“5-6 il o küçə ilə dolanmışam”

“5-6 il o  küçə ilə dolanmışam”
8 aprel 2013
# 07:00

Ömrü boyu dağ başında qoyun otarmış, sürü dalıyca qaçmış bir çobandan neçə yazıçı-şair tanıdığını soruşsaq, heç olmaya beşinin adını çəkəcək. Bəs rəssamlar necə? Onları tanıyırıqmı? Bəzən ən bayağı , mininci dərəcəli bir təbiət rəsmini şedevr hesab edirik, bəzənsə çox böyük istedadla çəkilmiş bir tablonun yanından saymazyana keçib gedirik. Bəs rəssamlıq nədir? Təkcə boyaların sadəcə kətana köçürülməsimi, yoxsa rənglərdən yaranmış zəngin bir dünyamı?

Bu suala bir daha qayıdaq. Neçə Azərbaycan rəssamının adını çəkə bilərik? Çətin sualdır. Rəssamlar kimlərdir? Necə çəkirlər, nə çəkirlər?

Bütün bu suallara cavab vermək üçün Kulis.Az yeni layihəyə başlayır – “Rəssam emalatxanası”.

Budəfəki müsahibimiz rəssam Emin Qəhrəmanovdur.

- Neçə yaşınızdan rəssamlıqla məşğul olmağa başlamısız?

- Bütün uşaqlar kimi mənim də balacalıqdan çəkməyə həvəsim var idi. Mənim rəssam olmağımda anamın böyük rolu oldu. Ümumiyyətlə valideyndən çox şey asılıdı. Studiyama uşaqlar gətirirlər, mən onların valideynlərinə də deyirəm ki, biz onu öyrədəcəyik, amma gərək valideyn də uşaqla işləsin, onu həvəsləndirsin. Anam Səfayət Qafarova dramaturqdur, indi də yazır, o vaxt isə Lənkəran Dövlət Teatrında rejissor kimi çalışırdı. Məni rəssamlığa o yönəltdi.

- Ali təhsili harda almısız?

- Gürcüstanda Rəssamlıq Akademiyasını bitirmişəm. Atam hərbçi idi. Onun işi ilə əlaqədar 12 il Gürcüstanda yaşamışıq. Hər yay tətildə anam bizi Lənkərana gətirirdi. Portiliçdə kiçik bazarın yanında Adil müəllimin rəsm məktəbi var idi. Çox yaxşı müəllim idi. Ondan dərs alırdım.

- Rəssamlıqdan əlavə digər peşələrlə məşğul olmusuz?

- Bir müddət 3D qrafika, animasiya, kompüter qrafikası ilə məşğul olmuşam. Lakin sonradan başa düşdüm ki, bir əldə iki qarpız tutmazlar. Ona görə əlavə işləri buraxıb özümü rəssamlığa həsr etdim.

- Rəsm kursları da keçirsiz. Studiyanız da var.

- Studiya “Emart” adlanır. Özəl rəsm məktəbidir. Həvəskar hazırlıq kursları təşkil edilir. Biz studiyada başqa müəllimlərlə birgə rəssamlıq, heykəltəraşlıq, dərsləri keçirik. 70-dən çox tələbəmiz var.

- Tələbələriniz əsasən hansı yaş qrupuna aiddir?

- Tələbələrimizin ən kiçiyinin üç, ən böyüyünün 75 yaşı var. Bayaq söhbət etdiyiniz Akif müəllim ən yaxşı tələbəmizdir. Nəvəsini bizim kurslara gətirmişdi, ona maraqlı gəldi. Dedi, uşaqlıqda rəsm çəkməyi çox xoşlayırdım. Bu ahıl yaşımda yenidən çəkə bilərəm? Nəticəni də bayaq gördünüz. Nəvəsinin portretini çəkirdi.

- Kurslarla maraqlananlar çoxdu?

- Çoxdu. Əvvəlcə çox ehtiyat edirdim. Studiya açmaq fikrim yox idi. Xarici tanışlarımın arasında rəssamlığa həvəsi olanlar vardı. Dərslərə onlarla başladım. Bir il keçəndən sonra gördüm ki, bizimkilər də çox maraqlanırlar. Rəssam dostlarıma deyəndə ki, 70 nəfər tələbəm var, təəccüblənirlər.

- Daha çox kimlər gəlir? Bayaq fikir verdim, əksəriyyət rus dilində danışır, siz özünüz də onlarla rusca danışırdız.

- Daha çox rusdilli azərbaycanlılar gəlirlər. Əlbəttə, azərbaycandillilər də gəlirlər, amma nisbətlə götürəndə olduqca azdır.

- Rəssamlar əsərləri ilə qazanc əldə edə bilirlərmi?

- Açığı rəssamların çoxunun qazanc sarıdan problemləri olur. Bəzilərinin iki peşəsi var. Həm rəssamlıq edir, həm də biznesmendi. Çəkdiyi rəsmin satışı ilə də məşğul olur. Bir də işin keyfiyyətindən də çox şey asılıdı. Kimsə fırça götürüb rəsm çəkirsə, bu, onun rəssam olması demək deyil. Gərək çəkdiyin işin də qiymətini biləsən. Maddi mənada demirəm, əsərinin güclü, ya zəif olduğunu bilməlisən.

Elə rəssamlar var deyir ki, əsərlərim satılmır, deməli, sən əsərinə düzgün qiymət qoya bilməmisən. Bu sənətin özünün də tənqidçiləri var. Onlar sənət əsərlərini alıb-satırlar. Rəssamların irəli çıxmasında bu adamların çox rolu olur. Mənə gəldikdə isə elə bir çətinliyim yoxdu. Mən oturub gözləmirəm ki, kimsə mənim üçün nəsə edəcək, kimsə əsərimi satacaq, Rəssamlar İttifaqı mənə nəsə verəcək.

- İttifaqın üzvüsüz?

- Keçən il üzv olmuşam.

- Kömək etmirlər?


- Yox. Orda oturanlar yalnız özləri üçün çalışırlar; mənasız sərgilər təşkil etməklə, öz ətraflarına kömək etməklə məşğuldurlar.

- Düzdür, hələ reallaşmasa da Yazıçılar Birliyində yazıçılara ev verilməsi məsələsi gündəmdədi və ya yazarlara prezident təqaüdü verilir. Bəs sizin ittifaqda vəziyyət necədi?

- Bunlardan heç xəbərim yoxdur. Təqaüd istəmirəm, heç olmaya kətanımı, boyamı versinlər, lazımı rəngləri tapmağa kömək etsinlər.

- Sifarişlərinizi olur?

- Hər rəssamın özünəməxsus müştəriləri olur. Daha çox avanqard janrında işləyirəm. Düzdür, başqa janrlarda da əsərlər yaradıram, yenə də ana xətt avanqarddı. Zənnimcə avanqard daha azad janrdı, üfüqləri genişdir. Buna görə də realizmlə maraqlanan müştəri mənim işimlə maraqlanmaz. Mənim öz müştərilərim var.

- Bəs dövlət sifarişləri?

- Mənə dövlət sifariş verməyib.

- Əsərlərinizin necə satırsınız? Qiyməti necə müəyyənləşdirirsiniz?

- Müəllifin kimliyi önəmlidir, müəllif nə qədər məşhur olsa əsəri də bir o qədər baha qiymətə satılar. Mənim studiyadan kifayət qədər qazancım olduğuna görə əsərlərimə qiymət qoyanda bazarı bir o qədər də nəzərə almıram. Əsərin tez, ya gec satılmağının mənim üçün önəmi yoxdur. Əsərlərimin qiymətinə gəldikdə isə ən ucuz əsərimin qiyməti 1500 manat, ən baha əsərimin qiyməti isə 8000 manatdı. Bu qiymətlərə əsərlər satmışam.

- Alıcılarınız kimlərdi?

- Əsasən xaricdə yaşayan azərbaycanlılar.

- Bəs yerli varlılar necə əsərlərinizi alırlarmı?

- Sözün düzü məndən o qədər də əsər alan olmayıb. Hər kəsin öz zövqü var. Bir də görürsən elə bir əsərə böyük pul verirlər ki, heç ona bu qədər qiymət verməyə dəyməz. Bizdə rəssamlıq sahəsində bəzi minuslar da var. Rəssamlıq tənqidçiləri olmalıdır. Əsərlərə onlar qiymət qoymalıdır ki, hansı əsər neçəyə satıla bilər. Bizdə tənqidçilər varsa da, onlar səni öz dostunun-tanışının yanına aparacaq ki, bu rəssamın əsərlərini al.

- Sərgilərə dəvət olunursuz?

- Rəssamlar İttifaqının, muzey mərkəzinin təşkil elədiyi sərgilərdə də iştirak edirik. Bu ilin noyabr-dekabr aylarına Lüksemburqda fərdi sərgi keçirməyi planlaşdırıram. Bir neçə ildir ki, o sərgi üçün hazırlaşıram.

Sərgi rəssamın üzüdür. Mən sərgiyə həssas yanaşıram, ilə bir sərgi etməkdənsə, ciddi hazırlaşıb iki-üç ildən bir sərgi həyata keçirmək daha yaxşıdır.

- Rəsm əsərləri də müasir ev interyerlərinin tərkib hissəsidir. Dizaynerlər sizə sifariş verilərmi?

- Bəzən elə sifarişlər olur. İndi Avropada rəsm əsərindən çox onların fotolarından istifadə etmək dəbdədi. Hər dizayna tablo lazım olmur.

- Qalereyalara satış üçün əsərlərinizi verirsiz? Ümumiyyətlə bizdə qalereyalara az-az rast gəlinir.

- Səttarın qalereyası var. Elçinin qalereyasında çox yaxşı işlər görmüşəm. Orda rəssamlara qarşı da isti münasibət var. Adlarını çəkmək istəmirəm, bəzi qalereyalara əsəri aparırsan qəbul etmirlər, ancaq yaxın adamların işlərini götürürlər. Belə qalereyalarda əsərinə baxmırlar, üzünə baxırlar.

- Bir müddət əvvəl bizdə küçə rəssamlığını yığışdırdılar. “Tarqovı”da əsərlərini satan rəssamlara isə yeni yerlər təklif etmədilər. Əslində küçə rəssamlığı dolanışığı təşkil edən əsas sahələrdən biri, həm də şəhərlərin simvolu, rəmzidir. Sanki küçə rəssamlığı şəhərlərin mədəni inkişafının göstəricisidir.

- Sözün düzü dağıdılmadan sonra rəssamlar həddindən artıq əziyyət çəkdilər. Mən özüm 5-6 il o küçə ilə dolanmışam.

- Bəs nə üçün başqa yer verilmədi? Səhv etmirəmsə əvvəl “Araz” kinoteatrının qarşısı rəssamlar üçün nəzərdə tutulmuşdu...

- Bilmirəm niyə başqa yer verilmədi. Kimsə deyə bilər ki, mən küçədə əsərimi satmaram. Hər kəs özü bilər, küçədə satar, ya qalereyada. Şəxsən mən də indi satmaram, amma vaxtı ilə satmışam. Onda 18-19 yaşım var idi. Onda əsərimi qalereyaya versəydim heç üzümə də baxmazdılar. Çünki məni heç kim tanımırdı. Deməyim odur ki, küçə rəssamlığı tanınmayan rəssamlar üçün baza rolunu oynayır. Tələbələr əsərlərini orda satırdılar. Üstəlik qalereyalar da az idi. O qədər tanınmış rəssam var ki, bir də görürsən heç onların işlərini götürmürlər, o ki qaldı gənc rəssam ola.

Ona görə küçə rəssamlığının yığışdırılması mənə görə çox böyük minusdur. Küçədə rəssamlar ətrafdakı insanlarla, oradan keçənlərlə ünsiyyət qururdu. Maraqlı insanlarla tanış olurduq. Ömründə rəssamlığa həvəsi olmayan, rəsmdən başı çıxmayan adamlar bir də görürdün bir tablonun qarşısında dayanıb deyirdi ki, bu dağ bizim rayondakı filan dağa bənzəyir, necə də oxşatmısız. Sən də həvəslənib molbertini vururdun qoltuğuna, o dediyi yerə gedirdin. Beləcə həm bir adamı incəsənətə yaxınlaşdırırdın, həm də sənin üçün yeni ideya yaranırdı. Mənə elə gəlir ki, mədəniyyətdən başı çıxan adam küçə rəssamlığını yığışdırmazdı. Oranın heç kimə ziyanı yox idi. Oranı korlayan əntik əşya satan alverçilər idi.

- Onlar indi də qalıblar.

- Onlar həmişə orda dayanacaqlar. Çünki kiməsə nəsə verirlər. Rəssamlardan heç nə almırdılar. Rəssamlardan sadəcə simvolik olaraq iki-üç min manat (devolvasiyadan əvvəlki pul dəyəri nəzərdə tutulur-red.) pul alırdılar.

- Naturaçı tapmaqda çətinlik çəkmirsiz?

- Əgər sənə naturaçı lazımdırsa, mütləq tapacaqsan. Fərqi yoxdur, istər çılpaq qadın olsun, istərsə qoca kişi. Müsəlman ölkə olduğu üçün insanlar naturaçılığa bir az qəribə yanaşırlar, hər kəs razı olmaz. Özü də mən naturadan çox işləmirəm.

- Müsəlman ölkələrindən çıxmış elə rəssamlar var ki, əsərlərində bəzi şərq elementləri ilə seksual nəsnələri qarışdırırlar. Sanki bununla epotaj yaratmaq, izləyicisinin sinirlərini oyatmaq, qıcıqlandırmaq istəyirlər. Misal üçün, Maks Emadi adlı İran rəssamı budları görünən hicablı qadın rəsmləri çəkmişdi. Bu yaxınlarda ciddi qalmaqala səbəb olan Aydan Salahovanın da “əlində fallos tutmuş hicablı qadın” işi vardı.

- Dindar olmasam da Allaha inanıram və düşünürəm ki, “Quran”da yazılanlara hörmət eləmək lazımdır. Adın çıxsın deyə min cür əcaib-əcaib işlər görüb özünü tanıtmaq lazım deyil. Aydan Salahovanın o işini də görmüşəm. Onları ciddi iş hesab etmirəm, incəsənət kimi qiymət vermirəm, sadəcə hay-küy yaratmaq üçündür. Mən onun çəkdiklərinə əsər kimi yanaşmıram. Bəlkə orda da bir konsepsiya var. Amma ondan da maraqlı işlər görmək olar. Bəzi rəssamlar ucuza qaçmaq istəyirlər, tez bir-iki iş işləyib sonra sərgilərə qaçırlar. Əsərin üzərində işləmək istəmirlər, bir ideya tapan kimi tez ortaya çıxardılar. İdeya və “hay-küy”ün hesabına əsəri qabağa aparırlar. Məndə o qədər ideya var ki, o ideyaların birini reallaşdırsam sabah məni tutub atarlar içəri, bütün dünya məni tanıyar.

Başı bağlı qadını da necəsə çəkmək olar, amma burda “çağırış” var. Azadlığın da sərhədləri var. İndi Avropada “mavi”ləri hara gəldi soxurlar. Bu o demək deyil ki, bizdə də belə olmalıdır.

- Çağdaş rəssamlıq ənənəvi kətan-fırça rəssamlığından xeyli fərqlənir. Müxtəlif performanslar, konseptual əsərlər. Cəmiyyətdə bu cür əsərləri normal qəbul olunmur.

- “Yarat”ın təşkil etdiyi və başqa sərgilərdə də tez-tez iştirak edirəm. Hərdən maraqlı işlərlə rastlaşırsan, hərdən də elə işlər qarşımıza çıxır ki, buna incəsənət deməyə adamın dili də gəlmir. Bu o demək deyil ki, bunu “Yarat”, ya başqası edirsə incəsənət əsəridir, şedevrdir. Şəxsən mən əsəri kimin işlədiyinə baxmıram, mənim üçün əsər birinci, müəllif ikinci mərhələdir. Müəllifə görə əsəri tərifləyənlərdən deyiləm.

- Kimləri oxuyursuz?

- Çoxdandı heç nə oxumuram. Bir ara Cek Londonu, Lermontovu oxuyurdum. Lermontovu çox sevirəm. Vaxt darlığı oxumağa imkan vermir. Ona görə daha çox audio kitablardan istifadə edirəm. Mütaliəyə istər-istəməz 3-4 saat gedir, amma audio kitablar elədir ki, işləyərkən radio kimi dinləyirsən, eyni vaxtda iki işi görürsən.

- Həyatda olan hansı rəssamlarımızın sənətini yüksək qiymətləndirirsiz?

- Tahir Salahov, Toğrul Nərimanbəyov, bir də Sakit Məmmədovun adını çəkə bilərəm. Sakit Məmmədovun rənglərindən çox xoşum gəlir.

- Rəng seçiminiz necədi? Rəssamların özünəməxsus palitraları olur, rəssamın birində bir rəng aktual olur, digərində isə başqa rənglər.

- Rənglərlə işləmək üçün ilk növbədə məktəb keçmək lazımdır. Əsərdə rənglərdən doğru-düzgün istifadə edilməməyi onların keyfiyyətinə də xələl gətirir. Rənglərlə xarakteri, əhval-ruhiyyəni, hər şeyi vermək olur. Adicə isti-soyuq rəngləri düzgün seçməyəndə əsərin keyfiyyəti xeyli düşür. Rəngləri bilmək üçün də mütləq məktəb keçmək, ustad rəssamdan öyrənmək lazımdır. Bəzən məşhur bir əsəri götürüb yenidən işləmək, onun kölgəni verməsini, işığın kəsmə bucağını, rənglərin birinci qatını, ikinci qatını necə işlədiyini çəkərək praktiki olaraq öyrənməlisən.

- Kitablar üçün rəsm çəkirsiz?

- Bəzən uşaq kitabları və başqa kitablar üçün sifarişlərim olub, işləmişəm.

- Yanvar ayında “Travelers cafe”də, daha sonra “Park Bulvar”da sərginiz keçirildi. Oranın kontingentinin əksəriyyəti rusdillilər idi. Səbəbi nədir? Azərbaycandillilərin incəsənət tədbirlərinə marağı yoxdur? Bayaq vurğuladıq ki, eyni mənzərə studiyanızda da yaşanır.

- Bizə azərbaycandilli ailələrdən də gəlirlər. Hiss edirsən ki, çoxunun rəssamlıqdan ümumiyyətlə xəbəri yoxdu, elementar şeyləri bilmirlər. Bu da ondan qaynaqlanır ki, Azərbaycan məktəblərində rəsm fənninə ciddi yanaşmırlar. Üzdən öyrədirlər, elə bil rəssamlıq sadəcə kağıza xətt çəkməkdən ibarətdir.

Hətta ailələr var ki, rəssamlığa barmaqarası baxırlar. Studiyaya gələn azərbaycandilli tələbələrin çoxu rəssamlığın nə olduğunu bilmirlər. Bir də görürsən Mikalancelonu, Qoyyanı tanımırlar, adicə karandaşı əldə saxlamaq qaydasından, işıq-kölgə elementlərindən xəbərləri yoxdur.

- Tələbələriniz arasında potensialına bələd olduğunuz istedadlı rəssamlar var? Yoxsa sadəcə hobbi yanaşırlar? Qogen taleyi yaşamaq istəyən yoxdu?

- Nigar Həsənova adlı bir xanım tələbəmiz var. Dünən ərizə yazıb işdən çıxdı. Dizayner işləyirdi. Doğrudur, indiki zamanda işdən çıxmaq çox çətin məsələdir, amma o deyir ki, qərarımı vermişəm, professional şəkildə yaradıcılıqla məşğul olacağam. Biz də çalışırıq ki, ona bu peşəni dərindən öyrədək.

- Hansı əsərinizi daha çox bəyənirsiz?

- Bir də görürsən bütün çəkdiklərimdən xoşum gəlir. Birdən də elə olur ki, heç bir əsərimdən xoşum gəlmir.

- İmtina elədiyiniz əsəriniz olub?

- Təzə-təzə çəkməyə başlayanda çox olurdu. İllər ötdükcə professionallaşırsan. İndi ideyanı dəfələrlə beynimdə götür-qoy eləyirəm, rənglərin çalarını, janrı düşünürəm, əsəri divarda hazır vəziyyətdə görməyə çalışıram, yekun qərara gələndən sonra isə kətanın qarşısına keçirəm.

# 4522 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #