Ailəli qadınla yatan homoseksual

Ailəli qadınla yatan homoseksual
10 avqust 2016
# 15:06

Azərbaycan kinosunun ciddi problemlərindən biri hər hansı mövzuya yaradıcı yanaşmanın, maraqlı bədii həllinin təklif edilməməsidir. Məsələn, rejissorların çoxuna elə gəlir ki, əgər söhbət Qarabağdan, müharibədən, vətənpərvərlikdən gedirsə orda mütləq ritorika, qan-qada, emosiyalar aşıb daşmalı, ağlayıb-sızlamalıdırlar.

İtalyan rejissoru Ettore Skolanın “Xüsusi gün” ekran əsəri kinematoqrafçılar üçün unikal təcrübədir. Və ümumiyyətlə bu film mənim üçün son bir neçə ayda baxdığım ən yaddaqalan ekran əsəridir. Yaradıcı baxımından əhəmiyyətli təcrübə qazanmaq istəyənləri bu filmə baxmağını tövsiyə edirəm.

“Xüsusi gün” kamera filmdir, 1977-ci ildə lentə alınıb. Skola filmində faşizmin mahiyyətini, diktaturanı araşdırır. Və bundan ötrü o, son dərəcə minimalist ifadə vasitələrindən yararlanır.

Hadisə məhdud məkanda baş verir, əhvalatın böyük hissəsi iki aktyorun üzərində qurulur. Ən əsası müəllif faşizmin mahiyyətini qadın-kişi kontekstində göstərir, əks cinslərin bir-birinə olan münasibəti müstəvisində analiz edir.

Ekranda gördüyümüz hadisələr bir gündə - 1938-ci ilin mayında baş verir. Bu, həmin tarixi gündür ki, Hitler Romaya gəlir, Mussolini onun şərəfinə təntənəli parad keçirir.

Bütün şəhər əhli geyinib-keçinib diktatorun görüşünə axışır. Şəhərin çox mənzilli binalarından birində böyük Vernonlar ailəsi yaşayır. Ailənin başçsı Musssolini hökumətində təmsil olunur, hərbçidir. Bütün bina, həmçinin Vernonlar ailəsinin başçısı altı uşağı ilə görüşə tələsir.

Və binada iki nəfər qalır. Con Vernonun arvadı Antonietta və qonşu mənzildə yaşayan cavan kişi Qabriel.

Antoniettanın bütün günü ailəsinin qayğısına qalmaqla, biş-düşlə, yır-yığış eləməklə keçir. Mussolininin fanatı olan qadının arzusu yeddinci uşağını da dünyaya gətirib çoxuşaqlı ana kimi hökumətin vəd elədiyi mükafatı almaqdır.

Qabriel jurnalistdir, faşizm rejiminə qarşıdır, işlədiyi radiodan o, siyasi baxışlarına və homoseksual olduğuna görə qovulub.

Antoniettanın tutuquşusu mənzildən uçaraq Qabrielin balkonuna qonur. Tutuquşunun arxasınca gedən qadının Qabriellə tanışlığı belə başlayır.

Əhvalatın əvvəlində qayğıkeş, evdar qadın kimi təsvir olunan, Hitlerin gəlişinə sevinən, uşaqlarını faşist kimi görmək istəyən Antoniettanı tədricən fərqli tərəfdən tanıyırıq. Rejissor onun keçirdiyi hissləri, daxilini təsirli, incə, zəngin təsvir vasitələri ilə açır. Məsələn, sadə geyimdə, baxımsız Antonietta Qabriellə özünü qadın kimi hiss eləməyə başlayır, o, cəld vanna otağına keçir, güzgüdə üz-gözünə əl gəzdirir, saç düzümünə çəki-düzən verir, nimdaş çəkələklərini təzə tuflilərə dəyişir.

Qabriellə tanışlığı onun itirilmiş qadınlığını yavaş-yavaş özünə qaytarır. Qəfil tanışlıq eyni zamanda onun Mussolini ilə bağlı baxışlarına, faşizm rejiminə münasibətinə şübhə toxumları səpir. O, ilk dəfə özü, həyatının mənası haqda düşünməyə başlayır. Etiraf edir ki, sevgisiz həyat yaşayır, ona daim əmr verən, onunla əşya kimi davranan ərinə sözsüz itaət edir. Əhvalatda əri faşizmi simvolizə eləyir, qadın isə onun evdə qurduğu diktaturanın qurbanıdır.

Baxmayaraq ki, qəhrəmanların hər ikisi tamamilə fərqli dünyagörüşə malikdir, fərqli həyat tərzləri var, amma ətrafla ünsiyyətlərini, ruhi tarazlığını itirmiş bu adamları faşizmin doğurduğu tənhalıq birləşdirir. Qabriel qadına homoseksual olduğunu deyir. Amma bu, Antoniettanın vecinə deyil, çünki o, Qabrielin simasında hər şeydən əvvəl ləyaqətli kişi, dürüst, humanist adam görür, özünü onunla insan kimi hiss eləyir, özünə ləyaqət hissi qayıdır. Və hətta onunla sevişir. Bu sevgi aktını rejissor faşizmə qarşı etiraz kimi qoyur.

Antoniettanın Mussolini ilə bağlı hazırladığı fotoalbomda belə bir fikir var: “Əsl kişi ər, ata, əsgərdir”.

Qabrielin şəxsiyyəti qadının bu stereotipini laxladır, ərinə ikrah hissi oyanır. Qadın onunla intim aktını xəyanət kimi yox, həyatının ən vacib hissəsi kimi qəbul edir.

Həmin gün Qabriel siyasi baxışlarına və homoseksuallığa görə şəhərdən deportasiya olunur.

Və final: Hitlerin görüşündən gələn ailə şam süfrəsinə yığışır. Həmişə diqqətli olan Antonietta bir gözü qonşu mənzildə şorbasnı süfrəyə soyuq verir, onların təəssüratını dinləmir, yatağa tələsmir, Qabrielin bağışladığı “Üç muşketyor” kitabını oxuyur.

“Xüsusi gün” çoxsaylı mükafata layiq görülüb.

Baş rolları Marçello Mastroyanni və Sofi Loren oynayır.

Vernonlar ailəsindəki uşaqlardan birini Mussolininin nəvəsi Alessandra Mussolini oynayır. İtaliya parlamentinin üzvü olan A.Mussolini “Sosial hərəkat” neofaşist partiyasının yaradıcısı olub.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #