Son günlər cəbhə xəttində baş verən hadisələr fonunda bir sıra mətbuat orqanlarında Xalq artisti Fəxrəddin Manafovun ifasında yayılan “Ataya məktub" adlı video ilə bağlı qalmaqal yaranıb. İnterpress.az xəbər verir ki, məlumatlarda hekayənin Yazıçılar Birliyinin sədri Anarın qızı, publisist Günel Anarqızına məxsus olduğu bildirilsə də hekayənin əsl müəllifi ilə bağlı iddialar ortaya çıxıb.
İnterpress.az-a daxil olan məlumata görə Teymur Hacıyev adlı şəxs hekayənin əsl müəllifi olduğunu iddia edib. T.Hacıyevin sözlərinə görə, məktubu 11 il bundan əvvəl yazıb və bütün yaxın ətrafı bundan xəbərdardır: “İnternetdə bir video ilə rastlaşdım. Donub qaldım. Fəxrəddin Manafov mənim 11 ilə əvvəl yazdığım məktubu oxuyurdu. Müəllif kimi Günel Anarqızı göstərilib. Amma yazının müəllifi mənəm. Mən bu məktubu auditoriyada qrup yoldaşlarımın yanında yazmışam. Daha sonra üzünü köçürdüm. Təsirli olsun deyə müəllifi göstərmədim. Bu, təbliğat xarakterli bir yazı idi. Müəllif olaraq “oğlun Qarabağ” yazdım ki, oxuyanlara təsir etsin. Sonra bu məktubun nüsxələrini çıxarıb payladıq. Qrup yoldaşlarım buna şahiddir. Bu məktubu müəllifsiz buraxan mən olmuşam. Günel xanım isə onu öz kitabında istifadə edib”.
Məktubun G.Anarqızının əlinə necə keçməsinə gəlincə, T.Hacıyev bunu belə izah edib: “Tələbə ikən məktubumun nüsxələrini çıxarıb tələbələr arasında yaymışdıq. Ola bilər beləcə bu yazım Günel xanımın əlinə düşüb. Günel xanımın atdığı addım heç bir şəkildə mənim onun ailəsinə olan hörmət və sayğıma xələl gətirə bilməz. Yazıçı Anar və onun ədəbiyyatımıza töhfələri danılmazdır”.
Məsələ ilə əlaqədar G.Anarqızı ilə əlaqə saxladığını deyən T.Hacıyev müəlliflik hüququnu təsdiqlədə bilməyəcəyindən narahatdır: “Günel xanımla danışdım. Amma gördüm ki, o, bunu etiraf etməyəcək. Buna görə də əsəb gərginliyi yaşamaq istəmirəm. Günel xanım da bu məktubun ictimaiyyətə çatmasına vasitə olub. Əsas məqsəd bu idi. Amma məktubun orijinal mətni ilə Fəxrəddin Manafovun ifasında səslənən mətni diqqətə çatdırıram. Videonun rus versiyasında 7-ci dəqiqə 23-cü saniyədə əlyazmamın görüntüsü var”.
Günel Anarqızı isə İnterpress.az-a açıqlamasında iddiaların doğru olmadığını vurğulayıb: “1 il əvvəl həmin şəxs mənə bu barədə yazmışdı. Hansısa yazısını da göndərmişdi. Ancaq mən deyirəm ki, o yalançıdır. Mən ona nə azərbaycanlı, nə qarabağlı deyə bilərəm. Bunun bir adı var – nakişilik”.
T.Hacıyevin məhz onun bu əsərinə iddia etməsinin səbəbinə gəlincə, publisist buna belə münasibət bildirib: “Bilmirəm, bəlkə yuxusunda görüb. Mən bu məktubu rusca yazmışam. “Exo” qəzetində də dərc olunub. Həmin qəzetin nüsxəsi də məndədir”.
Məktubun əlyazmasının onda olduğu barədə T.Hacıyevin sözlərinə gəlincə G.Anarqızı “Bu, ola bilməz. İlk dəfə bu məktubu kompyuterdə rus dilində yığmışam. Güman ki, daha sonra həmin şəxs bunu internetdə görüb. Azərbaycan dilinə tərcumə edib. Mən onu məhkəməyə verə bilərəm. Bu adam yalançıdır. Bir qadın müəllifin əsərini öz adına çıxarmaq yaxşı deyil. O, qalmaqalla özünə ad qazanmaq istəyir. Qarabağ mövzusu ilə bağlı belə hərəkət ayıbdır” - deyə vurğulayıb.