arxasınca 1500-dən çox əsər və milyonlarla pərəstişkar qoyaraq dünyasını dəyişir.

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #