Lombardçı qızın sevgi dramı

Lombardçı qızın sevgi dramı
23 aprel 2013
# 07:30

Murad Köhnəqala

“Görəsən, indi kiminlə söhbət quracam? Bəxtimə bir maraqlı adam çıxaydı!”

Bu fikirlərlə eskalatorla yuxarı qalxırdım. Metrodan küçəyə çıxan kimi gənc sarışın xanım əlində tutduğu bəzəkli reklam kağızlarından birini mənə uzatdı. Adətən, mənə uzadılan belə reklam kağızlarına heç vaxt fikir vermirəm. Hərdən paylayanların məsumluğuna görə bu kağızları alsam da əlimdə növbəti zibil qabına qədər saxlaya bilirəm.

Macəra axtardığıma görə xanımın mənə uzatdığı kağızı aldım. Maraq üçün ora-burasını oxumağa başladım. Yuxarısında bir bank adı həkk olunmuşdu. Ortasında bərbəzəkli qızıl, dollar şəkillərinin fonunda, yumru haşiyələrin içərisində belə yazılmışdı: “Aylıq 3% effektiv”, “Qızılın 125% - nə kredit”. Lap aşağıda isə bankın ünvanı, əlaqə telefonları vardı. Kağızın o biri üzündə çəkilmiş qrafikə görə anladım ki, zinət əşyaları təminatı əsasında illik 1000 manat kredit alsan, hər ay 113 manat ödəməlisən. Yəni 1000 manat alıb, 1353 manat ödəyirsən.

Nə isə, bu sövda mənlik deyildi. Fikirləşdim, bəlkə, elə bu xanımla söhbətləşim? Görəsən, mənimlə danışmağa razı olarmı? Özümü naşılığa vurub təzədən həmin sarışın xanıma yanaşıram:

- Xanım, bu nə reklam...

Çevik danışığı ilə sözümü ağzımda qoyur:

- Qızıl qoyub kredit götürə bilərsiniz, orda ünvanı da yazılıb. Bax, bu tərəfdədi.

(Yox, deyəsən, bu qızın mənimlə çənə döyməyə heç vaxtı yoxdu. Əslində onun işi kağız paylamaqdı, vəssalam, ta kiməsə nəyisə izah etməməlidi. Sən hələ mənim iştahama bax, onunla söhbət eləyib üstəlik taleyi haqda da söz qoparmaq istəyirəm. Adamların seyrələn vaxtı fürsət tapıb onu suala tuturam.)

- Xanım, siz bu bankda işləyirsiniz?

O, heç üzümə baxmadan cəld və etinasız, bir tonda cavab verir:

- Yox, mən yalnız reklam kağızları paylayıram.

(Fikirləşirəm, söhbətimiz azacıq alınsa onu danışdıra bilərəm. Hələlik işgüzar suallarla başlaya bilərəm.)

- Xanım, təxminən, gündə neçə kağız paylayırsınız?

(Sifətinə ironik bir ifadə taxıb mənə baxır, yəni, a kişi, get öz tay-tuşuna giriş, məni burda sənsiz də bezdirirlər.)

- Neynirsiz ee, belə şeyləri bilib? Zaçem eto vam?

(Mən də ironiyaya keçirəm.)

- Necə yəni neynirəm? Bilməliyik vətənimizdə gənc xanımlar necə işləyir, necə yaşayır, nə qədər maaş alır, onlar kimi sevir, kim onları sevir!

(Üzünə güclə duyulacaq bir təbəssüm gəlir. Hiss edirəm ki, onda yavaş-yavaş mənim ziyanlı adam olmadığım haqda əminlik yaranır.)

- Siz əvvəlcə bankı, sonra kağızların sayını soruşdunuz. İndi isə maaşım və sevgilim haqda maraqlanırsınız, xeyirdimi?

- Xanım, xeyir nədi, mən heç xeyir verən adama oxşayıram?

(Bu dəfə o bərkdən gülür. Mənim də kefim açılır, demək, hələ söhbətimiz davam eləyə bilər.)

- Qətiyyən oxşamırsınız!

- Zarafat-zarafat, nə qədər maaş alırsınız, istəyirəm mən də bu işlə məşğul olam.

(Yenə gülüb əyri-əyri mənə baxır.)

- Sizi belə işə götürməzlər axı, dyadya! Siz gedin, özünüzə qarovulçu ştatı axtarın. Mənim bir babam vardı, həmişə qarovulçu işləyirdi, sağ olsaydı, sizi onun yanına göndərərdim, məsləhət verərdi.

- Kim idi baban, bəlkə tanıyıram?

(Bir az güldükdən sonra çıxanlara xeyli kağız paylayıb söhbətinə davam eləyir.)

- Dyadya, siz mənim babamı tanıya bilməzsiniz, çünki o, Surqut şəhərində yaşayırdı.

- Surqut? Siz russunuz?

- Anam rusdu, atam azərbaycanlı.

- Surqut şəhərində olmusunuz?

- Hə, mən orada doğulmuşam. Bakıya köçdükdən sonra da bir neçə dəfə babamgilə getmişik.

- Həə, belə deee! Çox maraqlıdı! Deyirəm axı, siz niyə sarışınsınız. Yəqin onda adınız Svetadı.

- Hə, çox dəqiq tapdınız, mənim adım Nailədi.

- Bəs bu işə haçandan başlamısınız?

- Dyadya, olarmı, mən də soruşum, bəs siz niyə mənim işlərimlə maraqlanırsınız?

- Mən jurnalistəm, rastıma düşən adamların taleyindən yazıram.

- Xahiş edirəm məndən yazmayın, mənim taleyimdə yaxşı bir şey tapa bilməyəcəksiniz. Məndən yazsanız məqaləniz çox pis alınacaq.

- Niyə ki, nə olub sizə? Gözəl xanımsınız, əsas odur ki, gəncsiniz. Tələbəsiniz, yəqin.

- Hə, universitetdə oxuyuram, burada günəmuzd işləyirəm.

- Günə nə qədər verirlər?

- Elə-belə, kosmetikama-zada güclə çatır. Həm də evdə oturub neyləyəcəm? Onsuz da dərs keçmirlər, kitab oxumuruq.

- Kitab niyə oxumursunuz? Dərs keçməsələr də özünüz maraqlı kitablar tapıb oxumalısınız.

- Nə kitab ee? Pul qazanıb həyat qurmaq lazımdı. Ehhh!

- Yaman ah çəkdiniz haa, deyəsən, sevgi işləriniz də dolaşıqdı?

- Bayaq dedim axı, məndə xoş bir şey tapa bilməyəcəksiniz.

- Demək, sevgiliniz sizi qoyub qaçıb, düzmü tapmışam?

- Dedikləriniz mənim sifətimdən oxunur, yəni? Hə, sevdiyim oğlan mənə xəyanət elədi.

- Niyə?

- Bilmirəm.

- Bəs indi hardadı o?

- Məndən ayrılıb yaxın bir rəfiqəmi sevdi. Sonra da universiteti bitirən kimi Rusiyaya dayısının yanına alver eləməyə getdi. Eşitmişəm, indi heç o qızla da əlaqə saxlamır.

- Bəs rəfiqənizlə görüşürsünüzmü?

- Elə rəfiqə ilə necə görüşə bilərəm? Oğlan onu da atandan sonra həmin rəfiqəm bir neçə dəfə mənə zəng elədi ki, gəl görüşək, sənə sözüm var. Görüşmədim, rədd elədim getdi.

- Düz eləmisiniz!

- Çox sağ olun! Bunu sizsiz də bilirəm ki, düz eləmişəm!

- Yaxşı, sizə iyi günlər!

- Sizə də iyi yazılar arzulayıram, ancaq bilin ki, danışdıqlarımın biri də özüm haqda deyildi!

- Fərq eləməz! Salamat qalın!

# 4256 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #