Sol incəsənət nədir və necə olur?

Sol incəsənət nədir və necə olur?
22 aprel 2013
# 10:09

Keti Çuxrov: Şair, filosof, kulturoloq, dramaturq. Rusiya Elmlər Akademiyasının doktorantı. «İncəsənətin fəlsəfi tənqidi teatr layihəsi: Olmaq və ifa etmək» kitabının müəllifi, Ezra Paund, Pyer Bulez, Rolan Bart yaradıcılığının tədqiqatçısı. Siyasətdə və estetikada sol görüşün tərəfdarı.

Rusiyada sol olmaq dəbdədir. Etiraz hərəkatı aksionizmi aktuallaşdırdı, liberallar inqilab lüğətini özününküləşdirir, SSRİ-nin ölümündən sonra doğulmuş iyirmi yaşlılara isə inqilab romantikası xoş gəlir. Nə üçün incəsənətdə sol və müasir sözləri sinonimdir, amma «siyasi» və «inkarçı» sözləri yox? Kulis.Az “Teatr” jurnalının filosof, kulturoloq, şair Keti Çuxrovla bu haqda, ümumiyyətlə solçu nəzəriyyənin əsasları haqda müsahibəsini təqdim edir.

- Təklif edirəm ki, termini dəqiqləşdirək. Biz nəyi solçu incəsənət adlandırırıq? Onun estetik kriteriyaları varmı?

- Hər şey ondan başlayır ki, bütün Qərb incəsənəti soldur, çünki, o, kapitalist cəmiyyətin tənqidi üzərində qurulub. Sol incəsənətin cərəyanlarından biri avanqarddır. «Müasir incəsənət» termini (Modern yox, contemporary) ötən əsrin 60-cı illərində meydana gəldi. Bu mənada müasir incəsənət üçün «mən solçuyam» bəyanatlarında demarkasiyaya (sərhədi, xətti keçdiyini bildirən nişan) ehtiyac yoxdur.

- Mənə elə gəlir ki, müasir incəsənətin hamısı kapitalizmin tənqidi ilə məşğul olmur...

- Kommersiya incəsənəti var ki, spektakulyar incəsənət kontekstində mövcud olan muzeylər, qalereyalar buna aiddir. Amma incəsənət tarixinin hansı parametrlərlə yazıldığına baxsaq, onda görərik ki, bu parametrlər incəsənəti etika, estetika və siyasətdə tənqidi alət olaraq görür. Özünü belə görsə də, görməsə də bu tənqidilik məhz soldur. «Sol» sözü 1990-cı illərdə Moskva aksionizminə münasibətdə işlədilib, amma onda bütün cəmiyyət radikal olaraq nə sol idi, nə tənqidi idi, ona görə də bu termini işlətmək lazım gəlmişdi. Müasir Qərbin mədəniyyət avanqardı cəmiyyətin tənqidi və sol diskurs olmadan özünü təsəvvür etmir. Və bu termin artıq özü-özünü doğruldur.

- Gəlin marksistcə formullaşdıraq, sol incəsənətin vəzifələri nədir?

- Sol nəzəriyyə kimi sol incəsənət də əmək şərtlərinin ədalətli və ya ədalətsiz olması, mülkiyyət bölgüsü, sahibkarlıq və istehsal kimi məsələlərin yaratdığı problemlərlə məşğul olur. O, özəl sahibkarlıq–əmək əksəriyyətilə müqayisədə azlığı - əlavə dəyər, istehsal kimi situasiyaları, iqtisadi, sosial və dövlət repressiv formalarında meydana gəlmiş zülmü, əzilməni tədqiq edir. Sol incəsənət müxtəlif səviyyələrdə –iqtisadi, sosial və fəlsəfi – ədalətsizlik, qeyri bərabərlik, istismar kimi məsələləri araşdırır. Burada klassik marksizm var. Bir də var post-sənaye dövrünü yaşayan istehsal növləri və müasir vasitələr nöqteyi-nəzərindən situasiyanı araşdıran marksizm...

- Çoxdandı belə formullar eşitmirdim. Hətta keçmiş SSRİ də «sol» termini unudulmuşdu...

- Sol nəzəriyyə əsasən Qərbdə formalaşıb, SSRİ-də inkişaf edə bilmədi, təcrübədə müəyyən mənada gerçəkləşdi və dondu. Amma Qərb sol nəzəriyyəsi bütün zamanlarda və çətin situasiyalarda mövcud oldu: bir tərəfdən onun ardıcılları radikal dəyişikliklər tələb edirdilər, digər tərəfdən başa düşürdülər ki, belə dəyişikliklər totalitarizmə, avtoritar rejimə gətirib çıxara bilər. Bütün hallarda əsas olan radikal azadlıq, sərbəstlik, əmək və istehsal baxımından ictimai meylin, mövqesizliyin dəyişməsi idi. Ya da prinsipcə, kapitalizm kontekstində mövcud olan sosial demokratiya formalarına qoşulmaq idi. Əsas faktor bərabərlik elan edən Sovet İttifaqının, humanitar dövlətin mövcud olması idi. Qoy, lap bu bölünən iqtisadiyyat, idarəetmənin bürokratik forması, imtiyazlar şəklində olsun, hər halda xüsusi sahibkarlıq qeyri-qanuni elan olunmuşdu, iqtisadiyyat daima əlavələri bölüşdürürdü və vətəndaşlara sahibkar olmağa icazə vermirdi. Sovet cəmiyyətində mövcud olan humanist elementlər Qərbin qeyri humanitar formalı kapitalizminə özünü təkmilləşdirməyə, demokratikləşməyə, özəlləşmə və ümumi xeyir məsələləri məşğul olmağa vadar etdi.

- Belə çıxır ki, SSRİ-nin və başqa sosialist ölkələrin mövcud olması Qərb tipli kapitalizmin humanistləşməsinə təsir göstərdi?

- Sosializm müharibədən sonrakı Avropada sosial demokratiya layihəsinin dominantlaşmağına təsir göstərdi. 1968-ci il inqilabı həm də ona görə baş verdi ki, belə cəmiyyət artıq mövcud olub. Pis yaxşı, artıq mayak var. İnsanlar kütləvi təhsil haqlarını tələb etdilər.

- Bizim etirazçı hərəkatda orientorlar liberallardır, bununla bərabər sol incəsənətin formaları işlənir. Sənətkarın istinad etdiyi ideologiya ilə onun istifadə etdiyi üsullar arasında ziddiyyət var. Yoxsa bu, şizofren situasiyadır?

- Bu şizofren situasiya deyil, o, Qərbin meynstrimidir (mainstream-əsas axın, incəsənətdə ən çox yayılış istiqamət-tərc). Biz bilirik ki, Qərbdə liberal demokratiyadır, amma ən əsas ondakı sol incəsənətdir, onlar bir yerdə meydana gəlirlər. Kapitalizm şəraitində sosial demokratiya cəmiyyətə özünü daim formada saxlamağa imkan verir. Açıq bazar hökm sürəndə sol kontekst uçqun təhlükəsinin qarşısını alır, necə ki, 90-cı illərdə bizdə baş verdi – yalnız ilkin akkumlyasiya, insanları yağmaçıya çevirən xüsusi dəyərlər. Çünki demokratiya haqqında söhbətlər bizdə işləmədi, hər şey konservativ nəzarətə və idarəolunan oliqarxiyanın yaranmasına gətirib çıxardı.

- Elə solçular da sosial ədaləti nəzərə çarpdırırlar...

- Liberal etika demokratiya ilə bağlıdır, insan haqlarının bərabərliyinə iddia edir. Amma digər tərəfdən heç bir şəkildə şəxsiyyət azadlığını və xüsusi məkanı məhdudlaşdırmayacaq, o bütün hallarda özəl mülkiyyətə iddia edir. Bu sosial demokratiyanın və burjua cəmiyyətinin əsaslarıdır. Burjua inqilabı qardaşlıq, bərabərlik azadlığıdır. Və yaxud da, azadlıq, bərabərlik xüsusi mülkiyyətdir. Bu lozunqlar bizim indiki situasiyamız olan qohumbazlığa əsaslanan konservativ feodal cəmiyyətdən qopma, azad olmadır. Biz indi 1991-ci ildə alınmayan liberal burjua inqilabını edirik, çünki onda yarımfeodal partokratik rejim yarandı. Amma məsələ orasındadır ki, bizim bugünkü etirazçı sənətimiz həqiqətən də formalaşmış solçuluqdur. Çünki kilsəyə qarşı çıxış edən Pussy Riot və ya milisə qarşı olan «müharibə» qrupu sosial kontekstdə suallar qoymur, onlar sadəcə hakimiyyətə qarşıdırlar.

- Onda etirazçı incəsənət və siyasi incəsənət arasında sərhəd qoymalıyıq.

- Hə, əlbəttə. İnsan ictimai məkanı murdarlamağa cəhd edəndə və bununla şəxsi azadlığının olduğunu sübut etmək istəyəndə –bu şəxsi etirazdır. Amma bu, siyasi etiraz deyil. Liberal cəmiyyət insana alt paltarını soyunmağa və məkanı murdarlamağa icazə verir. Amma hər etirazçı incəsənət siyasi deyil, bu dəqiqdi.

- Amma bütün siyasi incəsənət solçudur?

- Bu gün belədir. Və o, nəyəsə münasibətdə solçudur. Məsələn Passi Riot Putinə münasibətdə soldur, amma Gi Debora münasibətdə sağ liberaldır.

- Onda belə çıxır ki, sənətkar liberal demokratiya üçün mübarizə aparmalıdır ki, orada əsl solçu sənətkar yerini tapsın və oradan liberal demokratiya üçün mübarizə aparsın?

- Qərbdə məhz bu baş verdi. Konservativ hakimiyyət sosial demokratiyaya gəldi. Bizdə də çox sollar kapitalizm şəraitində sosial demokratiya çərçivəsindən çıxa bilmirlər. Yəni solçuların öz taxçası var və onlar cəmiyyətə normal temperaturu saxlamağa kömək edirlər. Amma fəlsəfədə və sol incəsənətdə radikal narazılıq mövqeyi var. Məsələn istehsal növlərinin yenidən kodlaşdırılması situasiyası yenidən işlənir. Postoperaizm postmarksist nəzəriyyəsində vacib mövzudur – qeyri material əməyin nümayəndələri, kapitala işləyən intellektin nümayəndələri kapitalist istehsalından nəticə çıxarır. Bu incəsənət və fəlsəfə üçün çox vacib olan əsl siyasi məqsədir. Eyni zamanda sol incəsənət inqilabi irsin elementi kimi mövcuddur. Çünki bütün qərb ölkələrində burjua inqilabları baş verdi. Bu Bürqer cəmiyyəti anlayışı ilə məhdudlaşmamağa və zamanı üçün inqilabi olan «vətəndaş cəmiyyəti» anlayışını tətbiq etməyə imkan verdi. Marks «Buryua» və «Situayen» terminlərini ayırırdı. Hər ikisi vətəndaşdır, amma burjua öz azadlığının imkanlarından istifadə edən sadə vətəndaşdır, situayen aktiv vətəndaş mövqeyi olan insandır. Ona görə də Qərbdə qərb mədəniyyətin ilə daban dabana dayanan sol ideyalar inqilab haqqında müzakirəni qorumaqdır.

Operaizm marksizmin növlərindəndir, 1960-cı illərdə İtaliyada yaranıb. Operaizm nəzəriyyəçiləri əməyin özgələşməməsi barədə ənənəvi marksist konsepsiyası ilə mübahisə edirdilər, onlar düşünürdülər ki, sənaye konveyeri çərçivəsində bu mümkün deyil. Kapital cəlb edib informasiya texnologiyalarını inkişaf etdirmək lazımdır(Bu elə istehsal növlərinin yenidən kodlaşdırılması deməkdir), bunun üçünsə işçilər daima həyatın işə çevrilməsinə müqavimət göstərməlidirlər. Belə də işin ləngiməsi, tətillər baş verir. Postoperaizmin nəzəriyyəçiçi Paolo Virno yazır: «qeyri iş vaxtlarında tapılan, gerçəkləşən şey malın istehsalında istifadə olunur, əmək qüvvəsindən istifadənin bir hissəsi olur və gəlir mənbəyi kimi qiymətləndirilir». Bu situasiyada artıq əməyi «azad etmək» yox, elmin, mədəniyyətin və siyasətin əsaslarını, işçilərin əqli qabiliyyətlərini, təxəyyül və etik meyllərini, formal və qeyri formal biliklərini özündə birləşdirən «ümumi intellekt» kapitalist istehsalından almaq lazımdı.

İnqilabı kim oğurladı

- Sol incəsənətin formal estetik üsulları meynstrim tərəfindən necə mənimsənilir? Onlar ədəbi cəmiyyətdə nə dərəcədə kommersiyalaşa və populizmin elementi ola bilirlər?

- Sol incəsənətin artıq incəsənətdə yeni söz olmayan, siyasi alət olmayan donuq bəzi parametrləri (propoqanda, etirazçılıq, inqilabi elementlər, inqilab dili və ruhu) asan reproduksiya olunur və estetik formaya çevrilir. Müasir rus layihələrinin müəllifləri ictimai problematika konfliktinə toxunmadan tez-tez sol incəsənətin jarqonlarını səsləndirirlər. Ona görə də biz sol istiqamətli incəsənəti iki hissəyə bölərik-biri formalaşmayıb və ictimai prosesləri dərindən tədqiq edir, o birisə sadəcə olaraq tez-tez «sol» sözünü işlədir və baxışlarında, hadisələrə münasibətində ədalətlilik, bərabərlik, əzilmə sıxışdırılma problemləri haqda sualların pafosundan uzaqdır. Əgər sol incəsənət simulyakrlar və Çe Gevara tipli klişelərdirsə, ona hər yerdə və həmişə uyğunlaşmaq olar, amma sol incəsənət əqidəyə əsaslanır və ona uyğunlaşmaq olmaz.

- Hakimiyyət çox aktiv şəkildə formal priyomları mənimsəməklə məşğul olur: siz mitinq edirsiz, biz də edirik, siz performans edirsiz, biz də edirik. Bunlar mənasız təkrarlanmalardır...

- Effektiv siyasət fondu və ya ictimai layihələndirmə institutu kimi Kreml təşkilatlarının üzvləri iddia edirlər ki, hakimiyyətdən inqilabi avanqard kimi çıxış edirlər – burda radikal çevirmə məqamı mövcuddur. İri oliqarxlar (məsələn Proxorov) tez-tez deyirlər ki, onlar inqilabçıdırlar. Yəni, radikal dəyişiklik və çevirmə ideyası inqilabiliyin əsas diskurslarından biridir. Amma idarə edən azlığın adından ediləndə yox. Çünki bunun, iştirak bərabərliyi, səs bərabərliyi situasiyaları, ictimai haqlar, özünü təşkilatlandırma kimi məsələlərə aidiyyəti yoxdur. Avanqard diskursu daima kiminsə tərəfindən təyin olunur-ya hakimiyyət tərəfindən, ya liberal intellegensiya tərəfindən. Sadəcə olaraq passionar olmalı olan o əzilən təbəqə indi hardasa oturub və Putinə səs verir. İndiki inqilabilik isə orta təbəqədən gəlir. Belə bir tarixi vəziyyətdir.

- Əvvəllər avanqard utopiya istehsal etməklə məşğul idi, nəticədə bu həm estetik, həm də sosial planda gerçəkləşirdi. Müasir incəsənətdə utopiyaya meyl potensialı qalıbmı? Yoxsa o, konkret sosial institutların və ya ümumilikdə «tamaşa cəmiyyəti»nin tənqidi ilə məşğul olur?

- Vacib sualdır. 1917-ci ildə nə baş verdi? Mümkün olmayanı reallığa çevirən radikal dəyişikliklər. Bu mövcud ola bilməyən utopiyanın təcəssümü idi. Bunun haqqında məsələn Boris Qoys yazıb.

- Bir çox avanqard sənətkarların idarəçilikdə olması təsadüfi deyil, məsələn Meyerxoldun (Meyerxold Rusiyada oktyabr inqilabından sonra Petroqradda xalq komitəsində məsul işdə işləyib –tərc) .

- Bu elə bir unikal məqam idi ki, sənətkarlar real siyasi hakimiyyətdə oldular. Bəşər tarixində hələ belə şey olmamışdı. İndi Berlin bienalesində elə yolar axtarırlar ki, incəsənət siyasi hakimiyyət qazansın. 1960-cı ildə qərbdə avanqardlar bunu etmək istədilər, amma alınmadı. 60-cı illərdə sənətkarlar dedi: gəlin incəsənətdən gedək və estetik heç nə yaratmayaq və bununla cəmiyyətə daxil olaq. Rus avanqardına isə həqiqətən estetika və həyat arasında həddi silmək mümkün olmadı, ona görə ki istehsal vasitələri radikal şəkildə ictimailəşdi. Birdən hər şey ictimai oldu. Ona görə də avanqard sənətkarlara studiyada oturub ezoterika yaratmaq maraqsız oldu. Onlar öz supermatik formalarını dizayna tətbiq etdilər. İndi incəsənətin çox elementləri dizayna tətbiq olunur, amma bu ictimailəşmə deyil, bu kommersialaşma, özəlləşmədir.

- Söhbətin əvvəlində müasir incəsənətlə sol incəsənət arasında bərabərlik işarəsi qoydunuz. Onda bəs pop-art nədir? Axı onu sol adlandırmaq çətindir?

- Bu, amerikan hadisəsidir. Pop-art kütləvi sənətlə və müəyyən mənada yüksək zövqün tənqidi ilə bağlıdır. Ona görə də Amerika üçün o sol idi. Avropa üçünsə yox. Əlbəttə bu qlamurun və dəbli həyat tərzinin reklamı idi. Amma bunda kapitalizmin tənqidi elementi var idi və Uorhollda (Endi Uorhol –amerikan rəssamı) pul qazandıran fetiş çox yaxşı konseptuallaşdı.

- Amma orda heyranlıq elementi də var idi.

- Bu daha çox şizofrenik məyusluq idi ki, sirkulyasiya edən kütləvi kapitalist mədəniyyətini alternativin olmamağına öyrətdi. Uorholda nəhayətsiz kapitalist konveyerinin faciəsi var.

- Ona (yəni o konveyerə) özü də qoşuldu.

- O, qoşulmaya bilməzdi, çünki alternativ yoxdur. Uorhol hesab edirdi ki, amerikan minimalizmi əvvəlcə sol olub, sonra elitar qiymətləndirənlər çərçivəsinə, daha sonra tamamən hermetizasiyaya gəlib. Çıxış hardadır? Ya ezoterik olmaqda, ya da istehlak cəmiyyətinə gedib, onun öz dilində danışmaqda. Uorholun böyük ironiyası var.

- Yəni karikatura və absurdlaşdırma prinsipi.

- Bu, dadaist jestdir. Pop-arta gəlincə, onu tənqidi sol incəsənət hesab etmək olmaz. Amma sözsüz ki, onda demokratikləşmə elementi var idi. Avropa sol incəsənəti bir tərəfdən deyirdi ki, elitar təhsil, elitar incəsənət, elitar zövq modeli hamıya xeyir verməlidir, digər tərəfdən bu demokratikləşmə Qərbi istehlak cəmiyyətinə apardı. Yəni ikili proses getdi: demokratikləşmənin köməyi ilə istehlak cəmiyyəti yarandı - Bu artıq Keyns iqtisadiyyatı ilə bağlıdır. Bir əli ilə o, hansısa malı almaq imkanı olmayan insan kütlələrinə kreditlə almaq imkanı və ya xüsusiyyətçi olmaq imkanı verir, bununla da kapitalizmi möhkəmləndirir, digər tərəfdənsə, cəmiyyəti demokratikləşdirir, çünki cəmiyyət sərfəlidir. Bu şizofrenik aspekt haqqında Jil Delez “Kapitalizm və Şizofreniya” kitabında yazdı. Bu pop-art və demokratikləşmənin bir çox elementlərinin istehlak cəmiyyətinə gətirilməsi idi. Sonra isə hansısa mərhələdə istehlak cəmiyyətinin, Gi Deborun təbirincə desək, “ictimai tamaşanın”, tənqidi meydana gəldi. Növbəti inqilaba cəhd onu özünə gətirdi. Situasionist beynəlmiləl, Gi Debor, film və tamaşanın tənqidi artıq 1970-ci ildə incəsənətdə tam bir istiqamət idi....

# 4122 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #